525.Az

Strateji qiymətləndirmə prinsipləri: şahmat və həyat müstəvisində - Yunis Xəlilov yazır


 

Strateji qiymətləndirmə prinsipləri: şahmat və həyat müstəvisində - <b style="color:red"> Yunis Xəlilov yazır</b>

Şahmat və həyatda irəlini görmək hər zaman vəziyyətin düzgün qiymətləndirilməsi və buna uyğun effektiv planın seçilməsindən asılıdır. Böyük şahmat ustası Aleksandr Kotov haqlı olaraq deyirdi ki, "sağlam bir plan bizi qəhrəman, plan yoxluğu isə axmaq edir". Beynəlxalq şahmat ustası Peter Romanovski isə şahmatın timsalında söyləyirdi ki, "hər oyunda bir planımız olmalı və bu planı tətbiq edərək uzun müddətli üstünlük əldə etməliyik. Bu yolla əldə etdiyimiz üstünlük artaraq qələbə qazanmağa yetəcək bir məqama çatacaqdır".

Şahmat tarixində vəziyyətə qiymət verərək planın seçilməsi metodunu ilk dəfə şahmat üzrə birinci dünya çempionu olmuş Vilhelm Steynts hazırlayıb. V.Steynts oyun zamanı yaranmış vəziyyətləri müəyyən kriteriyalar üzrə qruplaşdıraraq fiqurların mövqeyini rəqibin fiqurlarına nisbətdə müqayisə etməyə və nəticə çıxarmağa əsaslanan bir sistem yaradıb. Həmin metod sonralar daha da təkmilləşdirildi. Belə bir qənaətə gəlindi ki, istənilən situasiyanı şahmat prinsiplərinin əsası olan yeddi elementə bölməklə vəziyyətə düzgün qiymət vermək və doğru plan seçmək olar.

Bu yeddi elementi, şahmatda yaranmış situasiyalarla yanaşı, həyatda savaş meydanında yaranmış halların dəyərləndirilməsinə də tətbiq edə bilərik:

1. Fiqurların qarşılıqlı güc nisbəti - Şahmat taxtasında bu, material nisbətinə qiymət vermək deməkdir. Sözügedən element onu ehtiva edir ki, hər iki oyunçunun fiqur və piyada sayı nə qədərdir, bərabərdirmi, yoxsa hansısa üstünlüyə malikdirmi. Həyatda isə bu element savaş meydanında müharibə aparan hər iki tərəfin qoşun sayının müəyyən edilməsində təzahür tapır. Gündəlik həyatımızda da kiminləsə mübahisə edərkən əsaslandırmağa çalışdığımız fikrin qəbul edilməsinə tərəfdar çıxanların sayı bir çox hallarda bizim üçün önəmli ola bilir.

2. Baş verə biləcək ciddi təhlükələrin sayı - şahmat taxtasında bu, rəqiblərin bir-birinə edəcəyi real əsası olan ciddi təhlükələrin nisbətinə qiymət vermək deməkdir. Bu element onu nəzərdə tutur ki, hər iki oyunçunun bir-birinə qarşı yarada biləcəyi potensial əsası olan təhlükələr gözlənilirmi... Həyatda da eynilə bu element savaş meydanında müharibə aparan hər iki tərəfin bir-birinə qarşı yarada biləcəyi real təhlükələrin mövcudluğunu və onların sayını qiymətləndirməyə xidmət edir. Gündəlik həyatımızda da kiminləsə mübahisə edərkən əsaslandırmağa çalışdığımız fikrə qarşı olan güclü iddiaların sayı bir sıra hallarda mövcud mübahisənin həllinə ciddi təsir göstərir.

3. Şahın mövqeyi və təhlükəsizliyi - şahmat taxtasında bu, rəqiblərdən hansının şahının hücuma məruz qalmayan xanalarda təhlükəsiz mövqedə yerləşməsinin qiymətləndirilməsi deməkdir. Bu qiymətləndirmə kriteriyası ilə onu müəyyən etmək olur ki, hər iki oyunçunun şahı taxta üzərində hansı vəziyyətdədir, qalaqurma olmuşdurmu, şaha hücum gözlənilirmi... Həyatda isə bu element savaş meydanında müharibə aparan hər iki tərəfin qoşun komandirinin, baş qərargahın və ya digər strateji əhəmiyyətli hərbi obyektlərin mövqeyinin və təhlükəsizliyinin müəyyən edilməsində təzahür tapır.

4. Açıq xətlərin tutulması - şahmat taxtasında bu, açıq xətlərə ("a", "b" və digər hərflərlə işarələnmiş şaquli xətlər nəzərdə tutulur) hansı rəqibin nəzarət etməsinə qiymət vermək deməkdir. Bu elementin mahiyyəti ondan ibarətdir ki, oyunçulardan hansı açıq xəttə "hökmranlıq edir". Həyatda isə sözügedən element savaş meydanında müharibə aparan hər iki tərəfin bir-birinə hücum edə biləcək əlverişli yollarının olmasında təzahür edir.

