525.Az

Dünya dizin-dizin sənə gələcək


 

Dünya dizin-dizin sənə gələcək<b style="color:red"></b>

Hüseyn BAĞIROĞLU

 

Bəlkə də göylərin ilk qayəsisən,

Dünya dizin-dizin sənə gələcək.

O əlçatmaz Eşqin bir ayəsisən,

Oxuyan imana, dinə gələcək.

 

Yağdıqca yağar hey nur baxışından,

Könül şəfa tapar pir baxışından,

Kim bilir, bəlkə də, bir baxışından

Mənim hər sözümə məna gələcək.

 

Eşq ilə varlığın ruhu yüksəldi,

Ay da səbəb tapıb səmaya gəldi.

İnsan ki, bir dəfə dünyaya gəldi,

Ələnib-dolanıb yenə gələcək.

lll

Qərib yolun haqqa sarı getdiyin

Sinəsində bitən izdən bilirəm.

Özündən gəlməyən özgələrindi,

Özündən gələni bizdən bilirəm.

 

Fani olanlara baxıb doyuram,

Əbədi olanı candan duyuram.

Bəzən dastanları heçə sayıram,

Bəzən bir kəlməni dastan bilirəm.

 

Deyirsən, bu ömrə nə məna verək,

Məna nəyə gərək, sevdikcə sevək.

Məşəqqət olsa da, halal söz demək,

Haram söz deməkdən asan bilirəm.

 

Başını dumanlar bürüsə belə,

Arzular gözündə çürüsə belə,

Üstünə çaqqallar yürüsə belə,

Mən yenə aslanı aslan bilirəm.

lll

Özünü dərk eləmək bir ömür zaman aparır,

Bu zaman nədir belə, ömürü yaman aparır.

 

Bəlkə də sovqatıdır ağ duman şıltaq küləyin,

Sən əsən yellərə bax, dağlara duman aparır.

 

Heç ibrət olmadı ki, Məcnunun o halı bizə,

Yenə də ağlımızı qaşları kaman aparır.

 

Nuhun gəmisi kimi Eşq yenə dəryada qalıb,

Bir bilən yoxdu onu bir dəli tufan aparır.

 

Mən səhər yellərinin sirrini aşkar elədim:

Bülbülün nəğməsini güllərə dərman aparır.

 

Yer üzündən ucalan nuru görüb çaşdı bəşər:

Aşiqin ruhudur o, göylərə Quran aparır.

 

Şair, ümmana dalıb heyrətlə dalğalanırsan,

Bir dönüb damlaya bax, zərrədə ümman aparır.

 

 





19.01.2024    çap et  çap et