525.Az

Qarabağda Universitet və gələcəyimiz


 

Qarabağda Universitet və gələcəyimiz<b style="color:red"></b>

Açılan hər universitet bir həbsxananın bağlanması deməkdir.

Viktor Hüqo

 

Bu yaxınlarda tanınmış türkiyəli müğənni, mərhum Barış Mançonun xarici televiziyalardan birindəki çıxışının vidoyazısını izləyəndə çox mütəəssir oldum. Demək, müğənni 90-cı illərdə Fransada bir verilişdə qonaq olur. Aparcı qərəzli mövqe nümayiş etdirərək tez-tez türklərin barbar millət olduqlarından söz açır. Adekvatlığını itirməyən Barış Manço sakitcə aparıcıya o vaxtkı türk lirəsini göstərir:

- Milli pullarımızdır, bunların üzərində şairimiz Məhmət Akif Ərsoyun, Mövlananın, Memar Sinanın şəkilləri var. İndi zəhmət olmasa, siz pullarınızın üzərindəki təsvirləri göstərin.

Aparıcı duruxsa da, pulların üzərindəki şəkillərdən danışır:

- Bu, filan generaldır, bu, filan komandirdir, bu, filan kraldır...

Barış Manço cavabında deyir:

- Görürsünüzmü, sizin pullarınızda hərbi rütbələr təsvir olunduğu halda bizim pullarımızda mədəniyyət xadimləri əks olunub...

Açığı, bu müqəddimə vətənimizin ayrılmaz parçası olan Qarabağın otuz ildən artıq düşmən tapdağı altındakı fəryadına, erməni vandalizminə, onların törətdikləri soyqrımlara dünyanın bəzi aparıcı dövlətlərinin susmasını, hətta bizə qarşı haqsız mövqelərini xatırlatdı. İkinci Qarabağ savaşında uğurlu xarici siyasətimizin, vətəni və milləti uğrunda canından keçmiş igidlərimizin hesabına alnımızdakı qara ləkəni təmizlədik.

Son iki-üç ildə Qarabağda görülən maddi-mədəni quruculuq işləri göz önündədir. Əslində, bu proseslər dünyaya bir daha sübut edir ki, torpaqların əsl sahibləri burada əsrlərlə formalaşmış mədəniyyətinin, maarifinin, təhsilinin keşiyində dayanır; yollar çəkir, məktəblər tikir, yaşayış massivləri salır, yağılar tərəfindən məhv edilmiş abidələrini bərpa edirlər. Fikrimcə, bu abadlıq işlərinin ən mütərəqqilərindən biri Xankəndidə Qarabağ Universitetinin əsasının qoyulmasıdır.

Qarabağ tarixən yetişdirdiyi ictimai-siyasi, sosial-mədəni xadimləri ilə tanınıb. Əksər vətənpərvər ziyalılarımız burada boya-başa çatıb, təhsil alıblar. Bu nöqteyi-nəzərdən Xankəndidə universitetin açılması əvvəlki təhsil ənənələrinin davamı, bir çox mütəxəssislərin formalaşması üçün zəmin yaradacaq, burada məskunlaşan əhalinin rifahını daha da yaxşılaşdıracaq.

Məlum məsələdir bəzi ailələr müəyyən problemlərlə bağlı övladlarını təhsil almaq üçün paytaxta yollaya bilmir, el-obasından kənarda gənclərin oxuması müəyyən çətinliklər törədirdi. Məhz yeni açılan universitet belə problemlərin aradan qalxmasında, orada yaşayan valdeyn və tələbələrin əlavə xərclərdən azad olmasında xüsusi rol oynayacaq.

Onu deyirdim, hələ Azərbaycan Xalq Cümhuriyyətinin zamanında görülən ilk mədəni tədbirlərdən biri Qori Müəllimlər Seminariyasının Qazax şöbəsinin və eyni ildə (1918-ci il) Azərbaycan Dövlət Universitetinin açılması oldu. Heç şübhəsiz, maarifə, tərəqqiyə bəslənən böyük ümid, yüksək diqqət və qayğının nəticəsində ölkəmizdə sanballı ziyalılar yetişdi. Onlar da öz növbəsində vətəninə xidmət göstərdilər. Necə deyərlər, təhsilə qoyulan kapital itmədi, həmin dövrün maarifpərvərləri bugünkü müstəqil dövlətimizi bizim üçün yadigar qoydular. Bundan yüz il əvvəlki qabaqcıl ziyalıların gördüyü işlər bəllidir. Düşünürəm, yüz il sonra həmin universitetin məzunları arasından vətənimizə layiqli gənclər formalaşa, gələcəyimiz üçün uğurlu addımlar ata bilərlər...

Universitetin faydalarından biri də ixtisasların və vakansiyaların artımı ilə əlaqədardır. Həm tələbələrin təhsil almaq imkanı genişlənir, həm də müəllimlər işlə təmin olunurlar. Zənnimcə, Qarabağda universitet açılması məhz gələcəyimiz üçün qoyulan ən yaxşı sərmayələrdəndir.

Ümid edirəm ki, həmin universitetin məzunları vətənimizə faydalı şəxsiyyət kimi yetişəcək, mədəniyyətimizə yeni-yeni töhfələr verəcək və onu dünyaya tanıdacaqlar.  

 





15.01.2024    çap et  çap et