525.Az

“Biz daha çox qonşuda olanı istəyirik..." - Güntay Hüseynli


 

HEYKƏLTARAŞ GÜNTAY HÜSEYNLİ İLƏ ÖZ YARADICILIĞINDAN VƏ BU SƏNƏTƏ İCTİMAİ MÜNASİBƏTDƏN DANIŞDIQ

“Biz daha çox qonşuda olanı istəyirik..." -<b style="color:red"> Güntay Hüseynli</b>

- "Heykəl kimi dayandı lal!"

Fotoqraf dostum Fazil təzə-təzə maşın sürür deyə çox da başını qatmaq istəmirdim. Amma birdən bu misranı xatırladım. Sözümü kəsib ani reaksiya verdi:

- Nəbadə bunu heykəltaraşla görüşəndə deyəsən... Xətirinə dəyə bilər. Onlar elə düşünürlər ki, heykəllər lal deyil, danışırlar...

Dəhşət tıxac var idi, 2 saatdır, mənzil başına çata bilmirdik.

- Ay Nadir, şəhərin mərkəzində müsahibə almaq üçün bir heykəltaraş tapa bilmirdin?

- Mənim axtardığım heykəltaraş məhz odur! Güntay Hüseynli... Onun üslubu tamam başqadır...

Fazil deyinə-deyinə məni emalatxanaya çatdırdı. Kamerasını götürüb qabağıma düşdü...

Güntay Hüseynli 1995-ci ildə Bakıda anadan olub. 2015-2018-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq kollecində, 2018-2022-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında heykəltaraşlıq üzrə təhsil alıb. Minimalist heykəltaraşdı və postmodern üslubda işlər ərsəyə gətirir. Uzun sözün qısası, konyukturadan uzaq, yenilikçi və əsl sənətlə məşğul olmağa çalışan Güntay Hüseynlinin emalatxanasından reportajı təqdim edirəm.

Güntayın sosial şəbəkələrdə paylaşılan kompozisiyaları ilə tanımışam. O, bir ideyanı əsas götürür, minimalist bir üslubda işləyir və ərsəyə gələn əsərin videogörüntüsünü hansısa bir retro musiqi fonunda paylaşır. Ən maraqlı nüans isə həmin əsərə verilən addır: Güntay Hüseynli, sözün əsl mənasında, yaradıcıdır; söz, heykəl, musiqi...

Emalatxanaya daxil olan kimi tarda "Qaval" rəqsi eşidildi. Güntay yutubdan tarzən Şəhriyar İmanovun ifasında "Şur rəqsləri"ni qoşmuşdu. Elə bil televiziya verilişi hazırlayırdıq, bircə Fazilin video-kamerası çatmırdı.

Divardakı stendlərə, şkaflara qoyulmuş əl işlərini maraqla izləyib Güntayla ayaqüstü söhbətimiz oldu, bir növ, müsahibənin ekspozisiyası kimi... Emalatxanada əsas otaqdan digər otaqlara iki qapı açılırdı. İlk həmin otaqlar mənə maraqlı gəldi. Daxil olan kimi Ümummilli lider Heydər Əliyevin büstünü gördüm. Müəllifdən bu sifariş barədə xəbər aldım:

- Son illərinin təsviridir. Bu büst Arxangelsk vilayətinə gedəcək. Orda azərbaycanlı biznesmenin "Şuşa" adlı mədəniyyət mərkəzi var. O, bundan əvvəl Müslüm Maqomayevin və Fərman Salmanovun barelyefini sifariş etmişdi. Arxangelskin qubernatoru ermənidir. Həmin mədəniyyət evinin adının "Şuşa" olması onu narahat edir. Buna baxmayaraq, həmin mədəniyyət mərkəzi fəaliyyət göstərir. Hətta erməni qubernator Müslüm Maqomayevin müəllifi olduğum barelyefini də sökdürüb, sonradan müəyyən müraciətlər nəticəsində barelyef bərpa olunub.

Güntayın atası Vaqif Ucatay rəssam olub. Uzun illər Ə.Əzimzadə adına Rəssamlıq kollecində pedaqoji fəaliyyət göstərib. Emalatxanada bir-iki rəsm əsəri gördüm və yəqin etdim ki, bunlar mərhum rəssam Vaqif Ucatayındır.

- Bu şəkillərin müəllifi atandırmı?

- Xeyr, həyat yoldaşımın rəsmləridir. Mənim yoldaşım da rəssamdır.

- Yəqin tanışlığınız universitetdən başlayıb.

- Açığı, yaşca kiçik olsa da, o, məndən bir kurs yuxarı oxuyub. Universitet vaxtı tanışlığımız olmayıb.

- Birgə nəsə hazırlamısınızmı?

