525.Az

Sülhə maneə qalmayıb... 


 

İNDİ HƏR ŞEY İRƏVANIN SİYASİ İRADƏSİNDƏN ASILIDIR

Sülhə maneə qalmayıb... <b style="color:red"></b>

Bu il Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi, hətta sülh sazişinin imzalanması üçün real şans olsa da, rəsmi İrəvanın mövqeyi ucbatından buna nail olunmadı. Xüsusilə sentyabrın 19-20-də Bakının həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra sülh üçün hər hansı ciddi maneə qalmayıb. Çünki İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı imzalanmış üçtərəfli bəyanatda qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxmasına dair müddəanı Ermənistan tərəfi yerinə yetirmirdi. Eyni zamanda Qarabağda separatizmə nəinki son qoyurdu, hətta onlara siyasi, hərbi dəstək verirdi. Beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən sülh danışıqlarında Azərbaycan dəfələrlə bu məsələlərə son qoyulmasını tələb etmişdi. Beləliklə, antiterror tədbirləri ilə Bakı öz ərazisində həm qanunsuz silahlı birlərşmələrin, həm də separatizmin mövcudluğuna son qoydu. Sülh üçün çox real imkanlar olsa da, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi, Qərbin, xüsusilə Fransanın regiondakı pozuculuq planlarında ortaq olması 2023-cü ilin itirilmiş il olmasına gətirib çıxardı. Baxmayaraq ki, Paşinyan hakimiyyəti sözdə sülh üçün bəyanatlar verdi, amma əməldə gördüyümüz fərqli addımlar oldu.

Onu da qeyd edək ki, ilin sonunda verilən müsbət siqnallar gələn il üçün ümidləri artırır. Amma o da bəllidir ki, Bakı özünün qətiyyətli və açıq mövqeyini ortaya qoyub. Ermənistan isə öz iradəsi ilə hərəkət etmədiyi üçün sözü ilə əməlinin üst-üstə düşəcəyi bəlli olmaz. Amma danılmaz fakt budur ki, sülhün olması Ermənistanın özü üçün çox vacibdir.

Yada salaq ki, normallaşma prosesi ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan prosesi Fransa və onun oyunlarına qurban olan Ermənistan pozdu. Bundan sonra Bakı haqlı olaraq nəzərdə tutulmuş bir sıra görüşlərdə iştirak etmədi.

İki ölkənin liderləri - Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın xeyli müddət sonra bu il dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə ayaqüstü söhbəti olub. Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Onu da qeyd edək ki, Bakı vasitəçilərin iştirakı olmadan İrəvanla ikitərəfli formatda görüşlərin keçirilməsi təşəbbüsünün müəllifidir. Bu il dekabrın 7-də vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat bu formatın əhəmiyyətli olduğunu sübut etdi. Belə ki, Azərbaycan Prezidenti Administrasiyasının və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasında bir sıra müsbət razılaşmaların əldə olunduğu vurğulandı. Hər iki tərəf xoş məram nümayiş etdirərək saxlanılan şəxsləri dəyişdirib. Həmçinin, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyib. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair brifinqində bu məqama toxunaraq deyib ki, Azərbaycan və Ermənistan danışıqları üçüncü tərəfin girovuna çevrilməməlidir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və nümayəndə heyətləri dövlət sərhədində görüşə bilər. Belə bir təkliflə Azərbaycan çıxış edib. XİN başçısı xatırladıb ki, iki ölkənin delimitasiya komissiyaları artıq iki dəfə sərhəddə görüşüb.

Başqa bir müsbət məqam isə sülh müqaviləsi ilə bağlı təkliflər paketində fikri ayrılıqları olan maddələrin sayında azalma ilə bağlıdır. Bu barədə açıqlama verən C.Bayramov deyib ki, 21 noyabrda aldığımız paketdə müsbət istiqamətdə az da olsa irəliləyiş özünü göstərir: “Sülhə nə qədər yaxın və uzaq olunduğunu demək çətindir. Hesab edirəm ki, ciddi siyasi iradə olarsa, sülh müqaviləsini qısa müddətdə həll etmək mümkündür. Yox, əksi olarsa, o zaman uzanacaq”.

Bu baxımdan Ermənistan parlamentinin spikeri Alen Simonyanın da açıqlaması diqqət çəkir. O bildirib ki, sülh heç vaxt bu qədər yaxın olmayıb: “Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik".

Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib, sülh sazişi təklifini irəli sürüb. Eyni zamanda bu istiqamətdə ardıcıl fəaliyyət sərgiləyib. Bakının istəyi XİN rəhbərinin də dediyi kimi, ciddi fikir ayrılığı yaratmayan, universal və qarşılıqlılıq prinsipinə əsaslanaraq münasibətlərin bazasını formalaşdıran sənədin imzalanmasıdır.

Sülh sazişi layihəsində əks olunan beş prinsipi məhz bunu ehtiva edir: bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə gəlincə, bu, əlbəttə ki, növbəti mərhələdə öz həllini tapacaq. Digər dövlətlər arasında da bu məsələnin nizamlanması bir qədər vaxt alır.

Bir sözlə, sülhə gedən yol açıqdır. Yəni tərəflər sülhün bir addımlığındadır. İndi hər şey İrəvanın siyasi iradəsindən asılıdır. Ermənistan bu yolda davam edəcək, yoxsa yenə də prosesi uzadacaq addımlar atacaq, bütün bunları yaxın zaman göstərəcək. Amma artıq zaman da sülh tələb edir.

 

 

 





07.01.2024    çap et  çap et