525.Az

Ümummilli liderə həsr edilmiş kitab Türkiyədə təqdim olunub


 

Ümummilli liderə həsr edilmiş kitab Türkiyədə təqdim olunub<b style="color:red"></b>

İtanbulda yenicə çapdan çıxmış “Xatirələr işığında Heydər Əliyev”  adlı kitab qardaş ölkədə böyük maraqla qarşılanıb. Türkiyənin bir çox kütləvi informasiya vasitələrində bu barədə ictimaiyyətə geniş məlumat verilib. Kitabda görkəmli siyasətçilərin, ictimai xadimlərin, iş adamlarının səmimi fikirləri Ümummilli liderin portret cizgilərini daha da zənginləş­di­rir.

Əməkdar jurnalist, professor Etibar Babayevlə çoxillik yaradıcılıq fəa­liyyətində Azərbaycana xüsusi yer ayıran tanınmış yazar Seyful­lah Türksoyun müəllifi olduğu yeni kitab istər məzmunu, əhatə dairəsi, istər nəfis tərti­batı ilə diqqət cəlb edir. Bir il davam edən ciddi araşdırmaların, xeyli sayda şəxsi görüşlərin, çəkilişlərin nəticəsində “Türk dünyasının fəxri” adlı iki sənədli fillm və “Xatirələr işığında Heydər Əliyev” adlı kitab əsrəyə gəlib. Hər iki sənədli film “Azad Azərbaycan” telekanalında tamaşaçılara təqdim olun­ub.

Kitabda Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, uzun illər Tür­ki­yənin xarici işlər naziri vəzifəsində çalışan Hikmət Çetin, mədəniyyət naziri Namik Kamal Zeybək, dövlət naziri Cavid Çağlar, millət vəkili Şamil Ayrım, o cümlədən, Azərbaycanın keçmiş xarici işlər nazirləri Həsən Həsənov, Vilayət Qu­liyev, Azərbaycan-Türk İş adamları Birliyinin rəhbəri Cemal Yanğın və başqalarının zəngin xatirələri müstə­qil Azərbaycanın ilk illərinin mü­rək­kəb mənzərəsini yenidən göz önündə can­landırıb, çıxılmaz vəziy­yətlərdə Ümum­milli liderin qətiyyətli addımlarının ta­rixi əhəmiyyətini bir daha diqqətə çatdırıb. Müasirləri Azərbaycan-Türkiyə əla­qə­lərinin möhkəmlənməsində onun əvəzolunmaz xidmətlərini böyük iftixarla sadalayıblar. Dünya şöhrətli alim, Bilkent Universitetinin qurucusu İhsan Doğrama­cının incə qəlbli, həssas, diqqətcil, vəfalı dostu barədə yeni açıqlamaları oxu­cuda həyəcanla yanaşı, həm də vətəndaş olaraq,  qürur hissi doğurur.

Kitabda xatirələrini bölüşən  jurnalist Jalə Şengün Heydər Əliyevlə bağlı son dərəcə maraqlı məqama toxunub. 1994-cü ildə İngiltərəyə ilk rəsmi səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyevdən müsahibə almış Jalə Şengün bu unudulmaz görüşün təəssüratlarını otuz il sonra ilk dəfə “Xatirələr işı­ğında Heydər Əliyev” kitabının oxucuları ilə bölüşüb.

Kitabda fotoqraf Rafiq Bağırovun çəkdiyi şəkillərdən, eləcə də müəlliflərin şəxsi arxivindəki materiallardan geniş istifadə edilib.

 





19.01.2024    çap et  çap et