525.Az

Viktor Hüqonun məhəbbəti - Allahverdi Eminov yazır


 

Viktor Hüqonun məhəbbəti - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

"Hər qadına sahib olmağa çalışan adam, bir qadına həsrət qalar".
V.Hüqo

 

Dahi fransız romançısı Viktor Hüqo və bir də məşhur "Şərq motivləri" kitabının (1829) müəllifi. Bu, bir daha onu göstərir ki, gənc şair Şərq aləminə bələddir, şərqlilərə məxsus milli ənənələrlə tanışdır. Şərq xarakterinə dərin rəğbət bəsləyir. Və o da Hüqoya yad deyildir ki, Şərqdə məhəbbətə bir can kimi baxılır, qiymətləndirilir və onların dəruni hisslərində eşqlə qısqanclıq göz-gözə uyuyur bir vücudda. Yoxsa o, məşhur "Çadra" şeirinə Şekspirin: "Bu axşam Allaha dua eləmisənmi, Dezdimona?" misrasını epiqraf seçməzdi. Qısqanclıq olan varlıqda məhəbbət yaş həddini vurub keçir, onun üçün qadın məlahətinə məftunluq, onu duymaq, vücudunu yaşatmaq gücü olur. Oxucular Viktor Hüqonun əsərlərində ifrat erotik səhnələrə, aşiqlə məşuqənin sevgi macəralarına rast gəlmirlər. Onda Flober sayağı, Jorj Sand tipli, Lev Tolstoy təsvirli "intim dünya" yoxdur. Sən demə, sənətkar öz əsərində gizlənməyi də bacarır: təki, yaş onu ruhdan salmasın, sarsıtmasın. Gec-tez qapını qəzəbli və yorğun gözlə kəsdirən qocalıq sevən ürəyinin döyüntüsünə qısqanmasın... Nə yaxşı, Hüqo burada seçilir. Məlum oldu ki, yazıçının köhnə məşuqəsi Lülett Druet sadəlövh səhv edib. Blanş Levin adlı gənc bir qızla Hüqonu tanış edib. Fərqinə varmayıb ki, bu cavan və ehtiraslı qızcığaz sevdiyi Hüqonun əsərlərinin üzünü köçürməkdən savayı... bu sevgiyə şərik çıxacaq. Qısqanclıq od-alovu onu yandıracaq. Hərçənd bu məlahətli cavan Viktor Hüqoya unudulmaz bir neçə il bəxş eləyəcəkmiş. Və sevən yazıçı isə iki suyun arasında çırpınacaqmış.

1872-ci ildə Viktor Hüqonun 70 yaşı olanda onun 50 illik sadiq məşuqəsi Jülett Druet gördü ki, yazıçının əsərlərinin üzünü köçürməyi əvvəlki kimi bacarmır. Yel xəstəliyi ona əziyyət verir. Bəs nə etməli? O, gözəl xətti olan və səliqə ilə yazan Mariya Blanşı tapır. Mariya Hüqonun ailəsi ilə Herisi adasına yola düşür. Böyük fransız romançısı burada yazıb-yaratmağı xoşlayırdı.

Əgər yazıçının gündəliyini vərəqləsək, görərik ki, o, Blanşı adaya gətirdikləri ilk gündən heyranlığını bildirir. 1872-ci ilin sentyabrından 1873-cü ilin iyulunadək gözəl və gənc qızın onunla bir yerdə olması Hüqonun yazılarından o dəqiqə hiss olunur. Hüqo yazdıqlarını gizli saxlamaq üçün latın və ispan dillərinə üstünlük verirdi. Bu dillərin heç biri onların arasında baş vermiş məhəbbət macərasının cazibəsini itirmir.

Hüqo gənclərin belə qibtə edəcəyi bir çılğınlıqla onun qəlbini ələ almaq istəyirdi. Blanş isə hələ buna hazır deyildi. Nəhayət, 1873-cü ilin aprelində Blanş özünü məşhur romançıya təslim etmişdi.

Jülett xəstəlik üzündən Hüqonu onun ənənəvi gəzintilərində müşayiət edə bilmir və onun yerini Blanş tutur. Onlar hər dəfə daha uzağa gedir və hər dəfə də yolları dəniz kənarından düşürdü. 

Jülett təsadüfən Hüqonun qeyd dəftərçəsini oxuyur və hər şeyi başa düşür. O öz məşuqunu heç vəchlə əldən vermək istəmirdi. Hüqonu göz yaşları və qəzəblə qarşılayıb məsələni kəskin qoyur: "Qız çıxıb getməlidir. Özü də təcili!" 1873-cü il iyulun 1-də Hüqo gündəliyində yazır: "Blanş bu səhər getdi".

