525.Az

Zəki Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşi və Məhəmməd Əmin Rəsulzadə "üçbucağı" - Məhəmməd Əmin Rəsulzadə-140


 

Zəki Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşi və Məhəmməd Əmin Rəsulzadə "üçbucağı" - <b style="color:red">Məhəmməd Əmin Rəsulzadə-140</b>

Zəki Vəlidi Toğan (Əhməd-Zəki Əhmətşah oğlu Validov) başqırd xalqının XX yüzillikdə yetirdiyi görkəmli şəxsiyyətlərdən biridir. XX əsr başqırd tarixinə hərbi-siyasi xadim, milli-azadlıq hərəkatının (1917-1920) lideri, publisist, tarixçi, türkoloq, elm təşkilatçısı kimi daxil olmuşdu.

Ana vətənində Əhməd-Zəki Validov, ikinci vətəni Türkiyədə Zəki Vəlidi Toğan kimi məşhurlaşan alim 1890-cı ildə keçmiş Ufa quberniyasının Sterlitamak qəzasında doğulmuşdu. Valideynləri dövrünə görə mükəmməl Şərq təhsilinə malik ziyalılar idi. Cümə məscidinin imamı olan atası həm də yazıçı və müdərris kimi tanınırdı. Anası isə mədrəsədə qızlara dərs keçirdi. Əhməd-Zəki kiçik yaşlarında atasının köməyi ilə ərəb, anasının yardımı ilə farscaya mükəmməl yiyələnmişdi. Açıq fikirli valideynləri rus dilini öyrənməsinə də maneçilik törətməmişdilər. Daha sonra təhsilini Kazanın məşhur Qasımiyyə mədrəsəsində davam etdirmiş, 1909-cu ildə isə məzun olduğu təhsil müəssisəsində türk tarixi və ərəb ədəbiyyatı fənlərinin tədrisinə başlamışdı. Dövrü mətbuatda ilk yazısı 1908-ci ildə çıxmışdı. 1915-ci ildə "Tatar ədəbiyyatı" adlı ilk kitabı nəşr edilmişdi. Əsər 2 cilddə nəzərdə tutulsa da, ikinci cild işıq üzü görməmişdi. Əvəzində 1915 və 1917-ci illərdə birinci cildin təkmilləşdirilmiş variantı təkrar buraxılmışdı.

Əhməd-Zəki ilk kitabı ilə Kazan universitetinin və Rusiya türkoloqlarının diqqətini cəlb etmişdi. Bu prosesdə milliyyətcə xakas türkü, professor Nikolay Katanovun (1862-1922) da mühüm rolu olmuşdu. 1913-cü ilin mayında onun təşəbbüsü ilə başqırd gənci universitet yanında Tarix, Arxeologiya və Etnoqrafiya Cəmiyyətinin üzvü seçilmiş, həmin ilin oktyabrında isə cəmiyyət xətti ilə tarixi-arxeoloji və etnoqrafik araşdırmalar aparmaq məqsədi ilə Türküstana - Fərqanə vadisinə ezam edilmişdi. Əhməd-Zəkinin ezamiyyətin nəticələri haqda məlumatı Peterburqda məşhur türkoloq V.V.Radlovun evində akademik V.V.Bartold və digər şərqşünas alimlərin iştirakı ilə dinlənilib yüksək qiymət almışdı. Elmi məqalə şəklində isə "Fərqanə vilayətinin Şərq əlyazmaları" adı altında Rusiya İmperator Arxeologiya Cəmiyyətinin "Elmi qeydləri"ndə çap olunmuşdu. Eyni zamanda növbəti ekspedisiyaya göndərilməsi ilə bağlı yekdil qərar qəbul edilmişdi. Lakin Rusiyanın da qatıldığı Birinci Dünya müharibəsinin başlanması səbəbindən ekspedisiyadan yarımçıq qayıtmaq lazım gəlmişdi.

