525.Az

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib


 

“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib.

525.az APA-ya istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov deyib ki, MSK seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir.

Məzahir Pənahov seçki prosesində Ombudsman Aparatı ilə əməkdaşlığın önəmli olduğunu vurğulayıb: “Beynəlxalq təşkilatlar Azərbaycanın seçkilərlə əlaqədar seçicilərin konstitusion hüquqlarının həyata keçirilməsində, seçkilərin təşkilində böyük nailiyyət əldə etdiyini bildirirlər. Ancaq seçki prosesində milyonlarla seçici iştirak edir, minlərlə komissiya üzvü, seçicilər olur. Ona görə də milyonlarla insanın iştirak etdiyi prosesdə bəzi çatışmazlıqlar ola bilər və bu çatışmazlıqların aradan qaldırılmasına ombudsmanın da dəstəyini gözləyirik. Hansısa pozuntu varsa, o hüququn bərpası üçün də ombudsman dərhal müdaxilə etməlidir”.

Ombudsman Səbinə Əliyeva seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və silsilə tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb: “Bu tədbirlər həmin silsilədən ilkidir. Prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər vacibdir. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olam müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində müşahidələr də aparacaqlar”.

Ombudsman Səbinə Əliyeva əlilliyi olan insanların seçkilərdən iştirakı üçün seçki məntəqələrində pandusların quraşdırılmasını, gözdən əlillər üçü Brayl əlifbasına əsaslanan seçki bülletenlərin tətbiqini də təklif edib.

MSK katibi Mikayıl Rəhimli nəzərə çatdırıb ki, 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var. Bu seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ənənəvi olaraq seçki barədə sərəncamın dərc edildiyi gündən başlayaraq Ombudsman Aparatı monitorinqlərə başladığını nəzərə çatdırıb: “İlkin olaraq görüşlər üçün ayrılmış açıq və qapalı yerlərə diqqət yetirilir. Ombudsmanın əsas vəzifəsi seçki ilə bağlı daxil olan müraciətlərin araşdırılmasıdır və bu yöndə müraciətlər operativ qaydada MSK ilə birgə araşdırılır”.

MSK sədri qeyd edib ki, seçkilərin fokus nöqtəsi səsvermə günü seçki məntəqələrində baş verənlərdir. Məzahir Pənahov çox cüzi hallarda seçki məntəqələrində pozuntulara yol verildiyini və bu pozuntuların ümumi halda seçkinin nəticələrinə 1 faiz belə təsir etmədiyini söyləyib: “Biz bunu hər zaman beynəlxalq təşkilatların nümayəndələrinə də deyirik. Onlar da etiraf edirlər ki, Azərbaycanda lider məsələsində tərəddüd yoxdur. Bu, təşviqat kimi qəbul etmək lazım deyil, mən reallığı deyirəm. Ancaq beynəlxalq təşkilatların nümayəndələri də bu kimi hallara xüsusi diqqət çəkirlər, mikroskopla belə halları axtarırlar. Ona görə də seçki prosesində, o cümlədən qarşıdan gələn Zəfər seçkisində həssas davranılmalıdır”.

Səbinə Əliyeva torpaqlarımızın azad edilməsi ilə tarixi ədalətin bərpa olunduğunu vurğulayıb: “Ancaq Ermənistanın mina terroru hələ də insanların əhəmiyyətli qisminin hüquqlarının həyata keçirilməsinə mane olur. Məsələn, Füzulinin əhalisi 120 mindir, ancaq bu ərazidə 90 min minanın basdırıldığı məlumdur. Az qala adambaşına bir mina düşür”.

Tədbir müzakirələrlə davam edib.

 





12.01.2024    çap et  çap et