525.Az

Ədəbi köşk: Nə var, nə  yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə  yox?</b>

Harda söz var, orda dirilik var, şəksiz... Nizami Gəncəvi İsgəndəri dirilik suyunun dalınca göndərdi, amma o, gözünü yeddi alimlə xəlvətdə açdı - diriliyini elmə, sözə nişan verdi... Bu gün sosial şəbəkələrdə, saytlarda, müxtəlif platformalarda ədəbiyyat müzakirə mövzusudur, ədəbiyyatı yaradanlar müsbət və mənfi yöndə daim mühakimə olunurlar. Əlqərəz, ədəbi cameənin həftəlik icmalını - xəbərləri, sosial şəbəkədə paylaşılan maraqlı nüansları, ədəbi hadisələrin yeddi günlük xülasəsini "Ədəbi köşk: Nə var, nə yox?" başlığı ilə hər şənbə oxuculara təqdim edəcəyik. Ümidvarıq, yeni rubrikamızı ədəbiyyatsevərlər bəyənərlər. "Ədəbi köşk"ümüzün diqqətindən hansısa xəbərlər yayına bilər. Köşkümüzün qapıları hər kəsin üzünə açıqdır. Nəsə eşidib-eləsəniz, oxuyub-görsəniz, [email protected] imeylinə göndərə bilərsiniz.

Hörmətlə, "525"

***

600 il sonra sizi necə oxuyacaqlar?

Bakıya tramvay gəlib! Dedim, əcəb, işimiz yüngülləşdi. Bu yazıçı-şair tayfası həmişə işin, gücün, qayğıların dalınca yubanır. Axı Bakının tıxacsız günü olmur. Metroya da minəndə pərçimlənirsən, sıxılırsan dəmirlərə, künclərə, insanlara... Az qala, nəfəsin kəsilsin. Bizim də qoltuğumuzda çox vaxt kitab olur. Bilmirsən öz hayında olasan, ya kitabın hayında. Bu xəbər isə yerinə düşdü. Tramvaya minib paytaxtı rahatca dolanmaq olar.

Gözlərimi ovxalayıb yenidən tramvayın şəkillərinə zilləndim və paylaşımın başlığını oxudum: "Bakıda tramvayların süni intellektlə hazırlanmış görüntüsü".

Xəyalımdakı tramvaydan düşdüm, çox qalsam, gərək süni yollarla uzaqlara səfər edəydim. Süni intellekt demişkən... "Publika.az"ın xəbərinə görə, süni intellekt sayəsində əsrlər boyu sirri açıla bilməyən "Voyniç" kitabını artıq oxumaq mümkündür. Dünyanın ən sirli kitabı hesab edilən "Voyniç" əlyazması qəribə diaqram və təsvirlərlə müşayiət olunan mürəkkəb, naməlum dildə yazılmış 240 səhifəlik sirli mətndən ibarətdir. Kanadalı alimlər tərəfindən hazırlanmış süni intellekt bu kitabın 600 illik sirrini həll etməyi bacarıb. Alberta Universitetinin tədqiqatçıları bu qəribə kitabın sözlərinin arxasındakı gizli və şifrəli dili başa düşülən etmək üçün alqoritmik transkripsiya adlı texnikadan yararlanıblar və əlyazmanın hissələrini tərcümə edə biliblər.

Deyirəm, işə bax, bir 600 il sonra. Məsələn, götürək elə Vəli Xramçaylını, onun şeirlərini süni intellekt vasitəsi ilə oxuya biləcəklər?

- Bəs istəmirsən ki, səni 600 il sonra süni intellekt vasitəsi ilə oxusunlar?

- Yox!

- Səni elə oxumasalar yaxşıdır!

***

Dastançı Şərif Ağayara yubanmayan qıfılbəndlər...

