525.Az

Azərbaycan iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə aparıcı mövqe qazanır


 

2024-cü İLİN “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” ELAN EDİLMƏSİ DÖVLƏTİMİZİN BU SAHƏDƏKİ ƏZM VƏ QƏRARLILIĞININ DAHA BİR GÖSTƏRİCİSİ OLDU

Azərbaycan iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə aparıcı mövqe qazanır<b style="color:red"></b>

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Dövlət başçısı bu Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan Prezident Administrasiyasına ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Məlumdur ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində, Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərləri qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir.

Deputatın sözlərinə görə, 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən, Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır.

Azərbaycanın 1995-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqlədiyini deyən B.Məhərrəmov qeyd edib: “2000-ci il iyulun 18-də istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin ehtiva olunduğu Kioto Protokolunu ratifikasiya etmiş, 2016-cı il aprelin 22-də isə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimində iştirak etməklə sənədə qoşulmuşuq. Bu mənada, Prezident İlham Əliyevin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən, beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının ideal ifadəsi idi. Məlumdur ki, 30 illik işğal dövründə Livan ölçüdə ərazilərimiz yaşıllıqların məhv edilməsi, yandırılması, təbii sərvətlərin talanması fonunda ekosidə məruz qalıb. Azərbaycan işğala son qoymaqla əslində həm də davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu. Bu gün isə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində dövlətimizin başçısının qoyduğu tapşırıqlar qlobal miqyasda Kioto və Paris sənədləri üzrə azsaylı praktik addımlardan hesab edilir. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan subyektlər də əks arqument tapmadı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, “beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.

Millət vəkili onu da bildirib ki, bu gün qarşısında çoxsaylı çağırışları olan Azərbaycanın hərbi-siyasi gücünün artırılması, iqtisadi inkişafın və sosial rifahın gücləndirilməsi istiqamətində prioritetlərlə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi vəzifələr müəyyən etməsi qlobal müstəvidə ciddi hadisədir. Müşahidələr isə Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi COVID-19-la mübarizədə olduğu kimi, iqlim dəyişiklikləri üzrə qlobal səylərin birləşdirilməsi üzrə təşəbbüsləri də ələ almaq və bu istiqamətdə əsas oyunçulardan birinə çevrilmək perspektivindən xəbər verir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir və İlham Əliyevin qlobal lider kimi məsələyə necə və haradan yaxınlaşmaq bacarığını və prosesi uğurlu məcraya yönəldə biləcəyini göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin yaşıl inkişafla bağlı mühüm yenilik olduğunu bildirib. O, Sərəncamın növbəti il ərzində ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəliyin qoyulmasının demək olduğunu söyləyib: "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Sərəncamda da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilmə qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Gələn ilin sonlarında COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq".

F.Mütəllimov vurğulayıb ki, son illərdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə böyük işlər görülür: "İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. İqlim dəyişiklikləri ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi bir neçə öhdəlik götürmüşük. 2030-cu ilin istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər 40 faiz azaldılması hədəf kimi götürülüb. Eyni zamanda yaşıl enerjiyə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər qaldırılması hədəflənib. Düşünürük ki, növbəti ildə də görülən işlərə daha da böyük təkan vermək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə digər qurumların, vətəndaşların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə daha da geniş tədbirlər həyata keçirmək olar".

Sevinc QARAYEVA

 

 





07.01.2024    çap et  çap et