525.Az

Kənd təsərrüfatı naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb


 

Kənd təsərrüfatı naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb<b style="color:red"></b>

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.

Müsabiqənin İşçi Qrupundan 525.az-a bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb.

Məcnun Məmmədov qalibləri təbrik edib və mentor olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, potensiallarının üzə çıxarılmasına dəstək olacağını bildirib.

Görüşdə nazir müsabiqə qaliblərini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün tapşırıqlar verib. Qaliblər isə yaradılan şəraitə görə nazirə təşəkkür edib və mentorluq proqramı çərçivəsində onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini diqqətə çatdırıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Sevinc Qarayeva 

 





18.01.2024    çap et  çap et