525.Az

"Ailəni qoruyub saxlamaq ömürlük bitməyən tədqiqat işidir"


 

KİFAYƏT CƏBİQIZI: "GƏNCLƏR 25 YAŞLARINA QƏDƏR DAHA ÇOX ELMİ BİLİKLƏRƏ YİYƏLƏNMƏYƏ ÜSTÜNLÜK VERMƏLİDİLƏR"

"Ailəni qoruyub saxlamaq ömürlük bitməyən tədqiqat işidir"<b style="color:red"></b>

Cəmiyyətin əsas hissəsini gənclər təşkil edir. Ətrafımızda yüzlərlə heç bir işlə məşğul olmayan, həyatının ən məhsuldar vaxtlarını boş yerə israf edən gənclər görürük. Bu isə bütövlükdə cəmiyyətin problemidir. Oxşar sosial problemlər zaman-zaman narazılıqlara səbəb olur. Fəlsəfə üzrə fəlsəfə doktoru, gender problemləri üzrə beynəlxalq ekspert, sosioloq Kifayət Cəbiqızı ilə bugünkü söhbətimiz də məhz elə gənclərin problemləri ilə bağlıdır.

 

- Kifayət xanım, gənclərin həyatında daha çox hansı problemləri müşahidə etmisiniz?

- Dərs dediyim tələbələr arasında ürəkdən gülən gəncləri az görürəm. Yaxşı və ya pis yaşamalarından asılı olmayaraq, sanki hər kəsin üzündə bir kədər, çiyinlərində bir yük var. Gənclərimiz özlərini həddindən artıq neqativə yükləyiblər. Onlar anlamalıdırlar ki, xoşbəxt olmaq üçün özləri səy göstərməlidilər. Hətta əyləncəli tədbirlərdə, şənliklərdə belə hamı özünə qapanır. Özləri burada olsalar da, beyinləri başqa yerdədir. Əvvəlki illərin tələbələri arasında olan ünsiyyəti indiki gənclər arasında təsadüfi görürük. Bir insanın 3000-5000 virtual dostu olsa belə, həmin kütlə canlı ünsiyyətdə olduğun bir dostunun yerini vermir. Düşünürəm ki, virtual dostlarınla çözə bilmədiyin problemləri canlı ünsiyyətdə olduğun səmimi dostunla üzbəüz oturub daha asan, tez həll edərsən. İndiki gənclər təkcə kədərini deyil, heç sevincini, xoş anlarını da kiminləsə bölüşmək istəmirlər.

- Sizcə, gənclərdə daxili gərginliyi yaradan əsas səbəblər hansılardır?

- Əlbəttə, bunun müxtəlif səbəbləri ola bilər; maliyyə problemləri, ailə məsələləri və s. Lakin mənim müşahidə etdiyim spesifik bir problem var ki, tələbələr arasında bu, daha çox hiss olunur. Hazırda gənclərin yaşadığı ən böyük problemlərdən biri yuxarıda qeyd etdiyim kimi, üzbəüz ünsiyyət problemidir. Ümumiyyətlə, gözəl ünsiyyət bacarığı böyük bir mədəniyyətdən xəbər verir. Dostluq etməyi bacarmaq özü bir fədakarlıqdır. İndiki gənclər çoxu zəhmət çəkməyi sevmirlər. Hər şeyin asanına əl atırlar. Bu da təsadüfi deyil, virtual ünsiyyət hissiz, həyəcansız çox vaxt qeyri-səmimi ünsiyyətdir, çünki burada göz təması yoxdur. Bir çox kütləvi informasiya vasitələri hər bir fəaliyyətin daha asan yolunu gənclərimizə təqdim edir. Məsələn, asan yolla çox pul qazanmaq... Müasir gənclərin əsas hədəfi qısa yolla daha tez pul qazanmaq və məşhurlaşmaqdır.

- Tələbələriniz arasında həm də bölgələrdən gələn gənclər var. Şəhər mühitində böyüyən gənclərlə onlar arasında fərqlilik görürsünüz?

- Əvvəlki illərlə müqayisədə çox az fərqlilik nəzərə çarpır. Son iki onillikdə bu fərqliliklər azalıb, yox səviyyəsindədir, şəhər mühitinə tez inteqrasiya olurlar. Davranışlarındakı cüzi fərqlər də bir neçə ay ərzində yoxa çıxır. Müasir dünyamız elədir ki, dünyanın o başında baş verən bir olay və ya yenilik saniyələr sonra dünyanın bu başına yayılır. Son dövrdə gənclərin xarici görünüşlərində və ya davranışlarında elə də fərqlilik gözə dəymir.

- Son dövrlər ailələrdəki gərginliklərin səbəbləri nədir?