1917-ci il Fevral inqilabı milli istiqlal ideyası ilə yaşayan əksər türk əsilli ziyalar kimi Zəki-Vəlidini də ictimai-siyasi proseslərə daha fəal qoşulmağa vadar etdi. O, həmin ilin may ayında ümumrusiya müsəlmanlarının Moskvada keçirilən qurultayına qatıldı, Müəssislər Məclisinə namizəd göstərildi, Federativ Rusiyanın tərkib hissəsi kimi başqırdların milli-ərazi muxtariyyətinin qurulmasında fəal rol oynadı. 1919-cu ilin fevralında, I Ümumbaşqırd hərbi qurultayında hərbi işlər üzrə xalq komissarı və Başqırd Respublikası Müvəqqəti Hərbi-İnqilab Komitəsi sədrinin müavini seçildi. Bu dövrdə bolşeviklərlə əməkdaşlıq yolunu tutan, Rusiya K(b)P-na üzv olan, Başqırd Hərbi-İnqilab Komitəsinin rəhbərliyinə gətirilən Zəki Vəlidi tezliklə milli dövlətçiliklə bağlı ümidlərində aldandığını başa düşdü. Bolşeviklərlə imzalanan sənədin onların nəzərində adi kağız parçasından fərqlənmədiyini anladı. Lenin, Stalin, Trotski və Rıkova ünvanladığı məktubda bolşevik hakimiyyətinin velikorus siyasətini ifşa edərək bütün körpüləri yandırdı.

Nəticədə 1920-ci ilin yayında Bakı üzərindən Mərkəzi Asiyaya keçdi, Vahid Türküstan Milli Şurasının sədri kimi basmaçı hərəkatının rəhbərliyində yer aldı. Lakin bolşevik rejimin qüvvətlənməsi və basmaçıların bir-birinin ardınca uğradığı hərbi-siyasi məğlubiyyətlər üzündən 1923-cü ildə mühacirət yolunu tutdu.

İran, Əfqanıstan, Almaniya və Fransada keçən mühacir həyatından sonra 1924-cü ildə ölkə rəhbərliyinin dəvəti ilə cümhuriyyət Türkiyəsinə gəldi. Təhsil nazirinin müşaviri, İstanbul universitetinin dosenti və professoru kimi çalışdı. Köhnə məsləkdaşı, qazax siyasi-ictimai xadimi Mustafa Çokayla (1890-1941) birlikdə vahid Türküstan ideyasını yayan "Jana Türküstan" ("Yeni Türküstan") dərgisini nəşr etdi. 1935-ci ildə Vyanada "İbn Fədlanın şimal bulqarları, türk və xəzərlərin yanına səyahəti" mövzusunda (X əsr ərəb səyyahı və yazıçısının məşhur əsərinin nadir nüsxəsini İran mühacirəti dövründə Məşhəd kitabxanasında aşkara çıxarmışdı) doktorluq dissertasiyası müdafiə etdi. Avstriya və Almaniya universitetlərində mühazirələr oxudu. 1939-cu ildə elmi-ideoloji ixtilaflar üzündən yeddi il əvvəl  tərk etdiyi Türkiyəyə qayıtdı. 

1948-ci ildən həyatının sonuna qədər İstanbul universitetində türk tarixi professoru kürsüsünü tutdu. 1951-ci ilin yayında onun rəhbərliyi altında İstanbulda dünyanın onlarla ölkəsindən gəlmiş 500 nəfərdən çox mütəxəssis alimin iştirakı ilə şərqşünasların XXI Beynəlxalq konqresi keçirildi. 1953-cü ildə İslam Araşdırmaları İnstitutunu yaratdı və ilk rəhbəri oldu. Əksəriyyəti elmdə yeni söz kimi qarşılanan əsərləri sayəsində adı və fəaliyyəti Türkiyə hüdudlarını aşdı. 1958-ci ildə Kolumbiya universitetinin dəvətli professoru kimi ABŞ-da çalışdı. İran, Pakistan və Hindistanda səfərdə oldu, Cəvahirləl Nehru və Məhəmməd Rza Pəhləvi kimi dövlət xadimləri ilə görüşdü. 1967-ci ildə Mançestr (Böyük Britaniya) universitetinin fəxri doktoru (honoris causa) ünvanına layiq görüldü. Bir sıra beynəlxalq miqyaslı elmi cəmiyyətlərin həqiqi və müxbir üzvü seçildi.

