525.Az

İki səs haqqında ballada - Əlisəfdər Hüseynov yazır


 

İki səs haqqında ballada - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

AĞ KƏPƏNƏKLƏR KİMİ...

Xalq artisti Əli Zeynalovun xatirəsinə

 

Əli Zeynalovun ipək kimi sərin, titrək, məxmər kimi yumşaq səsi vardı və bu səslə nə deyilirsə deyilsin, beyindən, şüurdan yox, mütləq ürəkdən, içdən, ruhdan gəlirdi. Uzağa niyə gedək, Mixaylonu xatırlayırsınızmı? "Uzaq sahillərdə" filmində Əli Zeynalovun səsi ilə danışır bakılı eloğlumuz. Məncə, Mixaylonu tamaşaçılara sevdirən, simsarına, dostuna çevirən amillər sırasında o munis, işıqlı, hamımın döşünə yatan səsin ayrıca yeri var.

Səsin ahəngi, tembri onun sahibinin daxili aləminin çalarlarını, ruhunun rəngini sərgiləmək gücündədir. Bu mənada Əli müəllimin səsi sanki kövrək qəlbli, həssas, nəcib, xeyirxah, xoşxasiyyət obrazların boyuna biçilmişdi.

Bəs necə olmuşdu ki, Əli müəllim bu səsi "Bir qalanın sirri" filmində qəddar, qaniçən Simnar xanın, "Aydın" tamaşasında şəhvətpərəst Dövlət bəyin, "Səhər" filmində xain Abuzər bəyin, pis xislətli, qara ruhlu digər tiplərin də fakturasına eyni uğurla otuzdura bilmişdi? Mehriban, xeyirxah insanların ruhunun vizual ifadəsinə çevrilən səs pisliyi özünə peşə seçmiş antiinsanların kin-küdurətini, nifrətini necə və nəyin hesabına ifadə edə bilirdi?

Bu suallar üzərində çox düşünmüşəm və düzü, məni qane edən dəqiq cavabım hələ də yoxdur. Amma Əıi Zeynalov "tilsimi" mənə başqa bir paradoksu anlamaqda kömək etdi: pis səsi aparıb pis xislətə yapışdırmaq, onun xarakterinin atributlarından birinə çevirmək heç də böyük qəhrəmanlıq deyil və aktyordan xüsusi istedad da tələb etmir. Amma gözəl, xoş avazı pis xislətə calaq eləmək, pis niyyətin görüntüsünə çevirmək hər aktyorun işi deyil! Əli Zeynalov bunu bacardı, "pis adam - pis səs" sindromunu dağıdan birincilərdən oldu. İnanmırsınızsa, "Bir qalanın sirri" filminə bir də, amma diqqələ baxın, Simnar xanın replikalarını dinləyin...

Səslə xislət arasındakı təzad, toqquşma yaradılan obrazın xarakterinə əlavə çalarlar qatır, ona daha rəngarəng, həyati görk verir. Bu mənada, nə qədər paradoksal səslənsə də, kinomuzun Gəray bəyinin, Şeyx Nəsrullahının, Mötəsiminin, Səhl Sumbatının... səs obrazları Əli müəllim tərəfindən rəsm edilsəydi, fikrimcə, onlar daha möhtəşəm alınardılar.

Əli müəllimin səsindəki yüngül titrəyiş gözəllikdən riqqətə gələn insan qəlbinin pıçıltısını ifadə etdiyi kimi, qəddar, rəzil tiplərin daxili qəzəbini, içində boğulan daxili sarsıntılarını, gizli qorxusunu da rəsm edə bilirdi. Buna inanmaq üçün ustadın ədəbi qiraət sahəsindəki fəaliyyətinə nəzər salmaq kifayətdir. Çoxları yaradıcılığın bu sahəsini uğura aparan kəsə, asan yol kimi başa düşür və elə fikirləşir ki, az-çox aktyorluq təhsili alan hər kəs bu işin öhdəsindən asanlıqla gələ bilər. Əslində isə ədəbi qiraət aktyor yaradıcılığının ən mürəkkəb və çətin sahələrindən biridir. Çünki o, aktyordan səhnə, ekran plastikası yox, səs plastikası, səsi ilə oynamaq, yaratmaq qabiliyyəti tələb edir - aktyor səsləndirdiyi əsərdə obrazların xarakterini hərəkətdə, realilərə, tərəf-müqabillərinə münasibətdə yox, səsinin tembri, tonu, ahəngi ilə yaradır və deməli, o səs qısa vaxt ərzində rəngdən-rəngə düşür, qeyri-səlis məntiqin anlayışları ilə desək, pis və yaxşı arasında qalan min bir çalar qazanır, dinləyicilər də məhz bu səs obrazlarından, improvizasiyalarından çıxış edərək əsərdəki obrazları, məkanı, hadisələri vizual şəkildə qavrayırlar.

