AMEA Naxçıvan Bölməsində Naxçıvan Yazıçılar Birliyinin sədri, Muxtar Respublika Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair-dramaturq Asim Yadigarın 70 illik yubileyi qeyd edilib.
Yubiley tədbirini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, bu il muxtariyyətinin 100 illiyini qeyd etdiyimiz ulu diyar Naxçıvanda elm, ədəbiyyat, o cümlədən də, milli poeziyamız zəngin tarixi inkişaf yolu keçib. Xüsusilə, son 20 ildə Naxçıvan elmi-ədəbi mühitinə göstərilən dövlət qayğısından danışan akademik vurğulayıb ki, Asim Yadigar özünəməxsus yaradıcılıq dəst-xəttinə malik, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan, vətəndaşlıq mövqeyi ilə seçilən şair-dramaturqdur. Onun Ümummilli lider Heydər Əliyevə, çağdaş tariximizə həsr olunan şeirləri siyasi lirikanın mükəmməl nümunələrindəndir. Ədəbi gəncliyin belə sənətkarlardan bəhrələnməsinin, ədəbiyyatşünaslarımızın A.Yadigar poeziyasına müraciətinin əhəmiyyətini vurğulayan akademik sonda yubilyarı kollektiv adından təbrik edərək, ona AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını və hədiyyə təqdim edib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Ədəbi mühitimizin 70 yaşlı söz çinarı” mövzusunda məruzə edərək bildirib ki, hələ məktəb illərindən poetik yaradıcılığa böyük həvəs göstərən Asim Yadigar 10-dan çox kitab müəllifidir, şeirləri 30-dan artıq ədəbi almanaxda, mətbuatda dərc olunub. Şairin poema və dram əsərlərinin mövzu və ideya, bədii-estetik xüsusiyyətlərindən, tarixi mövzuda yazdığı, vətənpərvər ruhlu şeirlərindən söz açan məruzəçi vurğulayıb ki, bu silsilə əsərlər sırasında 44 günlük Vətən müharibəsindən və tarixi Zəfərdən bəhs edən əsərlər müasir poeziyamızda xüsusı dəyər daşıyır.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, institutun şöbə müdiri, dosent Ramiz Qasımov, aparıcı elmi işçi, dosent Aygün Orucova və şairin qələm dostları onu təbrik edərək poetik yaradıcılıq məziyyətlərindən, Naxçıvan ədəbi mühitinin inkişafındakı rolundan bəhs ediblər.
Sonda yubilyar çıxış edərək Azərbaycan ədəbiyyatının inkişafına, şair və yazıçılarımıza göstərilən dövlət qayğısından danışıb, yaradıcılıq fəaliyyətinin yüksək qiymətləndirilməsinə, yubiley tədbirinin təşkilinə görə minnətdarlığını bildirib. Tədbirin sonunda yubilyar öz kitablarını AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasına hədiyyə edib.
çap et