AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsinin baş katibi Jinfeng Ji ilə görüşüb.
Akademik İsa Həbibbəyli son illərdə Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın Çinin irəli sürdüyü və ölkəmiz üçün də mühüm iqtisadi əhəmiyyətə malik olan "Bir kəmər, bir yol" layihəsini dəstəklədiyini vurğulayıb. AMEA prezidenti qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçir və bu xüsusda Azərbaycan dünya ölkələri, o cümlədən, Çin üçün də mühüm iqtisadi tərəfdaş dövlətlərdən biridir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndiyini bildirən AMEA rəhbəri Zəngəzur dəhlizinin açılmasının Avropa ilə Asiya arasında, eləcə də Çinin Avropa ilə iqtisadi münasibətlərinə müsbət təsir edəcəyini söyləyib.
Elmi-mədəni sahədə əməkdaşlıq əlaqələrindən də danışan akademik İsa Həbibbəyli Çin Sosial Elmlər Akademiyasına səfərləri, Çinin aparıcı elm və təhsil ocaqlarının alimləri və gənc tədqiqatçılarına mühazirələr oxuması barədə məlumat verib. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, institutda Çin dilinin tədris olunduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli AMEA-nın Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsi ilə əməkdaşlıq əlaqəsinin yaradılmasında, birgə elmi konfransların təşkili və qrant layihələrində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsinin baş katibi Jinfeng Ji isə rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təmsil etdiyi təşkilat Çin və Avropa ölkələrində fəaliyyət göstərən elmi müəssisələr və təhsil müəssisələri arasında əlaqələrin qurulmasına yönələn fəaliyyətlə məşğuldur. Jinfeng Ji diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təşkilat və AMEA arasında əməkdaşlıq əlaqələrinin qurulmasından sonra Azərbaycan alimləri üçün də zəruri şərait yaradılacaq.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.

çap et