525.Az

Tarixə ehtiramla, elmə hörmətlə... - Abid Tahirli yazır


 

Tarixə ehtiramla, elmə hörmətlə... - <b style="color:red"> Abid Tahirli yazır</b>

Bu günlərdə Azərbaycan Dillər Universitetində Eldar Əzizovun  "Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri" kitabının müzakirəsinin keçirilməsi  haqqında KİV-də dərc olunan bir xəbər diqqətimi çəkdi. Məsələnin aktuallığını, problemlə tanışlığımı və bu barədə vaxtı ilə mətbuatda (bax: Abid Tahirli. "Difai-təcavüz və terrordan müdafiə" "525-ci qəzet", 26 may 2001-ci il) bu mövzuda yazdığımı nəzərə alaraq, adı çəkilən kitaba münasibət bildirməyi qərara aldım.

İxtisasca tarixçi olan Eldar Əzizovun "Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri" kitabının (Bakı - 2009. 364 səh.) "Giriş"ində müəllif   SSRİ-nin süqutundan sonra "epoxal", "gözlənilməz", "sensasiyalı" hadisələrin baş verdiyini qeyd edir və yazır: "SSRİ dağılandan sonra postsovet məkanında yaranmış yeni dövlətlərin xalqları öz tarixini yenidən dərk etməyə ehtiyac duyurdular". Müəllifin haqlı qənaəti yeni sual doğurur: Bəs bu ehtiyac, tələbat yeni dövrün tələblərinə uyğun kifayət qədər ödənilirdimi? Açığını desək, səmimiyyətlə etiraf etsək, yox! Bunun obyektiv və subyektiv səbəbləri vardı. Onların bir qismi aşağıda qeyd etdiyim şəraitdən qaynaqlanırdı:

- 1986-cı ildə SSRİ-də yenidənqurma, "perestroyka" dövrü başlanandan az sonra mənfur erməni qonşular növbəti dəfə xəyanət yolunu tutdular, torpaqlarımıza göz dikdilər, himayədarlarının maddi, mənəvi dəstəyi ilə separatçılar, Dağlıq Qarabağda yenidən baş qaldıran quldur xislətli qəbilə azərbaycanlıları əzəli və əbədi torpaqlarından didərgin saldı, mülklərini, sərvətlərini taladı, yandırdı, yüz minlərlə qaçqın evsiz-eşiksiz qaldı, maddi-mədəni, tarixi, dini abidələrimizi, şəhər, kənd və qəsəbələrimizi, elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrini yerlə-yeksan etdi, viran qoydu, xarabazara çevirdi, körpə, uşaq, qadın, xəstə, qoca demədən azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər, cinayətlər, soyqırımı törətdilər;

- respublikada yaranmış ictimai-siyasi, sosial-iqtisadi mühit əhalinin bütün təbəqəsini, o cümlədən, elm adamlarının fəaliyyətini iflic vəziyyətinə salmışdı;

- müstəqilliyin ilk illərində daxili və xarici pozucu, düşmən  qüvvələr ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdılar;

- tarixlə məşğul olan həvəskarlar eyforiyaya qapılır, arxiv sənədlərinə və mənbələrinə istinad etməkdənsə, fantaziyalarına güc verir, bəzən arzularını reallıq kimi təqdim edir, peşəkarların əksəriyyəti isə sovet düşüncə tərzinin, kommunist ideologiyasının buxovlarından xilas ola bilmir, nəticədə həqiqətlər təhrif olunurdu.

Yalnız Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən, daha sonra - 2003-cü ildən isə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən etibarən respublikamızda bütün sahələrdə olduğu kimi, elmin, o cümlədən, tarix elminin inkişafı istiqamətində də dönüş, dirçəliş və yeni mərhələ başlandı. Haqqında bəhs etdiyimiz kitabda E.Əzizov toxunduğu problemin aktuallığını əsaslandırakən bu prosesi də tarixi-xronoloji baxımdan ardıcıl, obyektiv izləyib, düzgün dəyərləndirib.

