525.Az

100 yaşlı “Zaqatala” qəzeti


 

100 yaşlı “Zaqatala” qəzeti<b style="color:red"></b>

O hadisədən keçən 37 il ərzində və indidən belə tale mənə hansı xoşbəxtlikləri bəxş etsə də, 1986-cı ilin günəşli bir bahar gününü heç vaxt unutmaram. 15 yaşım vardı, əlimdə şagird dəftərinin vərəqləri, ürəyimdə çap olunmaq arzusu ilə doğulub böyüdüyüm Muğanlıdan Zaqatala şəhərinə gəldim, soraqlaşıb rayon qəzetinin redaksiyasını tapdım. Son dərəcə ehtiyatla içəri daxil oldum, sən demə, qorxmaq, çəkinmək əbəs imiş, bilmirdim ki, sadə görkəmli bu binadan, həmin zəhmətkeş kollektivdən doğma, qayğıkeş bir əl uzanacaq, o primitiv, nöqsanlı yazılara “yaşıl işıq” yandıracaq... Bir neçə gündən kiçik bir məqaləmin oxucuların ixtiyarına verildiyini eşitdim, qəzet alıb baxdım, imzaya görə tanıdım, tamam dəyişmişdilər, heç özü deyildi... Xeyli utandım, amma sevincimdən də yerə-göyə sığmırdım. Bu şadlığın, məmnunluğun havası uzun müddət başımdan getmədi. Sonra həmin mətbu orqanda şeirlərim də işıq üzü gördü... Bəzən fikirləşirəm, görəsən, ilk qələm təcrübələrim nəşr edilməsəydi, jurnalistikaya bağlanmasaydım, həyatdakı yolumu, mövqeyimi necə müəyyənləşdirərdim, hansı arzuların arxasınca gedərdim?.. Və haqqında söhbət açdığım, o zaman “Qırmızı bayraq”, indi isə “Zaqatala” adlanan mətbu orqan bu il 100 yaşını tamamladı.

Bir əsrlik tarixə malik “Zaqatala” zaman-zaman nəinki bir rayonun, bütöv bölgənin, respublikanın, hətta dünyanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatına dair maraqlı yazıların, müxtəlif problemlərin qaldırıldığı oxucu məktublarının tribunasına çevrilib. Yeri gəlmişkən, püxtələşməyimdə böyük zəhmətlər çəkmiş Əli Süleymanov, Sevil Sadıqova, Zenfira Nəsibova, İbrahim İbrahimli, Elmira Mehdiyeva, Məhəmməd Şabanoğlu, Abdulla Əfəndi, Allahyar Atayev, Xalis Xudiyev, Ramazan İmamoğlu, İsa Əhmədov, Əli Dibrayevi qədirdanlıqla yada salır, həyatda olanlara cansağlığı, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

Bəli, adıçəkilən nəşr 1923-cü ildə həyatın, proseslərin tələbi ilə ideoloji zərurətdən meydana gəldi və tərcümeyi-halında fəxrlə danışmalı, qürur duymalı hadisələr çoxdur. Adı da o dövrə uyğun idi – “Zaqatala kəndçisi”. Rəsmi statistikaya görə, həmin vaxt ölkəmizdə ana dilində yayımlanan 23 qəzetdən biriydi. Yayım arealı isə üç rayonu – Zaqatala, Balakən və Qaxı əhatə edirdi. Düz 8 il regionun ilk və yeganə mətbuatı kimi fəaliyyət göstərdi.

Ötən əsrin iyirminci illərində bölgələrdə qəzet hazırlayıb buraxmaq çox çətin iş sayılırdı. Əvvəla, ixtisaslı kadrlar yox idi, ikincisi, 2 səhifədən ibarət və əski əlifba ilə basılan nəşri hərf-hərf yığmaq, əllə çap eləmək lazım gəlirdi. İlk redaktoru Zəkəriyyə Balaxlinski olsa da, qəzetin ərsəyə gəlməsində 1920-30-cu illərdə Zaqatala qəza və inqilab komitələrində birinci şəxs sayılan Xəlil Ağamirovun (O, əvvəllər “Kaspi”də mürəttib işlədiyindən qəzet işini yaxşı bilirdi) xidmətləri danılmazdır. Qəzet 1923-1962-ci illərdə “Kolxozun səzi”, “Kolxoza doğru”, “Bolşevik kolxozu uğrunda”, 1962-1991-ci illərdə “Qırmızı bayraq”, son 32 ildə isə rayonun adı ilə oxucuların görüşünə gəlir.

