525.Az

Xan qızının heykəlinə qarşı vandalizm aktı


 

XURŞİDBANU NATƏVANIN FRANSANIN EVİAN-LE BƏN ŞƏHƏRİNDƏKİ HEYKƏLİNƏ QIRMIZI BOYA ATILIB

Xan qızının heykəlinə qarşı vandalizm aktı<b style="color:red"></b>

O, sonuncu Qarabağ xanının qızı idi. Mehdiqulu xan öz anasının adını vermişdi əziz-xələf qızına. Xurşidbanu Natəvan sarayda "Dürrü yekta", yəni "Tək inci" çağırılırdı. El arasında isə, sadəcə, Xan qızı... Natəvandan söhbət açılanda Seyyid Əzimin bu misralarını xatırlayıram:

 

Ey şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan.

Olmuşmu səninlə mən təki aləmdə

Beyti, evi, məktəbi, kəlamı dağılan...

 

Onun da beyti, məktəbi, kəlamı dağılmışdı. Sağlığında taleyi üzünə gülməyən Natəvanın ölümündən doxsan beş il sonra erməni daşnakları onun "İmarət" qəbiristanlığındakı məqbərəsini dağıtmış, qəbrini təhqir etmiş, sümüklərini məzardan çıxarıb aparmışdılar.

Təəssüf, ilin-günün bu vaxtında, Qarabağı - Xurşidbanu Natəvanın yurdunu düşmən tapdağından azad etdiyimiz, qəbrini təhqir edən vandallardan müqəddəs torpağını təmizlədiyimiz dövrdə Ermənistana dostluq, sadiqlik nümayiş etdirən bədnam Fransa yenidən keçmişi təkrarladı - Natəvanın əziz ruhunu yenidən incitdi... Görünür, bu, əqidə yoldaşlarına xas əlamət imiş.

İsmayıllı şəhəri ilə Fransanın Evian-le Bən şəhəri arasında 2015-ci ildə imzalanan dostluq və əməkdşalıq xartiyası çərçivəsində 2017-ci ildə bu şəhərdə, Leman gölü sahilində Azərbaycan parkı açılmışdı və Heydər Əliyev Fondunun dəstəyi ilə parkda görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsi ucaldılmışdı. Həmin abidənin açılışında Evian şəhəri merinin mədəniyyət işləri üzrə müavini Alən Giro "Azərtac"a müsahibəsində Fransanın anlamadığı, yaxud bilərəkdən inkar etdiyi dostluq barədə danışmışdı: "Dostluq da insanlar arasında mübadilədir. Bugünkü mürəkkəb dünyada bizi dostluq xilas edəcək. Əminəm ki, gələcəkdə daha böyük layihələri birgə həyata keçirəcəyik. Yaşasın Azərbaycan-Fransa dostluğu!"

Yaşamadı, Eldar Baxış demiş, "kəpənək doğuldu, kəpənək öldü". Çünki Fransanın fitrətində bədnamlıq var, şərə pərəstlik var. Fransada o dostluğu qorumaq üçün təpər olmadı.

Mətbuatda Natəvanın Fransadakı heykəlinə qarşı vandalizm törədilməsi barədə xəbər yayılıb. Söhbət 90-cı illərin əvvəlində Natəvanın heykəlini güllə-boran edən Ermənistanın dostu Fransadan gedir. Necə deyərlər, dostunu göstər, deyim sən kimsən. Son günlər sosial şəbəkələrdə Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır. Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb.

Fransanın "Le Messager" nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adıçəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq "Azərbaycan parkı" ilə bağlı bütün istinadlar silinib. Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur. Qəribədir ki, məsələ ilə bağlı hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESCO reaksiya verib.

Vaxtilə özündən 30 yaş böyük dünya şöhrətli yazıçı Aleksandr Dümanı öz zəkası ilə, həm də sözün əsl mənasında şahmat masasında mat edən Natəvanın heykəlinə atılan boya mədəniyyətin, keçmişin, dəyərlərin üzərinə atılan boyadır. Natəvan heç Dümanın qarşısında bürünməmişdi, amma Fransada Natəvanın heykəlini bürüdülər, simasını gizlətdilər, öz simasızlıqlarını əyan elədilər.

Heykəlin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir. Təbii ki, məsələnin mənəvi zərbəsini ən çox onlar hiss edirlər. Hadisəyə Səlhab Məmmədovun münasibətini öyrəndik. Təxmin etdiyimiz kimi, təəssüf içindədir: "Bilirsiz ki, Evian-le Bən şəhərində ucaldılan Xurşidbanu Natəvanın heykəlini Xalq rəssamı Əli İbadullayevlə birgə ərsəyə gətirmişik. Dünyanın çox yerlərində heykəllərimiz var. Fransada Natəvanın heykəlinə qarşı bu vandalizmi ürək ağrısı ilə qarşıladıq. Bu xəbəri eşidəndə səhərə qədər yata bilmədim. Mədəniyyətin ocağı sayılan Fransada belə bir hadisə yolverilməzdir. Xatırlayıram, 2009-cu ildə Azərbaycanın I vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu Strasburq Kafedral kilsəsinin bərpasına pul ayırmışdı. Bu gün isə həmin Fransa Azərbaycanın mədəniyyətinə sataşır. Aydındır ki, bu, bizi istəməyən qüvvələrin vandalizmidir".

