525.Az

Prezidentin Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı növbəti mühüm mesajı


 

​​​​​​​EHTİYATDA OLAN TÜRKİYƏLİ GENERAL YÜCEL KARAUZ: "İLHAM ƏLİYEVİN BU FİKİRLƏRİ ÖLKƏLƏRİMİZİN BİR-BİRİNƏ NECƏ YAXIN OLDUĞUNU BİR DAHA TƏSDİQLƏDİ"

Prezidentin Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı növbəti mühüm mesajı<b style="color:red"></b>

Azərbaycan-Türkiyə münasibətləri unikal xüsusiyyətlərə malikdir. Dünyada ikinci belə oxşar nümunə mövcud deyil. Əlbəttə ki, bu dostluğun, qardaşlığın dərin tarixi kökləri var. Son illər Azərbaycan-Türkiyə münasibətləri yeni müstəvidə, müasir çağırışlara uyğun olaraq daha da inkişaf edərək tarixində ən üst səviyyəyə yüksəlib. Həm iki ölkənin liderlərinin dostluq münasibətləri, həm də xalqlarımız arasındakı möhkəm bağlar bu əlaqələrin güclənməsinə öz töhfəsini verir.

Ölkələrimiz təkcə ikitərəfli deyil, regional və qlobal məsələlərdə də ortaq mövqe sərgiləyir, həmrəylik nümayiş etdirirlər. Bu gün həm Türkiyə, həm Azərbaycan beynəlxalq münasibətlər sistemində aparıcı rola malikdirlər. İkinci Qarabağ müharibəsindən bu yana Bakının Qərbin həyata keçirməyə çalışdığı bütün antiazərbaycan planlarını, ssenarilərini puç etməsi əlbəttə ki, ölkəmizin gücünün göstəricisidir.

Türkiyə həm İkinci Qarabağ müharibəsində, həm ondan sonrakı proseslərdə daim Azərbaycanın yanında olub, özünün siyasi və mənəvi dəstəyini verib. İki ölkənin liderləri mütəmadi olaraq görüşlər keçirir, məsləhətləşmələr aparırlar.

Qeyd edək ki, iki qardaş ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.

İkitərəfli əməkdaşlığın bütün istiqamətlərində, o cümlədən, siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və s. sahələrdə mövcud olan yüksəksəviyyəli əməkdaşlıq dövlətlərimizin maraqlarına da xidmət edir.

Azətbaycanın zəfərindən sonra Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Türkiyədə ötən il fevralda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın ilk olaraq qardaş ölkənin yanında olması, ona bütün dəstəyi verməsi də münasibətlərimizin daha bir göstəricisidir. İki dövlət yaxşı gündə də, kədərli gündə də dərhal bir-birinin yanında olur.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli telekanallara verdiyi müsahibə zamanı ölkəmiz qarşısında hansısa ciddi məsələ dayanarsa, zəng edəcəyi insanın ilk növbədə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması da münasibətlərin səviyyəsindən xəbər verir.

Prezident deyib: “Mən dövlət başçılarının bəzilərini ancaq onların doğum günlərində telefonla zəng edib təbrik edirəm. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur. ...Bu gün prinsip etibarilə mən kimi doğum günü münasibətilə təbrik edirəm, bu mətbuatda var. Məni də kim təbrik edir, onların sayı çox deyil, 4-5 Prezidentdir, mən də 4-5 Prezidentə zəng edib telefonla təbrik edirəm. Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı “525”ə bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri önümüzdəki illərdə də artan sürətlə inkişaf etməyə davam edəcək. Başda müdafiə sənayesi olmaqla, hərbi sahədəki əlaqələr, iqtisadi münasibətlər inkişaf edəcək.

