525.Az

Təhsildə qiymətləndirmə sistemi: müasir meyarlar, konseptual əsaslar


 

Təhsildə qiymətləndirmə sistemi: müasir meyarlar, konseptual əsaslar<b style="color:red"></b>

Azərbaycanın dünyaya sıx inteqrasiyası təhsilin inkişaf etdirici və yaradıcı xarakterinin artırılmasını, fərdi və praktik istiqamətinin gücləndirilməsini tələb edir. Hazırda insan fəaliyyəti getdikcə əsaslı şəkildə innovativ xarakter alır. Bir qayda olaraq, ənənəvi texnologiyaların istifadəsi ilə əlaqəli reproduktiv fəaliyyətin önəmi və çeşidi əhəmiyyətli dərəcədə azalır və insan fəaliyyətinin bütün sahələrində innovativlik artır. Dünyada bu, şübhəsiz ki, təhsil sisteminə və onun keyfiyyətinə xüsusi tələblər qoyur. Azərbaycan təhsil sisteminin qlobal təhsil sisteminə tədricən inteqrasiyası üçün geniş imkanlar var. Xarici təcrübənin təhlili və ümumiləşdirilməsi yerli pedaqoji təcrübənin dərk edilməsinə, təhsilin gələcək inkişafına və təhsildə inteqrasiya proseslərinə kömək edir. Dünyada təhsilin inkişaf tendensiyalarını başa düşmək üçün ən vacib məsələ təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tədqiqatlarla təsdiqləndiyi ölkələrin təcrübəsinin öyrənilməsidir.

Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini İlham Cavadov deyir ki, beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da qiymətləndirmə sistemi təhsil sahəsinin inkişafında prioritet istiqamətlərdən biridir. Qiymətləndirmə sistemi tədris və təlimin təkmilləşdirilməsində, respublikada şagird nailiyyətləri ilə bağlı düzgün məlumatların əldə edilməsində, eləcə də təhsil standartlarının monitorinqinin həyata keçirilməsi baxımından mühüm mexanizm hesab olunur. Şagirdlərin təlim nəticələri və onların obyektiv şəkildə qiymətləndirilməsi təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində mühüm göstəricidir. Ümumtəhsil sistemində şagirdlərin nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsində üç əsas qiymətləndirmə növündən istifadə olunur: 1. Şagirdlərin ilkin bilik səviyyəsini, onların əsas bilik və bacarıqlara malik olmasını müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə. 2. İrəliləyişlərin monitorinqini nəzərdə tutan formativ qiymətləndirmə. 3. Şagirdlərin standart və standartlar qrupunda göstərilən məqsədlərə nail olmalarını müəyyənləşdirmək məqsədi ilə aparılan summativ qiymətləndirmə: "Bu qiymətləndirmə növləri şagirdləri tədris olunan fənlərin məzmun standartlarında müəyyənləşdirilən əsas bilik və bacarıqların mənimsənilməsi sahəsində fəaliyyət istiqamətləri ilə təmin edir. Azərbaycanda milli qiymətləndirmə ilə yanaşı, beynəlxalq qiymətləndirmədən də istifadə olunur. Beynəlxalq qiymətləndirmənin əsas funksiyası təhsilin səviyyəsinin qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Beynəlxalq qiymətləndirmədə monitorinqlər vasitəsilə müqayisə tədqiqatları aparılır, ölkədə təhsil sahəsində ümumi vəziyyət barəsində informasiya almaq, problemləri aşkara çıxarmaq, onların həlli yollarını araşdırmaq, əldə olunan nəticə və alternativləri xarici dövlətlərlə müqayisə etmək imkanı əldə edilir. Bu baxımdan Azərbaycan ümumtəhsil sistemində istifadə olunan qiymətləndirmə təcrübəsinin dünyanın aparıcı dövlətlərinin qiymətləndirmə təcrübəsi ilə müqayisəsi mühüm aktuallıq kəsb edir.