- Mən düzəldirəm, o rəngləyir.

Sosial şəbəkədə gördüyüm əsərləri canlı izləmək və onlar barədə maraqlanmaq çəkilmək istədiyin filmin obrazına çevrilmək kimi bir şey idi...

- Yəqin, əsl sənət nümunələrinin alıcısı gec tapılar...

- Biz daha çox qonşuda olanı istəyirik. Təəssüf...

Molla Pənah Vaqifin plastilinlə işlənmiş kiçik heykəlini görüb diqqətlə nəzərdən keçirdim:

- Bunu sən düzəltmisən?

- O, Nahidin diplom eskizlərindən biridir. Nahid də Rəssamlıq Akademiyasını bitirib, qrup yoldaşım olub.

Qeyd edim ki, Nahid emalatxanada Güntayla birgə çalışır. Sakit xarakteri var, onunla söhbət etmək qəliz məsələdir. Emalatxanadakı əl işlərini marağımı cəlb elədi. İndi isə yenicə dünyasını dəyişmiş nənəsinin heykəlini tamamlamaq üzrə idi.

Emalatxanada Vaqif Ucatayın kiçik heykəli də var idi. Həmin heykəlin böyük versiyası indi onun məzarı üstündə ucaldılıb.

- Bu kiçik heykəli atan dünyasını dəyişəndən sonra hazırlamışdın?

- Yox, sağlığında natura kimi dayanmışdı və bunu onun üçün işləmişdim. Rəhmətə gedəndən sonra qəbirüstü üçün nə edəcəyimizi çox fikirləşdik, bir neçə eskiz hazırladıq. Son anda qərara gəldik ki, sağlığında necə dayanmışdısa, heykəlini o cür işləyək. Amma heç ağlıma gəlməzdi ki, o kiçik heykəlin böyük versiyasını bir gün məzarı üstündə ucaldacam. Bəlkə, bu da heykəltaraş taleyidir...

- Bəs sən nə əcəb "Ucatay"ı təxəllüs kimi götürmədin?

- Adımın da sonu "ay" ilə bitir. Məncə, yaxşı səslənməzdi.

- Adının mənası da maraqlıdır; günə tay, günə bənzər...

- Əslində tay qədim türkcədə dağ deməkdir; günəş dağı daha düzgün versiyadır.

Adında da dağ olan heykəltaraşla ayaqüstü söhbətimizi yekunlaşdırıb masa arxasında əyləşdik; suallarım hələ indi başlayırdı...

- Əvvəl hərbçi olmaq istəmisən. Maraqlıdır ki, hərbçilik heykəl kimi soyuq peşədir. Necə oldu birdən-birə fikrindən daşındın?

- Uzaq qohumumuz var idi, yüksək rütbəli. Mən bilmirdim, əsgər, müddətdən artıq xidmət edən, leytenant necə olur. Elə bilirdim, hərbçi elə budur; general-leytenant vəzifəsində əyləşən polkovnik rütbəli şəxs... Onun həvəsi ilə sənədlərimi Cəmşid Naxçıvanski adına hərbi məktəbə verdim. Atam deyirdi ki, ora sənin yerin deyil, amma çox istəyirsənsə, get. Cəmi, 3 gün orda oldum. Sonra atama dedim ki, sən düz deyirsənmiş. Hərbi məktəbdən çıxdım. Həmin vaxtlar idmanla məşğul olurdum, fiziki cəhətdən də yaxşı idim. Sadəcə, ab-hava ürəyimcə olmadı. Əmim memardır. İstədim o yolla davam edim. Atam dedi ki, Əzimzadə adına kollecdə təhsilini davam etdir, sonra ali məktəbi memarlıq üzrə oxuyarsan. "Əzimzadə"dəki mühiti çox bəyəndim və memarlıq yadımdan çıxdı. Gözümü açıb sənət görmüşəm. Daim sənətşünaslar, rəssamlar, heykəltaraşlar atamın qonağı olub. Əslində, 5 yaşım olanda bağçada məndən soruşmuşdular ki, böyüyəndə kim olacaqsan? Cavab vermişdim ki, mən heykəltaraş olacağam. Görünür, bu da mənim qismətim imiş...

- Sənin üslubun fərqlidir. Kompozisiyalarının ideyası barədə danışaq. Mövzuları hansısa dünya çapında tanınan əsərlərdən iqtibasmı edirsən, yoxsa yalnız fəhmin köməyinə yetir? Hansısa bir film, musiqi, hadisələr təsir edirmi?

