525.Az

Qəhrəman məzunumuz - qürur ünvanımız


 

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ŞƏHİD AZAD HÜMBƏTOVUN XATİRƏSİ İŞIQLI VƏ ƏZİZ, RƏŞADƏTİ UNUDULMAZDIR

Qəhrəman məzunumuz - qürur ünvanımız<b style="color:red"></b>

Neçə müddət idi ki, şəhid məzunumuz Azad Hümbətov haqqında məqalə yazmaq fikri məni tərk etmirdi. Hər dəfə onunla bağlı keçirilən dövlət tədbirlərində, vaxtilə təhsil aldığı liseydə təşkil olunan mərasimlərdə, valideynləri ilə görüşlərdə iştirak etdikdən sonra buna qərar verməyə bir addım da yaxınlaşırdım. Amma görəcəyim işin məsuliyyətinin nə qədər ağır olduğunu da yaxşı dərk edirdim. Axı hər kəlmənin, hər cümlənin yetkinliyinin, dürüstlüyünün, əziz şəhid-məzunumuzun ruhunu oxşayacağının fərqində olmalı, düşündüklərimin səmimi şəkildə oxucuya çatdırmağın qayğısına qalmalıyam...

Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalındandı. Birinci sinfə paytaxtın Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbdə getmişdi. 7-ci sinifdən təhsilini 291 nömrəli "Araz" Ekologiya liseyində davam etdirdi.

Qısa bir zaman kəsiyində fəallığı, təşkilatçığı, liderlik qabiliyyəti ilə yaşıdlarından seçilməyə və müəllimlərinin diqqətini cəlb etməklə yanaşı, onların hörmətini də qazanmağa başladı. Yaxşı dostluq etməyi, ünsiyyət qurmağı, ətrafındakılara qarşı diqqətli olmağı, onları başa düşməyə çalışması, heç nəyə qarşı laqeyd, biganə qalmaması həmişə diqqət çəkirdi. Dost-yoldaş üçün canından keçməyə hər an hazır idi. Sən demə, bu Vətən üçün canından keçməyə hazırlıq imiş.

Dərslərini yaxşı oxumaqla yanaşı, liseyin ictimai həyatında da, keçirilən tədbirlərdə də həmişə fəal iştirak edirdi. Onun ən yaddaqalan təşkilatçığı isə "Son zəng" tədbiri ilə xatirimizdə qalıb. Liseydə təşkil olunan həm rəsmi hissədə, həm bədii hissədə böyüklərə məxsus qabiliyyətilə təşkilatçılıq işinin öhdəsindən məharətlə gəldi. Sanki bütün işləri 17 yaşlı məktəbli deyil, böyük təcrübəsi, səristəsi olan bir şəxs görmüşdü.

Tez-tez muzeylərə, tarixi yerlərə ekskursiyaların da fəal təşkilatçısı və iştirakçısı olurdu. Bir dəfə - 20 Yanvar ərəfəsində Şəhidlər xiyabanını ziyarətə getmişdik. Qayıdarkən Azadın söylədikləri bu gün də qulaqlarımda səslənir: "Müəllimə, Şəhidlər xiyabanında əsl kişilər yatır..."

Azad (Mən onun adını liseydə təhsil aldığı vaxtlarda olduğu kimi, sadəcə, Azad yazıram) 2013-cü ildə liseyi bitirdi, həmin ildə də Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu.

Biz 2013-cü ildə Azadı məzun kimi yola saldıq. Amma Vətən müharibəsinin başlanmasından düz bir ay sonra - 2020-ci il oktyabrın 27-də qəhrəman şəhid kimi qarşıladıq onu. Bu xəbərdən Ekologiya Liseyinin şagird, müəllim və valideynlərdən ibarət böyük ailəsi çox üzüldü, sarsıldı, amma təəccüblənmədi. Bu, bizim tanıdığımız, dərs dediyimiz Azad idisə, bu, bizim tanıdığımız ailənin övladı idisə, başqa cür ola bilməzdi. O, dostu-tanışı üçün hər zaman canından keçməyə həmişə hazır idisə, Vətən üçün heç vaxt bunu əsirgəməzdi.

Müharibənin ilk günündən ön cəbhədə tank komandiri olan leytenant kimi düşmənlə üzbəüz döyüşə atılmışdı. Düşmənin 5 tankını qənimət kimi mövqelərimizə gətirmişdi. Hazırda onlardan üçü Hərbi Qənimətlər Parkında sərgilənir.

Qızğın döyüşlərin birində yaralanır Azad. Amma tank mexanikinin daha ağır yaralı olduğunu görüb 25 km məsafə qət edərək onu gətirib öz mövqelərimizə çatdırır. Özünü Beyləqanda hospitala yerləşdirirlər. Lakin tam sağalmamış cəbhəyə qayıdır. Oktyabrın 27-də Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanır və həyatını xilas etmək mümküm olmur. Canından da çox sevdiyi vətən uğrunda şəhid olur Azad, özünün dediyi kimi, kişilər sırasına adını əbədi yazdırır.