Onun dediyinə görə, Azərbaycandakı ümumtəhsil müəssisələrində qiymətləndirmə sisteminin müəyyən konseptual əsasları vardır. Qiymətləndirmə sxemi şagirdlərin işinin qiymətləndirilməsi və onlardan tələb olunanları aydın şəkildə göstərərək, konkret məqsəd və meyarları müəyyən edir. Bu, ilk növbədə, "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" və Qiymətləndirmə Konsepsiyası sənədlərinə əsaslanır. Azərbaycanda diaqnostik qiymətləndirmə yeni dərs ilinin, II yarımilin əvvəlində, tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin başlanğıcında, şagird məktəbdən məktəbə, sinifdən sinfə keçdikdə aparıla bilər. Diaqnostik qiymətləndirmənin məqsədi tədris, təlimin təşkil olunmasından əvvəl şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, yanlış bildiyi mövzuları öyrənmək və səmərəli təlim mühitinin yaradılmasıdır: "Diaqnostik qiymətləndirmə zamanı müxtəlif vasitələrdən - müşahidə, tapşırıqvermə kimi üsullardan istifadə edilir. Bu qiymətləndirmənin nəticələri isə şagirdin fərdi qovluğunda saxlanılır. Formativ qiymətləndirmə şagirdin fənn üzrə təhsil proqramında nəzərdə tutulmuş məzmunun mənimsənilməsi istiqamətində fəaliyyətini izləməyə, burada onun qarşılaşdığı maneələri müəyyənləşdirməyə və onları aradan qaldırmağa imkan verir. Bu qiymətləndirmə şifahi və yaxud yazılı şəkildə həyata keçirilir, bu yolla şagirddən alınan məlumat şərh edilir və beləliklə, şagirdlərin təlim səviyyəsi müəyyənləşdirilir və növbəti mərhələnin təşkili barəsində qərar verilir. Formativ qiymətləndirmə zamanı bir sıra vasitələrdən - müşahidə, sual-cavab, özünüqiymətləndirmə, şagirdlərin sual verməsi və s. istifadə olunur. Summativ qiymətləndirmə təlim prosesinin konkret müddətinə qədər şagirdin əldə etdiyi biliyin və nailiyyətlərin ölçülməsi məqsədi ilə aparılır və iki mərhələdə keçirilir. Birincisi, fənlər üzrə dərsliklərdə hər bölmənin daxilində və ya sonunda aparılan kiçik summativ qiymətləndirmədir. İkincisi isə hər yarımilin sonunda aparılan böyük summativ qiymətləndirmədir. Qiymətləndirmədə şagirdin yaşı və onların psixoloji vəziyyətinin kənar təsirlərdən qorunmasına diqqət yetirilir. Buna görə də məktəblərdə I siniflərdə summativ qiymətləndirmələr aparılmır. II və III siniflərdə böyük summativ qiymətləndirmələr (BSQ) keçirilmir, nisbətən yuxarı siniflərdə isə BSQ-lərin sayı xeyli azaldılıb. Şagirdlərin müəyyən təhsil səviyyəsində nəticələrinin müəyyənləşdirilməsi məqsədi ilə IV, IX, XI siniflərdə bütün fənlərdən böyük summativ qiymətləndirmələr keçirilir. Qeyd edək ki, ümumtəhsil məktəblərinin VVIII siniflərində və tam orta təhsil səviyyəsinin təmayül olmayan X sinfində buraxılış imtahan fənləri ilə yanaşı, məktəbin pedaqoji şurasının qərarına əsasən müəyyən olunmuş maksimum digər 3 fənn üzrə böyük summativ qiymətləndirmə keçirilə bilər. Summativ qiymətləndirmə zamanı müəllimin müxtəlif üsullardan - esse, ifadə, test, situativ tapşırıqlar, çalışma, yaradıcılıq, əl işləri, layihə və s. istifadə etməsi məqsədəuyğundur. Summativ qiymətləndirmədə test üsulu ən çox istifadə olunan metoddur. Test üsulunun müsbət tərəfi onun qısa müddətdə və standartlar çərçivəsində şagirdin biliyinin qiymətləndirilməsini təmin etməsidir. Bununla belə, bu üsulun bir sıra çatışmazlıqları vardır. Test üsulu ilə şagirdlərdə tənqidi təfəkkür, şifahi və yazılı nitq qabiliyyətini əks etdirən bacarıqların yoxlanılması effektiv olmur. Bu baxımdan, summativ qiymətləndirmə zamanı test tapşırıqlarında açıq və qapalı suallardan istifadə olunması vacibdir. Qapalı sualda yalnız bir cavabın tapılması tələb olunursa, açıq sualda müəyyən şərh və əlavə məlumatların yazılması, qeyd edilməsi şərtdir".