Fərəhli haldır ki, 70-80-ci illərdə Ulu öndər Heydər Əliyevin mətbu kadrların hazırlanmasına böyük diqqəti sayəsində Zaqatala jurnalistikası da gənc, istedadlı və perspektivli mütəxəssislərlə zənginləşdi. Dövlət rəhbərliyi tərəfindən qəzetin fəaliyyətinə daim yüksək qiymət verilib, əməkdaşlar fəxri adlara və mükafatlara layiq görülüblər. Müxtəlif illərdə iki nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Həsən bəy Zərdabi” mükafatı alıb, kollektivin digər üzvləri “Qızıl qələm”, habelə KİVDF-nin keçirdiyi yaradıcılıq müsabiqələrində dəfələrlə diplomlarla təltif olunublar.

Birmənalı şəkildə demək olar ki, qəzetin fəaliyyətini davam etdirmək, mətbu sözün təsirini artırmaq heç də həmişə asan başa gəlməmişdir. Elə vaxtlar olub ki, maliyyə sıxıntısı üzündən nəşrin dayanması təhlükəsi yaranıb. Lakin jurnalist peşəsinə sadiq qalanlar sonadək mübarizə aparmaqla qəzeti yaşatmağı bacarmışlar. “Zaqatala” ömür yolundakı ən ağır dönəmlərdən birini doxsanıncı illərin əvvəllərində yaşadı. Məhz həmin vaxt rayon mətbuatının sükanı arxasına keçərək onu enişli-yoxuşlu yollarla sağ-salamat, daha da təkmilləşdirərər bu günümüzə çatdıran təcrübəli jurnalist, redaktor, Əməkdar mədəniyyət işçisi İbrahim Bəxtiyaroğlu ilə söhbətləşirik: “Bugünkü “Zaqatala” qəzeti bir zamanlar bolşevik və kommunist ideologiyasının təbliği məqsədi ilə söz meydanına gəldi, ömrünün xeyli hissəsini bu işə həsr etdi. Amma heç vaxt etimad, etibar edənlərin inamını qırmadı, daim onlarla birgə oldu. Saralmış köhnə qəzet səhifələrini vərəqlədikcə ötən illər bir kino lenti kimi gözümüzün önündən keçir. Minlərlə zaqatalalının, habelə qonşu Balakən və Qax rayonlarının sadə insanlarının şəkilləri, barələrində yazılan sözlər əbədi ünvan kimi qalmaqdadır. Artıq 32 ildən çoxdur ki, dövlət müstəqilliyimizin verdiyi imkanlardan sonsuz qürurla söhbət açırıq, tarixi nailiyyətlərdən bizim də payımıza düşüb. Söz və mətbuat azadlığından bəhrələnirik, dünyanın inkişaflı çap texnologiyalarına yiyələnirik. Həyatımızın, yazılarımızın təməlində nikbinlik, azərbaycanlı olmağın fəxarəti var. 2011-ci ildə qəzetimizin 8000-ci yubiley sayı, 2013-də 90 illiyi təntənə ilə qeyd olundu. Həmin tədbirlərə respublikanın aparıcı media qurumlarının nümayəndələri də qatıldılar, ölkə mətbuatı, televiziyalar geniş yer ayırdılar. Rayon rəhbərliyinin, hörmətli İcra başçısı Mübariz Əhmədzadənin jurnalistlərə, mətbuata verdiyi dəyərin bir nümunəsi də qəzetin tarixi binasının 2018-ci ildə yenidən təmir olunaraq redaksiyamıza qaytarılmasıdır. Azad mediaya şərait yaratdığına, əsl söz adamları önündə geniş imkanlar açdığına görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk!”