Professor Zəki Vəlidi Toğan türk tarix və mədəniyyətinə dair dünya xalqlarının 11 dilində çap olunmuş 400-ə yaxın əsərin müəllifidir. Onun "Bugünkü Türküstan ve yakın mazisi" (1929), "Tarihte usul" (1938), "Türküstan tarihi" (1939), "Biruninin dünya hakkında tasavvuru" (1946", "Umumi türk tarihine giriş" (1946), "Horazm kültürü vasikaları" (c. I, 1951), "Tuyhunlar ve Başkurtlar" (1968), "Oğuz destanı. Reşiddedin Oğuznamesi. Tercüme ve Tahlili" (1972) və digər kitabları türklərin dövlətçilik, sivilizasiya tarixini, habelə etnoqrafiya və etnik köklərinin tədqiq baxımından mötəbər mənbələr sayılır.

Həyatının son illərində üzərində işləməyə başladığı, lakin tamamlaya bilmədiyi "Xatirələr. Türküstan ve diğər müsəlman Şərq türklərinin milli mövcudluq və kültür mübarizəsi" adlı elmi-siyasi memuarları da Zəki Vəlidinin tarixi əhəmiyyətə malik fundamental əsərləri sırasında yer almaqdadır. Əslində bir ailə saqası kimi nəzərdə tutulmuş xatiratında müəllif şəxsi bioqrafiyası prizmasından çıxış edərək şərti şəkildə "Rusiya türkləri" adlandırıla biləcək qədim və zəngin mədəniyyətə malik türk toplumunun ortaq dəyərlərini, etnik, mədəni-mənəvi və ictimai-siyasi həyat lövhələrini yaratmağı qarşıya məqsəd qoymuşdu. Ölkəmizə də kifayət qədər yer və diqqət ayrılmışdı.

Tarixə baxış genişliyi və obyektivliyi səbəbindədir ki, "Xatirələr" sırf başqırd, yaxud türk hadisəsi kimi qalmayıb. Rus, ingilis, ayrı-ayrı hissələri isə hətta Çin və yapon dillərinə də tərcümə edilib.

lll

Zəki Vəlidi Toğanın XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi fikri, xüsusən də onun M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b. nümayəndələri ilə tanışlıq və əlaqələri Rusiya imperiyasının süqutundan əvvəl başlanmışdı. Etibarlı zəminə, fikir və düşüncə yaxınlığına, tarixi tale oxşarlığına əsaslandığından çətin mühacirət illərində də davam etdirilmişdi.

Rusiya paytaxtında yaşadığı 1915-1916-cı illərdə Zəki Vəlidi Əlimərdan bəy Topçubaşinin böyük oğlu, həmin dövrdə Peterburq Universitetinin hüquq fakültəsində təhsil alan Əli Əkbər bəylə tanış olub dostlaşmışdı. Eyni zamanda Dumanın Müsəlman fraksiyasının Bürosunda ata Topçubaşinin qayğı və diqqətini daim üzərində hiss etmişdi. Mübaliğəsiz demək olar ki, Əlimərdan bəyin türklüyə təmənnasız xidmət nümunəsi başqırd gəncinin böyük siyasətə gəlməsində, mənsub olduğu xalqın və bütünlükdə Rusiya türklərinin hüquqları uğrunda mübarizəyə qoşulmasında önəmli rol oynamışdı. Bunu aradan illər ötəndən sonra xatirələrində əksini tapmış aşağıdakı səmimi etirafdan da görmək mümkündür: "Azərbaycanlı Əlimərdan bəy Topçubaşi ilə qazaxlardan Əlixan Bukeyxanı xüsusi qeyd etməliyəm ki, mənə Rusiya islamlarını, həssasətən Türküstan davalarını yaxından öyrənməkdə yardımda bulunmuşlardır".

