525.Az

Mümkünsüzün cazibəsi - Rəvan Cavid yazır


 

Mümkünsüzün cazibəsi - <b style="color:red"> Rəvan Cavid yazır</b>

Yer-göy yaranandan Adəm oğlu mümkünsüzün cazibəsi ilə yaşayıb. Elə hey "olmazların" inadkarı olub. Bu səbəbdən cənnətdən qovulub, bəs etməyib, Yerin də künc-bucağına dağılıb. Göylərdən əlini üzüb, Yerdə öz cəhənnəmini, cənnətini yaradıb. Xislətində qürurun və zəfərin alaçiy rənglərinə qarışmış inad rüzgarları gəzdirib həmişə.

Ən yaxşını, ən böyüyü, ən əlçatmazı arzulayıb, möcüzəvi olanlar onu maqnit kimi özünə çəkib. Piramidalar tikib: bir deyil, on deyil, bütün qitələrdə rastımıza çıxır. Ya dağılmış halda, ya da tarixin ağır zərbələrinə sinə gərib sapsağlam, tikildiyi gündəki kimi. Asma bağlar salıb, insan, quyular qazıb, dağı dələrək içindən keçib, dənizi torpaqla dolduraraq göydələn tikib, bir sözlə, özünün inkişafını, yüksəlişini belə şeylərlə kiməsə, ya da nəyəsə sübut etməyə çalışıb.

Yadımıza salaq, bir ovuc qitədə yaşayan, bir dildə danışan, bir dində olan, eyni şeyə inanıb, eyni mədəniyyəti var edənlər birdən-birə niyə bir-birinə qənim kəsildi, düşmən oldu? Babil miflərinin ən yaddaqalanı, dünyanın yaradılışını ən bəsit yolla izah edən həmin rəvayət bu sualın qısa, konkret cavabını verir. İnsanlar göyləri də zəbt etmək fikrinə düşüb, Babil qülləsini inşa etdilər, Tanrıya çatmaq, onun məqamına varmaq istədilər. Tanrı qəzəbləndi, Babil qülləsini dağıtdı, insanların ortaq dilini aldı, onları dünyanın dörd yanına səpələdi, fərqli dil, din, rəng verdi. Beləcə, tarix İlahi komediya dövrünü Bəşəri komediyaya dəyişdi.

Gəldiyi yerin intizarı, itirilmişliyi insanı həmişə narahat etdi, daim ora can atdı. Ayasofyanı tikdirən Bizans kralı, Süleyman peyğəmbərə göz dağı vermək üçün, Qədim Dünyanın ən böyük məbədini inşa etdirdi. "Süleyman, səni məğlub etdim" deyib qəhqəhə çəkəndə babalarının qisasını almışcasına zəfərini qutlayırdı. Nəticə: nə Süleymanın oldu dünya, nə də Bizansın gözü dönmüş kralının.

Yaqubla Əsədin, Habillə Qabilin hekayəsi isə dünya malının, dünya hökmranlığının vaxt keçdikcə səmaları unutdurduğunu göstərir. Əvvəl-axır insan göylərdəki cənnətindən əlini üzdü. Yerə məhkumiyyəti ilə barışdı. Sonra da burada ən böyük olmağın xiffətini çəkdi. Mədəniyyətlər, müharibələr onun əzəli hisslərini dəyişdi, insan ali varlığa çevrildikcə müqəddəsliyini itirdi. Təbiətə üstün gəldi, Buz dövrünü keçdi, qaranlıq gündüzləri geridə qoydu, heyvanların ən vəhşisini əhliləşdirdi, yazmağa başladı, satdı, siyasəti, iqtisadiyyatı kəşf etdi, öz içində bölünə-bölünə ən anlaşılmaz varlığa çevrildi. Öz "tanrısını", öz "iblisini" uydurdu. Xeyirlə Şərin mübarizəsində, gah Xeyir tərəfdə, gah da Şərin ordularında yer aldı.

