525.Az

"Molla Nəsrəddin"in və "Şərq qapısı"nın "Bisavad"ı kimdir?


 

"Molla Nəsrəddin"in və "Şərq qapısı"nın "Bisavad"ı kimdir?<b style="color:red"></b>

Günel ƏSGƏROVA
AMEA Naxçıvan Bölməsinin elmi işçisi

 

(Əvvəli ötən sayımızda)

XX əsrin əvvəllərində Naxçıvanın mədəni həyatında, o cümlədən, teatr işinin təşkilində, müxtəlif klub və dərnəklərin fəaliyyətə başlamasında, oxucuların kitab tələbatının qarşılanmasında, bir sözlə ədəbi-mədəni mühitin formalaşmasında bir canlanma özünü göstərirdi. Görülən bu işlərin müsbət nəticələri də, nöqsanları da qəzetin səhifələrində işıqlandırılırdı. "Bisavad"ın qəzetin 1924-cü il tarixli 41-ci nömrəsində dərc olunan "Teatro və musiqi" sezonunun bağlanması" adlı məqaləsinin tənqid hədəfində Kazım Ziya dayanır. Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin sədri Vahab Həsənzadə tərəfindən Naxçıvan teatrında işə dəvət olunması və onun bu işə laqeyd münasibətindən bəhs olunur: "Naxçıvan Xalq Maarif Komissarı yoldaşı Vahab Həsənzadə Mərkəzi teatronun halını yüksəltməkdən ötəri Bakıdan bir nəfər Kazım Ziya adında Bakı artistlərindən Naxçıvana gətirib bir ildə 200 manat maaşa müqavilənamə bağlamışdır. Hansı məbləğdən və hansı büdcədən verəcək, onu da özü bilir. Yoldaş Kazım Ziya gərək heç olmasa ayda dörd teatro verib teatronun aktyor və həvəskarların  nöqsanlarını rəf etmək üçün müntəzəm surətdə repertuar düzəldib öz bildiyindən aktyorlar və həvəskarlara öyrədə və teatro işlərini qanuna sala idi. Heyf olsun ki, yoldaş gələn günlərindən 12 gün aktyorların və həvəskarların ciddiyətindən sonra bircə müsamirə verib, o vaxtdan gedib əyləşib Ordubadda ki, sezon bağlanmışdır. Dəxi onu düşünməyir ki, Naxçıvana nə sezon? İl başa-baş Naxçıvanda sezon bağlıdır. Bu az müddətdə həmin teatroya çox müdirlər və rejissorlar təyin olunubdur. Onların bərəkətindən həmişə Naxçıvanda teatro vermək məsələsi ortaya gəldikdə müdir sezonun bağlı olduğunu qabağa atıb və yoldaş Kazım Ziya gələn gündən böylədir".

Göründüyü kimi, Naxçıvanın qabaqcıl fikirli ziyalıları təkcə sosial-iqtisadi məsələlərin deyil, həm də Naxçıvanın mədəni inkişafı ilə bağlı problemlərin də aradan qaldırılmasına çalışırdılar. "Bisavad" bu yazısında qonşu ölkələrdə teatr sahəsinin gündən-günə inkişaf etdiyi halda, Naxçıvan və Ordubadda isə sıxışdırılıb aradan çıxarıldığını "İl başa-baş Naxçıvanda sezon bağlıdır" deyərək tənqid edib. Sovet dövründə yeni fəaliyyətə başlamış qəzetdə belə tənqidi yazılara yer verilməsi olduqca əhəmiyyətli hadisə idi. "Şərq qapısı"nın səhifələrində yer alan bu tipli materiallar Naxçıvan ədəbi-mədəni mühitinin inkişafındakı nöqsanların aradan qaldırılmasına müsbət təsir göstərmişdi.

