525.Az

Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsi - COP-29


 

"SƏSVERMƏ ƏRƏFƏSİNDƏ BİR ÇOX ÖLKƏLƏRƏ TƏZYİQLƏR GÖSTƏRİLİRDİ Kİ, AMANIN GÜNÜDÜR, AZƏRBAYCANA SƏS VERMƏYİN"

Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsi - COP-29<b style="color:red"></b>

Bu gün Azərbaycan dünyada həm də qlobal tədbirlərin keçirildiyi məkan olaraq tanınır. Ölkəmiz indiyədək bir sıra mühüm beynəlxalq konfranslara uğurla ev sahibliyi edib. Eyni zamanda, Bakı özü bir çox qlobal platformaların müəllifi olaraq tanınır. Dünyanın aparıcı ekspertləri, müxtəlif dövlətlərin sabiq rəsmiləri, diplomatları dünyanın üzləşdiyi qlobal çağırışları məhz Bakıda müzakirə edib, ortaq nöqtələri tapırlar. Başqa sözlə, paytaxt Bakı strateji məsələlərin həll olunduğu mühüm məkana çevrilib. Amma təkcə paytaxt deyil, artıq işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

Azərbaycanın təşəbbüslərdən danışarkən, əlbəttə ki, Qlobal Bakı Forumunu, Bakı Təşəbbüs Qrupunu xüsusi vurğulamaq lazımdır. Qlobal Bakı Forumu artıq dünyada tanınan bir platformadır. Bakı Təşəbbüs Qrupuna gəlincə, bu ötən il Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, Bakı Təşəbbüs Qrupu cari il sentyabrın 22-də BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans da keçirib.

Oktyabrın 20-də isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.

Qoşulmama Hərəkatından söz düşmüşkən, məhz Azərbaycanın sədrliyi bu qurumun canlanmasına, daha aktiv fəaliyyətinə, yeni təşəbbülərlə çıxış etməsinə səbəb oldu. Prezident İlham Əliyevin dediyi kimi, bu sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük əminlik yaradıb: "Çünki Hərəkatın yaranmasının təməl prinsiplərini - daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük. Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub... Beləliklə, biz neokolonializm ilə mübarizə də daxil olmaqla, fəaliyyətimizi davam etdirəcəyik. Əlbəttə, Bakı Təşəbbüs Qrupu artıq həyata vəsiqə alıb, onu heç kim heç vaxt yerindən tərpədə bilməz. Hərəkatda aparıcı rola malik olmağımızdan asılı olmayaraq, Bakı Təşəbbüs Qrupu bizim fəaliyyətimizin nəticəsidir. Müstəmləkə ölkələr azadlıq əldə etmədikcə, biz bu məsələdə onlara kömək edəcəyik".

Ümumiyyətlə, indiyə qədər Azərbaycan dövləti irəli sürdüyü bütün təşəbbüslər, eyni zamanda sədrlik etdiyi beynəlxalq qurumlarda uğurlu olub. Çünki bütün bunlar ölçülüb-biçilib, perspektivlər düzgün qiymətləndirilərək həyata keçirilib.

Şübhəsiz ki, bu il ölkəmiz üçün ən önəmli hadisələrdən biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29-un Azərbaycanda keçirilməsi olacaq. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, Bakıya növbəti yüksək etimadın və inamın göstəricisidir. İki həftə ərzində Azərbaycan dünyanın diqqətində olacaq və təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2024-cü il yanvarın 4-də COP29-un prezidenti təyin edilib.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin, bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, Bakının belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunu və bizim uğurlu siyasətimizi göstərir. Dövlət başçısı bildirib ki, çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik: "Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq. Halbuki burada da, yenə də bizim dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar, COP29-da, necə deyərlər, daha gizli formada. Çünki burada, eyni zamanda, bölgədə sülhə doğru bir addım nəzərdə tutulurdu və bu addıma qarşı getmək, əlbəttə ki, heç kimə şərəf gətirməzdi. Ona görə pərdəarxası fəaliyyət daha çox özünü göstərmişdi və Dünya Urban Forumu ilə bağlı açıq şəkildə bizə qarşı kampaniya gedirdi. Səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərilirdi ki, amanın günüdür, Azərbaycana səs verməyin. Ancaq orada da iflasla üzləşdilər və bu iki tədbirin keçirilməsi, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artıracaq".

