Araşdırmalara görə, Qrenlandiya iqlim dəyişikliyi səbəbindən saatda orta hesabla 30 milyon ton buz itirir.
525.az “The New York Times” qəzetinin yazdığına istinadən məlumat verir ki, NASA-nın Reaktiv Sürmə Laboratoriyasının əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk şəkilləri əsasında xəritə hazırlayıb.
Demək olar ki, bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsviri xəritədə bir araya gətirilib. Bunları araşdıran tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər. Məlumatlar göstərib ki, Qrenlandiya proqnozlaşdırılandan 20 faiz çox əriyir.
Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buz itirib. Qrenlandiyanın demək olar ki, hər bölgəsində eyni vaxtda ərimənin müşahidə edildiyini və buzlaqların geri çəkildiyini bildirilib. Tədqiqatçıların fikrincə, əriyən buzlaqlardan əlavə şirin su təchizatı okean axınlarının dağılmasını sürətləndirə bilər. Sözügedən ərimə səbəbindən dəniz səviyyəsində təxminən 13 millimetr yüksəliş olduğu bildirilib. Tədqiqata daxil edilən 200-dən çox buzlaqdan yalnız birinin 1985-ci ildən bəri böyüdüyü məlum olub.
Qeyd edək ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Malik Atilay
çap et