525.Az

Qazaxıstan tarixində dönüş nöqtəsi 


 

KASIM-JOMART TOKAYEV 2022-ci İLİN YANVAR İĞTİŞAŞLARI İLƏ BAĞLI BƏZİ DETALLARI İLK DƏFƏ AÇIQLAYIB

Qazaxıstan tarixində dönüş nöqtəsi <b style="color:red"></b>

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yeni ilin ilk günlərində yerli mətbuata müsahibəsi həm ölkə daxilində, həm beynəlxalq mediada böyük maraq doğurdu. Qazaxıstan lideri müsahibə zamanı ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı, 2022-ci ilin məlum yanvar hadisələri və digər aktual mövzulardan danışıb, diqqətçəkən məqamlara toxunub. Bir sıra məsələlər, xüsusilə, yanvar iğtişaşlarının bəzi detallarını ilk dəfə açıqlayıb.

Məlumdur ki, yanvar iğtişaşları zamanı Tokayev müdrik davranaraq, təcili adekvat qərarlar qəbul etməsəydi, Qazaxıstanda durum çox mürəkkəb olar, hətta ölkə parçalanma həddinə çata bilərdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstan etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkədir. Burada 130-a yaxın millətin nümayəndəsi vahid bayraq altında yaşayır. Təbii ki, ölkədə iğtişaşlar, hakimiyyət çevrilişi hazırlayanlar bu amillərdən də istifadə edəcəkdilər. Necə ki, elə post-sovet məkanında bu cür presidentləri görmüşük. Amma tarix boyu Qazaxıstan xalqlar arasında ən kiçik problemin belə yaranmasına, xoşagəlməz halların ölkəyə ixrac olunmasına imkan verməyib. Hətta məişət zəminindəki bəzi hadisələri "etnik qarşıdurma" kimi təqdim etməyə, bundan öz maraqları üçün istifadəyə çalışan qüvvələrin cəhdləri fiaskoya uğrayıb.

Yanvar hadisələri yanacağın qiymətinə etiraz olaraq başlasa da, alt qatda səbəblər əlbəttə ki, fərqli idi. Eyni zamanda hadisələr bir neçə dalğada planlaşdırılmışdı. Prezident Tokayev müsahibəsində bu səbəblərə toxunub. Bildirib ki, 2019-cu ildə Prezident seçiləndən sonra siyasi sistemin demokratikləşdirilməsi, ictimai həyatın liberallaşdırılması, iqtisadiyyatın inhisardan çıxarılması kursu götürüldü. Lakin bu yeni kursu təsir gücünə malik bir sıra şəxslər qəti şəkildə rədd etdilər. Onlar tərəfindən islahatlara gizli və çox vaxt açıq müqavimət getdikcə güclənirdi. Bu, yüksək rütbəli məmurlar qrupu təhlükəsizlik qüvvələri və kriminallara təsir gücünə malik olduqları üçün hakimiyyətin zorakılıqla ələ keçirilməsinin təşkili variantını seçdilər. Araşdırmaya görə, hazırlıqlar təxminən 2021-ci ilin ortalarında başlayıb. Bundan sonra hökumət maye qazın qiymətini kəskin artırmaqla bağlı düşünülməmiş, qanunsuz qərar qəbul etdi və Mangistau vilayətində təxribatçıların təhrik etdiyi insanlar nümayişə çıxdılar. Çevriliş cəhdində ekstremistlər, kriminallar və dini radikallar birgə iştirak ediblər.

Tokayev etiraf edib ki, Qazaxıstanda kütləvi iğtişaşların baş verməsi üçün ilkin şərtlərdən biri prezident Nursultan Nazarbayevin rəsmi istefasından sonra ölkədə ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub: "Həqiqətən də ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub və deməliyəm ki, bu cəhdlər məqsədyönlü və mütəşəkkil idi".

Bu gün dünyada cərəyan edən hadisələr, xarici güclərin onların maraqlarını təmin etməyən, müstəqil siyasət aparan dövlətlərə qarşı ssenarilər, rəngli inqilablar hazırlamaq planları məhz güclü, qətiyyətli liderlərin sayəsində alt-üst olub. Qazaxıstan ssenarisi də bunu bir daha sübut etdi. Eyni zamanda ölkədə vahid hakimiyyətin olmasının vacibliyini göstərdi.

Prezident Tokayevin ilk dəfə toxunduğu məqamlardan biri də Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə 2022-ci ilin yanvar iğtişaşları ilə bağlı söhbəti barədə olub: "Mən Nazarbayevə birbaşa dedim ki, siyasi oyunlar, xüsusən də onun ən yaxın adamlarının oyunları az qala ölkəni parçalayırdı".

Həmin hadisələr zamanı Tokayevin kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti də müxtəlif prizmalardan hələ də müzakirə olunmaqdadır. Hətta o zaman belə fikirlər gündəmi zəbt etmişdi ki, KTMT qüvvələri gəldisə, deməli, əslində Rusiya Qazaxıstana öz hərbi qüvvələrini yerləşdirdi və onlar uzunmüddətli, bəlkə də daimi qalacaqlar. İndi də Tokayevin məhz Rusiya hərbçilərini ölkəyə dəvət etdiyi barədə iddialar səsləndirilir. Amma Qazaxıstan lideri bütün iddiaların, düşüncələrin yanlış olduğunu göstərdi. KTMT qüvvələri tez bir zamanda, hətta vaxtından əvvəl ölkəni tərk etdilər.