Ötən əsrin 70-ci illərinin ortalarında mən televizorda Əli müəllimin ifasında A.Çexovun "Qılaflı adam" hekayəsini dinləmişəm və o verilişin təəssüratı hələ də yaddaşımdadır. Studiyada əyləşən Əli müəllimin hekayəni söylədiyi müddətdə mən sanki kadr-kadr gözəl bir filmi izləyirdim. Əli müəllim həmin o bənzərsiz səsi ilə müəllifin nitqini, bir-birinə bənzəməyən personajların dialoqlarını, daxili monoloqlarını elə səsləndirir, buna uyğun olaraq səsinin ahəngini elə ustalıqla dəyişirdi ki, sanki studiyada bir yox, beş-altı aktyor əyləşmişdi (intəhası onlar gözə görünmürdülər).

Mənə görə dünyadakı bütün səslərin musiqi obrazları və rəng ekvivalentləri var və onları sözlə ifadə eləmək çox vaxt çətin, bəzən isə mümkünsüz olur. Səs var ki, tikan kimi, mismar kimi insanın canına sancılır, əsəbləri qıcıqlandıra-qıcıqlandıra iliyə qədər işləyir, ruhu şüşə kimi çilik-çilik edib pis günə qoyur. Belə səslər həmişə tutqun rəngdədir, günəşin qabağını tutan qara buludlar kimi qəm-qüssə gətirir. Səs də var ki canına yağ kimi yayılır, səni nəyə görəsə birdən-birə rəng qammaları solğunlaşan dünyanın bozluğundan qoparıb səmaya qaldırır və sən həmin səsin qanadlarında səmanın maviliyinə qovuşur, o səsi ruhunu sığallayan həzin bir melodiya kimi qəbul edirsən.

Əli müəllimin səsi belə səslərdən idi...

Nə işdirsə hər dəfə radio dalğalarında, efirdə bu səsi eşidəndə gözlərimin qarşısında güllər üstə ora-bura uçuşan kövrək qanadlı ağ kəpənəklər canlanır və nəyə görəsə mənə elə gəlir ki, o kəpənəklərdən hansısa birinin qanadına yüngülcə toxunsan, yer-göy titrəyər, hardasa dəhşətli bir vulkan püskürər, dünyanın harmoniyası dərhal pozular...

Bu səs ən adi bir cümlənin də, hər gün dəfələrlə işlətdiyimiz ən sadə sözlərin də canındakıları üzə çıxarmaq, bu vaxtadək bizə

gizli qalan melodiyasını səsləndirmək gücündə idi.

Boynuma alıram: məni Səməd Vurğunun dillər əzbəri olan "Azərbaycan" şeirinin şəddi-şəkərinə Əli müəllimin səsi qovuşdurdu. Bu şeir Əli müəllimin ifasında təkcə şeir kimi yox, həzin nəğmə, sevən ürəyin izharı kimi səslənirdi.

Bu, səsin zəfəri idi!..

 

SƏSİN HÖKMÜ

Xalq artisti Həsənağa Salayevin xatirəsinə

 

Mən Həsənağa Salayevin özünü görüb səsini eşidəndə ötən əsrin 60-cı illərinin sonu idi - televiziya ilə C.Cabbarlının "Oqtay Eloğlu" pyesinin tamaşası göstərilirdi və biz ailəlikcə televizorun qarşısında oturub bu maraqlı tamaşanı izləyirdik. Əlbəttə, indi - aradan 50 ildən də artıq vaxt keçəndən sonra o tamaşanı bütün təfərrüatları ilə xatırlamaq mümkün deyil. Amma Oqtay rolunu oynayan Həsənağa Salayevin bütün tamaşa boyu göy gurultusu kimi dalğa-dalğa ətrafa yayılıb tamaşaçıların diqqətinə hakim kəsilən səsini, tamaşanın final səhnəsini - trans vəziyyətdə olan Oqtayın Firəngizi oynadığı rolla eyniləşdirib bıçaqla öldürdüyü məqamı yaxşı xatırlayıram. Bir də tamaşa başa çatanda anamın yanıqlı səslə dediyi sözləri: "Bu binəva (H.Salayevi nəzərdə tuturdu) səhərə kimi çətin yata!" (Əlavə etməyi lazım bilirəm ki, anam televizora baxmağa bir o qədər də meyilli adam deyildi. Amma həmin axşam Həsənağa müəllimin səsinə yenilib oturmuşdu hamıdan irəlidə).

Aradan xeyli vaxt keçəndən sonra düsünürəm ki, anamın onda dedikləri Həsənağa müəllimin oyun tərzinin yaradıcılıq uğurlarının sirrini açan ən sərrast sözlər imiş.

Nə üçün belə deyirəm?