Səlhab Məmmədov heykəlin böyük əziyyətlər bahasına ərsəyə gəldiyini qeyd edib: "Heykəl il yarım müddətinə yarandı. Aydın məsələdir ki, ilk olaraq heykəlin eskizi hazırlanır. Əvvəlcə həmin şəhərin bələdiyyəsi tərəfindən bu eskiz qəbul olunmalıdı idi. Biz istəyirdik ki, heykəlin hündürlüyü 3 metrə yaxın olsun. Buna icazə vermədilər. Bələdiyyədən dedilər ki, hündürlüyü 2 metrdən bir az çox ola bilər. Hardasa, postamenti 60-70 sm kiçiltdik. Sözsüz, qısqanclıq aydın hiss olunurdu. Bilirsiz, o heykəl asan başa gəlməyib. Üzərində böyük əziyyət çəkilib. Yadımdadır, heykəlin açılışı da yüksək səviyyədə olmuşdu".

Səlhab Məmmədov bildirdi ki, həm yerli, həm də fransız mədəniyyət xadimləri məsələyə biganə qalmamalıdırlar: "Sənət əsərinə qarşı belə hərəkət etmək olmaz. Parkın ən gözəl yerində ağ mərmərdən möhtəşəm bir heykələ qarşı düşmənçilikmi olar?! Bədnamlar ona görə Natəvanın heykəlini görmək istəmirlər ki, çünki o, həm də Qarabağın, Şuşanın simvoludur. Azərbaycanın sərvətinə boya atmaq olarmı?! İnanın, mən bunu ağlıma gətirə bilmirəm. Fransanın mədəniyyət xadimləri bu hadisəyə biganə yanaşmamalıdırlar.

Mədəniyyət həmişə qara qüvvələrə qalib gəlib. Ümidim var ki, bu məsələdə də belə olacaq, heykəl yerində qalacaq. Natəvanın heykəlini götürməklə onlar həm də öz incəsənətlərinə, Aleksandr Dümaya xəyanət etmiş olarlar. Axı Natəvanla onun ədəbi əlaqələri, görüşü olub. Bu, bir tarixdir. Fransa mədəniyyətsiz xalq deyil. Onlar bununla özlərini nüfuzdan salırlar. Mən əminəm ki, Fransanın mədəniyyət xadimləri arasında da bu vandalizmi qınayanlar var.

İncəsənətimizi vandallardan qorumaq hamımızın borcudur. Yəqin ki, bununla bağlı müvafiq yerlərə müraciətimiz olacaq. İncəsənət adamlarımız məsələyə biganə qalmamalı, münasibət bildirməlidirlər".

Məsələ ilə bağlı "525"ə açıqlama verən millət vəkili, professor Hikmət Babaoğlu ədəbiyyatın siyasi məsələlərin fövqündə olduğunu vurğuladı: "Ədəbiyyat və ədəbiyyatı yaradanlar dəyərdir. Çünki ədəbiyyatın milliyəti yoxdur və insanlığa, bəşəriyyətə xidmət edir. Tarixin bütün dövrlərində ədəbiyyat taleləri, insanları, tarixi, hissləri, həyəcanları izah edən hadisədir. Ədəbiyyatın siyasətə alət olunması bu səbəbdən yolverilməzdir".

Fransanın qərəzli mövqeyini nəzərə çatdıran millət vəkili bu addımların onları beynəlxalq arenada nüfuzdan salacağını qeyd etdi: "Təəssüf ki, son 3 ildə Makron Fransasının beynəlxalq hüququ necə dəyərsizləşdirdiyinə, millətlərin suveren hüquqlarına necə hörmətsiz yanaşmasına şahidlik etdik. Çox təəssüf ki, bu gün universal dəyər hesab olunan ədəbiyyata da Makron Fransasının fərqli münasibətini görürük. Bu, bütövlükdə, ümumbəşəri dəyərə olan mövqedir. Xanım şairin heykəlinə qarşı törədilən vandalizm ədəbiyyata qarşı həqarətdir. Ədəbiyyatın etnik mənsubiyyəti yoxdur.

44 günlük müharibə dövründə Makron Fransası Azərbaycana qarşı aqressiv diplomatik bəyanatlar verərkən, beynəlxalq hüququ pozarkən heç bir azərbaycanlının ağlına gəlmədi ki, Viktor Hüqoya qarşı hansısa bir aksiya keçirsin. Çünki Azərbaycan xalqı bilir ki, o, mənəvi toxunulmazdır. Hüqo XIX əsrin Fransasını bizə anladıb. Xurşidbanu Natəvan da XIX əsrin Şuşasını bizə, dünyaya çatdırıb. Belə olan halda Natəvan da, Hüqo da hər cür siyasi aqressiyadan üstündür. Çünki onlar əsərlərində insanlığı anlatmaqla ümumbəşəri birliyin formalaşmasına xidmət ediblər.

Bu gün Fransada edilənlər əsla doğru hesab oluna bilməz. Çünki dəyərlər müqəddəs olmalıdır. Təəssüf ki, bu gün Makron Fransası dəyərləri qoruya bilmir.  Bu isə dünyaya özünü mədəniyyətin, demokratiyanın beşiyi kimi təqdim edən Fransanın imicinə zərbədir".

Xan oğlanlar xanım qızların namusunu qoruyantəki Vətənimizi yağılardan azad elədi. Həmin xan oğlanlar Xan qızının da təəssübünü çəkir, çəkəcək də. Həmin xan oğlanlar Qarabağda Dümanın da, Hüqonun da heykəlini ucaldacaq qədər genişürəklidi. Biz güllə-çiçəklə təzim edə bilirik, boya ata, ləkə yaxa bilmirik...

 

 





08.01.2024    çap et  çap et