525.Az

Uşaq ədəbiyyatımızın keçdiyi yola monoqrafik baxış - Elxan Yurdoğlu yazır


 

Uşaq ədəbiyyatımızın keçdiyi yola monoqrafik baxış - <b style="color:red"> Elxan Yurdoğlu yazır</b>

Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ölkəmizin ədəbi-mədəni mühitinin müxtəlif sferalarının öyrənilməsi və yeni prizmadan araşdırılması istiqamətində tədqiqatlar istər miqyas, istərsə də mövzu əhatəliliyi baxımından genişlənib. Misal olaraq bir sıra fundamental nəşrləri, monoqrafiya və kitabları, müxtəlif nüfuzlu xarici jurnallarda çıxaraq ədəbiyyatımızın dünyada təbliğinə xidmət edən məqalələri, eləcə də beynəlxalq konfranslardakı məruzələri, nəşrləri göstərə bilərik. Ədəbiyyatşünaslıq sahəsindəki bu hərəkətlilik özlüyündə tədqiqat sahələrinin yeni istiqamətlərdə öyrənilməsini də şərtləndirir. Bir neçə il öncə Ədəbiyyat İnstitutunda yaradılan "Uşaq ədəbiyyatı" şöbəsi də bu ehtiyacdan meydana gəldi. Bədii yaradıcılığın əsas sahələrindən biri kimi uşaq ədəbiyyatı, eləcə də ədəbiyyatşünaslığın mühüm istiqamətlərindən biri olaraq uşaq ədəbiyyatının öyrənilməsi, təbliği və inkişafı belə bir şöbənin yaradılmasıyla daha aktiv və sistemli bir fəaliyyət proqramını da ortaya çıxarmış oldu. Bunun nəticəsi kimi bir-birindən maraqlı və öyrənilməyə ehtiyac duyulan mövzularda tədqiqatlar aparılmağa başlandı. Haqqında danışmaq istədiyim monoqrafiya da məhz bu zərurətdən irəli gələrək elmi ictimaiyyətə təqdim edilən gərəkli bir nəşrdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilmiş "Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü" monoqafiyası həmin institutun "Uşaq ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərovanın bir neçə illik elmi tədqiqatlarının monoqrafik yekunu kimi araya-ərsəyə gəlib. Adıçəkilən şöbənin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimovanın elmi redaktorluğu ilə nəşr olunan monoqrafiyanın rəyçiləri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. 

Giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada müəllif əvvəlcə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixinə, həmçinin bu sahənin öyrənilmə dərəcəsinə nəzər salır və belə bir qənaətə gəlir ki, Azərbaycan ədəbiyyatında klassik dövrlərdən başlayaraq uşaq ədəbiyyatı sahəsində kifayət qədər əsərlər ortaya qoyulsa da, bu sahə, ayrı-ayrı monoqrafiyalardakı qısa icmalları və müxtəlif məqalələri çıxmaq şərti ilə, bütövlükdə öyrənilməyib. Vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərin təbliği, əxlaqi meyarların uşaqlara ötürülməsi sahəsində böyük rola malik olan uşaq ədəbiyyatının keçdiyi yol ilk dəfə məhz G.Qəmbərovanın araşdırmaları sayəsində geniş və əhatəli şəkildə ortaya qoyulub.

Monoqrafiyanın birinci fəsli "XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan uşaq nəsrinin təşəkkül poetikası" adlanır. Qeyd olunan dövrə keçməzdən əvvəl müəllif "Klassik uşaq ədəbiyyatının təşəkkülü" yarımbaşlığında folklor yaradıcılığından başlayaraq, Nizami, Füzuli, Xətai və bu kimi digər şairlərin əsərlərində uşaq ədəbiyyatına aid oluna biləcək mövzuları təhlilə cəlb edir. "XIX əsrin sonunda ilk anadilli dərslik və oxu kitablarının yaranması" yarımbaşlığında isə "Əkinçi" qəzetinin fəaliyyətə başlamasıyla anadilli əsərlərin geniş şəkildə oxuculara çatdırılması məsələsinə toxunur. Həmçinin uşaqlar üçün dərsliklərin yazılmasına olan maraqdan bəhs edərək Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Səid Ünsizadə, Mirzə Şəfi Vazeh, Rəşid bəy Əfəndiyev və digərlərinin bu sahədəki fəaliyyətlərinə işıq tutur. Bu baxımdan N.Dementyevin tərtib etdiyi "Əlifba" və ilk oxu kitabı, M.N.Didənin 1857-ci ildə tərtib etdiyi "Kitabi-nəsayeh", S.Ə.Şirvanini "Rəbiül-ətfal", Uşinskinin "Vətən dili", "Tatar (Azərbaycan) dili" və sair dərslik və kitablardan söz açılır.