O gün gördüm yazıçı Şərif Ağayar nəsə paylaşıb. Status belə başlayır: "Van Minut". Əvvəl elə bildim hansısa xarici yazıçının adıdır. Dedim yəqin, bizim Vüqar Vanın ədəbi əcdadlarındandır. Sonra bildim ki, yox, "One minut" demək istəyir, tələffüzlə yazıb, yəni "Bir dəqiqə!"

Bizim "dissident" və "ərköyün" yazıçımız Şərif Ağayar yenə atmacalarından qalmır. "Aşıq Ələsgərin Gəncə səfəri" dastanının məğzini nəql edib. Sonra məlum oldu ki, bu dastanın müəllifi Aşıq Məhəmməd (Dərya Məhəmməd) olub, Məti Osmanoğlu sağ olsun, rəydə müəllifi qeyd edib. Əgər qeyd etməsəydi, elə bilərdim, dastanı Şərif Ağayar düzüb-qoşub. Axı o, aşıq yaradıcılığından bixəbər deyil...

Dastanı bura yazmaq fikrim yoxdur. Bir-iki kəlmə onu deyim ki, Aşıq Ələsgər Aşıq Mikayılla Göyçəyə gedəndə qara düşürlər. Yetim Əhməd onları nökərçilik elədiyi evə aparır. Məlum olur ki, ağası onun istədiyi qızı gəlin gətirir, amma özünə arvad edir. Aşıq Mikayıl da Ələsgərə təpinir ki, artıq-əskik danışma, bizi qovarlar. Əlqərəz, ağa yaxşı bir məclis düzəldir, Ələsgər bir-iki kinayəli şeir guppuldadır. Aşıq Mikayıl da plovdan, buğlamadan şirin-şirin yeyir. Ələsgər deyir ki, "Razı olmayardın sazı çalmağa, döşə bozartmadan, puloydan indi".

Vallah çox vaxt dastanı aşıqlar nəql eləyir. Bu dəfə bizim Şərif Ağayar nəql elədi. Sözün düzü, heç ləzzət eləmədi, sazsız, yeyib-içməksiz dastan olar? Statusla iş olmur, atam balası...

Statusunun sonunda Şərif Ağayarın məramı aydın olur. Deyir, Ramiz Rövşəni şah-şahalı, dəbdəbəli məclislərdə görəndə Aşıq Mikayıl yadıma düşür.

Elə bu statusun ardınca İlham Tumas od götürdü. Dedi: "Şərif, günaha batma!"

İlham Tumas yazır: "Ramiz Rövşən tək dediyin o "şah-şahalı" məclislərdə yox, gördüyüm, şahidi və iştirakçısı olduğum qədərilə, dəvətimizlə xalqın şəhidinin, qazisinin, yetiminin də məclislərində iştirak eləyib və eləyir. Yaxud, guya özün belə "şah-şahalı" məclislərə dəvət alanda, qəti imtina eləyib "Cəhənnəm olun, siz xalqın qədrini bilmirsiniz, boğazımdan keçməz" deyirsən?!. Xalq şairi Ramiz Rövşənin iştirak etdiyi dəbdəbəli, şah-şahalı qonaqlıqlarda guya sən "bozartmadan, puloydan" döşəmirsən?.. Mühakimə etmə, mühakimə olunarsan, qınama, qınanarsan. Nə atdınsa, özünə qayıdacaq. Bir də İsa deyirdi, kim günaha batmayıbsa, birinci daşı o atsın. Nəhayət, insaf, bir azca insaf!"

Aydın Can da İlham Tumasın paylaşımına bir yekə şərh yazdı, hamısını xırdalamıram. Deyir ki, ən şah-şahalı məclislər Əmircanda həmin o Ramiz Rövşənin ata evində olub, ən bərkgedən şairlərin də pələş qulaqları ordan görsənib...

Dastanlar nikbin sonluqla bitir axı... Niyə Məti Osmanoğlunun kəndlisi Aşıq Məhəmmədin gül kimi mətnini bu günə qoydular?!

***

Baba müəllim, hansı mahnını zümzümə edirsiniz?

