Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi maneə qalmasa da, kənar qüvvələrin, xüsusilə Fransanın destruktiv davranışları, İrəvanı silahlandırması, tərəfləri yeni müharibəyə cəlb etmək üçün qurduğu digər planlar, təəssüf ki, sülh istiqamətində irəliləməyə maneə yaradır. Fransanın öz pozucu oyunlarına cəlb etdiyi Ermənistan bundan ancaq ziyan gördüyünün fərqində deyil. İrəvan hakimiyyəti anlamır ki, regiona heç bir aidiyyəti olmayan, indiyədək mövcud olduğu bölgələrə fəlakətlər, faciələr gətirən, müstəmləkəçilik siyasətindən əl çəkmək istəməyən Paris erməni xalqına da xoşbəxtlik gətirə bilməyəcək. Ermənistan Fransanın oyunlarına ortaq olduqca, bataqlıqda qalmaqda davam edəcək. Son 30 ildən artıq müddətdə ilk dəfədir ki, Azərbaycanla Ermənistan arasında sülh, əlaqələrin qurulması, dinc qonşuluq şəraitində yaşamaq üçün unikal imkan yaranıb. İrəvan kənar qüvvələrin pozucu planlarında yer almaqdan imtina edib və bu imkanı əldən verməməlidir.
İkincisi, Bakı dəfələrlə İrəvana vasitəçisiz sülh danışıqları təklif edib. Bu da səbəbsiz deyil. Çünki vasitəçilik edən tərəflərin öz maraqları olur və onlar üçün prioritet də elə öz maraqlarını təmin etməkdir. Biz İkinci Qarabağ müharibəsindən sonra Brüsseldə başladılan prosesdə də, Vaşinqtonun vasitəçiliyi ilə aparılan müzakirələrdə də buna şahidlik etdik. Bu baxımdan əlbəttə ki, tərəflərin uzaq paytaxtlarda deyil, elə vasitəçi olmadan özlərinin birbaşa müzakirələr aparması nəticəni daha tez gətirəcək. Başqa sözlə, sülh fürsəti bəzi güclərin geosiyasi iddialarına qurban verilməməlidir.
Vasitəçisiz danışıqların artıq konkret nəticəsi də var. Ötən il dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı ilk dəfə birgə açıqlama yaydı. Açıqlamada iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunduğu bildirildi. Bu çərçivədə humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycanın 32 erməni hərbçisini, Ermənistanın isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edəcək.
Bundan başqa, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi, Azərbaycan isə öz növbəsində, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi. Birgə açıqlama ilk növbədə, vasitəçilərsiz danışıqların daha faydalı olduğunu və nəticəyə gətirdiyini göstərdi. Amma təəssüf ki, İrəvan dediyimiz kimi, bəzi qüvvələrin təsiri altında bu istiqamətdə də irəliləməyə cəsarət etmir.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli telekanallara müsahibəsində bu məqama toxunaraq deyib ki, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun: "Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür".
Ermənistan aydın dərk etməlidir ki, iki ölkə arasında aparılan danışıqlar prosesini güc mərkəzlərinin geosiyasi rəqabət meydanına çevirməməlidir. Əks halda, Cənubi Qafqaza sülhün, sabitliyin gəlməsi mümkün olmayacaq. Necə ki, Fransa Qafqazda gərginliyin qalması və daha da artması üçün öz oyunlarını davam etdirir. Bunun üçün həm Ermənistanı silahlandırır, həm də əli çatan beynəlxalq platformalarda, eyni zamanda öz daxilində bütün vasitələrdən istifadə etməklə çirkin işlərini davam etdirir. İkinci Qarabağ müharibəsi zamanı başladılan antiazərbaycan kampaniyasını Paris bu gün də davam etdirir, özü də açıq şəkildə. BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə 5 dəfə qətnamələrin qəbuluna çalışan Paris uğursuzluğa düçar oldu. Çünki Azərbaycan bütün addımlarında haqlıdır və öz addımlarını da məhz beynəlxalq hüququn prinsiplərindən çıxış edərək atır.
