525.Az

Qoy elə bu gözəllikdə də qalım - Qəzənfər Paşayev yazır


 

Qoy elə bu gözəllikdə də qalım - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

İyirmi ildən artıqdır ki, yorulanda dincimi professor Teymur Əhmədovun "Azərbaycan yazıçıları (XX-XXI yüzilliklərdə) ensiklopedik məlumat kitabı"nı vərəqləməkdə tapıram. Bu kitabı əlimə alanda saatlarla ondan ayrıla bilmirəm. Xəyal məni ağuşuna alıb əlçatmaz, ünyetməz illərə aparır. Yaddaşı vərəqləyirəm. Dünyasını dəyişmiş kimlər və nələr yada düşmür?

Xüsusən də kitablar həsr etdiyim Ulu öndərimiz Heydər Əliyev, Abbas Zamanov, Bəkir Nəbiyev, haqlarında portret-kitablar buraxdığım Hüseyn Arif, Fikrət Qoca, Tofiq Bayram, İsi Məlikzadə, Əlibala Hacızadə, haqqında monoqrafiya yazdığım Hüseyn Kürdoğlu göz önünə gəlir. Təkrar-təkrar nəşr edilən "Borcumuzdur bu ehtiram" kitabımda Heydər Əliyev, Səməd Vurğun, zamanında qayğıma qalan Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Yaşar Qarayev, Əzizə Cəfərzadə, Qasım Qasımzadə, Hüseyn Arif, Tofiq Bayram, Fərman Kərimzadə, İsi Məlikzadə, Əbdüllətif Bəndəroğlu, Rasim Kərimli, Ağalar Mirzə, Vilayət Rüstəmzadə və Əlfi Qasımovun yaradıcılığından söz açmışam.

Mətbuatda dünyasını dəyişmiş yazıçı və şairlərimizdən Qabil, Zəlimxan Yaqub, Tofiq Mütəllibov, Nahid Hacızadə, Qənirə Paşayeva, Vladimir Qafarov, Davud Nəsib, Bəhruz Axundov, Ənvər Rza, Zeydulla Ağayev, Mirəziz Seyidzadə, alimlərimizdən Həmid Araslı, Teymur Bünyadov, Ağamusa Axundov, Tofiq Hacıyev, Kamran Əliyev, Azad Nəbiyev, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Yavuz Axundlu, İmamverdi Əbilov, Qara Namazov, Sədnik Paşayev, Əjdər Ağayev və Vurğun Əyyubov haqqında yazılarım çıxıb.

Teymur Əhmədovun "Azərbaycan yazıçıları (XX-XXI yüzilliklərdə) ensiklopedik məlumat kitabı" mənə bir də ona görə qiymətli və əzizdir ki, söhbət açdığım görkəmli və tanınmış şəxsiyyətlərin hamısına bu kitabda oçerk verib və onların ruhunu şad edib.

Bu günlərdə Teymur Əhmədovun bu əvəzsiz kitabını yenə vərəqləyirdim. Əzizə xanım Cəfərzadə haqqında oçerkə nəzər salanda gördüm ki, ölümündən düz iyirmi il keçib.

Əzizə xanımla ana-oğul münasibətimiz vardı. O da İraqda olmuş, bu əfsanəvi ölkə, xüsusən də iraqlı soydaşlarımız haqqında maraqlı məqalələr yazmışdı. Mənim "Altı il Dəclə-Fərat sahillərində" kitabıma ürəyimcə olan məqalə həsr etmişdi. Doktorluq müdafiəmdə 1-ci opponentim olmuşdu. Odur ki, qədirşünaslıq əlaməti olaraq bu gözəl insanın xatirəsini yad etmək qərarına gəldim.

Əzizə xanım Bakının köhnə evlərində, pilləkənləri həyətdən olan evin sonuncu - 3-cü mərtəbəsində yaşayırdı. Küləkli, qarlı havada Əzizə xanımın üstü və yanları açıq pilləkənlərlə ora necə çıxıb-düşməyini təsəvvür etmək çətin deyil. Lakin görkəmli yazıçı, pedaqoq və alim Əzizə xanım bu mənzildə iddiasız və təmənnasız yazıb-yaradır, heç kimin minnətini götürmürdü. "Aləmdə səsim var mənim", "Vətənə qayıt", "Bakı - 1501", "Gülüstandan sonra", ölkəmizdə və Türkiyədə çıxan "Anamın hekayələri" və başqa əsərləri ilə oxucuların sevimlisinə çevrilən, böyük şan-şöhrət, ad-san qazanan Əzizə xanıma çoxdan layiq olduğu "Xalq yazıçısı" fəxri adı çox gec, 80 yaşında olanda verdilər. Xəstəliklə mübarizə aparan yazıçı gecikmiş fəxri ada ürəkdən sevinə bilmədi.

