525.Az

"Mən də yandırmışam könül şamını..." - Vaqif Yusifli yazır


 

TƏNQİDÇİ BƏSTİ ƏLİBƏYLİNİN ŞEİR DÜNYASI

"Mən də yandırmışam könül şamını..." - <b style="color:red"> Vaqif Yusifli yazır</b>

Sən atanda güllə idi -

dəydi, sinəmdə gül açdı.

Sən atan gülləni iydə bildim -

iydə çiçəklədi,

üzümdə sarı gül açdı.

lll

Yağış göz yaşıyla yarışa bilmir,

Gülür bu yarışı udan çiçəklər.

Biri Göyün rəhməti,

Biri könül möhnəti,

Bu qoşa yağmurdan

Odam çiçəklər.

lll

Mən də yandırmışam könül şamını,

Sığınmışam mən də şeirlərimə...

 

Bu gün, mərhum şair Fikrət Sadıqın bir şeirində deyildiyi kimi, bütün Azərbaycan şeir yazır. Mübaliğə ilə deyilsə də, bu fikirdə bir həqiqət var. Amma şeir yazanların heç də hamısına Şair deyə bilmirik. Misal gətirdiyim şeir parçaları isə öz "könül şamını yandıran və şeirlərinə sığınan" bir şairin "ver sözə ehya ki..." düşüncəsindən doğan reallıqdır. "Yağış göz yaşıyla yarışa bilmir" - elə bu bircə misraya görə onun müəllifinə şair deyə bilərsən. Yağış-təbiət hadisəsi, göz yaşı isə duyğuların, hisslərin-həyəcanların, həm sevincin, həm kədərin əlamətidir. Füzulinin bir qəzəlindən bu beyti xatırlayıram: "Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam, Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin..."

Bu şairin əksər şeirlərində bədii təsvir vasitələrinin şahı olan metaforalar yetərincədir və onların hər biri orijinaldır. Göydə ən uzaq bir ulduza boylan, onu boynubükülü, yalqız görərsən, "göz qırpır qəmli-qəmli, göydə ən uzaq ulduz"... "yenə ayrılıq qoxuyur səadət... çırtlayır çiçəyi hüznün, kədərin". Çoxdu belə misallar... təşbihlərlə, metaforalarla, təzadlarla dolu. Bunlar hər hansı şeirin bəzəyidir. Amma şeir təkcə "poetik formaya olan qabiliyyət" demək deyil, "şeirin poetik olması üçün təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz, burada fikir lazımdır ki, hər cür poeziyanını elə əsl məzmununu təşkil edən budur" (Belinski). "Təsəvvür et ki, bir stəkan suya bir çimdik rəng tozu atırsan. Su qırmızı, sarı, ya qara rəngə boyanır. Eyni miqdarda rəngi bir vedrə, ya bir çəllək suya atsan rəng zəif, solğun olacaq. Sözdə fikir, təsir cövhəri nə qədər qüvvətli olsa, o qədər ifadəli olar" (Rəsul Rza). Haqqında söz açdığım şairin şeirlərində də fikir yükü aparıcıdır. Amma yaxşı şeirdə sən heç bunları fikirləşirsənmi? Onda dönək "gül bazarı"na:

 

Elə sabaha oyanaq,

Gül qoxa qanun-yasalar,

Bağlana Şərin bazarı,

Gül alalar, gül satalar.

Yaza düymə açan güllər,

Arzu, ümid çiçəkləyə.

Başdan başlaya hər şey,

Dünya eşqə yerikləyə.

Göz süzə Əsli eyvandan

Gülümsəyə güllü yaza.

Ağlı çaşan xan Kərəmin

Boğazında səsi aza.

Məbədləri, minbərləri

Təzə-tər güllər bəzəyə.

Əhli-bəşərə sevgidə

İnsan Allaha bənzəyə.

 

O şairin də, elə bizim də ən böyük arzumuz bu deyilmi?! İnsanın Allaha bənzəməsi üçün o "gül bazarı" qoy mediator olsun. Amma o şair üçün "gül bazarı" sadəcə bir təsəlli yeridir. Dünya təkcə "gül bazarı" deyil, bəlkə müharibə və dərd bazarıdır, insan qayğılarının, ağrı və kədərinin göz yaşlarında yuva qurduğu bir vadidir. Yenə Füzulinin bir beytini xatırladım: "Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar". Bəlkə heç kədərlənmək lazım deyil, bəzən kədərin də, qübarın da, göz yaşlarının üstünə sevinc yağışları da yağır. O şairin dünyası da belə müxtəlif və rəngarəng duyğularla dolu görünür. Ona görə də o gül bazarından o şairin dünyasına boylanaq. Müharibənin ağrılarını yaşayaq. Müharibənin dağılıb növrağı pozulmuş ata ocağı qarşısında xatirələrə dalaq: "Köhnə xatirələr köhnə bir evin Aramsız mərmitək yağır üstünə". Şəhidlər xiyabanında dəfn olunmuş, sahibi bəlli olmayan kəsik qola və Əli Kərimə həsr edilən bir şeir var:

"Şərq boyda bir xarabada"

Haçandı axtarır səni

Sənsiz təklənən Babəke.