5. Piyada strukturu, zəif və güclü xanalar - şahmat taxtasında bu, piyadaların hansı formada düzülüşü və bu düzülüşün zəif və güclü xanaların yaranmasına təsirinin qiymətləndirilməsi deməkdir. Bu element onu ehtiva edir ki, hər iki oyunçunun piyada düzülüşü hansı formadadır və həmin düzülüş hansı zəif və güclü xanaları yaradır.

Şahmatda piyada strukturu (Carlsbad piyada strukturu, zəncirvari və s.) oyun zamanı tərcih edilən debüt seçimindən qaynaqlanır. Debütdən asılı olaraq oyunda yaranmış situasiyalar zamanı bir-birindən fərqli piyada strukturları yaranır ki, həmin strukturlar taxta üzərində zəif və güclü xanaların meydana çıxmasına səbəb olur. Qeyd edək ki, piyada tərəfindən qorunmayan xanalar zəif xanalar hesab edilir. Təbii ki, qarşı tərəfin zəif xanaları digər rəqib üçün güclü xanalar sayılır. Şahmatda əksər hücumlar zəif xanalara edilir. Bu baxımdan oyun zamanı hər bir halda piyada strukturlarına uyğun olaraq zəif xanaları hədəf alan planlar qurulur. Həyatda isə adı çəkilən element müharibə aparan hər iki tərəfin əsgərlərinin savaş meydanında hansı formada yerləşdirilməsində və bunun müdafiə olunan mövqelərə münasibətdə zəif və güclü tərəflərinin müəyyən edilməsində təzahür edir.

6. Mərkəz və ərazi üstünlüyü - şahmat taxtasında bu, mərkəzin hansı növünə üstünlük verilməsinə və rəqiblərdən hansının daha çox təşəbbüsə malik olmasına qiymət vermək deməkdir. Bu element aşkar etməyə əsas verir ki, mərkəz necə təşkil olunub, hansı rəqib daha çox ərazi üstünlüyünə malikdir. Şahmat üzrə beşinci dünya çempionu olmuş Maks Eyve deyirdi ki, "şahmat oyunu zamanı tərəflərdən hər hansı biri öz fiqurlarını mərkəzdə yerləşdirmirsə və ya inkişaf zamanı fiqurlar mərkəzə nəzarət etmirsə, həmin tərəfi tezliklə məğlubiyyət gözləyir". Təsadüfi deyil ki, mərkəzi ələ keçirdikdə fiqurları taxtanın istənilən hissəsinə daha asanlıqla aparmaq olur. Əksinə, kiçik ərazi dairəsində fiqurlar öz aktivliyini və inkişafetmə imkanlarını itirirlər. Oyun zamanı mərkəzə nəzarət etmək həm də ərazi üstünlüyünü qoruyaraq rəqibin fiqurları ilə piyadaları arasında əlaqə qurmasına əngəl yaratmağa xidmət edir. Bu zaman bir-biri ilə əlaqəsiz qalan fiqurlar və piyadalar gücsüz vəziyyətdə qaldığından qarşı tərəf onlardan hücumda və müdafiə zamanı faydalana bilmir. Eynilə həyatda da savaş meydanında daha çox hərəkət etmək imkanına malik olan əraziyə nəzarət edilməsi böyük strateji əhəmiyyətə malikdir. Daha çox əraziyə nəzarət etmək müharibə zamanı daha operativ şəkildə hərəkət etmək, rəqibin ordusunu parçalamaq və parçalanan hissələr arasında əlaqələri kəsib onu zəif salmaq deməkdir.

Oyun zamanı müxtəlif debütlərdən yaranan piyada strukturlarından asılı olaraq mərkəzin beş növü (qapalı, hərəkətli, açıq, statistik, dinamik mərkəz) fərqləndirilir.

Bundan başqa, mərkəzin nəzarətdə saxlanılmasına dair şahmat nəzəriyyəsində hipermodern və klassik məktəbin görüşləri real həyatda baş verən müharibələr üçün də keçərli olub. Tarix boyu bir sıra savaşlarda döyüş taktikaları kimi istifadə edilib.

Hipermodernçilər oyunun açılış mərhələsində bir piyadanın mərkəzə yerləşdirmənin həmin piyadanı hədəf halına gətirdiyini irəli sürərək mərkəzə nəzarətin cinahlardan edilməsinin daha doğru olduğunu əsaslandırmağa çalışmışlar. Klassikçilər isə oyunda açılış zamanı piyada mərkəzi yaratmağa üstünlük verməkdədirlər.