Bugünkü kimi yadımdadır, televiziyadan Əzizə xanımın 80 illik yubileyi və "Xalq yazıçısı" fəxri ada layiq görülməsi münasibətilə müsahibə götürməyə gələn gənc xanıma yalnız olmuş bir hadisəni danışmaqla kifayətləndi. Dedi ki, yazıçı Əbdülhəsənin 75 yaşı olanda onu "Xalq yazıçısı" fəxri adına layiq görmüşdülər. Filarmoniyada bu münasibətlə yığıncaq keçiriləcəkdi. Mən də rəyasət heyətinə dəvət olunmuşdum. Pərdə arxasında oturub yuxarıdan gələcək vəzifəli şəxsi gözləyirdik. Əbülhəsən o başa-bu başa vargəl edərək elə hey deyirdi: "Gecdir, gecdir".

Əzizə xanım yubileyi ilə bağlı heç bir tədbirin keçirilməsini istəmədi və heç yerə getmədi.

Həmin vaxt mən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyirdim. Tez-tez maraqlı tədbirlər keçirirdik. Xoşbəxtlikdən muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov və muzeyin əməkdaşları tədbirlərin keçirilməsində istəklə iştirak edirdilər. Yaxşı yadımdadır, M.Ə.Sabir, Nazim Hikmət, "Diplomat" romanında Azərbaycanı "İkiyə bölünmüş bir ürək" adlandıran ingilis yazıçısı Ceyms Oldriç, Hüseyn Arif, Əli İldırımoğlu və başqalarına həsr olunmuş yığıncaqlar yüksək səviyyədə keçdi. Belə tədbirləri Yazıçılar Birliyi ilə birgə keçirirdik. Bütün yığıncaqlarda Birliyin sədri Anar, Xalq şairi Qabil və başqaları iştirak edirdilər.

Əzizə xanım sözümü yerə salmadı. 80 illik yubileyinin Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilməsinə razılıq verdi. Tədbir çox yüksək səviyyədə keçdi. O vaxt "Ədəbiyyat qəzeti"ndə işləyən professional fotoqraf Dilavər Əzizə xanımın ayrıca şəklini çəkib yığıncaq qurtarana qədər hazırladı.

Əzizə xanım qara paltarda idi. Sinəsindəki medalyon ona xüsusi gözəllik verirdi.

O, şəklə baxıb: "Ömrümdə belə gözəl şəklim olmayıb. Daha şəkil çəkdirməyəcəm" - dedi. Gülərək zarafatla əlavə etdi: "Qoy elə bu gözəllikdə də qalım".

Aradan az vaxt keçdi. Bir gün səhər xəbər yayıldı ki, Əzizə xanım keçinib. Saat on raddələrində həyətlərinə çatdım. Elə bu vaxt BDU-nun rektoru, akademik Abel Məhərəmov da həyətə gəldi. Çox az adam vardı. Evinə qalxdıq. Məlum oldu ki, vəsiyyət edibmiş ki, Hacıqabulun Tağılı kəndində ata-anasının uyuduğu qəbiristanlıqda dəfn olunsun.

Göz önünə Osman Sarıvəlli, Nigar Rəfibəyli, Hüseyn Arif, akademik Bəhram Əsgərov gəldilər. Fəxri xiyabanda halalca yeri olan, lakin ata-ana, övlad, ömür-gün yoldaşına olan məhəbbət Əzizə xanım kimi, onları da adi qəbiristanlıqda, əzizləri yanında dəfn olunmağa sövq etmişdir.

Hələ Əzizə xanımın evində olarkən yadıma düşdü ki, Tağılı kəndində məktəbi qonorarı və məvacibi hesabına Əzizə xanım tikdirib. Kürəkənimin əmisi Firudin Babayev Hacıqabulda İcra başçısı vəzifəsində çalışırdı. Zəng edib xahiş etdim ki, Tağılı məktəbinə Əzizə xanımın adını versinlər.

Cavab qısa oldu: "Əgər məktəb şəhid adına deyilsə, heç bir problem olmayacaq". Az sonra sevindirici cavab aldım: "Məktəbə "Xalq yazıçısı", professor Əzizə Cəfərzadənin adını verdilər".

Heç ağlıma gəlməzdi ki, tez bir zamanda Əzizə xanım dünyasını dəyişəcək. "Son şəkil" adlı vida sözünü mən yazmalı və belə bir məqamda həmin şəkildən istifadə etməli olacağam.

Gözəl insan, böyük alim, yazıçı və pedaqoq Əzizə xanım Cəfərzadənin əziz xatirəsi mənim yaddaşımda son şəkildə olduğu kimi qalır.

 

 





18.01.2024    çap et  çap et