Əsərdə diqqətimi çəkən bir mühüm cəhət də Eldar Əzizovun "Difai" təşkilatı, onun yaranması, rəhbərliyi, fəalları, fəaliyyəti, şöbələri barədə fikir yürüdərkən  etibarlı arxiv sənədlərinə, mötəbər mənbələrə, tarixi faktlara diqqətlə yanaşması, mövzu ilə bağlı  mövcud materiallara yerli-yerində istinad etməsi, onlara ədalətli, obyektiv və elmi münasibət bəsləməsidir.

Yeri gəlmişkən bir məsələni qeyd etməyi lazım bilirəm. Xalqımızın tarixində və taleyində misli görünməmiş erməni vəhşiliklərinin əsl mahiyyəti, mənzərəsi on illər boyu gizlədilmiş, saxtalaşdırılmışdı. Sovet rejimi, kommunist ideologiyası bir tərəfdən tarixin təhrif edilməsinə, qərəzli qələmə alınmasına rəvac vermiş, digər tərəfdənsə, xəstə erməni təxəyyülünün, məkrli erməni təbliğat maşınının işləməsinə göz yummuşdu. Nəticədə üzdəniraq "partiya və dövlət xadimi, alim, pedaqoq, kommunist və vətəndaş" (Henri Azadyan) Con Kirokosyanın "Gənc türklər tarixin məhkəməsi qarşısında" (Yerevan, "Ayastan" nəşriyyatı, 1986-cı il) kimi cızmaqaralar kütləvi tirajlarla nəşr olunmuş, milyonlarla insanı yalanlarla məlumatlandırmış, əsl həqiqətlərdən elmi ictimaiyyətin diqqətini yayındırmış, ermənilərə qarşı regionda ardıcıl şəkildə genosid həyata keçirildiyi, Bakıda və Azərbaycanın digər bölgələrində onlara divan tutulduğu həyasızcasına qeyd olunmuş, qatillər - erməni terrorçuları, başkəsənlər, qaniçənlər, o cümlədən, cəllad Andronik isə "xalq qisasçıları" adı ilə təqdim və təbliğ olunmuşdu. Bu bəladan xilas olmaq çarəsini axtaranlar, eləcə də Əhməd bəy Ağaoğlu kimi nəhəng tarixi şəxsiyyət isə haqsız yerə ittiham edilmişdi.

Eldar Əzizovun qələmə aldığı kitabla bağlı fikrimizi davam etdirərək bildiririk ki, əsər "Giriş", "XX əsrin əvvəlində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri", "1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişəsi "Difai" partiyasının yaranmasının əsas səbəbi kimi", "Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı", "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti", "Nəticə", "Əlavələr", "İstifadə edilmiş ədəbiyyatın siyahısı"ndan ibarətdir və struktur, dil-üslub, metod baxımından sanballı, dolğun elmi əsərdir.

Problemin tədqiqi tarixi və araşdırılması vəziyyətindən bəhs edən müəllif sovet tarixşünaslığında məlum səbəblər ucbatından 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişəsinə həsr edilmiş fundamental araşdırmaların olmadığını, mövzuya dair az da olsa, rast gəlinən əsərlərin sovet ideologiyasının güclü təsiri altında yazıldığını vurğulayır və Z.İbrahimovun, V.Səmədovun, Q.Mustafayevin tədqiqatlarının müsbət və qüsurlu cəhətlərini obyektiv dəyərləndirir. Erməni-azərbaycanlı qarşıdurmasının səbəbləri barədə, "Difai" təşkilatı  haqqında E.Əzizov Əhməd Əhmədovun, A.Ağalarovun, V.A.Lernerin, Məmməd Səid Ordubadinin, Mir Möhsün Nəvvabın, A.F.Mayevskinin, Tadeuş Svetoxovskinin, Odri Alştadın və başqa müəlliflərin elmi, publisistik əsərlərini, arxiv materiallarını nəzərdən keçirir, təhlil edir, müqayisələr aparır, münasibət bildirir.

