525.Az

Əziz Şərifin Naxçıvana son gəlişi


 

VƏ ŞEYX MƏHƏMMƏD RASİZADƏNİN BİR ELEGİYASI

Əziz Şərifin Naxçıvana son gəlişi<b style="color:red"></b>

Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Unudulmaz ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi, maarif və mətbuat xadimi Əziz Şərif (Şərifzadə Əbdüləziz Məşədi Qurbanəli oğlu) həm də böyük salnaməçi kimi tarixə adını yazdırıb. O, ədəbiyyat və mədəniyyət tariximizlə bərabər, bir çox siyasi tarixi hadisələri də qələmə alıb.

Əziz müəllim sonuncu dəfə 1985-ci ilin yazında Naxçıvana gəlmişdi. O, doğulduğu, ömrünün gənclik illərinin xeyli səhifəsini yaşadığı ata vətəni Naxçıvanı ürəkdən sevirdi.

Onun tərcümeyi-halına nəzərə salsaq, görərik ki, Əziz müəllim yaşadığı uzun illər ərzində ədəbi yaradıcılıqla bərabər, həm də yüksək vəzifələrdə işləmişdi. Özünün dediyi kimi, böyük və mürəkkəb bir tarix yaşamışdı. Bildikləri yazdıqlarından qat-qat çox idi. Amma həyatında çox burulğanlardan keçə bilən Əziz müəllim həmişə ehtiyatlı idi.

Əsas da bu səbəbdən gördüyü tarixi reallıqlardan bəzən yan keçirdi. Onun yazdığı çoxlu məqalələr və kitablar vardır. "Atam və mən" (1893), "Keçmiş günlərdən" (2 cildə, 1977-1986), "Molla Nəsrəddin necə yarandı" (1986), "Tapıntılar" (1987) əsərləri həm də həmişə tariximizdə və ədəbi-mədəni tariximizdə yaşayacaq dəyərli salnamələrdir. Qeyd edək ki, "Molla Nəsrəddin necə yarandı" kitabının rusca variantı "Rojdenie Molla Nasreddina" (1968) kitabı ustad yazıçı Mirzə Cəlil Məmmədquluzadənin həyatından və fəaliyyətindən bəhs edən mükəmməl əsərdir.

Əziz Şərifin axırıncı iş yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti olub. O, həmin universitetdə "SSRİ xalqlar ədəbiyyatı" kafedrasının professoru idi (1961-1988-ci illərdə), həm də həmin kafedranın 1960-1964-cü illərdə müdiri olmuşdu.

Naxçıvanda hamı, o cümlədən, rəsmilər də Əziz Şərifə böyük sayğı göstərirdilər. Sonuncu dəfə Əziz müəllim Naxçıvana gələndə xəbər tutdum ki, o, uşaqlıq illərindən tanıdığı və dayısı Mirzə Əbdüləzim Rüstəmovun həyat yoldaşı Matan (Fatma) xanımgildədir. Bilirdim ora gələcəyini. Çünki hər həftənin cümə günü Əziz müəllimlə telefonda danışırdıq. Onun özü belə tapşırmışdı. 5-ci günlər istirahət edirdi. Deyirdi ki, uşaqlıq və gənclik illərimdən buna vərdiş etmişəm. Telefonla danışıqlarının birində dedi ki, yarım gün gedib qohum-qardaşla görüşəcəyəm, sən də gələrsən.

Matan xanımın anası Şahbəyim Ə.Şərifin bibisi idi. Ona görə də çox doğmalıqla söhbət edirdilər. Əziz müəllim deyirdi ki, Matan, Zaviyə məhəlləsinin bir hissəsini tamam tar-mar ediblər. Ancaq mənim üçün çox doğma olan bir evi hələ də uçurmayıblar: Məhəmməd Tağı Sidqinin yaşadığı evi deyirəm.

Elə bu anda üzünü mənə çevirdi: Mənim ağabəy gənc dostum, mən Sidqinin "Tərbiyə" məktəbində oxumuşam. Mirzə Cəlil həmin məktəbi "Böyük türk məktəbi" adlandırırdı.

Əziz müəllim həmin Zaviyə məhəlləsindən söhbət edə-edə vaxtı ilə yaşadıqları evlərinin haqqında danışmağa başladı. Dünyadan cavan getmiş qardaşı Cavaddan ürəkağrısı ilə danışırdı.

Yeri gəlmişkən bildirim ki, Əziz Şərifin vəfatı ilə bağlı müxtəlif tarixləri göstərirlər. Hətta təəssüf ki, ensiklopediyalarda onun vəfat günü iyunun 8-i göstərilib. Amma bu tarix dəqiq deyil. Əziz Şərif 1988-ci il iyunun 1-də gündüz saat 11-də Moskvada vəfat edib. 8 iyunda isə Naxçıvan şəhər qəbiristanlığında ata-anasının və qardaşı Cavadın yanında dəfn edilibdir.

O, təəssüflənirdi ki, yaşadıqları evlərini 1965-ci ildə söküblər. Anası Nazlı xanım 1961-ci ildə dünyasını dəyişmişdi.

Nazlı xanım (nəvələri) və oğlu Cavadla (sağda) birlikdə.

Həmin evdən təəssüratlarını yazıçı dostu Hüseyn Abbaszadə "Taqqılbab" hekayəsində qələmə alıb.  Yenə də üzünü mənə tutub dedi:

- Ağabəy dostum, Cavaddan yazmaq sənin mənə dost borcundur. Axtarış apararsan. Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadə kədərli bir şeir yazıb, əski əlifba ilə "Şərq qapısı" qəzetində o illərdə çap olunub (Bu haqda bir az sonra). Taparsan, oxuyarsan və mənim sonbeşik, nakam qardaşım haqda yazarsan. Bilirdim ki, Əziz müəllim özündən çox kiçik olan qardaşı Cavada qəlbən bağlı olub.