"XX əsrin birinci yarısı Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixində mərhələ kimi" yarımbaşlığında, adından da göründüyü kimi, bir dövrün uşaq ədəbiyyatının inkişafında nə kimi böyük rol oynadığı faktlar və nümunələr əsasında ortaya qoyulub. Bu dövrdə xüsusilə Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Abdulla Şaiq, Hüseyn Cavid, Abbas Səhhət, Süleyman Sani Axundov, Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Hüseyn, Cəfər Cabbarlı və digərlərinin uşaq ədəbiyyatının yaranması və sonrakı nəsil qələm sahiblərinə olan təsirləri öyrənilərək təhlilə cəlb edilib.

Gənc tədqiqatçı ikinci fəsli "Azərbaycan uşaq ədəbiyyatı Sovet dövründə" adlandırıb və bu mərhələdə ilkin olaraq "Sovet dövründə Azərbaycan uşaq poeziyası"nı ayrıca paraqrafda araşdırıb. Əsərlə tanışlıq zamanı bu dövrdə Səməd Vurğunun, Süleyman Rüstəmin, Məmməd Rahimin, Rəsul Rzanın, Osman Sarıvəllinin, Əhməd Cəmilin, Zeynal Xəlilin, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, Xanımana Əlibəylinin və baqalarının yaradıcılıq məhsulları araşdırılaraq öyrənilib. Müxtəlif poeziya nümunələri əsasında fikirlərini ortaya qoyan müəllif bu dövr uşaq poeziyası nümunələrinin əsasən vətən mövzusunu, təbiət gözəlliklərini, heyvan obrazlarının yaradıldığı təmsil üslubunda əsərlərin, didaktiv mövzuların daha çox üstünlük təşkil etdiyi qənaətinə gəlib.

Onu da qeyd etməyə ehtiyac var ki, birbaşa uşaq yazıçısı kimi tanınan Xanımana Əlibəyli yaradıcılığına bu yarımfəsildə daha geniş toxunulub. Bəlkə də digər məşhur şairlərlə müqayisədə bu müraciət qəribə səslənə bilər. Lakin uşaqlara hesablanmış əsər sayı və nümunə çoxluğu, eləcə də bütöv yaradıcılıq bu baxımdan müəllifin tərəfində dayanmaq üçün yetərli əsaslar verir.

İkinci yarımfəsildə "Azərbaycan uşaq nəsri sosialist realizmi çevrəsində" araşdırılıb. Bu dövrü araşdırarkən müəllifin gəldiyi əsas qənaətlərdən biri budur ki, əgər XIX əsr uşaq nəsrində folklor mövzuları, folklora müraciət üstünlük təşkil edirdisə, XX əsr nəsrinin əsas mövzusu uşaqların bir şəxsiyyət kimi formalaşmasında rol oynayacaq əsərlərin ortaya çıxması məsələsidir. Bu mərhələdə biz Böyükağa Talıblı, Əli Vəliyev, Mir Cəlal, Süleyman Vəliyev, Abdulla Şaiq, Tofiq Mahmud, Zahid Xəlil, Əli Səmədli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Ağəddin Mansurzadə, Rəfiq Zəka və digər müəlliflərin araşdırma müstəvisinə çəkildiyini görürük. Xüsusilə Tofiq Mahmud nəsrinin digər müəlliflərə nisbətən daha qabarıq işıqlandılması diqqətdən yayınmır.

Monoqrafiyanın üçüncü fəsli "Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatı" adlanır ki, birinci yarımfəslidə "Keçid dövrünün uşaq ədəbiyyatı: tələblər, vəzifələr" kontekstində öyrənilib. Adından da göründüyü kimi, müəllifin bu hissədə müstəqilliyin gətirdiyi söz azadlığı dövründə uşaqların mənəvi və milli inkişafı üçün ədəbiyyatdan nələr tələb olunması və bu baxımdan yazıçı və şairlərin özləri üçün hansı vəzifələri müəyyənləşdirməsindən bəhs edilir. Bu mənada Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Məmməd Aslan, Musa Yaqub, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Eldar Baxış, Ələkbər Salahzadə və başqa şairlərimizin əsərlərinin ideya və məna keyfiyyətlərinə toxunulur.

