525.Az

"Koroğlu"nun Paris nüsxəsi, Qarabağ qayğıları və ötən əsrdə Xansuvar Qasımzadənin Fransa səfəri


 

"Koroğlu"nun Paris nüsxəsi, Qarabağ qayğıları və ötən əsrdə Xansuvar Qasımzadənin Fransa səfəri<b style="color:red"></b>

Ötən əsrin 80-ci illərinin axırları idi. Dünyanın, özəlliklə Qərbin diqqəti sovet rəhbəri M.Qorbaçovun çökməyə istiqamət götürən SSRİ-də apardığı “perestroyka” siyasətində idi. Vaxt o vaxt idi ki, Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Fransada yaşayan ermənilərlə görüş zamanı Dağlıq Qarabağın Ermənistana “qaytarılması” zərurətindən danışmış, uyğun təklifinin sovet rəhbərliyi qarşısında qaldırdığını, məsələnin həllinə ümidvar oluduğunu söyləmiş, bu dedikləri fransız kommunistlərinin məşhur “Humanite” qəzeti vasitəsilə yayılmışdı.

Xansuvar Qasımzadə o zaman Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda “Qərbi Sahara problemi beynəlxalq münasibətlərdə” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək sovetlərin Qərbi Sahara üzrə ilk mütəxəssisinə çevrilmişdi.

Qərbi Sahara münaqişəsi barədə oxucu üçün qısa arayış: Bu, Sahara Ərəb Demokratik Respublikası/Polisario Cəbhəsi və Mərakeş Krallığı arasında davam edən münaqişədir. Polisario Cəbhəsi 1973-1975-ci illərdə İspan müstəmləkə qüvvələrinə qarşı üsyan qaldırmış, ardınca da 1991-ci ilədək Qərbi Sahara bölgəsində Mərakeşlə müharibə aparmışdır. Problem həll edilməmiş qalır. Hazırda Qərbi Saharanın böyük hissəsi Mərakeş hökumətinin nəzarətindədir, Mərakeşin cənub əyalətləri kimi tanınır. Bölgə ərazisinin təxminən 20%-i isə beynəlxalq səviyyədə məhdud sayda ölkələrin tanıdığı Sahara Ərəb Demokratik Respublikasının idarəsi altındadır.

Bu problemi bütün incəliklərinədək bilib yorulmadan maraqlı təhlilləri ilə araşdıran X.Qasımzadəyə Şərqşünaslıq İnstitutunun “Beynəlxalq münasibətlərin kompleks problemləri” şöbəsinin alimləri, SSRİ Xarici İşlər Nazirliyinin 1-ci Afrika şöbəsi, Diplomatik Akademiya və Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da tez-tez müraciət edir, Əlcəzair, Mərakeş, Qərbi Sahara adları çəkilən bütün elmi və praktik tədbirlərə onu göndərirdilər. Sahara Ərəb Demokratik Respublikası rəhbərlərini Moskvaya səfərlərində sovet dövləti tərəfindən o müşayiət edirdi. Ondan problemi araşdırmasına necə və hansı səbəbdən başladığı ilə maraqlananlara bildirəndə ki, mövzuya qardaşının tövsiyəsi ilə girişmişdir, “qardaşın yəqin çox elmli şəxsdir” reaksiyası ilə qarşılaşırmış. Bunu Xansuvar mənə gülə-gülə deyirdi. Mövzunu ona, həqiqətən, mən təklif etmişdim, bilirdim ki, SSRİ-nin siyasi elmlərlə məşğul dairələrində boşluq məhz bu sarıdandır. Bu boşluğu X.Qasımzadə öncə Kiyevin Beynəlxalq Əlaqələr İnstitutunda Diplom işi, daha sonra Moskvada dissertasiyası, çoxsaylı məqalələri və çıxışları ilə doldurur, elmi dairələrdə nüfuz qazanırdı.

Uğurlarını nəzərə alan SSRİ EA onu Fransaya elmi ezamiyyətə göndərir.

Xansuvarın mükəmməl fransızcası vardı, nitqi ilə fransızları heyrətləndirə bilirdi.

