525.Az

"Yaşıl siyasətin formalaşdırılması istiqamətində ölkəmizdə əhəmiyyətli işlər görülür" - Akademik Rasim Əliquliyev


 

"Yaşıl siyasətin formalaşdırılması istiqamətində ölkəmizdə əhəmiyyətli işlər görülür" - <b style="color:red"> Akademik Rasim Əliquliyev</b>

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin öz çıxışlarında hər zaman bu məsələlərə böyük diqqət ayırdığını, Azərbaycanın 2030-cu ilə qədər müəyyən edilmiş milli sosial-iqtisadi inkişafa dair prioritetləri sırasında yaşıl cəmiyyətin formalaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin yer aldığını və bununla bağlı müvafiq qurumlar qarşısında mühüm vəzifələrin qoyulduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti hazırda bütün dünyada enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verildiyini qeyd edərək ölkəmizdə də, xüsusən, 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə işlərin sürətləndirildiyini diqqətə çatdırıb. Akademik əlavə edib ki, artıq ölkəmizin bir çox yerlərində neftə, qaza əsaslanan enerji istehsalına deyil, alternativ enerji mənbələrindən istifadəyə, günəş, külək və su elektrik stansiyalarının sayının artırılmasına üstünlük verilir: "Alternativ enerji mənbələrindən istifadə ölkəmizdə yaşıl siyasətin formalaşması istiqamətində atılan mühüm addımlardan biridir". O bildirib ki, iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ötən il dekabr ayının 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib və bu tədbirdə 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi qərara alınıb. R.Əliquliyev Elm və Təhsil Nazirliyinin, həmçinin digər qurumların elm və ali təhsil müəssisələrində uzun müddətdir ki, yaşıl cəmiyyətin qurulması, alternativ en enerji mənbələrinin müəyyənləşdirilməsi, istehsal edilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə, bütün ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatların aparıldığını qeyd edib.

 





18.01.2024    çap et  çap et