525.Az

Qulu Məhərrəmlinin kitabının təqdimatı olub


 

Qulu Məhərrəmlinin kitabının təqdimatı olub<b style="color:red"></b>

Bu gün tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi kitabının təqdimat mərasimi keçirilib.

525.az Modern.az-a istinadən xəbər verir ki, mərasimdə tanınmış şəxslər, ictimai xadimlər və oxucular iştirak edib.

Professor Qulu Məhərrəmli saytımıza açıqlamasında bildirib ki, kitab əsasən gənc auditoriya üçün nəzərdə tutulub: "Mən bu kitab üzərində 3 il çalışmışam. Çox sayda ciddi, maraqlı sənədlərdən, arxiv materiallarından, Rəsulzadə haqqında yazılan kitablardan istifadə olunub. Son zamanlar onun Finlandiyada, Polşada və başqa ölkələrdəki fəaliyyəti ilə bağlı ciddi sənədlər, materiallar üzə çıxarılır. İnsan ömrü boyu Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi uğrunda mübarizə aparıb. Bir an da o mübarizədən çəkinməyib. Məşhur tatar siyasətçinin məşhur bir sözü var. O deyir ki, "Məmməd Əmin Rəsulzadə öz xalqının müstəqilliyi, istiqlalı uğrunda səhhətini, ailəsini, bütün həyatını qurban verdi". Doğrudan da belə tarixi bir şəxsiyyət öyrənilməyə, oxunmağa, təbliğ olunmağa layiqdir.

Kitabın əsas məqsədi bizim istiqlal savaşımızın, dövlət müstəqilliyimizin rəmzi olan Məmməd Əmin Rəsulzadənin həyatını publisistik, populyar dildə oxuculara çatdırmaqdır. Ona görə də hesab edirəm ki, daha çox gənc auditoriya üçün nəzərdə tutulub. Nə yaxşı ki, uzun müddətdən sonra onun arzusu reallaşıb. Bu gün Azərbaycan müstəqildir. Dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüdür. Bu gün Qafqazın ən böyük dövləti Azərbaycandır. Hesab edirəm ki, bütün bu uğurların yaranmasında, onun ideologiyasının təməl daşında, azadlıq divarının hörülməsində Məmməd Əmin Rəsulzadənin böyük rolu var. O bizim siyasi təfəkkürümüzün təmsilçisidir. Biz tarixi şəxsiyyətlərimizə böyük sevgiylə yanaşmalıyıq. Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı prezidentin sərəncamı var. Düşünürəm ki, çox gərəkli sənəddir. Bu sənədə istinadla bizim nəşriyyatlar, siyasətçilərimiz, dövlət strukturları onun 140 illiyinin layiqli keçirilməsini təmin etməlidir".

Mətbuat Şurasının sədri Rəşad Məcid isə kitabın əhəmiyyəti vurğulayıb.

"Bu il Rəsulzadənin 140 illiyi qeyd olunacaq. Prezidentin sərəncamında da bildirilir ki, Rəsulzadənin irsinin daha dərindən öyrənilməsi, təbliğ olunması istiqamətində işlər görülsün. Məmməd Əmin Rəsulzadə haqqında yazılan bu kitab daha müfəssəl və aydın dildədir. Rəsulzadənin gəncliyi, fəaliyyəti hamısı bu kitabda öz əksini tapıb. 20-ci əsrin əvvəlləri çox mürəkkəb siyasi dövr idi. Belə bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Məmməd Əmin Rəsulzadənin rolu, ümumilikdə dövrün mənzərəsi bu kitabda öz əksini tapıb. Mən gənclərə bu kitabı oxumağı məsləhət görürəm. Bir neçə gəncə artıq tövsiyə etmişəm. Çox maraqlı tarixi hadisələri öyrənmək baxımından bu kitabın əhəmiyyəti var. Məsələn təkcə Stalinlə Rəsulzadənin münasibətləri, bəlkə də, ayrıca romanlar mövzusudur ki, Qulu müəllim çox açıq, macəraçı dildə yazıb. Bu kitaba görə Qulu müəllimi təbrik edirəm".

 





21.01.2024    çap et  çap et