İlham Cavadov bildirib ki, Britaniya sistemində beş təhsil pilləsi var: erkən illər, ibtidai təhsil, orta təhsil, əlavə təhsil, ali təhsil. Bu ölkədə uşaqlar 5 yaşından 16 yaşına qədər ibtidai və orta təhsildə icbari iştirak etməlidirlər. İcbari təhsil şagirdin yaşından asılı olaraq dörd əsas mərhələyə bölünür. Birinci mərhələ 5-7 yaşadək, dördüncü və sonuncu mərhələ isə 14 yaşdan 16 yaşa qədər davam edir. İngiltərədə icbari təhsilin ilk əsas mərhələsi 5-7 yaş arası uşaqları əhatə edən ibtidai məktəbdir. İcbari təhsilin bu mərhələsində şagirdlərə ingilis dili, riyaziyyat, tarix, coğrafiya, bədən tərbiyəsi, musiqi tədris olunur. Bu mərhələnin sonunda şagirdlər ingilis dili, riyaziyyat və təbiət fənlərindən biliklərinin inkişafını ölçmək üçün imtahan verirlər. İcbari təhsilin ikinci əsas mərhələsi 7-11 yaş arası şagirdlərdən ibarətdir və 3-6 ili əhatə edir. Bu mərhələnin sonunda məktəb şagirdləri ingilis dilindən oxu, ingilis dilinin qrammatikası, durğu işarələri və orfoqrafiya, riyaziyyat, təbiət fənləri üzrə sınaqdan keçirlər. Bu mərhələdə ingilis dili və riyaziyyat fənləri üzrə imtahan milli qiymətləndirmə testləri ilə aparılır, müəllim isə hər bir şagirdin təbiət fənləri üzrə təkmilləşmə səviyyəsini müstəqil qiymətləndirir: "Böyük Britaniyada orta təhsil, adətən, şagirdlərin əksəriyyəti üçün 11 yaşdan, Birləşmiş Krallığın bəzi yerlərində 12 və ya 13 yaşdan başlayır. 11 yaşdan 14 yaşa qədər olan şagirdlər icbari təhsilin üçüncü pilləsinə daxil olur. Bu mərhələ təhsilin 7-9-cu illərini əhatə edir. Təhsilin bu mərhələsindəki kurikulumda şagirdlərin təhsilin gələcək pillələrinə keçməzdən əvvəl bəzi əsas bilikləri əldə etmələri nəzərdə tutulan yeni fənlər də yer alır. 11-14 yaş arası şagirdlər musiqi, riyaziyyat, elm, ingilis dili və s. kimi geniş spektrli fənləri öyrənir, 14 yaşına çatdıqda isə adətən GCSE kimi tanınan 2 illik prosesin birinci ilinə daxil olurlar. Üçüncü əsas mərhələnin sonunda bəzi tələbələr GCSE və ya digər milli imtahanlarını verə bilərlər. Dördüncü əsas mərhələ şagirdlərin GCSE və ya digər imtahanları vermək üçün milli qiymətləndirmə testlərinin keçirildiyi ən ümumi dövrdür".

Sevinc QARAYEVA

 





10.01.2024    çap et  çap et