525.Az

Paytaxtın təhsil mənzərəsi: yeni ilə ümidverici göstəricilərlə


 

Paytaxtın təhsil mənzərəsi: yeni ilə ümidverici göstəricilərlə<b style="color:red"></b>

Ötən il təhsildə başlıca hədəflər kimi qarşıya qoyulan yeni dövrün çağırışlarına uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün Azərbaycanda məqsədyönlü fəaliyyət həyata keçirilib. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da nəzərdə tutulduğu kimi, məqsəd məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, səriştə əsaslı məzmunun tətbiq olunması, idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması və digər müvafiq istiqamətlərdə tədbirlərin reallaşdırılmasından ibarətdir. Yeniliklərin tətbiqi, təşəbbüskarlıq, mövcud imkanlardan səmərəli istifadə, rəqəmsal səriştələrin artırılması, XXI əsrə uyğun bacarıqların inkişaf etdirilməsi də əsas hədəflərdəndir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, İdarənin tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 505470 şagirdin təlim-tərbiyəsi ilə 29544 müəllim məşğul olur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42226, IX siniflərində 43490, XI siniflərində 28288, XII siniflərində isə 166 nəfər təhsil alır.

Ötən ildə BŞTİ-nin tabeliyindəki 336 məktəbəqədər təhsil müəssisəsinə 34995 uşaq cəlb olunub. Həmçinin Bakı şəhəri Hövsan qəsəbəsində (MİDA Yaşayış Kompleksi) 13 və 14 saylı uşaq bağçaları istifadəyə verilib.

Bakı şəhəri Bakı şəhəri Ramana qəsəbəsində 347 saylı uşaq bağçası və Xocəsən qəsəbəsində 348 saylı uşaq bağçası yaradılıb. Hazırda həmin müəssisələrin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.

Məlumata görə, BŞTİ-nin tabeliyindəki 276 ümumi təhsil müəssisəsində 961 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 21140 uşaq cəlb olunub. Təqvim ilində ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2212 resurs dəst paylanıb. Pilot olaraq həyata keçirilən layihənin məqsədi məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir: "Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 27 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə yaradılmış Alternativ qeydiyyat mərkəzləri, eləcə də 3 votsap nömrəsi vasitəsilə zəruri köməklik göstərilib. 47854 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2023-cü ildə 47854 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir".

BŞTİ-dən bildirilir ki, respublika fənn olimpiadalarının final mərhələsində 72 paytaxt məktəblisi qalib olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb. Respublika fənn müsabiqələrində 31 şagird qalib olub. Fənn müsabiqələrində BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 31 şagird qızıl, gümüş və bürünc medal qazanıb. Onlardan 8 nəfəri riyaziyyat, 4 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 11 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub. Paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 1919 nəfər fərqlənmə attestatı ilə başa vurub. Onlardan 1029 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 890 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Məlumata görə, 2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Belə ki, BŞTİ-nin tabeliyindəki 188 təhsil müəssisəsində təşkil edilən 922 təmayül sinifdə 20592 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır: "BŞTİ-nin tabeliyindəki 16 ümumi təhsil məktəbində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi həyata keçirilir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 696 uşaq cəlb olunub. Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib.  İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. İl ərzində paytaxt üzrə 54 şagird fərdi təhsilə cəlb olunub. Qeyd edək ki, ümumilikdə BŞTİ-nin tabeliyindəki 175 təhsil müəssisəsində 398 şagird fərdi təhsil alır. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır".

İdarədən qeyd olunub ki, 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2743 vakansiya təqdim edilib. Müsabiqələr nəticəsində il ərzində 2258 nəfər işə qəbul olunub. Bunlardan 1188 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 889 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 181 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib. Həmçinin il ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 485 ixtisaslı kadr dəvət edilib: "BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışaqədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib. Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqə keçirilib. Müsabiqədə uğur qazanan 16 nəfər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul hüququ qazanıb. 2023-cü il ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 3 nəfər direktor vəzifəsinə təyin olunub, 5 direktorun iş yeri dəyişdirilib. 141 məktəb direktorunun müddətli əmək müqaviləsi uzadılıb. Çalışmanın yaş həddinə çatmış 20 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Orta aylıq əmək haqqı 976 manat təşkil edib. 2023-cü ildə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 976 manat təşkil edib. BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 612 manat təşkil edib".

BŞTİ-nin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat" tətbiq olunur. Qeyd edilən təlimat və qaydalar hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən, valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. BŞTİ-nin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir: "BŞTİ tərəfindən III, VI, VII, VIII siniflərdə bir dəfə və IX siniflərdə isə dörd dəfə olmaqla buraxılış fənləri üzrə monitorinqlər aparılıb. Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub. Buraxılış fənləri üzrə keçirilən monitorinqlərin əsas məqsədi proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.  Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərində keçirilmiş buraxılış imtahanlarının keyfiyyət təhlilləri aparılıb. Təhlillərin nəticələri barədə məlumatların aidiyyəti üzrə ötürülməsi həyata keçirilib. Keyfiyyət təhlillərinin əsas məqsədi buraxılış imtahanlarında şagirdlərin nailiyyətlərini müəyyən etmək, problemləri vaxtında aşkarlamaq və bununla bağlı dəstək proqramlarının həyata keçirilməsini təmin etməkdən ibarətdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib. Monitorinq nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub. Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir. Monitorinqin növbəti mərhələsi gələn ilin fevral ayında keçiriləcəkdir. Təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli təkmilləşdirilərək məktəblərə təqdim olunub. Qeyd edək ki, hazırlanan formalar üzrə paytaxtın təhsil müəssisələrinin hesabatları yığılacaq və fəaliyyət planlarının hazırlanması ilə bağlı görüşlər təşkil olunacaqdır. Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayır. Təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə fəaliyyət planları təhlil olunub. Belə ki, fəaliyyət planları əvvəlcədən müəyyənləşdirilmiş 9 meyar üzrə ölçülüb və təhlil hesabatı hazırlanıb. Fəaliyyət planlarının təhlil olunmasında əsas məqsəd təhsil müəssisələrinin illik fəaliyyətlərinin tələblərə uyğun olmasını müəyyənləşdirmək və spesifik planların hazırlanmasına dəstək olmaqdan ibarətdir".

Sevinc QARAYEVA

 





08.01.2024    çap et  çap et