Dövlət başçısı Parisin bu cəhdlərinin uğursuzluğa düçar olmasını onlar üçün çox güclü siyasi zərbə adlandırıb və deyib ki, biz onlara öz meydançalarında qalib gəldik. Fransa çirkin oyunlarını Avropa İttifaqı çərçivəsində də davam etdirdi, amma quruma üzv ölkələrin heç də hamısı onu dəstəkləmədi. Gözlədiyi dəstəyi ala bilməyən Fransa Senatında Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Əlbəttə ki, bu kağız parçası qərəzlidir, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Bu gün Ermənistanın üçtərəfli bəyanatı pozaraq Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməməsi də məhz Fransa kimi qüvvələrin təsiri altında olmasından irəli gəlir. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Məsələn, Şimal-Cənub dəhlizi Azərbaycan ərazisindən keçir və bu o demək deyil ki, suverenliyimiz şübhə altına düşür.
Prezident İlham Əliyev bu mövzuda bildirib ki, bizi ittiham edirdilər ki, güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi və belə ucuz şayiələri yayan da Fransadır.
Dövlət başçısı bildirib ki, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər: "Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir. Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın".
İsrailin Təl-Əviv Universitetinin professoru Steven Klein qeyd edilən mövzularla bağlı "525"ə şərhində bildirib ki, tarixən üçüncü tərəf olan zəmanətçilər ölkələr arasında sülh müqavilələrinin bağlanmasında vasitəçilik edirlər. Amma onlar prosesin iştirakçısı olan dövlətlərdən fərqli maraqlara malik olduqları halda, özləri bir sıra problemlər yarada bilərlər.
Ekspert hesab edir ki, zəmanətçini hər iki tərəf qəbul etməlidir: "Həmçinin, onların Bosniya və ya Kosovoda olduğu kimi daimi bir iştirakçıya çevrilməməsi, nə vaxt təhlükəsiz şəkildə çıxarıla biləcəyini qiymətləndirmək üçün bir mexanizm də olmalıdır".
İsrailli professor Fransanın sülh prosesinə yaratdığı maneələrə, eləcə də Ermənistanı silahlandırmasına münasibət bildirib: "Fransanın Ermənistanı silahlandırmasına dair sübutlar barədə ətraflı məlumata malik deyiləm. Bununla belə, onun bölgədəki qüvvələr balansını dəyişəcəyinə şübhə edirəm. Azərbaycanın üstün hərbi güc olduğu artıq sübut edilib. Biz tarixdən onu da bilirik ki, əgər ordun zəif təlim keçibsə, daha çox silahın əldə olunmasının heç bir fərqi yoxdur. Sadəcə Əfqanıstan ordusunun 2021-ci ildə necə dağıldığına baxmaq lazımdır".
S.Kleinin sözlərinə görə, Fransa erməni diasporasına görə bu işə cəlb olunmağa həvəslidir, lakin sonda İrəvan Parisin deyil, öz maraqlarına uyğun olaraq hərəkət edəcək: "Və gördüyümüz kimi, Ermənistan sentyabrda Azərbaycanın öz ərazisində keçirdiyi antiterror tədbirlərindən sonra əvvəlki yanaşması ilə müqayisədə indi sülh müqaviləsinə daha açıqdır və bu, əks-intuitiv görünür".
O, Zəngəzur dəhlizi ilə bağlı da məsələyə toxunub. İsrailli professor deyib ki, bununla bağlı konkret nəsə demək çətindir: "Azərbaycanı İrandan deyil, bu marşrutla Naxçıvanla bağlamaq daha məqsədəuyğundur. Lakin görünən odur ki, Ermənistan dəhlizlə bağlı öhdəliyini yerinə yetirmir, bununla da mümkün iqtisadi qazanclarını əldən verir: "Hesab edirəm ki, Ermənistan Azərbaycanla Naxçıvan arasında dəhlizlə yüklərin çatdırılmasında hər hansı yoxlama aparmamalıdır. Görünən odur ki, sülh prosesi üçün Zəngəzur dəhlizi, eləcə də sərhədlərin delimitasiyası mümkün problemlərdən biri olaraq qalır".
Ekspert ümid edir ki, tərəflərin razılığa gəlmək şansı qalır və hələ bunun üçün çox gec deyil.
çap et