- Dediklərin hamısı olur. Qəti deyə bilmərəm ki, hardansa təsirlənmişəm, yaxud hər şey fəhmlədi. Elə olub ki, gecəyarısı yuxudan oyanıb hansısa fikrimi qeyd edib sonradan üzərində işləmişəm. Yaxud oxuduğum kitabdan hansısa bir cümlə xoşuma gəlib. O cümləni özümdə qeyd etmişəm və kompozisiyaya çevirmişəm. Mən bunu plagiat hesab etmirəm. Məsələn, Nadir öz sahəsində bu sözü deyibsə, mən də heykələ çevirirəm, başqa bir dilə tərcümə edirəm.

- Əsərlərinin videosunu hazırlayanda fonda gözəl musiqilər səslənir...

- Çox vaxt əsərin ideyasına uyğun mahnılara üstünlük verirəm. Daim retro mahnılarımızı dinləyirəm və çox sevirəm.

- Kompozisiyalarının adı xüsusi marağa səbəb olur. Ad seçimində hansı meyarı nəzərə alırsan?

- İstəyirəm ki, ad əsərin məzmununu açıqlamağa kömək etsin. Hərdən ad yaranır, sonra əsər.

- Güntay, sənin üslubunun adı nədir?

- Bir gün mənim işlərimi sənətşünas Ziyadxan Əliyevə göstərdilər. O dedi ki, bunlarda Akif Əsgərov, Anikuşin və Roden manevrləri var, bu, simvolik şərti-rəmzi üslubdur.

- Xarici heykəltaraşların yaradıcılığını izləyirsənmi?

- Ara-sıra izləyirəm. Amma işlədiyim kompozisiyaların heç birində onlardan təsirlənmə yoxdur.

- Təhsilin də ənənəvi üslubda olub. Amma özün sırf postmodern üslubda əsərlər ərsəyə gətirirsən. Səbəbi nədir?

- Dünya incəsənətində ümumi bir problem var; daha çox gözəlliyə fokuslanırlar. Bir qız obrazı yaradırlarsa, vurğunu yalnız ora vururlar ki, qızın gözəl bədən quruluşu, gözləri, saçları var. "Bu qız niyə orada dayanıb?" sualını verən yoxdur.

- Məsələn, bir gün mən gəlib deyirəm ki, heykəltaraş olmaq istəyirəm. Bu, öyrədilə bilən bir peşədirmi, yoxsa gərək əvvəldən içində xüsusi istedad - Allah vergisi olsun?

- Biz incəsənətə elm kimi yox, yalnız qeyd etdiyiniz Allah vergisi kimi yanaşırıq. Heykəltaraşlıq ustalıq və bilavasitə elmdir. Yaradıcılıq isə vergidir. Sən əgər ustalıq öyrənmək istəyirsənsə, ölçülər, bölgülər barədə məlumatlı olmalısan və riyazi bilgilərinlə vəhdətdə işləyə bilərsən.

- Deməli, yaxşı heykəltaraş olmaq üçün akademik səviyyədə ustalığa bələd olmalısan, amma ilkin mərhələdə ümumiyyətlə heykəltaraş olmaq üçün içdən gələn istedadın, fəhmin olmalıdır...

- Bəli, mən səni usta edə bilərəm, amma heykəltaraş olmağın özündən asılıdır. Necə ki sən də mənə yazmağı öyrədə bilərsən, amma mənim yazıçı olmaq ehtimalım sual altındadır.

- Rəssamlar təsvir edir, heykəltaraşlar yaradır...

- Yapır desək, daha dəqiq olar.

- Rəssamlıqla heykəltaraşlığın arasında incə xətt var. Elə bilirəm, heykəltaraşlıq daha qəlizdir.

- Əslində, hər ikisinin öz çətinliyi var. Rəssamlığın çətin tərəfi odur ki, sənin əlində heç bir həcm yoxdur və sən düz müstəvidə o həcmi göstərməlisən. Heykəltaraşlığın çətin tərəfi odur ki, sən əlindəki həcmi hər tərəfdən göstərməlisən.

- "Qurani-Kərim"in "Səba" ayəsində heykəltaraşlıqla bağlı nüans var. Əslində, islam dini heykəltaraşlığın əleyhinədir. Səncə, sənət tabulara uymalıdırmı? Bu yanaşma səni narahat edirmi?

- Bizim bir sələfi iş yoldaşımız var. Bir dəfə dedi ki, bu, yaxşı sənətdir, sadəcə, bir "əmması" var - günah işdir, Allaha şərik qoşursunuz. Dedim, sən mənə bir heykəltaraş göstərsən ki, öz düzəltdiyinə sitayiş edir, mən bu sənəti ataram. Bu, o dövrdə idi ki, heykəltaraşlar "Allah" düzəldirmişlər. Bizim heç birimiz bu iddiada deyilik. Mən düzəltdiyim heykələ sitayiş etmirəm. Bir şeyi ki mən düzəltmişəm, o məndən nə qədər üstün ola bilər?!