Qəzetin 1925-ci il tarixli 52-ci nömrəsini nəzərdən keçirərkən görürük ki, həmin dövrdə ziyalıların mübarizə etdiyi əsas məsələlərdən biri də bütün idarələrdə işlərin türk dilində aparılmaması idi. Xüsusən də yerli idarələrə əcnəbilərin rəhbərlik etməsi dil bilməyən əhaliyə iki qat əziyyət olduğundan "Bisavad" "İdarələrimiz türkləşməli, ya ruslaşmalı?" adlı məqaləsində həyata keçirilən ruslaşma siyasətinə qarşı çıxır və idarələrdə işlərin türk dilində aparılması vacibliyini irəli sürərək yazırdı: "Ölkəmizdə idarələrin türkləşməsi məsələsi üstündə çoxdan bəri götür-qoylar edilir. Fəqət bu yolda atılan hər bir addımın əks nəticə verdiyi göz qabağındadır. Bu xüsusda mərkəzi idarələr tərəfindən dəfəat ilə qətnamələr qəbul edilib ki, İdarələrimiz türkləşməklə kəndçilərimizin işi asanlaşdırılsın. Ərizə vermək istəyən bir yerli kəndçi artıq öz dilində yazdırıb versin. Əfsus ki, bunların heç biri həyata keçirilməmişdir. Kəndçilərdən bəzisi birdən savadsız olduğu üçün öz dərdini zəbani olaraq demək istədikdə gərək yanınca bir tərcüman da gətirsin ki, idarə başında duran ilə danışa  bilsin. Hələ idarə başında duran türkcə bilməsə eybi yoxdur. Dərd burdadır ki, kiçik və ən kiçik qulluqçular belə təmiz türkcə bildikləri halda kəndli ilə rusca danışırlar ki, nə var ağanın başını ağrıtmasınlar: bu növ işlərdən kəndçilərin ən çox işləri düşən kənd təsərrüfat bankasından daha çox-çoxdur. İndi gəlin görək öz dilində belə savadsız olan kəndli başına nə daş salsın, dərdini necə desin?

Türkləşdirmə komissiyonu bir kənd təsərrüfat bankının qapısından baxsa, çox yaxşı olar".

"Şərq qapısı"nın 1926-cı il 32-ci nömrəsində "Bisavad" imzalı yazıda göstərilir ki, Aza və Cəhri kəndində, iki aydan artıqdır, işçilərin "haqları verilmir", onlar məzuniyyət pulunu ala bilməməkdən şikayətlənirlər: "Naxçıvan Mərkəzi İcrayə Komitəsinin axırıncı dairə ictimaiyyətinin qərarı mocibincə Aza və Cəhri dairə İcraiyyə Komitələri ləğv edilmiş olduğundan həman dairələrdə xidmət edən xidmətçilərdən, vəzifələrdən çıxarılmışlardır. Bu məsələdən 2 aydan artıq bir müddət keçməsinə baxmayaraq çıxarılanların məzuniyyət haqqı, çıxış paraları hələ də indiyə qədər verilməmişdir".

Sonra müəllif işçilərin şikayətinə baxılmadığını, daxili işlər komissarlığı və maliyyə idarəsindən onlara "bu paraları almağa" haqları olmadığı deyildiyini bildirir: "Cəhri dairəsindən çıxarılan 7 nəfər xidmətçi 15 gün tamam dolanaraq Tumbul dairə İcraiyə Komitəsinə, daxili işlər komissarlığına və maliyə idarəsinə müraciət etmişlərdir. 15 gün gedib gələndən sonra onlara cavab verilmişdir ki, siz seçki ilə seçildiyinizə görə bu paraları almağa haqlı deyilsiniz. Halbuki zəhmət qanununda böylə bir şey göstərilməmişdir. Aza dairəsində olan xidmətçilərin bir qismi qabaqcadan işi bildiklərinə görə öz tədarüklərini də görmüşlər. Orada haqqını almayan yalnız İcraiyyə Komitəsinin katibi elə məhəlli komitə katibidir. Hər halda lazımi idarələr bunların halına fikir verərək xidmətçilərin haqqını verməkdə "qənaət" etməməlidirlər".

.

Əkbər Abbasov

Məqalədə "Bisavad" imzalı müxbirin bütün yazılarına yer vermək mümkün olmasa da, onun "Şərq qapısı" qəzeti və "Molla Nəsrəddin" jurnalındakı bəzi məqalələrini müqayisə etdikdə, aydın olur ki, müəllifin ifşa xarakterli yazılarının tənqid hədəfində əsasən Naxçıvan dövlət idarələrindəki vəzifə sahibləri və onların qanunsuz işləri dayanır. "Bisavad"ın nəzər yetirdiyimiz yazılarının təhlili göstərir ki, o öz dövrü üçün aktual olan problemlərə toxunmuş və nöqsanları oxucuların diqqətinə çatdıra bilmişdir. Müəllif sadəcə nöqsanları bildirməklə kifayətlənməmiş, onların həll edilməsi vacibliyini də vurğulamışdır.

