525.Az

Ağ - qaralara qarşı və ya Natəvan Dümanı necə mat etmişdi...


 

Ağ - qaralara qarşı və ya Natəvan Dümanı necə mat etmişdi...<b style="color:red"></b>

Azərbaycan hər zaman öz mədəniyyəti, tarixi, incəsənəti, ədəbiyyatı ilə dünyanın diqqət mərkəzində olub. Bu diqqət bəzən həsəd, sevgi, vurğunluq, bəzən də kin və nifrətlə müşahidə olunub.

Bu yaxınlarda Fransada Azərbaycanın görkəmli şairi, Qarabağ Xanlığının sonuncu hakimi Xurşidbanu Natəvanın heykəli ətrafında baş verənlər böyük təəssüf və üzüntü doğurdu.

Burada belə bir "mədəni hadisə"nin siyasi eybəcərliyin diktəsi altında törədilməsi şübhə doğurmur. Müasir dünyada bu cür utanc və ikrah doğuran halların baş verməsi, ələlxüsus da böyük intonasiya ilə vurğulanan Qərb düşüncəsinin və fəlsəfəsinin təntənəsi dalğası fonunda özünü dünyaya "mədəniyyət carçısı" kimi təqdim edən Fransada belə bir xain və ucuz şou Azərbaycan xalqının qalib təfəkkürünə, qalib ruhuna olan qısqanclığın təzahürüdür desək, yanılmarıq.

Tarix xalqların milli-mənəvi dünyalarını bütün çılpaqlıqları ilə təqdim etməyə borcludur. Azərbaycan xalqının milli-mənəvi dəyərləri bütün dünyanın tədqiqat və öyrənmə sahəsinə çevrilsə də, burada da mənfur addımların izinə rast gəlmək olur. Bütün bunlara baxmayaraq, tarix kimin kim olduğunu heç vaxt unutmağa qoymur...

Zamanda ekskurs etsək, çox maraqlı bir görüşün tarixinə nəzər sala bilərik. Aleksandr Dümanın "Qafqaza səyahət" kitabını çoxları bilir. Ancaq az adam bilir ki, burada məşhur fransız yazıçısı, xüsusən də 1858-ci ildə Natəvanla baş verən görüşünü təsvir edir. Əsərdə qeyd olunur: "İki tatar şahzadəsi və onlardan ən kiçiyinin əri bizi çox səmimi və gülərüz qarşıladı. Şahzadələrdən biri onun həyat yoldaşı, digəri isə sonuncu Qarabağ xanının qızı idi".

Düma qeyd edirdi ki, Natəvan çox gözəl bir libas geyinmişdi və bu gözəllik göz qamaşdırırdı. Yoldaşı isə yaraşıqlı, 35 yaşında bir alicənab bəy idi. O, fransız dilində əsl parisli kimi danışırdı. Bu, Dümanı çox heyrətləndirmişdi.

Natəvanın həyat yoldaşı Xasay bəy Usmiyev görüş zamanı Dümaya iki ədəd arxalıq (kaftana bənzər Qafqaz kişi geyimi) və Natəvanın əl işi olan pul kisəsini hədiyyə kimi təqdim etmişdi.

Görüş zamanı fransız yazıçı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən o, Dümadan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı.

Tarixdən məlumdur ki, Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başa düşüləndir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edib...

Qeyd edək ki, Dümanın Natəvana bağışladığı şahmatın fiqurlarından bir neçəsi N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, bir neçəsi də R.Mustafayev adına İncəsənət Muzeyində saxlanılır. Napoleonun büstü isə xan qızı Natəvanın nəticəsi Leyla xanım İsmiyeva tərəfindən Üzeyir Hacıbəyovun ev-muzeyinə verilib.

Bu tarixi görüş bu gün də öz sözünü deyir. Bu gün də Natəvan öz böyüklüyü və mədəniyyəti ilə Fransada olan qara təfəkkürü mat etməyi bacarır. Azərbaycan öz qalib ovqatını bütün sahələrdə sərgiləyir. Bu, özünü ən sadə və təmiz formada göstərir. Natəvanın Şuşada azad və xoşbəxt heykəli qalibiyyətin, mədəniyyətin, müdrikliyin bütöv möhürü kimi dünya mədəni irsinə bəzək verir.

Azərbaycan ədəbiyyatının kölgəsindən belə ehtiyat edənlər Natəvan kimi zərif və güclü bir şəxsiyyətin heykəlindən necə narahat olmasınlar?! Axı bu tarixi şəxsiyyət təkcə dünənin deyil, bu günün və sabahın mədəniyyət Günəşidir. Bu mədəniyyət Günəşini söndürmək istəyənlər isə öz çirkin əməllərində mat olub, məqsədlərinə çata bilməyəcəklər.

 





18.01.2024    çap et  çap et