Kitabda diqqətimizi çəkən məqamlardan biri də E.Əzizovun mühacirət irsindən, onun tədqiqatçılarının ərsəyə gətirdiyi əsərlərdən yerli-yerində, məharətlə bəhrələnməsidir. Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Nağı Şeyxzamanlının, Hüseyn Baykaranın əsərlərində "Difai" Partiyasının təşəkkülü, fəaliyyəti ilə bağlı məqamlara diqqəti çəkən E.Əzizov qeyd edir ki, həmin müəlliflərin irsində XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, erməni-azərbaycanlı münaqişələrinin səbəbləri, siyasi partiyaların yaranması məsələləri ətraflı işıqlandırılıb.

Əsəri maraqlı edən xüsusiyyətlərdən biri də Eldar Əzizovun erməni-azərbaycanlı münaqişələri barədə erməni tarixşünaslığının, "Daşnaksütun" Partiyasının irəli sürdüyü çürük, saxta, qərəzli və qondarma müddəaları tutarlı dəlillərlə, təkzibolunmaz faktlarla, tarixi sənədlərlə alt-üst etməsidir.

Tarixə ehtiramla, elmə hörmətlə qələmə alınmış bu əsərin fərqli və üstün keyfiyyətlərindən biri də odur ki, "Difai"nin qurucuları, Partiyanın Mərkəzi Komitə üzvləri, partiya üzvləri, fəalları, təbliğatçıları, döyüş drujinaları, onların sayı, partiyanın qəza, şəhər şöbələri barədə, eyni zamanda "Difai"nin davamçısı, 1907-ci ildən fəaliyyətə başlayan "Qarabağ Birlik Məclisi", onun strukturu, proqramı, rəhbərləri, səlahiyyətləri  ilə bağlı daha geniş bəhs edir. Coşqun, fədakar fəaliyyəti ilə  tarixdə silinməz iz qoymuş  Əhməd bəy Ağaoğlu, Qarabəy Qarabəyov, Məmmədhəsən Hacınski, İsa bəy Aşurbəyov, Ələkbər bəy Rəfibəyov, Behbud Cavanşirski, Ələkbər və Ələsgər Xasməmmədov, Nağı Şeyxzamanlı və başqa tarixi şəxsiyyətlər haqqında kitabdakı məlumatlar böyük maraq doğurur. Əsərin müəllifi üçün toxunulan mövzu həm də, o cəhətdən doğma və diqqətçəkicidir ki, "Difai" partiyasının "Qarabağ Birlik Məclisinin" rəhbəri Eldar Əzizovun yaxın qohumu, ixtisaca alitəhsilli həkim, Qarabağın nüfuzlu ictimai xadimi Kərim bəy Mehmandarovdur.

Tarix elmləri doktoru, Əməkdar elm xadimi Süleyman Əliyarlı ilə tarix elmləri doktoru Sevda Süleymanovanın kitab haqqında birgə yazdıqları "XX əsrin başlanğıcında erməni təcavüzü haqqında yeni tədqiqat əsəri" adlı məqalədə (Bakı Dövlət Universiteti, Tarix və onun problemləri", № 3, 2009, s.433-435) müəlliflər istifadə edilmiş mənbələrlə, istinaddan kənarda qalmış bir sıra araşdırmalarla bağlı bəzi qeydlər etsələr də, onların yazdıqları kimi, "hələ də aktuallıq kəsb edən erməni-azərbaycanlı münaqişəsinin tarixinə həsr edilmiş belə bir tarixi sənədli kitabın Azərbaycan türkcəsində və rusca nəşr edilməsi böyük önəm daşımaqdadır. Eldar Əzizovun əsərinin tarixşünaslıqda öz layiqli yerinin tutacağına tam əminlik bildiririk".

 





16.01.2024    çap et  çap et