Baba Vəziroğlunun mətnlərini ədəbiyyatımızdan çıxarsaq, gərək son dövrlərin ən sevilən mahnılarının bir hissəsini havaya üfürək. Xalqımız Baba Vəziroğlunu sevir və nə qədər o nəğmələr var sevəcəklər də... Baba müəllimi 70 illiyi münasibətilə təbrik edirik. Amma maşallah, cavan görünür...

Prezident İlham Əliyev Baba Vəziroğlunu "Şərəf" ordeni ilə təltif etdi. Təbrikimiz iki qat oldu.

Qulu Ağsəs mənə ərkyana tapşırmışdı ki, "Ulduz" jurnalı üçün Baba Vəziroğludan müsahibə al. Gülə-gülə dedim ki, elə "525" üçün alaram da. Dedi yox, cığallıq eləmə, ideya müəllifi mənəm, yaxşı qonorar da verəcəm. Razılaşdım...

Prezidentin ordenlə bağlı sərəncamının axşamı gördüm Qulu Ağsəs mənə zəng vurub:

- Nadir, suallarının içinə bunu da əlavə elə.

- De gəlsin hər nəyin vardır!

- Baba müəllim, boş vaxtlarınızda hansı mahnını zümzümə edirsiniz?

Yəqin, Baba müəllimin yubiley məclislərinə başı qarışıqdır, gərək, sabah-biri gün zəng edim...

***

Çingiz Hüseynov niyə Rəsulzadənin yox, Nərimanovun obrazını canlandırmışdı?

Yaxın günlərdə Azərbaycanın sevilən yazıçısı Çingiz Hüseynov İsraildə vəfat etdi. Onun haqqında sosial şəbəkələrdə bir çox paylaşımlarla rastlaşdıq. Yazıçı və tədqiqatçı Vaqif Sultanlının statusu isə xüsusi maraq doğurur: "Bu gün dünyasını dəyişmiş böyük Azərbaycan yazarı Çingiz Hüseynovun iki cildlik "Doktor N" adlı tarixi romanı Azərbaycan Cümhuriyyəti (1918-1920) illəri və sonrakı dönəmin hadisələrindən bəhs edir. Əsərdə Məmmədəmin Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqa siyasi şəxsiyyətlərin obrazları canlandırılır. Lakin baş qəhrəman kimi hadisələrin mərkəzinə Nəriman Nərimanov çəkilir. Bir dəfə söhbət zamanı Çingiz müəllimdən Azərbaycan Cümhuriyyəti dönəmindən bəhs edən əsərə M.Ə.Rəsulzadəni deyil, N.Nərimanovu qəhrəman kimi seçməsinin səbəbini soruşdum. Çingiz müəllim belə cavab verdi ki: "Əgər Məmmədəmin Əmin bəyi baş qəhrəman kimi seçsəydim, Azərbaycan xalqının milli mücadilə tarixini canlandırar, ancaq faciəsini verə bilməzdim. Nəriman Nərimanovun taleyi isə Azərbaycan xalqının yaşadığı dəhşətli faciələri canlandırmağa imkan verir".

***

Təzə nə var?

Alpay Azərin "Məhkəməsiz" hekayəsi yayımlandı. "Kulis"in hekayə müzakirəsində ümumi rəy müsbətdi, amma bəzi nüanslar da qeyd olunub. Mirmehdi deyir ki, zənnimcə, Alpay alimin həyatını gerçəkliyi ilə verə bilməyib, sünilik çoxdur, məhkəmə problemi də ciddi görünmədi. O hissələri daha dərindən işləmək olardı. Orxan Həsəni isə, mətnin hekayədən daha çox əhvalat təəssüratı bağışlamasından şikayətlənib.

Təvəkkül Boysunar həmişəki üslubundadır: "İstedadları bu hekayədən zövq almayacaq qədər kasad, xarakterləri isə bu hekayəyə laqeyd qalıb, bundan qat-qat zəif olan hekayələri paylaşacaq və tərifləyəcək qədər qüsurlu və çirkin olan yazıçı həmkarlarımın şərəfinə bu hekayəni feysbukda öz oxucularımla paylaşmaq üçün səbirsizləndiyimi hiss edirəm".