Əziz Şərifin anası Nazlı xanım. 1960-cı il, Naxçıvan

 "Keçmiş günlərdən" (Birinci kitab) - "Atam və mən" (sənədli xatirələr) kitabında (Bakı, 1983) Əziz Şərif balaca qardaşı Cavadla bağlı xeyli məlumat verib. Oradakı məlumatlardan aydın olur ki, uzun illərdən sonra anadan olmuş Cavad, Şərifzadələr ailəsinə sevinc dolu günlər gətiribmiş. Ona görə də Cavadın həyatdan nakam getməsini Əziz müəllim dərin kədərlə xatırlayırdı. Ömrünün son illərində daha çox yada salırdı. Onunla bağlı nə vardısa, Əziz müəllim qayğı ilə yanaşırdı.

Yeri gəlmişkən, Əziz müəllimin mənə "Ağabəy" deməsindən əvvəllər o qədər də xoşlanmırdım. Hətta bir dəfə bu haqda atama da demişdim. Atam isə ürəkdən gülmüşdü və demişdi ki, komsomolluğuna salma, müdrik insanlar hörmət etdikləri cavanlara səmimiyyətlə belə müraciət edirlər.

Matan xanıma dedi ki, atam öz fotoaparatı ilə 1912-ci ildə Gürcüanidə Cavadın şəklini çəkib. Mirzə Əbdüləzim dayımın da albomunda vardı. O fotodan birini Musaya da bağışlarsan (Həmin gün Cavadın mənə bağışlanan fotoşəklini də yazıma əlavə edirəm - müəllif). Bilirəm, ağabəy dostum bir gün onu çap edəcək.

Əziz Şərifin qardaşı Cavad. Gürcüstan, Gürcüani kəndi, 1913-cü il

Sonra söhbəti ordubadlı dostu Mir Fazil Seyidovdan saldı. Mir Fazil Seyidov 1895-ci ildə Ordubadda doğulub. Müxtəsər desək, həmişə iqtisadçı işləyib. Əziz Şərif ata evini onun ailəsinin yaşaması üçün təmənnasız verib. Anası Nazlı xanım Moskvaya getmədiyindən, anası da onlarla qalırmış. Mir Fazil Seyidov 4 may 1965-ci ildə vəfat edib. Əziz müəllim bu tarixi yadında saxlamışdı. Deyirdi ki, Mir Fazilin həyat yoldaşı Zivər xanımın, qızı Şükufənin, Sabirənin, Bətulənin, Fatmanın və qardaşları Mir Salehin yaxşılıqlarını, səmimiyyətlərini mən heç zaman unuda bilmərəm. O ailənin yaxın qohumu, 1918-ci ildə Azərbaycanın müstəqilliyini təsdiqləyən "İstiqlal bəyannaməsi"ni imzalayan Mir Hidayət Seyidovu mən Tiflisdə yaşadığım illərdən tanıyırdım. Onun həyat yoldaşı Şövkət xanım Kazımbəyova da İrəvanlı Əliəşrəf bəyin qızı idi.

İndi qayıdaq əsas mətləbə. Şeyx Məhəmməd Rasizadə Əziz Şərifin  dayısı Mirzə Əbdüləzimin bacısı Gövhərin qızı Zərri ilə ailə qurmuşdu. Cavidlər həm də Müşkünaz xanımın anası tərəfdən qohum idilər. Əziz Şərifin  qardaşının həyatdan nakam getdiyi bir gündə Şeyx Məhəmməd bu cavanın vaxtsız ölümünə təəssüflənmiş və kədərli bir şeir yazıb rəsmi qəzetdə çap etdirmiş, Şəriflər ailəsinin kədərinə mənəvi şərik olmuşdu. Onun bu elegiyasını istedadlı, zəhmətkeş ədəbiyyatşünas alim Fərman Xəlilov tapmış və mənə bağışlamışdı. "İstəsən, çap etdirərsən" demişdi. İndi həmin elegiyanı oxuculara təqdim edirəm:

 

"Şərq qapısı" qəzeti 14 avqust 1924, №38 (69)

Naxçıvan kişi müəllimlər məktəbinin tələbəsi Cavad Şərif 1910-cu ildə (1911 olmalıdır. Bax: Ə.Şərif Keçmiş günlərdən. Atam və mən. 1983, s.104. - müəllif) iyul ayının 26-da doğulub. 1924-də həmin gündə vəfat etmişdir.

 

Hörmətli Əziz Şərifə

Cavad Şərif üçün.

 

Dördüncü ildönümü Naxçıvanda*

Xalq gülüb şadlıq zamanda,

 

Qohum-qardaş ağlaşırdı o anda

Kəndisini öldürdü anan da.

 

Boyuna biçildi Cavadın kəfən,

Unudulmaz oldu bu dərdi-mihən.

 

Heç unutmam bundan sonra temmuzu,

Bu ayda o vida eylədi.

 

Ağlar qoydu anasını, Əzizi

İşıq yolun şərafətli yulduzu.

 

Üful etdi, yeni tilu edərkən

Dünya bizə oldu bir beytül-həzən.

 

(*26 iyul 1924-cü ildə Naxçıvanda sovet hakimiyyətinin elan olunmasının dörd illiyi qeyd edilib, bu misra ona işarədir).

Fikrimizcə, tapılan bu elegiya Şeyx Məhəmməd Rasizadənin tədqiqatçıları üçün də maraqlı ola bilər.

 

 





18.01.2024    çap et  çap et