Bir-birinə qarşı olan hər iki oyun tərzi bu gün şahmat dünyasında qəbul edilir. Diqqət yetirilərsə, aydın görmək olar ki, bu iki fərqli döyüş stili real həyatda hərb aləmində də tətbiq olunmaqdadır. Mərkəzə hücumla bağlı hərb tarixindən konkret misal çəkmək yerinə düşər. Məlum olduğu kimi, Napoleon Bonapart döyüşlərdə "mərkəz mövqeyi strategiyası" adını verdiyi manevr sistemini tətbiq edirdi. Döyüşlər zamanı rəqiblərinin birləşmiş gücləri ilə qarşılaşdıqda fransızların sayca az olmalarına baxmayaraq, Napoleonun qələbəyə aparan "mərkəz mövqeyi strategiyası"nın mahiyyəti nədən ibarət idi? Napoleon düşmən ordusunun bütövlükdə hamısına deyil, onu hissələrə ayıraraq bölümlərinə hücum edirdi. Başqa sözlə, tək bir öldürücü zərbə yerinə, dağılmış düşmənlərə qarşı kiçik zərbələr təşkil edərək onları hissə-hissə məğlub edirdi. Bunu necə etməsinə gəlincə, o, əvvəlcə, ələ keçirdiyi fərarilərdən, ən önəmlisi isə öz kəşfiyyatçılarından qarşısındakı düşmən haqqında məlumatları öyrənir, onlardan mötəbər olanlara istinad edərək düşmənlərinin yerləşdiyi yerləri xəritə üzərində işarə edir, bir-biri ilə əlaqədə olan nöqtələrini müəyyənləşdirirdi. Sonra ani bir ildırım hücumu ilə həmin "kövrək" nöqtələri bütün gücü ilə ələ keçirir, daha sonra növbəti nöqtə üzərinə hərəkətə başlayırdı. Bu yolla güclü rəqibin nəhəng ordusunu parçalayaraq bir-biri ilə təması qırılmış bölmələrin arasındakı nöqtələrdən zəifləmiş ordunu hissə-hissə məğlub edirdi.

Eynilə məşhur yapon qılınc ustası Miyamoto Musashinin söylədiyi aşağıdakı dəyərli məsləhəti Napoleon döyüşlərdə "mərkəz mövqeyi strategiyası" adı ilə tətbiq edirdi: "Ordunuz daha güclü bir düşmənlə qarşılaşdıqda düşmənə müəyyən bir nöqtədən hücum etməyə çalışın. Konkret bir nöqtəni çökdürdükdən sonra həmin nöqtəni buraxın və bir sonrakına keçin. Dolanbaçlı bir yolla irəliləyərək nöqtələri tək-tək yox edin".

Robert Qrin "Savaşın 33 strategiyası" adlı kitabının "hücum savaşı" bölməsində "onları parçalayaraq məğlub edin: böl və fəth et strategiyası"nı izah edərkən yazır ki, "savaşı və münaqişəni bir şahmat taxtası üzərindəymiş kimi düşünün... Şahmat taxtasının tam ortasını ələ keçirsəniz, düşməniniz hissələrə ayrılacaq və sizi fərqli yerlərdən vurmağa çalışacaqdır. Kiçilmiş olan bu hissələrlə daha asanlıqla başa çıxa bilərsiniz, onları tək-tək məğlubiyyətə uğrada bilər, ya da parçalanmış kiçik hissələri bir dəfə daha bölünməyə məcbur edə bilərsiniz. Böyük bir bütün bir dəfə bölündüsə, heç bir şey qalmayacaq qədər kiçik parçalara ayrılmağa meyilli olacaqdır".

Məşhur Prussiya generalı Karl fon Klauzevits isə deyirdi ki, "təcrübəsiz bir şahmat oyunçusu taxtanın mərkəzini nəzarət altına almağın yaxşı bir fikir olduğunu qısa müddətdə öyrənir. Bu məlumat şahmat taxtasından çox uzaqlardakı şəraitlərdə yep yeni gizliliklər altında təkrar-təkrar ortaya çıxacaqdır".

Göründüyü kimi, istər şahmat, istərsə də real həyatda mərkəzin mövqeyi böyük strateji əhəmiyyətə malikdir.

7. Fiqurların inkişafı və yerləşdirilməsi - şahmat taxtasında bu, fiqurların fəallıq vəziyyətinə qiymət vermək deməkdir. Həmin element onu ehtiva edir ki, şahmat taxtası üzərindəki fiqurlardan hansılar daha fəaldır. Həyatda isə sözügedən qiymətləndirmə kriteriyası savaş meydanında müharibə aparan hər iki tərəfin qoşununun aktivlik dərəcəsinin müəyyən edilməsində təzahür edir.

Bütün bunlardan belə bir yekun qənaət hasil olur ki, istər şahmat oyununda, istərsə də həyatda doğru planın qurulması vəziyyətə düzgün qiymət verilməsindən asılıdır, bu isə böyük uğurlar qazanılmasına yol açır.

 





11.01.2024    çap et  çap et