Fransaya yola düşməzdən öncə Bakıya, doğmalarına baş çəkir. Atası Qasım Qasımzadə ondan təvəqqe edir: “Qərbi Sahara-filan öz yerində, bəs millət üçün də bir iş gör!”. Sonra sözlərini sifarişə çevirir. Deyir, Ədəbiyyat İnstitunun folklorçuları məlumatlıdırlar ki, Fransada Koroğlu dastanının araşdırılmamış bir nüsxəsi qorunur, onu tapıb gətirsə, əməlli-başlı xidmət olar. Xansuvar o nüsxəni mütləq axtaracağını bildirir, sadəcə axtarışına ipucu üçün atasının tövsiyəsini istəyir. Q.Qasımzadə onu Ədəbiyyat institutunun əməkdaşı, folklorşünas Bəhlul Abdulla ilə tanış edir. B.Abdulla vaxtilə Azərbaycanı ziyarət etmiş Jak Karo isimli bir fransız şərqşünasının telefonunu Xansuvara verir, deyir, həmin şəxs Parisin Milli Kitabxanasında çalışır, bu işdə ona yardım göstərər.

Deməli, qonşularımızın başlatdığı Qarabağ avantürasının azərbaycanlılarda yenicə yaratdığı qəzəb dalğasında Xansuvar bir “millət” tapşırığını da atasından alıb yollanır Fransaya.

SSRİ EA-nı təmsil etdiyinə görə, Parisin nüfuzlu “İnsan Elmləri Evi Fondu” (franslzca abbrevatürü FMSH) elmi ezamiyyətinin uğurlu keçməsi üçün bütün istəklərinin yerinə yetirilməsinə zamin olur. Xansuvarın xahişilə Fransanın nüfuzlu Fiqaro, Le Monde, Humanite qəzetlərinin müxbirləri ilə görüşlərini təşkil edirlər. O müxbirlər ölkə mediasında sovetoloqlar, araşdırmaçı yazarlar kimi tanınmışlar olur. Onları Xansuvarın Qərbi Sahara probleminə baxışları deyil, SSRİ-də perestroykanın ayrıntıları, milli respublikalarda yaranmaqda olan hərəkatlar maraqlandırır. Xansuvar bu kontekstdə hayların torpaqlarımıza ərazi iddialarının mahiyyətindən ətraflı söz açır. Hər belə görüşdən sonra ona açıqca, çəkinmədən deyirlər müsahibəsini dərc etməyəcəklər. Xansuvarın “bəs demokratiya, bəs aşkarlıq?!” sual-nidası havada asılı qalır...

Fransa qəzetlərinin haypərəstliyi onu ruhdan salmır. Parisdə Siyasi Elmlər və Beynəxalq Əlaqələr İnstitutunda, Ərəb Dünyası İnstitutunda və b. təhsil və elm mərkəzlərində mühazirələr oxuyur, görüşlər keçirir. Bu görüşlərinin təfərrüatlarını Parisdə YUNESKO-da çalışan Ramiz Abutalıbovla müzakirə edir. R.Abutalıbov fransız yazarlarının adlarını Xansuvardan eşidincə təəccübünü bildirir ki, o məşhurlarla necə olub görüşə bilib. Nəticəsiz olsa da bu səviyyədə görüşlərin ümumilikdə müəyyən faydası ola biləcəyini deyir.

R.Abutalıbov Xansuvarla Parisdə başqa bir görüşündə ona Timuçin Hacıbəylinin (Ceyhun Hacıbeylinin kiçik oğlu) fransızca yazdığı “Dağlıq Qarabağ problemi” məqaləsinin makinada çıxmış variantını göstərir. Həmin o çap üzü görməmiş məqalədə T.Hacıbəyli hayların ərazi iddialarına toxunur, Qarabağın Azərbaycana məxsusluğunun tarixi-hüquqi sənədlərlə sübutlu təhlilini verir, qonşularımızın Azərbaycan mədəniyyətimizdən etdikləri plagiat faktlarından (əmisi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” və “Arşın mal alan” komediyalarının erməni müəlliflərinin yazılarında guya onlara aid əsərlər kimi təqdim edilməsini və s.-ni ifşa edən faktlardan) bəhs edirmiş. Xansuvar o məqalənin ksero-surətini çıxardıb götürür.

