525.Az

Təhsil müəssisələrinin internetə çıxışı daha da genişlənib


 

ÖTƏN İL ÖLKƏ ÜZRƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ 43 MİN ƏDƏDDƏN ARTIQ KOMPÜTER AVADANLIĞI PAYLANILIB

Təhsil müəssisələrinin internetə çıxışı daha da genişlənib<b style="color:red"></b>

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib. 318 adda 7758970 nüsxə dərslik çap edilib və məktəblərə çatdırılıb. 21 adda dərsliyin Brayl əlifbasında törəmə nəşrləri hazırlanaraq çap edilib və xüsusi təhsil müəssisələrinə çatdırılıb. 4 azsaylı xalqın dilində 13 adda dərslik yenilənib və 19 150 nüsxədə çap edilərək ümumi təhsil müəssisələrinə təqdim olunub. 

Elm və Təhsil Nazirliyindən bildirilir ki, 8 fənn üzrə dərslik komplekti pilot sınağı başa çatdırıldıqdan sonra istifadəyə verilib. Ümumi təhsil müəssisələri üçün 12 adda tədris resursu hazırlanaraq ölkə üzrə 250-dən çox sinifdə pilot sınağı keçirilib. 69 məktəbdə yeni hazırlanan 9, 110 məktəbdə isə 13 adda dərsliyin monitorinqi təşkil olunub. 2023-cü ildə video.edu.az portalındakı videoresursların sayı 19500-ü ötüb. İstifadəyə verilən 61 adda dərslik və metodik vəsait www.trims.edu.az səhifəsində yerləşdirilib. Ümumilikdə səhifədə ümumi təhsil müəssisələri üçün 1014 resurs istifadəyə açıqdır.  İstifadəyə verilmiş 61 adda dərsliyin interaktiv variantı www.e-derslik.edu.az platformasında yerləşdirilib. Hazırda portalda ümumi təhsil səviyyəsi üçün 351 resurs istifadədir: "Şagirdlər üçün 4 adda vəsaitin elektron nüsxələri www.trims.edu.az saytının "Tövsiyə olunan tədris resursları" bölməsində yerləşdirilib. Hazırda həmin bölmədə 22 adda təlim resursu mövcuddur. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında işin səmərəli təşkili üçün 5 adda 32000 ədəd əlavə tədris vəsaiti (manipulyativlər) məktəblərə çatdırılıb".

Məlumata görə, ölkə üzrə 4305 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) və internetə çıxışla təmin edilib.  Bunlardan 1365 fiber-optik, 1908 simsiz və 1032 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin olunub. 2023-cü ildə 43350 ədəd kompüter avadanlığı ölkənin təhsil müəssisələrinə paylanılıb.

2023-cü ildə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb. Bunlardan 23 təhsil müəssisəsi istismara verilib, 8 təhsil müəssisəsində son tamamlanma işləri görülüb. Daha 38 təhsil müəssisəsinin təmir-tikinti işlərinə hazırlıq həyata keçirilir. Layihələndirilməsi aparılan 32 təhsil müəssisəsinin növbəti ildə təmir-tikintisinə başlanılması planlaşdırılır. Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi tamamilə başa çatıb. Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı təmir olunub: "İşğaldan azad edilmiş ərazilərdə 550 şagird və 84 müəllim daxil olmaqla 7 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb. Bakı şəhəri və bəzi bölgələrdə yerləşən lisey və gimnaziyaların (32 məktəb üzrə) 5, 6, 7, 8-ci siniflərinə qəbul imtahanında 22708 nəfər iştirak edib, onlardan 19926-sı seçimə buraxılıb, 3815-i isə qəbul olunub".

Nazirlikdən bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən, 4368 nəfər müddətsiz, 2351 nəfər isə müddətli müqavilə ilə işlə təmin olunub. Əlavə yerləşdirmə mərhələsi üzrə 2529 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1219 nəfər uğur qazanıb. İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi nəticəsində 91 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib. Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə təşkil edilib. 517 nəfər elektron qeydiyyatdan keçib, onlardan 300 namizəd test imtahanı mərhələsində iştirak edib, 171-i müvafiq keçid balını (30 bal) toplayaraq müsahibə mərhələsinə dəvət olunub. Oktyabr - noyabr aylarında keçirilən müsahibələrdə 165 namizəd iştirak edib, onlardan 55 nəfəri məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə uyğun hesab edilib. Ölkə üzrə 18 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5052 namizəd dəvət olunub. Onlardan 3857-si test imtahanında iştirak edib. Cari tarixə qədər tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 244 namizəd işlə təmin olunub. Hazırda regional təhsil idarələri tərəfindən elan edilmiş vakant yerlər üzrə müsahibələrin keçirilməsi planlaşdırılır.

