525.Az

AMEA-da unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyi qeyd olunub


 

AMEA-da unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Yanvarın 11-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyinə həsr olunmuş “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatı da olub.

Tədbirdə elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şairə, publisist və dəyərli insan kimi xarakterizə edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatının görkəmli sənətkar Nurəngiz Günün 85 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib.

AMEA rəhbəri müstəqillik dövrü ərəfəsi və müstəqillik dövründə Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Nurəngiz Günün poeziyasının əsas xüsusiyyətlərindən bəhs edərək ədibin Azərbaycan şeirinin orijinal nümunələrini yaratmış böyük sənətkar olduğunu vurğulayıb. Bildirib ki, Nurəngiz Günün yaradıcılığında xalis lirika ilə yanaşı, ictimai motivlər də paralel şəkildə yer almış və bir-birini tamamlamışdır: “Hələ sovet hakimiyyəti illərində Nurəngiz Günün yazdığı “Qəfəs Respublikası” adlı dərin ictimai məzmuna malik şeir böyük vətəndaşlıq missiyasının ifadəsinə malik olan qiymətli əsərdir”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, çoxcəhətli yaradıcılığa malik olan Nurəngiz Gün peşəkar yazıçı missiyasını həm lirikasında, həm də poemalarında yüksək səviyyədə yerinə yetirib. Onun sözlərinə görə, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabında şairənin yaradıcılığı bütün istiqamətlər üzrə dərindən təhlil olunub, elmi təhlillər aparılıb. AMEA prezidenti dörd hissədən ibarət olan, Nurəngiz Günün mükəmməl ədəbi portretinin yaradıldığı bu kitabda şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyevanın da Nurəngiz Günlə bağlı müsahibəsinin yer aldığını və bu müsahibənin kitabda irəli sürülən müddəaları tamamladığını diqqətə çatdırıb. O, kitabda Nurəngiz Günün ömür yolunu, yaradıcılığını əks etdirən fotosalnamənin təqdim olunduğunu da vurğulayıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Şairə Nurəngiz Gün haqqında söz” mövzusunda məruzəsini təqdim edib. Ədibin 85 illiyi münasibətilə “Nurəngiz Günün güney poeziyası” adlı məqalə yazdığını deyən akademik Teymur Kərimli şairənin poeziyasının bəşəri problemlərin işığında qlobal mahiyyət daşıdığını, Vətən sevgisi, torpaq aşiqliyi, el vurğunluğu kimi məsələlərin onun yaradıcılığında prioritet təşkil etdiyini bildirib. Şairənin güney sevgisindən söz açan məruzəçi Nurəngiz Günün “Qəfəs bülbülü” şeirindən parça səsləndirib, ədibin şeirdə qlobal haqq-ədalət tələb etdiyini diqqətə çatdırıb. O, şairənin böyük müasiri, dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın da yaradıcılığında bu simvoldan geniş istifadə edildiyini söyləyib.

Akademik Teymur Kərimli qeyd edib ki, Nurəngiz xanım Güney Azərbaycanın əsas simvollarından biri olan Ərk qalasına həsr etdiyi şeirində vətənpərvərlik, məğrurluq, əyilməzlik ehtiva edən bədii obraz yaradıb. Həmçinin şairənin yaradıcılığındakı ana obrazı da tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayırmış kimi şeirə gətirib.

“Nurəngiz Gün poeziyasının işığında” mövzusunda məruzə ilə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı akademik Nizami Cəfərov ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb. O, Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan, düşüncələri, ideyaları və şeirləri ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli şair olduğunu diqqətə çatdırıb.

Akademik Nizami Cəfərov ictimaiyyətə təqdim olunan “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının üstün cəhətlərindən bəhs edərək, nəşrin ədibin poeziyasının mahiyyətini dərk və izah etdiyini vurğulayıb.

“Nurəngiz Günün yaradıcılığı Azərbaycan poeziyasının tərkib hissəsidir”, - deyə bildirən məruzəçi təqdim edilən kitabın şairin zəngin yaradıcılığının daha dərindən öyrənilməsi baxımından müfəssəl məlumat-mənbə xarakteri daşıdığını və sanballı bir qaynaq olduğunu söyləyib.

Sonra Milli Məclisin komitə sədri Hicran Hüseynova, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və xidmətlərindən danışıb, şeirləri və bütün fəaliyyəti ilə ədəbiyyata öz töhfəsini vermiş görkəmli şairənin təkrarsız və bənzərsiz yaradıcılığından söz açıblar. Çıxışlarda şairənin ədəbiyyatımıza bəxş etdiyi əsərlərin mənəvi dəyərindən, Vətən, torpaq, yurd, insan, təbiət, ana sevgisindən bəhs edən poemalarından, poeziyasına xas olan keyfiyyətlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, zəngin ədəbi irsi olan şairənin poeziyası həm mövzu, həm də sənətkarlıq baxımından rəngarəngdir, çoxçeşidlidir.

Çıxışlarda Nurəngiz Günün həm nasir, həm də diktor kimi yaradıcılığının və fəaliyyətinin özəlliklərindən, yüksək mənəvi keyfiyyətlərindən də söz açılıb. Müasir Azərbaycan poeziyasında xüsusi bir yer tutan, xanım şairəyə olan böyük sevgi və ehtiramdan bəhs edilib. Bildirilib ki, ziyalı ailəsində dünyaya göz açan Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib. Əsl Azərbaycan qadınına xas cəhətləri özündə birləşdirən Nurəngiz Gün bir çox qadınlar üçün də gözəl xanım nümunəsi idi.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru Esmira Fuadın “Nurəngiz Gün nəsrində “qırmızı qaranlıq”larla poetik üzləşmələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin “Nurəngiz Günün poetik yaradıcılığı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Nurəngiz Gün poeziyasında insan-cəmiyyət və insan-təbiət münasibətlərində harmoniya axtarışı” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Nurəngiz Günün sənətkarlıq xüsusiyyətlərindən söz açılıb, ədibin əsərləri təhlil olunub. Diqqətə çatdırılıb ki, çoxçəhətli yaradıcılıq fəaliyyətinə malik olan şairə yaradıcılığı, alicənablığı və yüksək mədəniyyəti ilə həmişə insanları özünə cəlb edib. Ədəbiyyata nəsr əsəri ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və digər şeir kitablarının müəllifidir.

Daha sonra Vaqif Yusifli “Nurəngiz Gün sənətinin özəllikləri” mövzusunda məruzə ilə çıxış edib. O, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının ərsəyə gəlməsindən və hazırlanmasından söz açıb, ədibin sənət yolunun, yaradıcılığının özəlliklərinə toxunub.

Tədbirdə məktəblilərin ifasında Nurəngiz Günün şeirlərindən nümunələr səsləndirilib, şairənin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda çıxış edən şairənin qızı, Milli Məclisin deputatı filologiya elmləri doktoru Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün tədbirin təşkilatçılarına və iştirakçılarına, AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

 





12.01.2024    çap et  çap et