Ertəsi gün elmi ezamiyyətinə himayədarlıq edən Fonddan xahiş edir Marsel yaxınlığında yerləşən Eks an Provans şəhərində “Ərəb və Müsəlman Aləmi üzrə Araşdırma və Öyrənmə İnstitutunda (fransızca abbrevatürü IREMAM) görüşünü təşkil etsinlər. Orada küçələri gəzən Xansuvar sanki İrəvanda imiş kimi hər addımında “erməni genosidi”nin təbliğatı qəbilindən əcayib abidə, anti-türk, anti-azərbaycan şüarlarla rastlaşır. Belə bir mühitdə 30-a yaxın alimin toplandığı məclisdə “perstroyka”dan, bu siyasətin milli respublikalarda doğurduğu millətçilik hərəkatlarından söz salır. Dinləyicilərini məmnun edən çıxışının sonunda xahiş edirlər əsli azərbaycanlı olduğuna görə Ermənistan-Azərbaycan münaqişəsindən daha ətraflı danışsın. Xansuvarın “aranızda erməni varmı?” sualına gülüşərək “yoxdur” deyirlər. Fürsəti fövtə verməyən Xansuvar münaqişənin mahiyyətindən necə elmi, həm də xarizmatik bir tərzdə danışırsa, çıxışını yekunlaşdıranda möhkəm alqışlara tuş gəlir. Bir-bir yaxınlaşıb ona vizit kartlarını təqdim edirlər. Paris Milli Elmi Tədqiqat Mərkəzinin siyasi sosiologiya üzrə fəxri direktoru və Şimali Afrika və Yaxın Şərq İctimai Elmlər Araşdırma Assosiasiyasının Prezidenti Pyer Rober Baduel onu öz evində şam yeməyinə dəvət edir. Şam süfrəsi ətrafında söhbət zamanı Xansuvar çantasından T.Hacıbəylinin məqaləsini çıxarıb ona göstərir və məqalənin Fransada dərcinə ondan yardım istəyir. Yazını vərəq-vərəq nəzərdən keçirən professor Rober Baduel planlaşdırdıqları növbəti kitabda o yazını yerləşdirəcəklərinə söz verir. Vədinə əməl edir. “Le Monde Musulman à l'épreuve de la frontière” (“Müsəlman Dünyası sınaqdan keçir”) adli kitab bir neçə ay sonra çapdan çıxacaq, Rober Baduel kitabı öz avtoqrafı ilə Xansuvarın Bakı ünvanına göndərəcəkdi. Xansuvar da sevinəcəkdi ki, düşmənlərimizin at oynatdığı bir məmləkətdə T.Hacıbəylinin çap etdirə bilmədiyi məqaləsinin dərcinə qısamüddətli ezamiyyətində şəxsən özü nail olmuşdu. R.Abutalıbov Xansuvarın bu fərasətindən də heyrətlənmişdi.

Sonralar taleyinin diqtəsi ilə elmi işlərindən aralı düşüb biznes fəaliyyəti ilə məşğul olan Xansuvar R.Abutalıbovla Parisdə başlatdığı dostluğunu davam etdirirdi. 90-cı illərin əvvələrində bir dəfə R.Abutalıbov Qarabağ həqiqətləri barədə Parisdə kitab çıxarmağın mümkünlüyü barədə ona demiş, maliyyə çatışmazlığı üzündən çapa artıq hazır bir kitabçanı orada mətbəəyə verə bilmədiyindən şikayətlənmişdi. “Azərbaycan Assosiasiyası”nın mərhum prezidenti Elxan Məmmədov bu kitabçaya maliyyə ayrılması ilə bağlı Xansuvarın xahişini nəzərə almışdı. Xansuvar da o zaman üçün az olmayan bir məbləği, 35000 rublu nəqd şəklində şəxsən özü R.Abutalıbova vermişdi. Nəticədə Xansuvarın vasitəçiliyi, E.Məmmədovun səxavəti, R.Abutalıbovun təşkilatçılığı ilə bir neçə belə kitabça Fransada yayılmışdı. Yeri gəlmişkən, E.Məmmədovun başqa xidmətini də buradaca qeyd etməyə bilmirəm: respublikamızın informasiya blokadasında olduğu bir zaman rəhbərlik etdiyi şirkərin maliyyəsi ilə Moskvadan Bakıya bir təyyarə ilə Qərb müxbirlərinin gəlişini təşkil etmişdi ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına vəsilə olsunlar. Mərhum E.Məmmədovun o zaman heç ağlına da gəlməzdi ki, perestroyka dövründə Azərbaycanın ilk biznesmeni kimi etdiyi bu vətənpərlik jestini Moskvanın təhlükəsizlik xidmətləri ona bağışlamayacaq və taleyini torlu, tozanaqlı, dumanlı dolambaclara sürükləyəcək...