72 peşə təhsili müəssisəsində 128 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 113925 müraciət daxil olub, 20563 nəfər isə tələbə adını qazanıb. Onlardan 13632 nəfəri kişi, 6931-i isə qadındır. 17022 nəfər dövlət sifarişli, 3541 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 8 faiz artıb. 2023-2024-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 1209 nəfər tələbə adını qazanıb. 2023-cü ildə sözügedən peşə təhsili səviyyəsindən məzun olan 24 nəfərdən 22-si ali təhsil almaq üçün müsabiqədə iştirak edib. Onlardan 21-i ali təhsil almaq hüququ qazanıb: 10 nəfər dövlət vəsaiti hesabına, 11 nəfər isə ödənişli əsaslarla qəbul olunub: "2023-cü ildə Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi istifadəyə verilib. Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir. Peşə təhsili alan 28 tələbəyə ilk dəfə olaraq 7675 manat məbləğində təhsil tələbə krediti verilib. 6 yeni ixtisas üzrə təhsil proqramı hazırlanıb. 2023-2024-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsi üzrə kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının (maşın) istismarı, texniki peşə təhsili səviyyəsi üzrə rabitəquraşdırıcı-kabelçi, kombi və kondisioner ustası, planer və mühərrik üzrə mexanik, unüyütmə istehsalının aparatçısı olmaqla ümumilikdə 6 yeni ixtisas üzrə səriştəəsaslı təhsil proqramları hazırlanıb. Yeni ixtisas və proqramların yaradılması zamanı işəgötürənlərdən gələn tələblər, həmçinin ixtisasın tədris olunduğu regionun ümumi sosial-iqtisadi inkişaf meylləri nəzərə alınıb və əmək bazarının tələblərinə uyğunlaşdırılıb. 2023-cü ilin son rübündən 16 türk, 4 ingilis, 2 almandilli dərsliyin tərcüməsinə başlanılıb. Türk dilində olan peşə təhsili dərslikləri qida təhlükəsizliyi, satış, İKT, poliqrafiya və digər sahələri əhatə edir. Böyük Britaniya və Almaniyanın peşə təhsili müəssisələrinin tərcümə edilməkdə olan dərslikləri isə elektronika, logistika, metal mühəndisliyi sahələrini əhatə edir. 2023-2024-cü tədris ilində dual təhsil proqramı (usta yanında şagirdlik) üzrə 20 peşə təhsili müəssisəsində ümumilikdə 48 qrupda tədrisə başlanılıb. Proqramda hazırda 872 tələbə təhsil alır. 12 regionu əhatə edən proqrama 100-ə qədər işəgötürən tərəfdaş dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edən proqramda 22 ixtisas mövcuddur".

Nazirliyin məlumatına əsasən, ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı müvafiq olaraq 145 və 429 vakant yer təqdim olunub, ümumilikdə 2522 nəfər müraciət edib və 1963 şəxs müsabiqəyə buraxılıb. Müsabiqə mərhələsində uğur qazanmış 200 istehsalat təlimi ustası, 104 ixtisas fənn müəllimi işə qəbul edilib. Yüksək texniki peşə təhsili üzrə elan edilmiş 17 vakant yerə 662 müraciət daxil olub və 50-yə yaxın namizədlə onlayn müsahibə keçirilib. 17 yüksək texniki peşə müəllimi işə qəbul edilib. Ümumilikdə 2023-2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrində 321 nəfər mühəndis-pedaqoji heyət işlə təmin olunub. 

Məlumata görə, 2023-2024-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9900-dək əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (8900 nəfər) nisbətdə 11 faiz, 2015-2016-cı tədris ilinə (4326 nəfər) nisbətdə isə 128 faiz artım deməkdir. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər. 68 əcnəbi tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib. Prezidentin sərəncamları ilə təsis edilən təhsil qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin 40 vətəndaşı müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar. 

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Macarıstandan olan 28 əcnəbi tələbə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda 143, Çində 20, Rumıniyada 3, Rusiyada (MGIMO) 5, Latviyada 8, Türkiyədə (YTB xətti ilə doktorantura üzrə) 8, Qazaxıstanda 5, Slovakiyada 1, ümumilikdə isə 193 tələbə 8 ölkənin 43 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. 2023-cü il üzrə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 7 prioritet ixtisas istiqaməti üzrə 69 nəfər universitetlərin reytinqində ilk 500-lükdə yer alan 32 ali təhsil müəssisəsində doktorantura təhsili almaq hüququ qazanıb. Ümumilikdə dünya universitetlərinin reytinqində ilk 500-lükdə yer alan ali təhsil müəssisələrində 284 Azərbaycan vətəndaşı doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Hazırda 23 ölkənin 90 nüfuzlu ali təhsil müəssisəsində 7 prioritet ixtisas istiqaməti üzrə 260 nəfər doktorantura səviyyəsində təhsil alır. 2023-2024-cü tədris ilində "2022-2026 Dövlət Proqramı" çərçivəsində 17 ölkənin 80 nüfuzlu ali təhsil müəssisəsində 67 nəfər bakalavriat, 314 nəfər magistratura üzrə olmaqla ümumilikdə 381 tələbə təqaüd almaq hüququ qazanıb. Bunlardan 4 nəfəri bakalavriat, 41-i magistratura səviyyəsində olmaqla ümumilikdə 45 nəfər universitetlər üzrə ilk 10-luqda yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edib. Proqram çərçivəsində xaricdə bakalavriat və magistratura səviyyələrində 752 tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda 21 ölkənin 124 ali təhsil müəssisəsində təhsil alan şəxslərdən 138-i bakalavriat, 389-u magistratura səviyyəsində olmaqla ümumilikdə 527 tələbə "2022-2026 Dövlət Proqramı" təqaüdçüsüdür. 

Sevinc QARAYEVA

 





11.01.2024    çap et  çap et