II Fəxri xiyabanda dəfn edilən Azad, ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olundu, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.

Deyirlər, həyatda təsadüfi heç nə yoxdur. Bunun doğrudan da belə olub-olmadığı haqqında heç nə demək istəmirəm. Amma mənim gəldiyim qənaət başqadır.

"Müəllimlər ikinci valideyndir" ifadəsinə tez-tez rast gəlirik. Yaşımızdan asılı olmayaraq ömrümüzün sonunadək ehtiramla xatirələrini əziz tutduğumuz, yad etdiyimiz müəllimlərimiz kifayət qədərdir. Bir neçə kəlimə ilə fikrimi əsaslandırmaq istəyirəm. Mənə orta məktəbdə (1968-78) dərs demiş ensiklopedik biliyə malik, son dərəcə xeyirxah və qayğıkeş insan olmuş Azərbaycan dili və ədəbiyyatı müəllimim Qadir Məmmədov minlərlə sagirdin yaddaşında yaşayır. Həyatının son günlərini yaşayanda 80-ə yaxın yaşı vardı, keçmiş sagirdlərinin əksəriyyəti onu müalicə edən həkimdən müəllimi sağaltmağı, yaşatmağı xahiş edəndə həkim təəccübünü gizlədə bilməmişdi. Axı müəllimin xeyli yaşı vardı və xəstəliyi də ciddi idi. Bunu onun keçmiş şagirdləri də bilirdilər. Amma onu itirmək istəmirdilər. Biz şagirdləri Qadir müəllimin məzarını bu gün də ziyarət edir, ruhuna dualar oxuduruq.

Mənim ibtidai sinif müəlliməm Arifə Məmmədova həmişə ana qayğıkeşliyi ilə 30-40 il sonra da keçmiş şagirdləri ilə maraqlanır, onların uğurlarına sevinirdi. Mən 2014-cü ildə fəlsəfə doktoru alimlik dərəcəsi diplomumu alanda birinci ona zəng vurdum, sonra hədiyyə alıb evinə gedərək onu təbrik etdim - keçmiş şagirdinin uğuru münasibətilə... Həmin vaxt onun valideyinlərim qədər sevindiyinin şahidi oldum.

Mənim müəllimim olmuş Nəriman Məmmədovun dediklərini də xatırlatmağım yerinə düşər: "Valideyn qədər əziz tutulan müəllimlərin şagird və tələbələri özlərini onlara bənzətməyə çalışırlar. Görün, müəllimlər cəmiyyət üçün nə qədər yaxşı insan yetişdirirlər". Nəriman müəllim öz övladına ona vaxtilə Gəncə Pedaqoji İnstitutunda dərs demiş Altay müəllimin adını qoymuşdu. Oğlu Altay I Qarabağ müharibəsinə könüllü yollanmış və şəhid olmuşdu. Məzarı Şəhidlər xiyabanındadır.

Bunları əbəs yerə qeyd etmirəm. Azad şəhid olmazdan 2-3 gün əvvəl bütün günü onun obrazı gözümün qarşısındaydı, xəyalımdan çıxmırdı. Oktyabrın 27-si idi, səhər işə gələndə Azadın sinif rəhbəri olmuş Sevinc müəllimə dəhlizdə çox kədərli halda dedi ki, heç bilirsiniz kim şəhid olub? Cavab verdim ki, Sevinc müəllimə, deməyəsiniz ki, bu Azaddır. O, təəccüblə soruşdu: "Niyə məhz Azadı soruşdunuz? Bizim nə qədər məzunumuz var". Cavab verdim ki, Azad neçə gündən bəri gözümün qarşısından getmir. 27 ildir ki, hər il yüzlərlə məzun yola salmışıq, amma o günlər məhz Azad həm xəyalımda, həm də gözlərimin önündəydi. Onda fikirləşdim ki, müəllimlər doğrudan da ikinci valideyn olurlar.

Liseyin müəllim, şagird və valideyn kollektivi Azadın xatirəsini həmişə əziz tutmağı, onun ailə üzvləri ilə səmimi, doğma ünsiyyət qurmağı özünün müqəddəs borcu hesab edir.

Azadın təhsil adığı dövrdə liseyin direktoru olmuş Südabəxanım Mikayılova və 2016-2021-ci illərdə liseydə direktor vəzifəsində çalışmış K.Mirzoyeva qəhrəman şəhidimizin dəfn mərasimində iştirak etmişdilər. Liseyin dəhlizində Azadın həyatını, döyüş yolunu əks etdirən guşə, həyətdəki səhnədə Azadın böyük ölçüdə şəklinin təsvir edildiyi lövhə var. Hər səhər liseyin həyətinə daxil olanda həm müəllimlərini, həm də kiçik lisey dostlarını qarşılayıb, onları salamlayan və liseyin dəhlizinə, oradan da sinif otaqlarına yola salan Azadın əziz, parlaq obrazı olur. Vaxt var idi biz hər gün səhər onu qarşılayıb sinif otağına yola salırdıq. İndi bu missiyanı sanki Azad yerinə yetirir.