Hanı nam-nişanın,

dirsəkdəki xalın hanı?

Biləyinə yaşıl tuşla

ANA kəlməsi yazmışdın.

o şəhadətin hanı?

Sən mənə məlumsan,

Kəsilib düşdüyün gündən

çiyində qol yerim ağrıyır.

 

Şuşaya məktublar yazır: "Mən səndən başlayan yolam", laçınlı bir qarının, bir oğlanın və bir uşağın taleyindən söz açır. Qarabağın zəfər savaşlarına üç nəğməsi var. Həm qələbə sevincini yaşayan nəğmə, həm də:

 

Şəkil kimi atalar

Nağıla, dastana dönər.

Başı sığalsız balalar

Divardakı şəkillərə              

Baxa-baxa böyüyər.

 

Şeirlər və şeir kitabı haqqında rəylərdə çox vaxt keçən illərdə qalma bir vərdiş olur, həmişə mövzu məsələsi keçir ön plana. Nədən yazır şair? Sonra necə yazır məsələsi. Amma o şairin şeirlərinin əsas mövzusu mən deyərdim onun ürəyidir və bu ürəkdən qopan duyğular Vətəndən, təbiətdən, İnsandan, özündən və dərdlərindən, sevgidən şeirləşir. Səni heç maraqlandırmır bu şeir hansı vəzndə yazılıb. Az sonra adını açıqlayacağım şair sərbəstdə də sərbəstdir, hecada da xalq şeirinin incəliklərinə, saz-söz havasına yaxşı bələddir. Onun şair səciyyəsi bir şeirində daha aydın nəzərə çarpır:

 

Dəniz çəkmək istəyirəm,

alınmır.

Gəmi çəkmək istəyirəm,

alınmır.

Torda balıq çəkirəm,

alınır.

Səma çəkmək istəyirəm,

alınmır.

Uçaq çəkmək istəyirəm,

alınmır.

Qəfəsdə quş çəkirəm,

alınır.

 

Və beləcə, onu həyatda, dünyada nə maraqlandırır və cəlb edirsə, hiss və duyğularını o səmtə aparır. Özü demişkən: "Kəbə quran da insan, Könül yıxan da; Ağırlıq dilin boynuna düşür". Şeirlərindən hiss etdiyim odur ki,Yunis Əmrənin, Dirili Qurbaninin, Lermontovun, Rəsul Rzanın, Məmməd İsmayılın, Ramiz Rövşənin, Rəşad Məcidin, Barat Vüsalın şeirlərinin daimi mütaliəçilərindən biridir (bir neçəsinə ithafları da var). Amma şeirlərində kiminsə təsirini və təkrarını görmədim. Ürfani şeirlər yazır, ürfani düşüncənin onda oyatdığı intibaları şeirlərində əks etdirir. Sevgidən, onu tərk etməyən hisslərdən söz açır, o şeirlərdə payız lirikasının "xatirə yağmuru" səslənir: "Eynən özümüz kimi, Sevgimiz də yaşlanır, ömrümüzün payızı Xatirəylə başlanır... Yarımçıq nəğməmizi səsləndirir küləklər". Çarəsiz qalanda da üzünü Allaha tutur:

 

Mənəm, Yarəbb, mənəm qapını döyən,

Bu gecəyarısı rahatsız edən.

Kimlərin qapısı güllə açıldı!

Kimlərin başına küllər saçıldı!

Bizim qapını da müşkllər açdı,

Səndən mədət, çözüm dilərəm, Allah!

 

Onun bir şeir kitabı ilə ("Salam sənin minbir adından biri") tanış oldum. Ön söz kimi ünlü şairimiz Məmməd İsmayılın və son söz kimi Barat Vüsalın o şairin şeirlərinə verdiyi qədir-qiyməti, istedad haqqında vaxtında deyilən fikirləri izlədim. Sevindim ki, yazdığı şeirlərə haqqına görə qiymət verirlər.

O şair sizin tənqidi məqalərini, ədəbi proseslə bağlı yazılarını, çıxışlarını və müsahibələrini tez-tez oxuduğunuz Bəsti Əlibəylidir. Paradoksdurmu? Qətiyyən. Nazim Hikmətin dəyərləndirdiyi Mikayıl Rəfilini xatırlayın. Böyük tənqidçimiz Yaşar Qarayev də cavanlığında şeir yazıb. Görkəmli tənqidçi Şamil Salmanovun iki şeir kitabı çapdan çıxıb. Hələ mən təkcə yazıçı kimi deyil, bir ədəbiyyatşünas kimi də tanınan akademik Mirzə İbrahimovu demirəm: cavanlığında və ömrünün son illərində Mirzə müəllim də şeir sevdasından əl çəkə bilmirdi. Akademiklər İsa Həbibbəyli və Teymur Kərimli də bu sevdanın əsiridirlər. Tənqidçi, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin gözəl şeirləri var. Tənqidçilərdən Əsəd Cahangir də, Cavanşir Yusifli də şeirlər yazıb çap etdiriblər. Təbii ki, onların bir çoxu özlərini şair adlandırmır. Tənqidçi Bəsti Əlibəyli isə həm də Şairdir!

 





08.01.2024    çap et  çap et