525.Az

Tacısan dünyamda sən çiçəklərin


 

Tacısan dünyamda sən çiçəklərin<b style="color:red"></b>

Tacısan dünyamda sən çiçəklərin,

Köksündən bal süzən tər Şehçiçəyim.

Sehrinə düşmüşəm, nur ləçəklərin

Əqli başdan alan zər, Şehçiçəyim.

 

Cəzbində qalmışam, tamam çar-naçar,

Sağımda, solumda çox çiçək açar,

Pərvanəyə dönüb, dövrəmdə uçar,

Sərrafam, seçmişəm dürr, Şehçiçəyim.

 

Bir kərə, bir anlıq olsa da, vüsal

Ruhuma rahatlıq verməyir xəyal,

Sonu ölümsə də, gəl qoynuna al,

Həsrətdə yaşamaq zor, Şehçiçəyim.

lll

Dünyamızı çiçək görən,

Gözlər nə gözəl, nə gözəl...

Ruhumuza şəfa verən,

Sözlər nə gözəl, nə gözəl...

 

Gül əkənlər, gül dərəcək,

Qəlb deyəni, dil deyəcək,

Düz əyrini düz görəcək,

Düzlər nə gözəl, nə gözəl...

 

Ustac olub sözə məftun,

Daim gülən üzə məftun,

Qəlbdə qalan izə məftun,

İzlər nə gözəl, nə gözəl...

lll

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun.

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən olsun.

 

Bu əllər uzanıb haçandıır sənə,

Bir ləpir, bir cığır, yol göstər mənə,

Gələrəm, baxmaram uzuna, enə,

Lap elə Musaya verilən olsun.

 

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm qələm-tişədən,

Ruhuma qida ver görklü rişədən,

Qoy daşdan, qayadan sorulan olsun.

 

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun.

 

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana varılan olsun.

lll

Gəzdim qarış-qarış doğma torpağı,

Hər dağda, dərədə izim var mənim!

Hələ keçilməmiş, uca dağların,

Uca zirvəsində gözüm var mənim!

 

Gəzdim, yorulmadan aranı, dağı,

Seyr etdim, ən ucqar çəməni, bağı,

Heç vaxt qınamadım zamanı, çağı,

Çox bulaq başında üzüm var mənim!

 

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,

Ən adi daşa da olmuşam qonaq,

Hər otun, çiçəyin halın soraraq

Sinəmə yığdığım sözüm var mənim!

 





19.01.2024    çap et  çap et