525.Az

Təranə Arifqızıdan poetik nümunələr


 

Təranə Arifqızıdan <b style="color:red"> poetik nümunələr</b>

QIŞ NAĞILI

Bir qış günü...

izim donub buz bağlamış küçələrdə.

dən atıram, dənə gəlmir, yox olub ki,

hər il bizə həsəd çəkən sərçələr də..

tellərimdə qırovlamış sözüm əsir.

əllərimin oxşamasın, gözlərimin baxışmasın

şaxta vurur, soyuq kəsir.

agaclar da ağ geyinib,

düzülüblər yolboyunca ayaqları yalın kimi.

buludlar da göy üzündən asılıbdı

gen ətəkli, ağ örpəkli gəlin kimi..

 

Gəlir bayram mesajları…

sanki onlar həmrəy olub eyni sözlə sözləşiblər.

eyni gündə  eyni gözlə gozləşiblər.

qəribədir, elə bil ki, hamı olub şaxta baba,

yollar olub ətəkləri yer süpurən, qar süpürən qar qız kimi...

çillə günü niyyətinə ağ kəsilən qarpız kimi .

küçələrdə addımbaşı şam ağacı, həyat rəsmi,

qucağında soyuq-soyuq gülüş atan ulduzu var.

elə bil ki, bu şəhərin şəhər boyda qar qızı var.

baxıram, çoxu oyuncaqlardan,

biri isə kitablardan qurub yolkasını,

oxuyur sehirli sözləri,
qurtarır bütün oyunlardan ölkəsini…

 

Mənsə bu gecə qarın çaldığı laylanı

basdım bağrıma..

damlaları damlalarla əridib

göydə uçan kəpənəklərlə oynadım..

getmədiyim yuxudan uşaqlığımla oyandım.

kaş ki, heç böyüməsəydim…

bir ovuc qartopu ilə

xoşbəxt ola bilərdim....bəlkə də...

qarı yuvarladım topa-topa,

bir adam yaratdım, Qar adam...

gülən dodaqlar kömür qarasıyla güldü üzümə..

mən də güldüm.

bir cüt zeytun göz ağ üzdən boylandı mənə.

mən də boylandım

uzaq keçmişin qayğısız anlarına.

başında papaq, əlində çomaq,

dili də, sözü də bumbuz,

hər yeri qardan yamaq...

 

Sevdim qar adamı....

mənə heç kim demədi ki,

sevməzlər qar adamını.

nnun ürəyi olmur, demədilər…

elə ki, gün çıxdı günün ortası,

sözün qısası,

əridi, yox oldu qar adam..

yox oldu var adam.

bitdi qış gecəsi qar dolu nağılım…

Ehh, mənim uşaq ağlım…

 

Bax, gəldi  yeni il, yeni əjdaha,

Qarşılayaq, qalmasın sabaha.

Yeni gün nağıl olmasın gərək,

Dostlar, əzizlərim,

Həmrəyliyimiz,

yeni ilimiz, yeni günümüz mübarək!

 

      QAR ƏTRİ

Deyirlər , soyuyub havalar orda,

cənub istisində şimal qışı var.

Deyir, ürəklər də buz bağlayıbdı,

bilinmir, havanın neçə yaşı var.

 

Sırsıra bağlayıb qan damarları,

sürüşüb ayağın ürəkdən düşüb.

Səni tutmaq üçün əlcək geymişəm,

işə bax, əllərim biləkdən düşüb.

 

Gecəni ağartdım ağ olsun deyə,

gündüz qar üstünə qara salmısan.

Qışın qışlığına dözərdim, vallah,

bir bax gör, çovğunu hara salmısan?

 

İlıq dodaqların buz təbəssümün

asın, budaqların yalın əlindən.

Dəniz gözlərində qar ətri qalıb,

söylə, hara gedim sənin əlindən?

 

MƏN ZƏRİF BİR ÇOBANYASTIĞI...

Sıyrılıb qınımdan çıxmışam,
məkanına sığmayan dəli küləklər kimi...
Bu cansız canımdan çıxmışam
ovcumda titrəyən kəpənəklər kimi...
Ürəyimi ovub torpağa möhürləmişəm
qurumuş son yarpaqlar kimi…
istəsən də yığa bilməyəcəksən..
Məni küləklər aparacaq
parça-parça, tək-tək,
səssiz küçələrdə sovuracaq bərk-bərk…
Qaytar mənim dincliyimi
götürdüyün yerə,
məni salıb itirdiyin yerə…
Aparma, qara firtınaların
aramsız çəkişən qoynuna…
Salma məni, oyun sevənlərin
uduzduqları uşaq oyununa…
Mən zərif bir çobanyastığı…
kəpənəklərin boynundan asdığı…
İçimə çöküb torpağın ətri…
qışın bu isti günündə
vaxtsız göyərən saplağın ətri…

Qırma, tapdalama, əzmə bu ləçəkləri sən,
qaytarıb yerinə qoya bilməzsən

bu çiçəkləri sən…

 





07.01.2024    çap et  çap et