Müəllimlərin, şagirdlərin, valideynlərin qəlbində yavaş-yavaş bir arzu baş qaldırırdı: Liseyə Azad Hümbətovun adının verilməsi arzusu! 26 iyun 2021-ci ildə - məhz Silahlı Qüvvələr Günündə Azad Hümbətovun vaxtilə yaşadığı binanın qarşısında onun büstünün açılışı idi. İlk dəfə olaraq orada Azad haqqında söz söyləmək liseyin müəllimləri adından mənə nəsib olmuşdu. Əlbəttə, duyğulanmadan çıxış etmək mümkün deyildi. Çıxışımın sonunda dövlət qurumlarında çalışan müxtəlif vəzifəli, səlahiyyətli şəxslərin orada olduğunu nəzərə alaraq liseyə Azadın adının verilməsini məsələsini qaldırdım və bunu aidiyyəti qurumlara çatdırmağı təklif etdim.

2021-ci il noyabrın 3-də liseyə A.Hümbətovun adının verilməsi xəbəri ildırım sürətilə yayıldı və lisey ailəsini həm kövrəltdi, həm də sevindirdi. O zamandan Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №-li Ekologiya Liseyi bütün tədbirləri "Azadla birgə" keçirir: 27 sentyabr - Şəhidlərimizin Anım günü, 27 oktyabr - Azad Hümbətovun Anım günü, 8 Noyabr - Zəfər günü, 24 yanvar - Azad Hümbətovun doğum günü və sair. Bizim tədbirlərin baş qəhrəmanı ölməz qəhrəmanımız Azaddır. Azadın qəhrəmanlığı bizim qürur mənbəyimiz, onun II Fəxri xiyabandakı məzarı and yerimiz, Liseyə verilən adı böyük məsuliyyətimizdir. Vaxtilə Azad təhsil aldığı Liseylə fəxr edirdisə, bu gün liseyimiz onunla qürur duyur.

Biz Azadın valideynləri ilə hələ o, liseydə təhsil alan vaxtlardan tanış idik. Sonralar bu tanışlıq doğmalığa çevrildi. Azadın ailə üzvləri bizim tədbirlərimizin fəxri qonağına çevrildilər, tez-tez biz də onların qonağı oluruq. Həm anası Leyla xanım, həm də atası Arif müəllim çox genişürəkli insanlardır. Tədbirlərin birində Arif müəllim mənə bir jurnal verdi və dedi ki, bu, bütövlükdə Azada həsr olunacaqdı, lakin mən istədim ki, digər şəhidlərimiz haqqında da materiallar dərc edilsin. Belə bir alicənab şəhid atasıdır o!

Bir dəfə də Leyla xanımla söhbət əsnasında dedi ki, Azadın döyüş yoldaşlarından neçəsinin toyu olmalıdır. Amma heç biri toy etmək istəmir. Gərək mən onlara deyim ki, gedib toylarını etsinlər. Fikirləşdim ki, belə şəhid anasının qarşısında necə baş əyməyəsən?!

İndi həmin döyüş dostlarının, qohumlarının evində balaca Azadlar  - 6 Azad böyüyür.

Azad haqqında iki sənədli film çəkilib və o filmdə, qəhrəmanımızın valideynlərinin təşəbbüsü ilə, müəllimlərinin də çıxışları yer alıb. Azada həsr olunmuş bütün dövlət tədbirlərinə onun müəllimləri dəvət edilir.

Bu gün Azad Hümbətov adına 291 №-li Ekologiya liseyini bitirən məzunlar dünyanın nüfuzlu ali məktəblərinə daxil olurlar və orada bizim XXI əsr savaşının unudulmaz şəhidi - Vətən Müharibəsi Qəhrəmanı Azadın simasında Azərbaycan xalqının qəhrəmanlığını beynəlxalq aləmə bəyan edirlər. Əgər bu qəhrəmanlıqda, Azadın müəllimi kimi, zərrə qədər də zəhmətimiz varsa, deməli, biz xoşbəxt müəllimlərik.

Yanvarın 24-də Azadın doğum günüdür. Nə deyək? Cənnətdəki doğum günün mübarək, bizim şəhid məzunumuz, qəhrəman Azadımız! Biz səninlə fəxr edirik: bizim şagirdimiz, məzunumuz olduğun üçün, torpaqlarımız uğrunda müqəddəs savaşda başımızı uca etdiyin, Vətənin əbədiyaşar Qəhrəmanına çevrildiyin və nəhayət, liseyimiz sənin əziz adını daşıdığı üçün!

Zeynəb QASIMOVA

Azad Hümbətov adına 291 №li Ekologiya liseyinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru

 





18.01.2024    çap et  çap et