Ancaq Hüqo və Blanş hamını alda

tmaq qərarına gəlmişdilər. Məşhur romançı ağılagəlməz plan qurur. Blanşın getməsi göz aldatmaqdır. O, gedəndən sonra gizlincə hər ikisi qayıtmalıdır. Yazıçı onun üçün ev kirayəyə götürmüşdü. Qeydlər arasında yalnız evin nömrəsi yazılmışdı: 21.

Hüqo hər səhər Jülettlə gəzməyə getdiyini bildirir, 21 nömrəli evə yollanır və orada sevgilisi ilə bir neçə saat vaxt keçirir. Məhəbbət Hüqonun başını o qədər gicəlləndirmişdi ki, özü barədə fikirləşməyi belə yaddan çıxarır. Ehtiras alovları ilə yanan yazıçı unudur ki, bu balaca şəhərcikdə hamı bir-birini tanıyır. Təəccüblü deyildi ki, bir dəfə Blanşı gizlətdiyi evə girəndə arxasında səs eşidir: "Bu ki müsyö Hüqodur". Yazıçı bundan çox narahat olur. Gündəliyində isə ispanca yazmışdı: "Adamlar məni tanıyıblar. Blanş mütləq getməlidir".

...Bu dəfə yazıçının özü Blanşı gəmilə yola salır. Amma adada onsuz yaşaya bil-məyib arxasınca Parisə yollanır. Blanş onun evinin qonşuluğunda ailələr üçün olan pansionatda yaşayır. Onlar bir müddət xoşbəxtlik içində üzürlər... Yenə də Jülett hər şeyi korlayır. Hüqonun gündəliyində bircə söz yazılmışdı: "Fəlakət".

Hüqo bir dəfə evə qayıdanda stolunun üstündə məktub görür, Jülettin xəttini tanıyır. Jülett hər şeydən xəbərdar olduğunu bildirir və çıxıb gedir. Jülettin 67 yaşı olsa da, xarakteri əvvəlki tək dəyişməz qalmışdı. Beləliklə, Hüqo iki məşuqənin arasında vurnuxurdu. O, gənc və təravətli Blanşdan əl çəkə bilmirdi. Jülettsiz də yaşamağa tabı çatmırdı. Axı, onları bir-birinə uzun illər bağlayırdı. O, bütün tanışlarına teleqram göndərir ki, görəsən, müsyö Hüqo ona niyə belə gec-gec baş çəkir? Niyə daha ona heç nə danışmır?

Nəhayət, Hüqo dostlarının birindən öyrənir ki, Jülett Brüseldədir. Ona teleqram göndərib xahiş edir ki, geri qayıtsın. Jülett əvvəlcə etiraz edir, sonra qayıdır. "Saat 8.15 dəqiqədə Şimal vağzalında idim. Onun qatarı 9.05-də gəlir. Biz görüşdük. Əzab-əziyyət xoşbəxtliklə əvəz olundu. Mən onu meydanın küncündəki restorana apardım. Gecəni isə bir yerdə yatdıq. Həftə gözəl keçdi..."

İki gündən sonra Hüqo Blanşın qolları arasında idi. Yenidən gündəlikdə "Alba" təxəllüsü görünür.

Bir dəfə Jülettlə söhbət zamanı çaşıb ona belə müraciət edir: "Əzizim Blanş"... Jülett od tutub yanır. O, Blanş məsələsinin birdəfəlik həllini tələb edir.

Burada hər vasitədən istifadə etmək olar. Qızla özü də danışa, onun anasını da bu işə qoşa bilər. Hüqonun qızını və kürəkənini də onun üstünə qaldırmaq mümkündür. Kürəkənin onsuz da Hüqodan xoşu gəlmirdi və həmişə nəvələrini onun əlindən alacağı ilə hədələyirdi. Viktor isə nəvələrini itirəcəyindən çox qorxurdu.

Bir dəfə isə Hüqo Blanşla birdəfəlik üzülüşmək qərarına gəlir. 1879-cu il oktyabrın 1-də belə bir qeyd var: "Mel - Blanş - 500 frank" 17 dekabr 1879-cu il. "Blanş ərə gedib". Blanş dekabrın 2-də ərə getmişdi.

Yəqin ki, Blanş bütün həyatını macəralar içində keçirmiş, olduqca ehtiraslı şəxsiyyət olan Hüqonun son məhəbbəti idi.

Dahi yazıçı əbəs deməyib: "Həyat çiçək, məhəbbət isə ondan çəkilmiş baldır".

2023

 





11.01.2024    çap et  çap et