Aralarındakı yaş fərqinə baxmayaraq, Əlimərdan bəylə Zəki Vəlidini səmimi münasibətlər, ideya yaxınlığı birləşdirirdi. Əsası 1916-cı ildə qoyulan və məslək birliyinə əsaslanan qarşılıqlı münasibətlər zaman sədlərini aşaraq azərbaycanlı siyasi xadimin vəfatına qədər davam etmişdi. "Xatirələr"də Rusiya türklərinin siyasi mübarizə tarixində Ə.Topçubaşi ilə bağlı yer alan bəzən minnətdarlıq, bəzən isə heyranlıq dolu epizodlar təkcə iki fərdin, iki şəxsin deyil, müəyyən mənada iki xalqın mənəvi yaxınlığı, dostluq və işbirliyi haqda danışmağa əsas verir.

Fevral inqilabından sonra Rusiyada qeyri-rus xalqların milli-azadlıq hərəkatının genişlənməsi nəticəsində siyasi partiyalar, eləcə də liderlər arasındakı əlaqələr geniş vüsət almışdı. Milli ucqarlar, özəlliklə yüzilliklər boyu imperiyanın ögey övladları sayılan türk xalqları inqilabın nəticələrindən yararlanmaqda qətiyyət nümayiş etdirdilər. 1917-ci ilin yaz aylarında biri-birinin ardınca Bakıda, Tiflisdə, Daşkənddə, Qazanda, Ufada izdihamlı "müsəlman qurultayları" keçirildi. Regional toplantılarda gündəliyə çıxarılan məsələlərin daha geniş miqyasda müzakirəsi üçün 1-11 may tarixlərində Moskvada Ümumrusiya müsəlmanları qurultayının çağırılması ilə bağlı qərar qəbul edildi. Bu qurultaya hazırlıq və onun təşkili əksəriyyətin böyük nüfuz sahibi kimi qəbul etdiyi  Ə.Topçubaşini bir sıra regional liderlərlə, o cümlədən, Zəki Vəlidi ilə daha da yaxınlaşdırdı.

Qurultayın mayın 6-da Ə.Topçubaşinin sədrliyi ilə keçən iclasında Zəki Vəlidi "Rusiya müsəlmanlarının etnik təşəkkülləri və onun siyasi həyatda əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış etmişdi. Məruzənin əsas leytmotivi Rusiyada say etibarı ilə slavyanlardan sonra ikinci etnik toplum mövqeyində dayanan türklərin dövlət və hökumətdə, parlament və digər seçkili orqanlarda, ictimai və mədəni həyatın bütün sahələrində bu nisbətə uyğun şəkildə təmsil olunması məsələsi idi. Müəllifin yazdığına görə, "bütün həyatım boyu yapdığım mücadilənin proqramı" olan məruzə başa çatan kimi "ictimaaya rəyasət edən Əlimərdan bəy Topçubaşi nitqim dolayısı ilə məmnuniyyətini ifadə etdikdən sonra kürsüyə qədər gələrək əlimi sıxdı. Əlimərdan bəy aradan on il keçəndən sonra Parisdə nəşr etdiyi bir məqalədə də bu nitqi xatırlamışdı".          

Mayın 7-də yenə də Əlimərdan bəyin sədrliyi altında keçən növbəti iclasda qurultayın əsas məsələsi - Rusiyanın gələcək dövlət şəkli ilə bağlı müzakirələr başlanmışdı. Qeyri-rus millətlər üçün (təbii ki, söhbət ilk növbədə "müsəlman" xalqlardan gedirdi) milli-mədəni muxtariyyətlə kifayətlənməyi yetərli hesab edənlərlə (sözçüləri Əhməd Salikov və Ayaz İshaki idi) milli-federativ ərazi prinsipinə əsaslanan demokratik respublika ideyasının tərəfdarları (M.Ə.Rəsulzadə, Ə.Topçubaşi, Ə.Z.Validov, A.Bukeyxanov və b.) arasındakı gərgin polemika, eləcə də ardınca keçirilən səsvermə ikincilərin qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında Azərbaycan nümayəndələrinin, ilk növbədə isə Ə.Topçubaşi-M.Ə.Rəsulzadə tandeminin böyük rolu olmuşdu. Nəticədə "federalistlər" 271 səsə qarşı 446 səslə "unitaristlər", yaxud milli-mədəni muxtariyyət tərəfdarları üzərində inamlı qələbə qazanmışdılar.