Həmin dövrdə bəzi müxbirlər "Bisavad" imzasıyla müxtəlif mətbu orqanlarda çıxış etsələr də, "Şərq qapısı" qəzeti və "Molla Nəsrəddin" jurnalındakı bu imzanın Ə.Abbasova mənsubluğunu qeyd etməyə bəzi mənbələr bizə əsas verir.

“Şərq qapısı” qəzetinin 1930-cu illərdəki əməkdaşları və müxbirləri

Beləliklə, yuxarıda qeyd etdiklərimizə istinadən, vaxtilə "Şərq qapısı" və "Molla Nəsrəddin" jurnalında dərc edilmiş məqalələrin dil, üslub və ideya baxımından oxşar olması, o cümlədən, məqalələrdə əsasən Naxçıvandakı hadisələrdən bəhs edilməsi, həm də filologiya elmləri doktoru Fərman Xəlilovun "Cəlil Məmmədquluzadənin kitablarına daxil edilməyən bir məktubu haqqında" (2015) araşdırmasını və yazıçı jurnalist M.Tarverdiyevin 1985-ci ildə F.Xəlilova ünvanladığı məktubdakı "Şərq qapısı"nda "Bisavad" imzasının Əkbər Abbasova məxsusluğu haqqındakı məlumatı da nəzərə alsaq, hər iki mətbu orqanda Naxçıvanla bağlı yazıların sonuna qoyulan "Bisavad" imzasını Əkbər Abbasova aid edə bilərik.

Bəs Əkbər Abbasov kim olub?

Bir sıra müvafiq qaynaqlara və arxiv sənədlərinə əsasən Ə.Abbasovun qısa tərcümeyi-halını oxucuların diqqətinə çatdırırıq:

Əkbər Abbas oğlu Abbasov 1897-ci ildə Naxçıvan şəhərində yoxsul kəndli ailəsində anadan olub. Yoxsul bir ailədə doğulan Əkbər valideynlərinə maddi və mənəvi yardım etmək üçün erkən yaşda çalışmaq məcburiyyətində qalıb. Bu səbəblər Əkbəri təhsildən uzaqlaşdırmış və o, 1916-cı ildə Culfa-Təbriz dəmir yolunda fəhləlik etməyə başlayıb.

Ə.Abbasov 1918-1920-ci illərdə Məmmədrza bəy Allahverdiyevin başçılıq etdiyi dəstəyə qoşularaq Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında və Qərbi Azərbaycanda azərbaycanlılara hücum edən təcavüzkarlara qarşı döyüşlərdə iştirak edib.

Naxçıvan hökuməti tərəfindən xüsusi tapşırıqla Təbrizə göndərilən Ə.Abbasov mühacirlər arasında geniş iş aparır. Mühacirlərin vətənə qaytarılması yolunda bir sıra çətinliklərlə üzləşsə də, mübarizəsini uğurla davam etdirən Əkbər ona verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirir və 1922-ci ildə Naxçıvana qayıdır.

Ə.Abbasovun döyüş fəaliyyəti yüksək qiymətləndirilərək Naxçıvan MSSR "Qırmızı partizan"ı adı verilib. "Ədəbiyyat" qəzetinin 1935-ci il 13 yanvar tarixli nömrəsində onun xidmətləri işıqlandırılıb.

Naxçıvanda bir sıra vəzifələrdə çalışan Ə.Abbasov 1924-25-ci illərdə ticarət müvəkkili işlədikdən, sonra Şəhər Kommunal Trestində müdir vəzifəsində çalışıb. O, 1953-1962-ci illərdə Maarif Komissarlığı və Həmkarlar İttifaqında bir sıra məsul vəzifələr tutub. 1967-ci ildə 70 yaşında dünyasını dəyişib.

 





17.01.2024    çap et  çap et