Əvvəla, ona görə ki, Həsənağa müəllimin də səsi beyindən yox, ürəkdən, daxildən gələn səs idi və az qala 2 saata yaxın vaxt ərzində obrazın daxili yaşantılarını bu səsin qanadlarında izhar etmək, vulkan kimi çölə püskürmək böyük enerji tələb edirdi. Oqtay kimi romantik təbiətli obrazın səhnə yozumunda Həsənağa müəllim onun nəinki monoloqlarını, hətta ağzından çıxan hər sözü xüsusi bir enerji ilə, sanki bədəninin bütün hüceyrələrinin iştirakı ilə yaranan daxili impulslarla deyirdi, ən başlıcası isə Oqtayla özü arasında məsafə saxlamır, elə dönüb Oqtay olurdu. Bu boyda "həngamədən" sonra obrazdan "çıxıb" yenidən özünə qayıtmaq, Həsənağa olmaq, hisslərin od-alovunu alıb sakitləşmək, sizcə, asan idimi?!

Həsənağa müəllimin gur, bir az zəhmli, bir az ağayana səsi Azərbaycan teatrında, kinosunda ən aristokrat səslərdən biri, bəlkə də birincisi idi və bu, ona  yaradıcılığının ilk mərhələsində romantik teatrın ən maraqlı nümayəndələrindən biri olmaq şansı vermişdi. Şahidlərin dediyinə görə, o, səhnəyə çıxanda sanki bütün zalda ab-hava dəyişir, həmin səsin hökmranlıq etdiyi bir aura yaranırdı.

Amma romantik məktəbi təmsil edən aktyor üçün süni pafosa, yersiz ritorikaya yenilib, necə deyərlər, yolunu azmaq təhlükəsi də var. Həsənağa Salayev bu təhlükəni tədricən neytrallaşdıra-neytrallaşdıra romantik oyun tərzindən realist üsluba uğurlu keçid etdi. Mən onun teatr səhnəsində oynadığı rolları görmədiyimdən tutarlı dəlillər gətirə bilmirəm. Amma yaratdığı ekran qəhrəmanlarını xatırlamaq kifayətdir ki, yanılmağıma şübhə etməyəm. "Onu bağışlamaq olarmı" filmində az qala kitab cümlələri ilə danışan Qüdrət romantik vüsətdən yaxa qurtarmağa uğursuz cəhd idisə, "Aygün" filmindəki Əmirxan bəlkə də poemadakı Əmirxandan  daha təbii alınmışdı. "İstintaq davam edir" filmindəki mayor Rüstəmov isə teyxa realist cizgilərlə yaradılmışdı.

H.Salayevin şedevrləri sırasında İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağanın xüsusi yeri var. Amma qəribədir ki, bu dəfə biz ekranda onun vizual obrazını yox, səsini "görürük". "Eşidirik" yox, "görürük" ona görə yazıram ki, Həsənağa müəllimin səsi ilə az qala gözönü obrazını yaratdığı Cahandar ağa hələlik teatr və kino sənətlərimizdə yaradılan ən uğurlu Cahandar ağadır. Ələlxüsus da eyni adlı radiotamaşasındakı Cahandar ağa. Bu mürəkkəb, ziddiyyətli obrazın monoloqlarını, daxilində qaynaşan fırtınaları Həsənağa müəllim öz səsinə hopdurub elə rəsm edir ki, heç obrazı vizual qaydada seyr etmək ehtiyacı yada düşmür - sanki personajın səsindəki ahəng bir rentgen şüası kimi Cahandar ağanın daxili aləminin ən mübhəm hücrələrini işıqlandırır,  onun bəy əzəməti, psixoloji yaşantıları barədə hər şeyi deyir.

"Dəli Kür" filmi çəkiləndə bu səsdən Həsənağa müəllimin öz fakturası ilə bir yerdə istifadə edib Azərbaycan kinosunun ən möhtəşəm obrazını yaratmağa real şans yaransa da, filmin rejissoru nədənsə bu şansdan sonadək  faydalanmadı, Ə.Abbasovun oynadığı personajı Həsənağa müəllimin səsi ilə danışdırmaqla kifayətləndi. Nəticəsi isə hamıya məlumdur.

Məncə, bu filmin əsas çatışmayan  cəhəti obrazların düşüncələrinin, daxili monoloqlarının ekran ifadəsinin tapılmaması, daha doğrusu, unudulmasıdır.  Radiotamaşada janrın verdiyi imkanlar çərçivəsində onları səsli nitqə, hətta Qəməri öldürəndə Cahandar ağanın için-için ağlaması süjet faktına çevrilmişdi və həmin məqamlarda Həsənağa Salayev bənzərsiz, təkrarsız idi.

Filmdə isə ağır psixoloji sarsıntılara məruz qalan, zamanla konfliktdə olan Cahandar ağanın daxili aləmi lazımınca rəsm edilmir, görünmür, qəlbinin harayı qədərincə eşidilmir...

Nə isə...

Çox heyif...

 





12.01.2024    çap et  çap et