525.Az

Nizami əsərlərində şahmat motivləri


 

Nizami əsərlərində şahmat motivləri<b style="color:red"></b>

İnsan zəkasının yaradıcılıq məhsulu olan şahmat oyunu hələ qədim zamanlardan öz sirli-sehrli, möcüzəli aləmi ilə insanları düşündürüb. Zəmanənin ən görkəmli adamları, elm, mədəniyyət xadimləri bu müdrik oyunla maraqlanıb və möcüzəli şahmat oyunu barədə söz deyiblər.

Dahi Nizami Gəncəvi bu qədim oyunu iki rəqibin "ağıllı" yarışı adlandırıb, onu müharibə meydanı ilə müqayisə edib, taxta üzərində şahmatın qeyri-adi gedişlərində bir poeziya ruhu, poetik uyarlılıq sezib.

Nizami ictimai hadisələri, həyatda olan mübarizələri şahmat taxtası üstündə də görərək nəzmə çəkib. İki ordunun qarşı-qarşıya dayanıb döyüş əmri gözləməsi, mübarizənin başlanması, müxtəlif fənd və hiylələrin kəşf edilməsi - bütün bunları Nizami ağlın, zəkanın gözü ilə şahmat taxtası üstündə də görüb.

Şahmatla bağlı motivlərdən Nizami ilk dəfə "Xosrov və Şirin" poemasında istifadə edib. Poemada göstərilir ki, şah öz oğlu Xosrovu çox sevdiyindən düşmənlər bundan istifadə edib Xosrov Pərvizin adından saxta pul kəsərək şəhərlərə yayırlar. Şah bu pulları gördükdə Xosrovdan şübhələnir, onu məhv etmək istəyir.

Şah istədi oyun atıb meydana,

Təzə şahı tutub salsın zindana.

Xosrov atasının fikrini eşidib qaçır. Bir müddətdən sonra atası həqiqəti öyrənir, Xosrovu əfv edir. Atasının ölümündən sonra şahlığa keçən Xosrov eyş-işrətə qurşanır, ölkədə özbaşınalıq, ədalətsizlik, zülm hökm sürür. Bundan istifadə edən Bəhram Xosrovun vətəninə hücum edir, şah qaçır. Şair yazır:

Zəmanə Xosrova olmadı pənah,

Bəhram qarşısında məğlub oldu şah.

Müxalif şətrəncdə qanlı zəmanə,

"Şah" dedi Xosrova vermədi xanə.

Dahi şair göstərir ki, "qanlı zəmanə" eyş-işrətlə məşğul olan şaha elə bir öldürücü "şah" elan etdi ki, şah getməyə bir xanə də tapmadı.

Nizami poemanın sonunda nəsihət edərək bildirir:

Dən kimi yerə düş başın ucalsın,

Sünbül kimi olma yel yerə salsın.

Dünya bir şətrəncdir, unutma bunu,

İki rux qoyaraq udar oyunu.

"İsgəndərnamə" poemasında şahmatın adı ilk dəfə İran hökmdarı Dara ilə onun qoca pəhləvanı arasındakı söhbətdə çəkilir. Makedoniyalı İsgəndərin qoşun çəkib İran hökmdarına hücum etməsini eşidən Dara dərhal özünün yaxın adamlarını toplayıb bir çarə axtardıqda qoca pəhləvan məsləhət verir:

Hər bəndin açarı səbrdir, inan!

Səbirli kimsələr olmaz peşiman.

Ziyandır uduzmaq belə şahmatı,

Çapdırmaq nə gərək "fil" ilə "atı".

Beləliklə, qoca pəhləvan başa salır ki, İsgəndər hazırda çox qüvvətlidir. Onunla müharibə yox, barışıq yolu axtarmaq lazımdır. Poemanın bir yerində şair, İsgəndərin dili ilə belə deyir:

Fillərin yanında gedən piyadə,

Hər yerdə yüz fili salırdı bəndə.

İsgəndərin Bərdə hökmdarı Nüşabə ilə görüşünü təsvir edən şair, Nüşabənin cavabını belə qələmə alır:

Qara bulud kimi gurlasam kinlə,

Qılınc tüstüsündən yanar su belə.

Sözünü ürəklə dedi şənləndi,

Öz bullur taxtından aşağı endi.

Taxtımda, - dedi - sən otur, namidar,

Bir taxtda yaramaz iki tacidar.

Bilirsən, şahmatın iki şahı var,

Hər qəlbə yeni qəm gətirir onlar.

Nüşabə bu sözləri deyib öz taxtından düşür və İsgəndərə deyir ki, xoş niyyətlə gəlmisənsə, bu taxta oturmalısan, çünki şahmatda iki şah var və hər biri çalışır, digərini məhv etsin, odur ki, kin olmasın deyə öz yerimi sənə verirəm.

Nizami şahmat oyunundakı piyadanın ancaq irəli, düz yolla getməyinə, vəzirin isə hər tərəfə hərəkət etməyinə dərin məna verərək deyir:

Qayda ilə daim düz gedən əsgər,

Vəzir olan zaman əyri yol gedər.

Əsərlərindən gördüyümüz kimi, Nizami şahmatı yaxşı bilib və çox güman, xüsusilə ömrünün son illərində şahmatla daha yaxından maraqlanıbmış.

 

 





18.01.2024    çap et  çap et