Min illər keçdikcə insan öz yaratdıqlarının əsirinə çevrildi. Qazandıqca əlində olanların sehrini itirdi insan. İtirdiklərinə həsrətlə baxdı. Məyusluq, göz yaşı tərk etmədi Adəmin övladlarını. Özü yaradana çevrildi, tarixin ən ümdə günlərini keçirdi, lakin keçmişə, xatirələrə ilişib qaldı hər dəfə yorulanda. Gələcək onun gündüzlərinin, keçmiş gecələrinin xəyalları oldu. Nəyə əli çatmadısa, onun ardınca qaçdı.

Münasibətlərdə də belədi. İnsan ki var, nankorluğun əbədi heykəlidir. Nə olmursa, nə alınmırsa, onun üçün mübarizə aparır, qazandıqlarını isə əlinin tərsi ilə itəliyir kənara. Buna görə, sevgi əfsanələri də, günümüzün fəsfud münasibətləri də nagüman hisslərin, ümidsiz gözləmələrin, darıxmaqların ixtiyarına verib gözəl günləri. Dəyişən heç nə yoxdur. Hisslər öz məcrasında eyni qalıb. Formalar dəyişib. Məktublar mesajlara, görüşlər videozənglərə çevrildikcə, məsafələr daha çox artdıqca, ayrılıqlar dərinləşdicə, biz yenə bizim olmayanı gözləməyi seçirik.

İnsan bu baxımdan özünə qarşı mazoxistdir həm də. Ağrı çəkməyi, iztirab içində qıvrılmağı xoşlayır. Sənət də bunların qovşağında yaranmamışdımı? Müharibələr də bu hisslərə həsrətin nəticəsi deyildimi? Sanki tarixin əvvəlində Habilin, Əsədin, Yusifin çəkdiyi ağrıların üzərində bərqərar oldu bəşəriyyət, mədəniyyət və tarixin sonunacan da davam edəcək bu hayqırışlar. Hər dəfə müharibə, bombalanma xəbəri oxuyanda gözlərimizin önündə dayanır o rəvayətlər. Biz xatırlamasaq da, şüuraltımız, genimiz kim olduğumuzu, hardan gəlib hara gedəcəyimizi çox yaxşı bilir. Rahatlıq tapmayan adamların ağrıları da buna görədir. Elə hey xatırlayırlar.

Bədbinliyə, üzüntüyə, kədərə meyl də buradan gəlir. Xoşbəxt anlar tez yadımızdan çıxır. Həyatımızın ən gözəl neçə gününü xatırlayırıq? İki, bəlkə də üç. Amma başımıza gələn bütün faciələri əzbər danışa bilərik. Neçə uğursuz günümüz olubsa, hamısı xatirimizdədir. Sanki insan beyni, vücudu da buna görə sistemləşib. Depressiv, stress halında günləri bir-birinə calaya-calaya ömür sürür. Yeni dünya buna bir az da artıq zəmin yaradır. Günlərlə evindən çölə çıxmayıb, özünü monitorların və sadəcə rəqəmlər və hərflərin qurduğu dünyaya əsir edən asosial canavarların erasında yaşayırıq.

Ona görə canavar ki, bu asosiallıq, bu depressiya, bu lüzumsuz inadkarlıq, altı boş iddialar yığını, boşuna axan enerjilər insanları aqressivləşdirir. Öz yaratdığı mədəni dünyada vəhşi birinə çevrilir. Rahatlığa alüdə olduqca həyat sürətlənir, hər şey tələsir, istədiyi yerə tez çatmaq istəyir insan. Çatmayanda dəliyə dönür. Yüz il əvvəl həyəcan, adrenalin insan üçün xeyirli bir vasitə idisə, bu gün adrenalin çoxluğu, həyəcan axtarışı bizi məhv edir.

Bir sözlə, nəyi əldə etmiriksə, onun əsirinə çevrilirik. Və bu əsirlik yuxarıda yazdığım kimi bir göz qırpımında sürətlə keçib gedən həyatımızı bozlaşdırır. Hər şeyin ən yaxşısı üçün əziyyət çəkmək ifadəsini yanlış anlayıb, hər şeyin ən yaxşısı üçün əlimizdə olan hər şeydən imtina edəcək qədər lazımsız qürura və inada bürünürük.

İndi də deyirlər ki, beş-on ilə hamılıqla süni intellektin əlinə baxacağıq, onun nazı ilə oynayacağıq. Bəs sonra?..

 

 





22.01.2024    çap et  çap et