Qəzetin redaktor müavini, Əməkdar mədəniyyət işçisi Elmira Mehdiyeva da söhbətə qoşulur: “44 günlük Vətən müharibəsi zamanı bütün saylarımızı insanlarda qələbə əzmi, zəfər əhval-ruhiyyəsi təşviq edən yazılara həsr etdik. Şəhidlərə, qazilərə həsr olunan “Qarabağın fatehləri”, “Tarix yazan oğullar” kitablarımız nəşr olundu. “Heydər Əliyev İli” kontekstində Ümummilli liderimizin ibrətamiz ömür yolundan bəhs edən məqalələrə geniş yer verdik. Bütün zamanlarda qəzetimizi oxuculara, rayon sakinlərinə sevdirən onlara yaxınlığı, ideoloji çərçivələrə, baryerlərə baxmayaraq, sadə kütlələrə düşdükləri çətin vəziyyətdən çıxış yolu göstərməyə, arzu və istəklərini yerinə yetirməyə çalışmasıdır. Qarşıdan ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək Zəfər seçkiləri gəlir. İnanıram ki, dövlətimizin başçısının biz qələm adamları qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyik”.

“Zaqatala” qəzeti ilə əməkdaşlıq elədiyim, mətbəədə, redaksiyada işlədiyim 80-90-cı illərdə əsl yaradıcılıq ab-havası hökm sürürdü və (təvazökarlıqdan kənar çıxsa da) özümüzü həqiqi jurnalist sayırdıq. Çünki ofislərdən verilən statistik rəqəmləri, məlumatları bir-birinə calayıb quru, sxolastik məqalələr yazmır, şehli çöllərdə tütünçülərlə, üzümçülərlə, tərəvəzçilərlə; tozlu tikinti meydançalarında fəhlələrlə; yaylaqlarda, fermalarda heyvandarlarla, sonradan cəbhələrdə əsgərlərlə birgə çalışır, canlı reportajlar, oçerklər hazırlayırdıq. Hər yazıya görə qazancımız, mükafatımız isə minnətdarlıq dolu məktublardan duyulan xalq sevgisindən başqa bir şey deyildi. Nəzərə alsaq ki, 1984-88-ci illərdə həmin nəşr 18-20 min civarında tirajlanırdı, hər ailədə mütaliəyə meyillilərin, oxu həvəskarlarının orta sayı dörd nəfərdən götürülsə, səksən minlik oxucu auditoriyasına malik “yerli qəzet”ə bu günün azman media orqanları həsəd apara bilərlər. Redaksiya nəzdindəki “Qönçə” ədəbi birliyinin hər məclisi qızğın müzakirələr, maraqlı şeir və hekayələrin seçilməsi zəminində istedadlı gənclərin üzə çıxarılmasına xidmət göstərirdi. Həmin materialların dərc olunduğu qəzet səhifələri şəxsi arxivimin qiymətli eksponatları təki qorunub saxlanılır və hər dəfə vərəqlədikcə yavaş-yavaş üfüqdə görünməz olan gərəkli, məhsuldar insan ömürlərini bir daha xatırladır... İndi bu sətirləri yazdıqca zamanın üzərindən əlimi uzadıb kənddəki evimizin dəmir darvazasından poçtalyonun həyətə atdığı 5-6 qəzetin içərisindən “Qırmızı bayrağ”ı götürmək, onun mətbəə qoxusunu canıma çəkmək istərdim...

İnanıram ki, bundan sonra da dəyərli jurnalist həmkarlarımın bilikləri, bacarıqları, məqsədyönlü fəaliyyətləri ilə qəzetimiz ölkə mediasının öncüllərindən olacaq və sədaqətli, tələbkar oxucuları ilə birgə daha böyük yubileylərini keçirəcək.

100 yaşın mübarək, əziz “Zaqatala”!

Qurban Cəbrayıl

“Mədəniyyət/Culture” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü       

 





30.12.2023    çap et  çap et