525.Az

"Məmməd Səid Ordubadi: taleyi və sənəti" -Yeni kitab


 

"Məmməd Səid Ordubadi: taleyi və sənəti"<b style="color:red"> -Yeni kitab</b> Görkəmli Azərbaycan yazıçısı şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar olaraq hazırlanmış “Məmməd Səid Ordubadi: taleyi və sənəti” adlı kitab bu günlərdə işıq üzü görüb. 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin nəşr etdirdiyi kitabda yazıçı və dramaturq Məmməd Səid Ordubadinin (1872-1950) həyat və çoxşaxəli ədəbi fəaliyyətindən, ədibin ömür yolundan, zəngin bədii yaradıcılığından, habelə onun ədəbiyyat tariximizdəki əvəzsiz xidmətlərindən və rolundan ətraflı məlumat verilir. 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən 525.az-a verilən məlumata görə, “Əcəmi” nəşriyyat-poliqrafiya birliyində çap olunan 170 səhifəlik nəşrdə eyni zamanda Azərbaycanda tarixi roman məktəbinin banisi Məmməd Səid Ordubadinin əsərlərinin mövzusundan, janr xüsusiyyətlərindən, görkəmli dramaturqun dövründən, habelə qələmə aldığı şeirlərindən, hekayələrindən, tarixi romanlarından bəhs olunur. 

 Məlumat üçün onu da qeyd edək ki, AMEA-nın həqiqi üzvü, filоlоgiya elmləri dоktоru, professor İsa Həbibbəylinin elmi redaktorluğu ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində bir çox görkəmli ədib və alimlərin həyatı və yaradıcılıqları ilə bağlı yeni materiallar toplamış, sistemləşdirmiş və nəşr etdirmişlər. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Məmməd Səid Ordubadinin 140 illiyinə qiymətli hədiyyə olan “Məmməd Səid Ordubadi: taleyi və sənəti” adlı kitab da bu tədbirlərin davamıdır.

 





07.11.2012    çap et  çap et