KASTOB olaraq tanınan Qara Dəniz Qeyri-Hökumət Təşkilatları Konfederasiyasının çətiri altında Qadın, Elm, Mədəniyyət və İncəsənət Komissiyasının təşəbbüsü ilə KASTOB Beynəlxalq Qısa Film Müsabiqəsi "Sahildəki Qadınlar" mövzusu ilə işinə başlayır. İştirakçıların bədii, sənədli, eksperimental və animasiya janrlarında əsərləri ilə iştirak edə biləcəyi müsabiqənin Mükafat Gecəsi 2024-cü ilin mart ayında Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Müsabiqə ilə bağlı gənc rejissor, İstanbul Universitetinin doktorantı, eyni zamanda, sözügedən müsabiqənin münsiflər heyətinin üzvü Əli İmanov "525"ə açıqlama verib: "Qadınlar cəmiyyətin əsası, özəyidir. "Sahildəki qadınlar" adı həm dəniz sahilindəki qadınları, həm də həyat sahilindəki qadınları ehtiva edir. Qadınlarımızın cəmiyyətdə tutduqları mövqeləri, uğurlarını, çətinliklərini, zəhmətlərini, həyatlarındakı görünməz maneələri daha da qabarıq göstərmək üçün bu məsələ prioritet kimi dəyərləndirilib.
Qısa Filmlər Müsabiqəsinin əsas məqsədi bədii və mədəni dəyəri yüksək olan orijinal və keyfiyyətli qısametrajlı filmlərin istehsalını təşviq etməkdir. Bundan əlavə, cəmiyyətin və ümumən medianın, universitet gənclərinin, qısametrajlı film çəkənlərin, bu günün və gələcəyin media prodüserlərinin qadınlarla bağlı məlumatlılığının artırılması məqsədi daşıyır".
Müsabiqəyə Üsküdar Bələdiyyəsi, Marmara Universiteti, İSGİD (İstanbul Samsun Gənc İş Adamları Dərnəyi), GORSAV (Görsəl İncəsənət Vəqfi), Tavanı Qıran Qadınlar Platforması kimi bir çox qurumlar maddi və mənəvi dəstək verəcək.
Müsabiqədə 1-ci yer üçün 50 min türk lirəsi, 2-ci və 3-cü yerlərə isə, müvafiq olaraq, 30 min və 20 min türk lirəsi mükafat nəzərdə tutulub.
KASTOB Münsiflər Heyəti Xüsusi Mükafatı və Gənc Münsiflər Heyəti Xüsusi Mükafatı kimi əlavə mükafatlar da veriləcək.
Son müraciət tarixi 15 fevral 2024-cü il olan KASTOB Beynəlxalq Qısa Film Müsabiqəsinə "Sahildəki qadınlar" mövzusu ilə 7 dəqiqədən çox olmayan qısametrajlı filmlə qatılmaq olar. Müraciət üçün "www.kastob.org.tr" saytına daxil olmaq lazımdır.
NADİR
çap et