Ümumiyyətlə bu dövrdən bəhs edərkən G.Qəmbərova müstəqillik dövrü uşaq ədəbiyyatımızın geniş mənzərəsini bir neçə yarımbaşlıqda təqdim edir. "Yeni təfəkkür quruculuğunda uşaq ədəbiyyatı: şeir və poema mənzərəsi", "Azərbaycan uşaq nəsri müstəqillik illərində" yarımbaşlıqlarında istər nəzm, istərsə də nəsr sahəsində ortaya qoyulan yeni yaradıcılıq nümunələri təhlilə cəlb olunur. Bu mərhələdə poeziya sahəsində Elman Həbib, Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Qəşəm Nəcəfzadə, İbrahim Yusifoğlu, Yusif Nəğməkar, İnqilab İsaq, Asim Yadigar, Sevinc Nuruqızı, Sevinc Elsevər, Zaur Vedili və digərləri öyrənilirsə, nəsr istiqamətində isə Xalq yazıçısı Elçin, Reyhan Yusifqızı, Elçin Hüseynbəyli Ələmdar Quluzadə, Bayram İsgəndərli, Elvira Məmmədova, Elxan Yurdoğlu, Əfsanə Laçın, Orxan Adıgözəl, Nərgiz İsmayılova kimi müəlliflər ön plana çəkilir.

Monoqrafiyanın son yarımfəslini dövrün və zamanın tələbinə uyğun olaraq son bir neçə ildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi və bu mərhələnin nəticəsində Qarabağ münaqişəsinin həll olunması və dolayısı ilə ortaya çıxan Qarabağ mövzusu təşkil edir. Müəllif son yarımfəsli "Müstəqillik dövrü uşaq ədəbiyyatında Qarabağ mövzusu" adlandırmaqla ədəbiyyatşünaslığın diqqətini xüsusi mərhələ kimi öyrənilməli olan bu mövzuya yönəldir. Yuxarıda adı çəkilən müəlliflərin Qarabağ mövzusunda ortaya qoyduqları əsərləri bir başlıq altında tədqiq edən alim bir-birindən maraqlı nümunələr əsasında fikirlərini əsaslandırır. Qarabağ mövzusunun yeni nəsillərin milli vətənpərvərlik ideyasının təbliğindəki rolunu qabardaraq, Qarabağı düşmən işağlından azad edən nəslin məhz bu cür ədəbiyyat nümunələri ilə milli ruhda tərbiyələndiyinə işarə edir.

Monoqrafiyanın "Nəticə" hissəsində müəllifin araşdırmaları boyu gəldiyi əsas qənaətlər ümumiləşdirilərək ortaya qoyulub. Burada uşaq ədəbiyyatının o qədər də mükəmməl şəkildə inkişafından söz etməyin mümkün olmadığını vurğulayan müəllif, bu sahədə bütöv yaradıclıq əzmi ilə çalışan müəlliflərin varlığını da elmi əsaslarla təqdir edir.

Ümumilikdə yüzdən çox ədəbiyyatdan istifadə edərək, onlarla şair və yazıçını, onların ortaya qoyduqları uşaq ədəbiyyatı nümunələrini araşdıran, öyrənən, təhlil və tədqiq edən G.Qəmbərovanın "Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü" monoqrafiyası ədəbiyyatşünaslıq elminin araşdırlmağa ehtiyacı olan bir sahəsinin öyrənilməsi baxımından təqdirəlayiqdir. Bu münasibətlə G.Qəmbərovanı təbrik edir, bundan sonrakı elmi yaradıcılığında da ona uğurlar arzulayır və yazımı onun bu fikirləri ilə yekunlaşdırıram: "Uşaqların hələ kiçik yaşlarda milli vətənpərvərlik ruhda böyüməsində ədəbiyyatın rolu misilsizdir. Onlar üçün yazılmış şeirlər, ərsəyə gətirilmiş nəsr əsərləri, bəstələnmiş musiqilər qürur, milli ruh, cəsarət, şücaət kimi hissləri formalaşdırmalıdır ki, sənətin potensialı bu kimi mütərəqqi missyada realizə olunmaqla özünün bədii ifadə imkanlarını meydana qoysun".

 





08.01.2024    çap et  çap et