Kasım-Jomart Tokayev bu məqamla bağlı deyib ki, Qazaxıstanda 2022-ci ildəki iğtişaşlar zamanı Rusiyaya deyil, KTMT-ya müraciət olunub. Ölkənin müxtəlif regionlarında xaos və anarxiya şəraitində, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan dövrdə, Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında ölkəsinə sülhməramlı kontingentin daxil edilməsi üçün KTMT-yə müraciət etmək qərara alınıb: "Vurğulayıram: müraciət Rusiyaya deyil, Qazaxıstanın üzvü olduğu KTMT-yə idi. Müraciət zamanı qurumun sədri Ermənistan olub, bu il sədrlik Qazaxıstana keçib. KTMT kontingenti həqiqətən də sülhməramlı missiya yerinə yetirdi və həmin faciəvi dövrdə baş verən hadisələrin qarşısını almaq üçün rolunu oynadı".

Qazaxıstan rəhbəri onu da bildirib ki, KTMT-yə üzv olan ölkələrlə razılığa əsasən, Təşkilatın kontingenti heç bir ilkin şərt qoyulmadan və vaxtından əvvəl ölkəni tərk edib: "KTMT-nin sülhməramlı kontingenti antiterror əməliyyatında iştirak etməyib və bir dəfə də olsun atəş açmayıb".

Qazaxıstan lideri hadisələr başlayanda xalqa müraciətində "Hakimiyyət yıxılmayacaq", söylədi. Bununla həm də bəzi maraqlı qüvvələrə mesaj verdi. Belə də oldu, ardınca isə vəd edilmiş "Yeni Qazaxıstan" uğrunda islahatlara başlandı.

Tokayev tərəfindən aparılan yeni islahatlar artıq Qazaxıstanın həyatında özünü göstərməkdədir. 2023-cü il ölkə üçün əlamətdar hadisələrlə zəngin oldu. Prezidentin dediyi kimi, böyük siyasi islahatlar başa çatdırılıb, Konstitusiya Məhkəməsi işə başlayıb. Yeni qaydalara əsasən, parlament və yerli nümayəndəlik orqanlarına seçkilər keçirilib. Ədalətli və rəqabətədavamlı iqtisadi sistem qurulmağa başlayıb. Qarşıya yeni iqtisadi modelə keçid vəzifəsi qoyulub. Strateji məqsəd 2029-cu ilə qədər ÜDM-i iki dəfə artırmaqdır.

Beynəlxalq Valyuta Fondunun analitiklərinin hesablamalarına görə, 2023-cü ilin sonuna Qazaxıstanda cari qiymətlərlə ÜDM-in həcmi 259 milyard dolları ötməlidir ki, bu da 2022-ci illə müqayisədə 15 faiz çoxdur. Bu, Mərkəzi Asiyada ən əhəmiyyətli nominal artımdır.

Onu da vurğulayaq ki, Qazaxıstan bu il eyni vaxtda bir neçə nüfuzlu beynəlxalq təşkilata - Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi, Türk Dövlətləri Təşkilatı və s. sədrlik edəcək.

Prezident Tokayev bəyan edib ki, dövlətin milli maraqları nəzərə alınaraq, konstruktiv və balanslaşdırılmış xarici siyasət davam etdiriləcək. Xarici siyasət demişkən, onun Rusiya və Çinlə bağlı fikirləri də maraq kəsb edir. Tokayev vurğulayıb ki, Rusiya Qazaxıstanın əsas strateji tərəfdaşı və müttəfiqidir. Ən yüksək səviyyədə siyasi dialoq intensiv inkişaf edir. Çoxtərəfli strukturlar çərçivəsində, eləcə də regional sabitliyin və beynəlxalq təhlükəsizliyin təmin edilməsi məsələlərində qarşılıqlı fəaliyyət göstəririk.

Çinə gəlincə, bu gün Qazaxıstan və Çin arasında münasibətlər dostluq, mehriban qonşuluq və əbədi strateji tərəfdaşlıq ruhunda fəal şəkildə inkişaf edir. Qazaxıstan-Çin münasibətlərini əminliklə nümunəvi adlandırmaq olar.

Ümumiyyətlə, dünyada sülh və dialoq tərəfdarı olan Qazaxıstan bütün tərəfdaşları ilə yaxşı münasibətlərə malikdir.

Qazaxıstan lideri "2024-cü ildə millətimizin yeni yüksəlişinin şahidi olacağıq", deyib.  Mərkəzi Asiyanın ən qüdrətli, böyük dövləti olan Qazaxıstanın güclü, sabit olması, yüksəlişi əlbəttə ki, türk dünyasının güclənməsi, yüksəlişi deməkdir...

 

 





08.01.2024    çap et  çap et