Dövlət başçısı, həmçinin bu hadisədən sonra ölkəmizə qarşı başladılan media kampaniyasına da toxunub: "Ənənəvi aktorlar - "Vaşinqton Post", "Nyu-York Times", - yadınızdadır, prezident Tramp onları feyk-nyus adlandırmışdı, çox haqlı olaraq feyk-nyus adlandırmışdı, - "Fiqaro" və başqaları dərhal bizə qarşı çirkin kampaniyaya başlamışdır. Heç bir əsası olmadan və hətta mənim tərəfimdən COP29-a təyin etdiyim bizim ekologiya nazirini də atəşə tutdular. O, yəqin ki, belə hallarla ilk dəfə rastlaşır və irad tutdular ki, o, uzun illər neft şirkətində işləyib. Bu, nə deməkdir? Mən də 9 il neft şirkətində işləmişəm, sonra? Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir. Bütün bunlar kənara qoyulur, sanki bu, elə deyil. Amma bunun neft şirkətində çalışması bioqrafiyası var. Hər halda bunlar təbiidir, çünki bütün beynəlxalq tədbirlər keçiriləndə biz belə bir kampaniya ilə üzləşirik, istər Avropa Oyunları olsun, istər "Eurovision", hətta Astronavtika Konqresi. Yəni necə deyərlər, artıq bu olmasa, biz təəccüblənərik. Əcəba, nə olub? Nəyi düzgün etməmişik ki, bizi indi tərifləyirlər Qərbdə. Yəni əgər onlar bizi tərifləyirlərsə, deməli, nəsə biz, necə deyərlər xəta törətdik".

Azərbaycan dövləti həyata keçirdiyi praqmatik, doğru hədəfləri olan  xarici siyasəti ilə bəzi qüvvələrin bütün qərəzli planlarını, qarayaxma kampaniyalarını zərərsizləşdirə bildi. Əlbəttə ki, irəlidə də ölkəmizə qarşı eyni yanaşmanın olacağı gözləniləndir və Bakı bütün bunlara hər zaman hazırlıqlı vəziyyətdədir.

Onu da vurğulamaq lazımdır ki, dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycan həm də "yaşıl keçid" platformasını uğurla reallaşdırır. COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana etibar edilməsi həm də bu amildən irəli gəlir.

Dövlət başçısı bu məqamla bağlı deyib ki, mahiyyət nöqteyi-nəzərindən, neft-qaz hasil edən və neft-qaz keçmişi olan ölkələrdə belə tədbirlərin keçirilməsi daha önəmlidir.

Prezident vurğulayıb: "Çünki bu, bizə irad tutulur və hətta Birləşmiş Ərəb Əmirliklərinə də, ondan əvvəl Misirə də və belə bir irad tutulur ki, neft-qaz hasil edən ölkələrdə bu, üçüncü dəfə baş verir. Amma buna başqa nöqtədən yanaşmaq lazımdır. Bax, bu ölkələr - neftlə, qazla zəngin olan ölkələr bu prosesin içindədirlər. Onlar ümumi işimizə töhfə vermək istəyirlər. Azərbaycan da, bizdən daha çox Birləşmiş Ərəb Əmirlikləri yaşıl enerji olmadan da rahat enerji təhlükəsizliyini nəinki təmin edir, bir çoxlarının enerji təhlükəsizliyini təmin edir. Amma bu, böyük bir məsuliyyət rəmzidir. Onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi mahiyyət üzrə də çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin və biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki bu, yenə də hesab edirəm ki, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həm dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən, BMT Baş Assambleyasından da daha mötəbərdir. Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir".

 

 





18.01.2024    çap et  çap et