***

Ulucay Akif "Balaca pomidorlar" adlı kiçik nəsə yazıb:

Ulucayın dostu:

- Əkrəm Əylislini oxumayan adam yazıçı ola bilməz!

Ulucay:

- Mən indicə səndən öyrəndim ki, Markez, Hüqo, Tolstoy yazıçı deyil...

Mən isə deyirəm: "Bəlkə Əkrəm də sənin sadaladıqlarını oxumasaydı, yazıçı ola bilməzdi, Ulucay əfəndi..."

***

Vüqar Vanın "Kəramət Böyükçölün "Səs"i niyə pisdir?" adlı yazısı yayımlanıb. Gənc yazıçı dostu barədə yazır: "Kəramətə ən çox tutulan irad budur ki, "onun yazdıqları roman, hekayə yox, statusdur". "Səs" romanını oxuyanda, mənə elə gəldi ki, Kəramət bu iraddan canını qurtarmaq istəyir, yazdıqlarının status yox, bədii mətn olduğunu sübut etməyə çalışır. Buna görə də romanda lazımsız bir tələskənlik gördüm. Bu tələskənlik məni olduqca narahat edirdi, elə bilirdim, Kəramət başımın üstündə dayanıb, dayanmadan deyir ki, "bu, romandır, bu, romandır, bu, status deyil".

Vüqar Van essesinin sonunda yazır: "Mən Kəramətin "Səs" romanının müəllifi olmaq istəməzdim".

Vüqar, elə hamı öz romanının müəllifi olmaq istəyir, istəməlidir... Soruş gör, kimsə sənin "Arxalardakılar" romanının müəllifi olmaq istəyibmi?

***

Bu il "Dünya ədəbiyyatı" dərgisinin yaranmasından 20 il ötür. Bununla bağlı şair Səlim Babullaoğlu paylaşım etmişdi...

***

Hərdən adam əsəbiləşir!

Qismət Rüstəmov ədəbiyyatda ağlasığmaz ideallaşdırma kultuna, Samirə Əşrəf gənc jurnalistə kobud cavab verən tarzənə, Tural Cəfərli "Zövqlər müxtəlifdir" deyənlərə etiraz ediblər...

Mən isə, SSRİ-nin mədəniyyət nazirlərindən olmuş Yekaterina Furtseva kimi adamlara etiraz edirəm. Kərim Kərimlinin paylaşımı:

Deyirlər, Pablo Pikasso hansısa xarici ölkədə beynəlxalq tədbirə gedir. Bunu içəri buraxmırlar ki, sənədinizi təqdim edin. Deyir, yadımdan çıxıb gətirməmişəm, ancaq mən rəssam Pikassoyam. Soruşurlar ki, Pikasso olduğunuzu necə sübut edə bilərsiniz? Bu da bir qələm-karandaş, bir vərəq alıb bir neçə saniyəyə məşhur göyərçinini çəkib qoyur mühafizəçilərin qarşısına. "Bağışlayın, Pablo müəllim!" - deyib kişini buraxırlar içəri. Bir az keçmiş Yekaterina Furtseva gəlir və eyni hadisə təkrar olunur. Xanım deyir ki, pasportum mehmanxanada qalıb, ancaq mən SSRİ-nin mədəniyyət naziri Furtsevayam. Bundan da sübut istəyirlər. "Necə sübut edim?" - deyə xanım nazir soruşur. Cavab verirlər ki, bax, sizdən əvvəl Pikasso gəlmişdi, onu da buraxmırdıq, belə bir üsulla özünü tanıtdı.

- Pikasso kimdir? - deyə Furtseva təəccüblə soruşur.

- Bağışlayın, xanım nazir, buyurun keçin! - deyə nazir xanımı təbəssümlə içəri buraxırlar...

Hazırladı: Nadir YALÇIN

 





15.01.2024    çap et  çap et