525.Az

Fatma xalanın "Lambada"sı - Aytac Sahəd yazır


 

Fatma xalanın "Lambada"sı - <b style="color:red"> Aytac Sahəd yazır</b>

"Qadın qadın kimi oynayar". Niyə? Bu qanun harada yazılıb? Nə vaxt sözügedən iddianı eşitsəm, bu sualları mütləq verirəm. Eşitdiyim cavablar da uzaqbaşı, on doqquzuncu əsrin həndəvərində var-gəl edən arqumentlər olur.

Düzü, heç mən də xanımların eybəcər formada, bayağı hərəkətlərlə zəngin rəqsindən feyziyab olmuram. Heç özüm də o cür oynamıram. Ancaq bir həqiqətdən haliyəm ki, mənim nəyi sevib-sevməməyim kiminsə davranışının obyektiv şərhi ola bilməz. Digər tərəfdən məsələyə yalnız qadın-kişi prizmasından yanaşmaq qəlibləşmiş zehniyyətin göstəricisidir. Yəni hər ikimiz eyni şeyi deyə bilərik, ancaq dediyimizi nəylə əsaslandırırıq?

Mən məsələyə daha çox sənət nöqteyi-nəzərindən yanaşmağın tərəfdarıyam. Mövzu ilə bağlı müraciət etdiyim mənbələrdə xeyli maraqlı məqamlarla rastlaşdım. Onların içərisində ən ağlabatanı xalqın dəyərlərinin sənət nümunəsindəki əksinə dair yanaşmalar idi. Məsələn, qadın rəqslərimiz daha çox əl-qol elementləri ilə ona görə zəngindir ki, bizim xanımlar əsrlər boyu uzun ətək geyiniblər. Təbii ki, ayağa dolaşan ətəklə sən ayaqlarını tam rahat hərəkət etdirə bilmirsən. Üstəlik, ayaqlar müəyyən qədər intim bölgə olduğu üçün bura diqqət çəkmək keçmiş dövrdə xoş qarşılanmaya bilərdi. Buna görə də xanımlarımız rəqs zamanı daha çox qol və əl hərəkətlərinə fokuslanıblar. Nəticədə Qu quşu kimi süzən qadın obrazı yaddaşımızda əbədiləşib.

Bəs yaxşı, noldu Qu quşlarına?

Əslində, məsələ çox sadədir. O vaxt məhrəm yerləri görünməsin deyə üst-üstə iki tuman geyinən Fatma xalanın qızı Fidan bu gün cırıq cins geyinir. Deməli, Fidan istədiyi havaya da oynaya bilər. Ya cırıq cins ilə, ya da uzun olmayan donu ilə. Həm də Fidanın özünü kiməsə bəyəndirmək dərdi yoxdur. Çox güman, işi də var, anasına nisbətən müəyyən azadlığı da. Belə olan halda əzilib-büzülməyə nə hacət? İndi Fidanı maraqlandıran yeganə şey rəfiqəsinin toyunda doyunca oynamaq, əylənmək, bir də sosial şəbəkə üçün oynayan yerdə bir-iki şəkil çəkdirməkdir, vəssalam.

Deyəcəksiniz, hardan-hara gəldin. Düşünürəm ki, nəinki rəqs, xalqın yaşamındakı bir çox məsələlər məhz sahib olduğu, əsrlərdir özünə yer etmiş dəyərlərdən qaynaqlanır. Hansı daşı qaldırsan, mütləq bir ənənə izi görürsən.

Bir tərəfdən də əlahəzrət zaman öz işini görür. Zamanın gərdişinə görə dəyişən nəsnələrə "Bizim vaxtımızda beləydi" ilə başlayan tənqidi cümlələr qurmaq mənasızdır. Hər dövr yenilik gətirir və bu yeniliklər həyatın müxtəlif istiqamətlərində özünü göstərir.

Qadınların sərt, texniki-dinamik hərəkətli, el dilində desək, kişi kimi oynadığı rəqs videolarına gələn şərhlərdə dövlətdən nəzarət tələb edənlər də var. Gülməlidir, eyni zamanda absurddur. Maraqlıdır, sözügedən iddia ilə çıxış edənlər necə bir mexanizm arzulayırlar? Təsəvvür edin, kimsə toyda şıdırğı oynadığı yerdə Mədəniyyət Nazirliyinin nümayəndələri zala daxil olur və oyun havasını "Nəlbəki"yə dəyişir...

Ümumiyyətlə, Azərbaycan insanı birdəfəlik anlamalıdır ki, biz sovet dövründə yaşamırıq, iyirmi birinci əsrin insanı həyatını nə təbliğat, nə də didaktik-fəlsəfi söhbətlər üzərində qurmaq istəyir. Hər kəs baxmaq istədiyinə baxır, oxumaq istədiyini oxuyur, oynamaq istədiyinə oynayır. Bu qədər sadə.

Sıravi insanların el məclislərindəki rəqsini sadəcə qeyri-estetik adlandırırıqsa, peşəkar adı ilə çıxış edənlərin əndrəbadi elementlərlə zəngin çıxışı qeyri-peşəkarlıq nümunəsidir. Burada isə peşəkar rəyinə ehtiyac var.

