525.Az

"Su pərisi" - "Bir rəsmin dedikləri"


 

"Su pərisi" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəfa Dadaşovadır. Onunla tanınmış rus rəssamı Andrey Alekseyeviç Şışkinin "Su pərisi" əsərindən danışmışıq.

Andrey Alekseyeviç Şışkin 1960-cı ildə Moskvada anadan olub. Şışkin yaradıcılıq dövründə gözəlliyi, xarakteri, insan ruhunun dərinliyini göstərən yüzlərlə portret çəkib. Rəssam orijinal portretlərlə bərabər, mənzərə, natürmort, janr rəngkarlığı ilə də məşhur olub. Onun əsərlərində slavyan tarixi, mifologiyası, büdpərəstlik politeizmi, dastanlar xüsusi yer tutur. Rəssam sifarişlə işləyir və əsərlərini internet vasitəsilə satır. Andrey Şışkinin əsl çağırışı real akademik rəsmdir.

 

- Şəfa xanım, "Su pərisi" kimi klassik bir mövzudan danışırıqsa, mifoloji detallardan başlamaq daha maraqlı olar. Ümumiyyətlə, rəssamlıq tarixində bu obraz necə mənalandırılır?

- Uzun əsrlər boyu su pərisi təsvirləri rəssamların təxəyyülündə xüsusi yer tutub və onlardan bəziləri öz rəsmlərini bu varlıqlara həsr edərək şedevrlər yaradıblar. Bu mifik varlıqlar müxtəlif mədəniyyətlərdə fərqli obrazlara malikdir. Qərb mifologiyasında onlar nəhəng balıq, uzunsaçlı, ecazkar səsə malik, dənizçiləri şirnikləndirərək dənizə aparan gözəllərdir. Slavyan mifologiyasında isə su pərisi yazın başlanğıcında çaylardan və göllərdən çıxan, sulara, meşələrə, tarlalara sahib olduğuna inanılan varlıqlar idi. Slavyanların təfəkküründə su pəriləri evlənməzdən əvvəl intihar edən qızlar, vəftiz olunmayanlar, valideynləri tərəfindən lənətlənən uşaqların ruhlarıdır. Slavyan mifologiyasında bu varlıqlar solğun dərili, qeyri-mütənasib uzun qolları olan, yaşımtıl saçlara malik qızlar idi. Müasir rus rəssamı Andrey Şışkinin sözügedən əsəri tamaşaçıya gölün kənarında romantik gecə mənzərəsini göstərir. İki cazibədar su pərisi yaraşıqlı bir gənci özləri ilə aparmağa çalışır. Bu tabloda təbiət baş rolda yer alır. Məkanımız göldür. Emosional anların və romantikanın ən mühüm vasitələrindən biri olan ayın işığı, gölün üzərində əks olunaraq parıltı yaradıb. Su pəriləri sanki təbiətlə bütünlük təşkil edir.

- Əsərin rəng həlli necədir?

- Rəssamın əsərləri boş və mənasız parlaqlıqdan məhrumdur. Tablodakı rənglərin ahəngi təsvir olunan süjetin mənasını və dərinliyini qiymətləndirməyə kömək edir. Su pərilərinin saçlarında çəhrayı gül çələngləri var. Buradakı detallar dərin rəmzi məna ifadə edir. Gölün üzərində nilufər çiçəkləri və yarpaqları işlənilib. Bəyaz nilufərlər saflıq və məsumiyyəti təmsil edir. Bu bitki həm də buddist mədəniyyəti ilə əlaqələndirilir. Daha çox etnoqrafik xüsusiyyətləri gəncin geyimində tapmaq olar. Şərq slavyanlarına aid dizə qədər zərif işləməli alt geyimi, tünd rəngli, qızılı naxışlanmış daha universal xarakterdə isə üst geyimi təsvir olunub.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Kompozisiyanın ön planında - gölün sahilində bədəninin yarısı gölün üzərində olan su pərilərindən birinin fiquru tam təsvir olunub. Rəssam mavi gözlü, dik buruna malik, sarışın, uzun saçları olan, füsunkar qadın obrazı yaradıb. Su pərisinin əynində çiyinlərindən sürüşüb düşmüş bəyaz paltar var. O, əllərini gəncə doğru uzadaraq ardınca getməyə razı salmaq istəyir. Digər su pərisi isə sanki qızın dediklərini təsdiqləyir. Su pərilərinin qarşısında dayanan, sol əli ilə gölə yıxılmamaq üçün bitkinin budağından yapışan yaraşıqlı gəncin qısa, dalğalı saçları alından baş bandı ilə bağlanıb. Digər əlini bükmüş vəziyyətdə önə doğru uzadıb. Cavan oğlan sanki su pəriləri ilə gedib-getməmək arasında qərarsız qalaraq tərəddüdlə onları dinləyir. Rəsmin ön və arxa planı yaşıl bitki örtüyü ilə işlənib. Su pərilərinin bədəninin bir hissəsi suyun içərisində görünmür. Rəssam burada yaşıl rəngin açıq və tünd tonlarından istifadə edib. Əsər realizm üslubunda işlənilib. Rəsmdə işıq və kölgədən ustalıqla istifadə olunub.

- Tablo hazırda harada saxlanılır?

- Ölçüləri 60x80 sm olan, yağlı boya ilə kətan üzərində sifariş əsasında işlənilmiş bu əsər hazırda şəxsi kolleksiyada saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bəzi xalqlarda su pərilərinin gənc və gözəl olduqlarına inanılırdı. Digərləri isə onların yaşlı, çirkin qadınlara bənzədiyini düşünürdü. Bütün bu miflərə baxmayaraq, Andrey Şışkin su pərisini çox gözəl qadın obrazında təsvir edib. Amma onlar heç də məsum deyil. Əgər o gənc su pərilərinə inanıb onların arxasınca getsə, bədbəxt qurbanlardan birinə çevriləcək.

Aytac SAHƏD

 





17.01.2024    çap et  çap et