- Ölkəmizdə əsrlərlə formalaşan bir ailə institutu mövcuddur. Ailə üzvləri arasında oturuşmuş bir əmək bölgüsü vardır. İllər əvvəl kişinin görə biləcəyi bir işi indi ya texnika yerinə yetirir, ya da elə qadının özü görür. Ailə üzvləri arasında genderə görə əmək bölgüsündə baş verən dəyişikliklər ailədə münaqişə yaradır. "Ənənəvi vəzifələrini" yerinə yetirməyən cütlüklər yola getmirlər, çox vaxt da bu konfliktlərin sonu boşanma ilə bitir. Əlbəttə, başqa səbəblər də mövcuddur. Hər bir dövrün öz tələbləri var. Bir çox təhsilli müasir qadınlar öz ayaqları üstündə durmaq istəyir və bundan ötrü həm çox oxuyur, həm də çox işləyirlər. Bu da ailədaxili problemlərə gətirib çıxarır. Karyelarında ucalmaq üçün sərf etdikləri enerji ailəyə sərf etdikləri enerjini üstələyir. Bu da ailədaxili konfliktlərə yol açır. Əlbəttə, bu yeni tipli ailələr də mövcuddur. Belə ailələrdə paritetliyə daha çox önəm verirlər və bir-birilərinə dəstək olurlar. İkinci tip ailələr nisbətən az təhsilli gənclərdir. Belə ailələrdə daha çox ənənəvi ailə modeli olur və iş bölgüsü illərin təcrübəsinə söykənir. Ailə-məişət işlərinin çoxunda qadın, ictimai sektorda isə kişi aktiv olur. Onlar ailə qurmağa tələsmirlər və ailə qurandan sonra belə öz hədəflərinin arxasınca getməyə can atırlar. Təəssüf ki, hələ də kişilərin çoxu həyat yoldaşını itaətkar görmək istəyirlər.

- Qadınlar karyera istəklərini həyata keçirmək və eyni zamanda ailə qayğılarının öhdəsindən gəlmək üçün nə etməlidilər?

- Ailənin dəstəyindən çox şey asılıdır. Müasir dövrdə ev işlərini görmək elə də çətin deyil. İnanmıram ki, bunları yerinə yetirmək onların karyeralarına mane olsun. Bundan ötrü ailədə cütlük razılığa gələ bilər. Vaxtın düzgün bölünməsi ən önəmli məsələdir. Asudə vaxtı ailə üzvləri ilə birlikdə keçirmək çox önəmlidir. Ailə birlikdə səyahət etməli, qohumlarla, dostlarla görüşməli, birlikdə film izləməli, oyun oynamalıdır. Ev işləri ailə üzvləri arasında ədalətli şəkildə bölünməlidir. Sadəcə vaxtı sağlam şəkildə idarə etmək lazımdır. Gənclik elə bir dövrdür ki, hər gün inkişaf olmalıdır. Produktiv keçirilən dövr hər zaman bəhrəsini verir. Öz-özünə sual verməlisən: "Mən dövrlə ayaqlaşmaq üçün nələr etməliyəm?" Qazandığın var-dövlət bitir, tükənir, qazandığın elm, bilik hər zaman səni qabağa aparan investisiyadır. Ailəni qoruyub saxlamaq ömürlük bitməyən tədqiqat işidir. Ailəni yaşatmaq fədakarlıq istəyir.

- Necə düşünürsüz, ölkəmizdə yaşayan gənclər daha çox Qərb düşüncəsinə uyğun davranırlar, yoxsa Şərq? 

- Nə Qərb, nə də Şərq düşüncəsi ilə razılaşıram. Universal bir düşüncə olmalıdır. Buna qızıl orta deyirik. Bəzən Qərb deyəndə ağıllarına tamamilə azadlıq, kiməsə hesab vermədən yaşam tərzi gəlir. Bu, belə deyil. Harada yaşamağından asılı olmayaraq, gənclik dövrü ömrümüzün qızıl dövrüdür. Ölkəmizdə tələbələrin bəzən elm öyrənmək yox, əyləncə ardınca getmək cəhdlərini müşahidə etmişəm. Avropanın müxtəlif universitetlərində olmuşam. Universitet tələbələrinin gözü dərsdən başqa heç nə görmür, kitabxanadan çıxmırlar. Universitetdə təhsil aldıqları dövrdə həftənin beş gününü o qədər çox oxuyurlar ki, ətrafdan tam təcrid olurlar. Bununla yanaşı, həftəsonu gözəl istirahət etməyi də bacarırlar. İstirahət tərzləri də sağlamlıqlarına xidmət edir. Ümumiyyətlə, gənclər 25 yaşlarına qədər daha intensiv şəkildə elmi biliklərə yiyələnməyə üstünlük verməlidilər.

Havar ŞƏFİYEVA

 





15.01.2024    çap et  çap et