525.Az

Xırdalanda xilasetmə əməliyyatı başa çatdı: 3 ölü - Yenilənib


 

Xırdalanda xilasetmə əməliyyatı başa çatdı: <b style="color:red">3 ölü - Yenilənib</b>

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 12-yə çatıb.
 
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, beləliklə xilasetmə işləri yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri saatlarla davam edən axtarış əməliyyatları nəticəsində 2006-ci il təvəllüdlü Aydan Abbasovanın cəsədini dağıntılar arasından çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.
 
Beləliklə partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb.  9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

*** 08.09.14 17:44

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
 
Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.

*** 08.09.14 15:14

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar məlumat yayıb.
 
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
 
Hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.

*** 08.09.14 11:41

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xilas edilən 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızıdır.
 
Hazırda xilasetmə işləri davam etdirilir.
 
*** 08.09.14 11.33
 
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.
 
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
 
APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir və xilasetmə işlərinə birbaşa nəzarət edir.
  
*** 08.09.14 10.53
 
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha 4 nəfərin xilas edilib.
 
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xilas edilən şəxslər – 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızıdır.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla əlaqədar Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerindədirlər.
 
*** 08.09.14 10:30
 
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.
 
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur.
 
Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
*** 08.09.14 10.13
 
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla bağlı ilkin məlumat yayıb.
 
525.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Nazirlikdən bildiriblər ki, hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
 
 
*** 08.09.14 10:00

Azərbaycanda binada partlayış olub.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
 
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub.

Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 





09.09.2014    çap et  çap et