Onun sözlərinə görə, qarşıya iqtisadi hədəflər qoyulub, həmin hədəflərə çatmaq üçün hər iki tərəfin həyata keçirməli olduğu fəaliyyətlər var. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının birgə, bərabər çalışaraq daha da gücləndirilməsinin şahidi olacağıq: “Həmçinin, qarşıdakı dönəmdə bölgədə, Cənubi Qafqazda söz sahibi olmaq, qlobal hadisələrə təsir göstərmək yönündəki fəaliyyətlər anlamında münasibətlərin daha da inkişafı gözlənilir. Bu mənada cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yerli mediaya müsahibə zamanı hansısa ciddi hadisə olacağı təqdirdə ilk zəng edəcəyi şəxsin cənab Ərdoğanın olacağını ifadə etməsi və Türkiyə ilə əlaqədar söylədiyi fikirlər əslində qardaş ölkələrimizin bir-birinə necə yaxın olduğunu bir daha təsdiqlədi. Türkiyə və Azərbaycan eyni ailəyə mənsub bir millətin övladıdır. Türkiyədə də nəsə baş verirsə, Prezident Ərdoğan ilk İlham Əliyevə zəng edir, məlumat verir, birgə koordinasiya həyata keçirilir.  Başqa sözlə ifadə etsək, “ayrılarmı könül candan, Azərbaycan-Türkiyə” fəlsəfəsindən çıxış edərək, keçmişdən bu günə, bu gündən sonsuza qədər Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək, yüksələcək”.

Y.Karauz əlavə edib ki, bu kontekstdə siyasi, hərbi, iqtisadi əlaqələr, eyni zamanda mədəni əlaqələr örnəyi olmayan bir qardaşlıq nümunəsi kimi dünya tarixində qızıl hərflərlə yazılacaq bir dostluq və qardaşlıqdır.

General Ermənistala sülh sazişinin imzalanmasına və buna mane olmağa çalışan qüvvələrə də toxunub. Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsi imzalamaqdan imtina etməsi, prosesi uzatması, həmçinin  üçtərəfli sazişdəki öhdəliklərini yerinə yetirməməsi ilə vəziyyəti mürəkkəbləşdirməyə çalışır: “İrəvan vaxtilə rus sülhməramlıları əvəzinə bölgəyə Qərb qüvvələrini cəlb etməyə çalışırdı. Eyni zamanda öz ölkəsindəki rusiyalı hərbçiləri ABŞ, Fransa kimi Qərb ölkələrinin hərbçiləri ilə əvəz etmək istəyir. Azərbaycan ərazilərinin işğalına 30 il göz yuman, Ermənistanın təcavüzünə rəvac verən qüvvələrin bu gün yenidən zəmanətçi kimi prosesə qoşulmaq istəməsi qəbuledilməzdir. Türkiyə sadəcə olaraq iki dövlətin - Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasının və regiondan kənar ölkələrin bura burnunu soxmamasının tərəfdarıdır. İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların bitməsinə dair üçtərəfli bəyanat imzalanıb. Bəlkə də üç ölkənin iştirakı ilə bir sülh müqavləsi imzalana bilər. Amma ondan xaric nə Fransa, nə ABŞ, nə İran, nə də başqa bir ölkə sülh müqaviləsində Azərbaycan və Ermənistan arasında baş verən proseslərə qarant ölkə ola bilməz. Bu, qəbuledilməz davranışdır. Azərbaycan beynəlxalq hüququn normalarını əsas götürərək torpaqlarını işğaldan azad etdi. İndi vacib olan Cənubi Qafqaza sülhün, dincliyin, sabitliyin gəlməsi, buranın iqtisadi inkişaf məkanına çevrilməsdir. Bunun üçün də problem iki ölkə arasında həll olunmalıdır. Əks halda, itirən tərəf qəti şəkildə Azərbaycan olmayacaq. Ermənistan həqiqətən sülh sazişi imzalamaq istəyirsə, Türkiyə və Azərbaycanla danışmalıdır. Bunu etməsə, maşa dövlət olmaqdan qurtula bilməyəcək, iqtisadi cəhətdən vəziyyəti daha da pisləşəcək, əhalisinin sayı azalacaq, nəhayət bölgədə tək qalaraq marionet dövlət olmağa davam edəcəkdir. Beləliklə də, günü-gündən yoxa olacaq”.

Pərvanə Sultanova

 





15.01.2024    çap et  çap et