525.Az

Şeir və hekayələrindən özü görünən müəllif


 

Şeir və hekayələrindən özü görünən müəllif<b style="color:red"></b>

Mən onu bölgənin istedadlı qələm adamı kimi tanıyıram. Cəlilabad rayonunda yaşayır. Kiçik yaşlarından, daha doğrusu, orta məktəbdə oxuduğu illərdən şeir və hekayələr yazır. Ədəbi məclislərdə iştirak edir, yaradıcılıq nümunələri respublika mətbuatında tez-tez işıq üzü görür. İlk bədii yazısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin orqanı olan "Şəfəq" jurnalında çap olunub. "Sevənlərin göz yaşı" (2006), "Göyün gözləri" (2020), "Yazılmamış məktublar" (2023) adlı kitabları çap edilib. Vətən müharibəsindən bəhs edən "Qisas" adlı əsərini "Pəncərə" teatrı tamaşaya qoyub. Haqqında söhbət  açdığım şair, yazıçı, publisist xanım AYB üzvü Ruhiyyə Abbaszadədir. Belə bir məsəl var, deyirlər, yazıçının kimliyi onun əsərləridir. Mənə elə gəlir, yazıçının şəxsi həyatı onun yaradıcılığını tamamlayır. Xüsusən, xanım yazarın qələmə aldıqları onun şəxsi yaşantılarından gəlir.

Ailənin yükü artdıqca, xüsusən qadının qayğıları çoxalır. Əgər xanım şair, körpə haqqında şeir yazırsa, demək, ürəyinin döyüntülərini misraların ritminə kökləyir:

Nədir gözündəki o giley, güzar?

Körpə baxışından yağan intizar?

Gözünü yollara dikən balaca,

Duruşu bağrımı sökən balaca,

Qoy sənə indidən deyim biləsən:

Bu həyat oyundur, həm də tapmaca.

Bir müddət Vətəndən uzaqda qəriblik həyatı yaşamış R.Abbaszadənin şeir və hekayələri üçün mövzu seçimləri çəkdiyi ağrılardan gəlir, qəriblik ruhu onun şeirlərinə də hopub.

R.Abbaszadənin yaradıcılığında məni özünə cəlb edən nədir? O, duyğularını, yaşantılarını özünəxas poetik biçimdə ifadə etməyi bacarır:

Dərd gətirdi özü ilə qarlı qış,

Gendən baxdı qohum-qardaş, dost-tanış.

Nə yaxşı ki, həyat eşqim solmamış

Bu qışı da yola saldım zülümlə.

 

Sevincimin odu söndü, qor oldu,

Ha çırpındım, sağım-solum tor oldu.

Gecə-gendüz ağlamaqdan kor oldum,

Bu qışı da yola saldım zülümlə.

R.Abbaszadənin şeirlərindəki poetikliyin arxasında böyük bir gerçəkliyin dayandığını görməmək mümkün deyil. Valideyn məhəbbəti mövzusundan tutmuş, Vətən sevgisinə qədər hər mövzuda yazdığı şeirlərdə onun şair ürəyinin döyüntüləri eşidilir. Elə buna görə də hər fikirdə, hər ifadədə oxucu ilə istedadlı şair arasında böyük bir doğmalıq yaranmış olur.

...Hər kəsin bir ömür adlı yolu var,

Bu ömürə qəfil düşən dolu var.

Bir gün gələr, sevinc payın bol olar,

Qurban olum, ürəyində danışma.

 

...Danış dağla, təpələrlə, yamacla,

Dəniz ilə, külək ilə, ağacla.

Sabahını aç ümidlə, amacla,

Qurban olum, ürəyində danışma.

Hekayələri də belədir R.Abbaszadənin. O, günün aktual problemlərini, qəhrəmanlarının hisslərini, yaşantılarını obrazlı şəkildə təqdim etməyi bacarır. Sonuncu kitabındakı "Yazılmamış məktublar" hekayəsi 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgərin naməlum adamın yuxusuna girməsindən bəhs edir. Şəhid o adama "evdən ayrılanda dərində bir şey gizlətdiyini" danışır. Bu yuxunu görən şəxs yuxu ismarıcını şəhidin ailəsinə çatdırır. Ailə üzvləri evdə axtarış aparır, nəhayət, şəhid övladlarının yadigarını tapırlar. Balaca bir qutuda "yazılmamış məktublar" və qiyməti üzərindən götürülməmiş nişan üzüyü var. Yazılmamış məktubların sonuncu səhifəsində qırmızı mürəkkəblə ürək işarəsi çəkilmiş, şəklin altında yazılıb: "Sabah əsgər gedirəm. Müharibədir, qayıtmaya da bilərəm. salamat qayıtsam, bu qutuda gizlədiyim yazılmamış on səkkiz ağ vərəqlərdə sənə ürəyimi açacağam. Nişan üzüyünü də almışam... Məni gözlə!"

Yazılmamış məktubların xəbərini gətirmiş naməlum adam rahat nəfəs alır, çünki şəhidin ona yuxuda etibar etdiyi ismarıcı yerinə yetirib. Şəhid əsgərin ruhu isə şad idi, çünki onun yazılmamış məktubları artıq dil açıb danışır. 

R.Abbaszadənin kitabları mövzu rəngarəngliyi ilə seçilir. Onun müxtəlif mövzularda qələmə aldığı mətnlərin hər birində sözə çox ehtiyatla yanaşan, az sözlə böyük mətləbləri ifadə etməyi bacaran, torpağın quru daşını belə oxucuya sevdirə bilən istedadlı bir müəllifin yazıları ilə üz-üzə dayanmış oluruq. Gözəl poetik ifadələr, həyatda müşahidə etdiklərimizin səmimi hisslərlə qələmə alınması, şairin söz üstündə çox tələbkarlıqla, özünə xas olan şəkildə işləməsinin nəticəsidir.

"Yazılmamış məktublar" kitabının aforizm bölməsində yazıçı xanımın həyat müşahidələri bir cümlə şəklində ifadə olunur. Bu həyat müşahidələri, əslində, arxasında böyük hekayətlər dayanan deyimlərə çevrilib. Deyimləri oxuduqca adamın gözünün qarşısında real hadisə, ibrətamiz olay canlanır:"Çox sevdiyiniz insanları azad buraxın ki, onları atıb gedən adamların dərdini rahat çəkə bilsinlər".Və ya: "Bütün göz yaşlarında sevgi var". Yaxud: "Ömrü təkcə fikir yox, sevgi də yeyirmiş". Ya da: "Ürəyin çəkdiyi yük kürəyin daşıdığı yükdən ağırdır".

Mən bu fikirdəyəm ki, R.Abbaszadənin yeni kitabında toplanmış şeir və hekayələri yaradıcılıq ənənəsinin davamıdır. Xanım yazar kitabını varaqlayan oxucuya imkan verir ki, şeirdən doyanda hekayələrə üz tuta bilsin. Bu mənada o, həm şeirdə, həm də hekayədə uğur qazana bilib.

 

 

 





09.01.2024    çap et  çap et