Fransa səfərində Xansuvarı bir gün də rahat buraxmayan başqa bir qayğısı atası Q.Qasımzadənin haqqında qeyd etdiyim xahişi ilə bağlı idi. “Koroğlu”nun Paris nüsxəsinin axtarışını səfərinin sonuna saxlayıbmış. Arxayın imiş ki, Bakıda telefon nömrəsini B.Abdulladan götürdüyü Jak Karo ona həmin nüsxənin harada saxlandığını dəqiq deyəcək, o da xüsusi səy göstərmədən hansısa kitabxanada əlyazmanın filmini, ksero-surətini çıxartdırıb Bakıya gətirəcəkdi. Jakla görüş tarixini əvvəlcədən zəngləşib müəyyənləşdirsə də, mətləbinin nə olduğunu deməyibmiş.

Bir daha zəngləşirlər, görüşürlər. Xansuvar xahişini açıqlayır. Bəlli olur ki, Bakıda Jakın telefon nömrəsini Xansuvara çatdıran B.Abdulla bu fransızla sadəcə, necə deyərlər, atüstü söhbət edibmiş və bu fransızın da elmi maraqlarında “Koroğlu” adında bir nəsnə yoxmuş. Söhbət əsnasında Jak Xansuvara yəhudi əsilli olduğunu deyir. Onu da daha çox siyasi məsələlər maraqlandırırmış. SSRİ-də perestroykadan, Ermənistan-Azərbaycan münaqişəsindən söz düşür. Xansuvar görəndə ki, bu fransız həmkarı haylara rəğbəti ilə görüşdüyü yazarlardan heç fərqlənmir, ondan haylara Fransa vətəndaşı, yoxsa yəhudi kimi rəğbətli olduğunu soruşur. Deyir, Qarabağın Azərbaycan ərazisi olduğunu bilir, amma gülə-gülə də əlavə edir, haylara həm fransız, həm yəhudi kimi rəğbəti var. Yəhudi kimi ona görə ki, “erməni genosidi” onun altşüurunda yəhudi holokostu ilə assosiasiya yaradır. Xansuvarın dilxorçuluğunu aradan qaldırmaq üçün onu Mərakeş restoranında nahara dəvət edir. Nahar zamanı ona axtarışını başqa yerdə deyil, məhz əlyazmalarla zəngin Paris Milli Kitabxanasında aparmağı tövsiyə edir.

Xansuvar vaxt itirmədən baş vurur həmin kitabxanaya. Orada onu çətinliklər gözləyirmiş. Kitabxanaçılara nəyi axtardığını izah etsə də, sadəcə deyirlər, kartotekaları ələk-vələk eləsin, vəssəlam. Geriyə dönüşünə bir həftə qalıb, ümid edir fransız, ingilis qaynaqlarında “Koroğlu”nun Paris nüsxəsinə hansısa bir istinad olar. 4 gün ərzində səhərdən-axşamadək saysız-hesabsız kartotekaların içində itib-qalan Xansuvar ruhdan düşmür, elə hey axtarır, axtarır... Onun bu tövrünü sezən kitabxanaçılardan biri təklif edir axtarışını fars dilli kartotekalarda davam etdirsin. Farscanı bilmir, ərəb əlifbasını ki, bilir, ümidlidir, hansısa kartotekada “Koroğlu” sözünə bəlkə rast gələ. İşin gedişatında xeyli sayda M.Ə.Rəsulzadə yazıları ilə rastlaşır, onları da sifariş edir. 5-ci günün sonunda kartotekaların birində “Koroğlu” sözünə rast gələndə, böyründə də fransızca “əlyazma” sözünü oxuyanda gözlərinə sanki işıq gəlir. Dərhal sifariş verir əlyazmanı gətirsinlər. Baxanda ki, gətirdikləri bir yığın kağızdır, ümidi artır. Kağızları diqqətlə nəzərdən keçirərkən şeirləri azərbaycan dilində oxuya-oxuya yəqin edir ki, bu elə onun axtardığı dastan nüsxəsidir. Müəyyən məbləğ ödəyib əlyazmanın ksero-surətini sifariş edir. Gətirirlər. Ona deyirlər, istəsə əlyazmanın mikrofilmini də sifariş verə bilər. Sevincindən uçan Xansuvar tərəddüd etmədən ezamiyyət üçün ona ayrılan məbləğdən 400 frank da ödəyib sifarişini edir. Elə bilir, bu mikrofilm tez hazır olar, nə qədər gözləməli olduğunu soruşur. Deyirlər, iki-üç gündən sonra gəlib apara bilər. Xansuvar da elə iki gündən sonra SSRİ-yə qayıtmalı imiş. Bunu kitabxanaçılara bildirəndə deyirlər, narahat olmasın, mikrofilmi Sovet İttifaqında istədiyi ünvana poçtla göndərə bilərlər. Xansuvarı fikir götürür. Düşünür, xaricdən göndərilən bütün bağlamalar sovet təhlükəsizlik xidmətinin filtrindən keçəndən sonra ünvanlarına çatır, birdən “Koroğlu”nun mikrofilmi həmin filtrdə ilişib qalar, it-bata düşər. Ağlına R.Abutalıbovun Paris ünvanını gətirir, kitabxanaçılara deyir, bir müddətdən sonra göndərilmə üçün onlara lazımi ünvan bildirər.