- Bir müddət Akademik Musiqili Teatrda çalışmısan. İşin nədən ibarət idi?

- Musiqili Teatrda əsgərlikdən əvvəl işə başlamışdım. Həmin vaxtlar orada səhnə dekorataru kimi fəaliyyət göstərirdim. Hərbi xidmətdən qayıdandan sonra Musiqili Teatrda məni səhnə maşinisti ştatına götürdülər. Təsəvvür edin, vaxtilə düzəltdiyim dekorları pərdə bağlanandan sonra daşımaqla məşğul idim. Müdriyyətlə danışdım ki, səhnə maşinisti ştatında olsam da, icazə verin öz işimlə məşğul olum. Mənfi cavab aldım və ərizəmi yazıb işdən çıxdım. Daha sonra Kukla Teatrına getdim, öz işimlə məşğul oldum. Kuklanın üzünü plastilinlə yapırdım. Həmin formanı, qəlibi xüsusi cihazla düzəldirdilər.

- Yəqin, Kukla Teatrından ayrılmağına səbəb maddiyyat oldu...

- Maaş çox az idi. Həm də ümumi ab-hava ürəyimcə deyildi.

- Tanınmış simalardan kimlərin büstünü, heykəlini hazırlamısan?

- Açığı, kiməsə iş həsr etmək istəmirəm. Qlobal mövzular maraq dairəmdir. Bu gün Güntaya iş həsr edirlər, Güntay öləndə həmin iş ondan qabaq ölür. Söhbət fiziki ölümdən yox, məcazi ölümdən gedir. Güntay obrazı cəmiyyət üçün aktuallığını itirəndə ona həsr edilmiş iş də yoxa çıxır. Məsələn, Nəsimin kiçik heykəlini düzəltmişəm. Nəsimi ölməyib, ölməyəcək də... Fikir verin, şam əriyib oturduğu yeri necə bürüyür, Nəsimi də elədir, o da dünyanı bürüyüb. Nəsiminin əlləri də bağlıdır. Buna baxmayaraq, duruşunu, təmkinini pozmur. Mən onu belə təsvir etdim...

- Məşhur bir ifadə var: "Daşdan çörəkpulu çıxarmaq"... Səndə bu cəhətdən vəziyyət necədir?

- Bizim işimiz balıq tutmaq kimidir; ya hər şey olur, ya da heç nə olmur. Bu gün aylıq maaşı olan işlə məşğul olmağımın səbəbi budur. Bu gün o maaş olmasa, işim Allaha qalar. Həmin işim də ixtisasıma yaxındı, heykəltaraş-qəlibçi kimi çalışıram. 

- Azərbaycanda öz sənətində idealın kimdir?

- Kifayət qədər böyük ustalardan təhsil almışıq. Natiq Əliyevdən, Fuad Salahovdan, Ömər Eldarovdan bu sənətin sirlərini öyrənmişik. Akademizmin Azərbaycandakı banilərindən bəhrələnmişik. Amma mənim xüsusi bir idealım yoxdur. Çünki tamam ayrı üslubu seçmişəm və bu, onların yaradıcılıqlarına uyğun gəlmir. Məsələn, mən pop musiqi bəstələyirəmsə, klassik bəstəkarı özümə ideal görə bilmərəm. 

- O zaman səni Azərbaycanda öz üslubunun ilk nümayəndəsi adlandırmaq olar?

- Bu, çox böyük iddiadır... Tək-tük hallarda hansısa heykəltaraşın hansısa bir işi var ki, xüsusi məna daşıyır. Amma mütəmadi bu üslubda heykəl hazırlayan bir nəfərə rast gəlməmişəm.

- Bayaq Ömər Eldarovun adını çəkdin. Bilirsən ki, dənizkənarı bulvarda Müslüm Maqomayevin heykəli ucaldılıb. Həmin heykəlin də müəllifi Ömər Eldarovdur. Amma o heykəl ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı...

- Mənə elə gəlir ki, həmin heykəl realist yox, yaradıcı heykəldir. Bu da çox təbiidir. Müslüm Maqomayevin həmin heykəli Ömər Eldarovun baxış bucağıdır, o elə görmək istəyib. Tokay Məmmədovun müəllifi olduğu Koroğlu heykəlini də buna nümunə göstərə bilərik.

Emalatxanadan ayrılanda Güntay dedi: "Gərək, sənin də heykəlini düzəldim..." İçimə qorxu doldu, heykəl fobiyam yarandı, qapıdan çıxıb yeyin addımlarla uzaqlaşdım...

Nadir YALÇIN

 





22.01.2024    çap et  çap et