Xalq artisti, xareoqraf Yusif Qasımov "525"ə açıqlamasında bildirdi ki, harada ifa edilməsindən asılı olmayaraq milli rəqsin qanunlarını unutmaq olmaz: "Ümumiyyətlə, milli rəqslərimizi təkcə səhnədə yox, həm də el şənliklərində ifa etmək olar. Ancaq necə? Səhnədə necə peşəkar səviyyədə oynayırsansa, toy məclislərində də həmin qaydada oynamalısan. Çünki toyda əyləşən insanlar da konsert salonlarında tamaşa edənlər ola bilər. Yəni burada pis oynayıb, orada peşəkar səviyyədə oynayanda fikirlər haçalanır. Ümumiyyətlə, harada oynanılmasından asılı olmayaraq, Azərbaycan milli rəqslərinin adət-ənənələrini unutmaq olmaz. Digər bir məsələ, toy məclislərində azyaşlı uşaqların oynamasının əlehinəyəm. Kiçik yaşlı, yeniyetmə qız və oğlan uşaqlarının toy məclislərində rəqsi düzgün deyil. Çünki məclisdə müxtəlif insanlar var. Uşaqlar həmin yaşda təhsillə məşğul olmalı, savadlanmalıdırlar. Bizə gələcəkdə savadlı insanlar lazımdır. Artıq on səkkiz yaşından yuxarı olandan sonra el şənliklərində oynamaq onların öz işləridir. Bir sözlə, rəqsimiz lazımi səviyyədə ifa olunmalıdır. Gürcüstanda olan zaman gürcülərin milli rəqslərini restoranlarda oynadığını çox görmüşəm. Onlar səhnədə necə oynayırlarsa, restoranlarda da o cür oynayırlar, gürcü rəqslərinin keyfiyyətini aşağı salmırlar. Ancaq bizimkilər toy məclislərində elə eybəcər hərəkətlər edirlər ki, bizim milli rəqslərimizə uyğun gəlmir. Ona görə də toyda necə oynayırlarsa, elə öyrəşirlər və onu da səhnəyə gətirirlər".

Rəqs müəllimi Şahin Qurbanov mövzu ilə bağlı danışarkən bildirdi ki, qeyri-peşəkarların sayının artması problemin əsas səbəblərindən biridir: "Mən milli rəqsləri öyrədirəm. Bu rəqsləri öyrənənlər əsasən, professional rəqqasələrdir. Xanım tələbələrim var ki, gəlib deyir, mən oğlan kimi oynamaq istəyirəm. Çünki mənim ona öyrədəcəyim milli rəqsi o gedib hansısa toyda oynaya bilməyəcək. Yalnız toya hazırlaşan gəlin və bəylər milli rəqsə üstünlük verirlər. Xanım kimi oynamağı öyrənib, sonradan ritm oynamaq istəyənlər də kifayət qədərdir. Valideyn uşağı rəqsə qoyur, sonra TikTokda baxıb görür ki, altı-yeddi yaşlı uşaq ritm oynayır, görüntü şirin gəlir, o da deyir ki, mənim də uşağım ritm oynasın. Əslində, bu, düzgün deyil. Xüsusən, son dövrlərdə bu hal geniş yayılıb. Çox yox, on il qabaq qızlar əsasən milli rəqslər öyrənirdilər, sonradan yavaş-yavaş bayağı rəqqaslar sosial şəbəkələr vasitəsilə bu istiqamətdə təbliğat apardılar, ona görə də vəziyyət indi belədir. Dörd-beş ay hardasa gedib rəqs öyrənən adamlar bir zal açıb deyir ki, mən rəqqasam".

Rəqs müəllimi Rəhim Babayevin sözlərinə görə, valideyn övladını rəqsə yönləndirən zaman müəllim seçimində çox diqqətli olmalıdır: "On dörd ildir, rəqs qrupunun rəhbəri kimi çalışıram, altı yaşından da rəqslə məşğulam. Bir rəqqas kimi qızların, əsasən də, azyaşlı uşaqların kişi rəqslərini toylarda bayağı formada oynamasının əleyhinəyəm. Bu tərz Azərbaycan milli mentalitetinə uyğun deyil. Bizim çox gözəl qadın rəqslərimiz var: "İnnabı", "Turacı", "Nəlbəki" və digərləri. Xanımlar bu rəqsləri ifa etsələr, daha yaxşı olar, nəinki kişi kimi oynamaq. Bu forma Azərbaycan xanımına yaraşmır. Valideynlərə tövsiyəm odur ki, övladlarını rəqsə yazdıran zaman ilk növbədə müəllim haqqında maraqlansınlar. Valideyn kifayət qədər bilgili olmayanda elə bilir ki, müəllim uşağa milli rəqs öyrədir. Halbuki öyrədilən rəqsin milliliklə əlaqəsi olmur. Hazırda kişilər də çiyin ataraq barmaqları ilə oynayırlar. Qadınlar da oynayarkən əndazəni aşırlar. Təəssüf ki, bayağı rəqslərin sayı gündən-günə artır".

Əlqərəz, mən Fatma xalanı tərif etməyin əleyhinə deyiləm. Lakin nəinki rəqsdə, həyatın digər yönlərində də zamanın gətirdiyi dəyişikliklərə obyektiv baxmağın tərəfdarıyam. Fatma xala həm də ona görə "Lambada" oynamırdı ki, onun bu rəqs üçün lazım olan qısa ətəkləri yox idi.

 

 





30.12.2023    çap et  çap et