Gəlir R.Abutalıbovun yanına, “Koroğlu”nun Paris nüsxəsi ilə bağlı nə iş gördüyünü, necə çalışdığını, nəhayət, əlyazmanı necə tapdığını ona təfsilatı ilə danışır. R.Abutalıbovun Parisdə belə bir əlyazma haqqında məlumatı heç yox imiş, Xansuvarı bu tapıntı münasibətilə təbrik edir. Xansuvar ödənişini etdiyi əlyazmanın mikrofilminin itə biləcəyindən narahatlığını da onunla bölüşür, Parisi tərk etməli olduğuna görə mikrofilmi kitabxanadan götürə bilməyəcəyini bildirir. Abutalıbov deyir, kitabxanaya onun ev ünvanını versin, çünki bir ay sonra onsuz da Bakıya getməlidir, mikrofilmi öz çantasında aparar. Xansuvar xahiş edir, mikrofilmi Bakıda Ədəbiyyat institutuna çatdırsın.

Parisdən geri dönən Xansuvar “Koroğlu”nun Paris nüsxəsinin ksero-surətini atası Q.Qasımzadəyə təhvil verir, o da öz növbəsində aparır Ədəbiyyat İnstitutuna, əlyazma surətinin əldə edilməsinə oğlunun töhfəsinə dair təfərrüatları iş yoldaşlarına nəql edir. R.Abutalıbov bir ay sonra Xansuvarın onun Parisdə ev ünvanına göndərtdiyi mikrofilmi Bakıya gələndə Akademiyanın Ədəbiyyat İnstitutuna çatdırır.

Təbii ki, Bakıda ilk sevinən Q.Qasımzadə olur. Xansuvara deyir, “sənin bu xidmətini gərək xüsusi qeyd edək, Ədəbiyyat institutunda yığıncaq təşkil edərəm, gəlib əlyazmanın təqdimatını edərsən, folklorşünaslıqda hadisədir, bu tapıntıya dair dissertasiya yazılacaq, araşdırmalar aparılacaq...”. Xansuvar “sənə təşəkkür etsinlər, bəsimdir, mənim təqdimatıma nə ehtiyac, sahəm də deyil axı...” deyib gözütoxluqla yaxasını kənara çəkir.

...O zamandan çox keçib, 34 il. Dastanın Paris nüsxəsinin nəsr hissəsi farscadır. Bu mətni dilimizə farscadan Qulamrza Budaqi tərcümə etmişdir. 1997-ci ildə Ozan nəşriyyatında, 2005-ci ildə Şərq-Qərb, eləcə də Lider nəşriyyatlarında İsrafil Abbaslının şərhləri və ön sözü, Bəhlul Abdullanın redaktorluğu ilə çapdan çıxmışdır.

Ön sözlərində “Koroğlu” dastanının İran nüsxəsinin Parisə necə getdiyi barədə təfsilatlar yazıldığı halda, “Paris nüsxəsi” kimi məşhurşalan dastan variantının Bakıya necə gəlib çıxdığı barədə ya heç nə yazılmır, ya da çox lakonik bir ifadə keçir: “Dastanın respublikamıza gətirilməsinə yardımçı olmuş Paris Milli Kitabxanasının əməkdaşı Jak Karo, o zaman BMT-nin mədəniyyət məsələləri üzrə şöbəsində (YUNESKO) çalışan həmyerlimiz Ramiz Abutalıbov xüsusi təşəbbüs göstərmişlər”.

Bu ifadənin həqiqətə dəxli olmadığı yuxarıdakı ayrıntılardan aydındır.

O ayrıntıları aydınlıq üçün yazdım: tarixdə nə baş verirsə, olduğu kimi bilinməlidir. Həm də ona görə yazdım ki, Qasım Qasımzadənin Xansuvarın özünə dediyi bu sözlər uzun illərdən sonra ədəbi-elmi ictimaiyyətin də diqqətinə çatsın: “Sənin bu xidmətini gərək xüsusi qeyd edək...”

 





15.01.2024    çap et  çap et