Qurultaydakı gərgin fikir toqquşmalarını, siyasi polemikanı diqqətlə izləyən Zəki Vəlidi azərbaycanlı liderlərin rolu ilə bağlı mühüm məqama diqqət yetirərək yazırdı: "Moskva konqresində Mərkəzi Müsəlman Şurasını təmsil etmək üzərə Əlimərdan bəy Topçubaşi seçildi. Bu şəxs, habelə Məhəmməd Əmin Rəsulzadə, Krımlı Cəfər Seyid Əhməd, qazaxlardan Cahanşah Dosmühəmməd kimi bariz federalistlər çox qüvvətli nitqlər söyləyib böyük əksəriyyətin səsini federasiya lehinə qazandırdılar". Məlumdur ki, Ümumrusiya müsəlman qurultayında Rusiyanın gələcək idarə şəklini konfederativ dövlət kimi görən siyasətçilərin başında Məhəmməd Əmin Rəsulzadə dayanırdı.

Qurultayın hazırlanması prosesində "muxtariyyətçi" Ə.Salikov ayıq tərpənərək tərəfdarlarının ümummüsəlman forumunda maksimum təmsilçiliyinə çalışmışdı. Lakin azərbaycanlı, başqırd və qazaxların siyasi iradə nümayiş etdirmələri nəticəsində onun planları baş tutmamışdı. Zəki Vəlidinin etirafına görə, "Əhməd Salikov, Şakir Məhəmmədyarov və Ayaz İshaki kimilərin əksəriyyəti federalizm əleyhdarı olacaqlarını zənn etdikləri Qazan tatarlarını say miqdarından artıq gətirmişdilər. Lakim mükəmməl azərbaycanlıların və krımlıların da türküstanlılar kimi federasiya tərəfdarı olduqlarını və qələbəlik gələn digərlərini görüncə mənə və Məhəmməd Əmin Rəsulzadəyə küfürlər (söyüş) yağdırırdılar".

Buna baxmayaraq, Azərbaycan-başqırd ittifaqı Rusiyanın gələcək federativ quruluşu məsələsində sona qədər mövqeyindən çəkilməmişdi. Əsas məsələyə münasibətdə alman tarixçisi G.fon Mende ilə polemikaya girən Zəki Vəlidi göstərirdi ki, "başqırdlar və azərbaycanlılar bu konqredə hakim əksəriyyətin əsas ünsürlərini təşkil etdiklərindən onların hər hansı bir cələsəyi (iclası) tərk etmələrini icab etdirən heç bir hadisə baş verməmişdi. Hətta muxtariyyət məsələsində mətanət tövsiyə etdikləri dolayısı ilə Azərbaycan müməssillərinə (təmsilçilərinə) bir məktub da sunulmuşdu". Yəni M.Ə.Rəsulzadə-Ə.Topçubaşov tandeminin fəaliyyəti xüsusi minnətdarlıqla qarşılanmışdı.

Lakin may ayında federalistlərin unitaristlər üzərindəki qələbəsi hələ milli dövlətçiliyin taleyi ilə bağlı məsələnin tam həlli sayıla bilməzdi. Sonuncular məğlub olsalar da, mövqelərindən geri çəkilməmişdilər. 1917-ci il avqustun 25-dən 28-nə qədər Moskvada, Müvəqqəti hökumətin başçısı A.F.Kerenskinin sədrliyi ilə keçirilən Dövlət müşavirəsində Əhməd Salikov və tərəfdarları revanş götürə bilərdilər. Ona görə də Dövlət müşavirəsində Rusiyanın çoxmilyonlu müsəlman əhalisi adından kimi çıxış etməsi və imperiyanın gələcək idarəçilik şəkli ilə bağlı hansı mövqedə dayanması son dərəcə önəmli, prinsipial məsələ idi. 

Zəki Vəlidi "Xatirə"lərində federalistlərin əvvəlcədən müəyyən hazırlıq gördüklərinə işarə edərək yazırdı: "Orada (Moskvadakı Dövlət müşavirəsi nəzərdə tutulur - V.Q.) Rusiya islamları adına veriləcək bəyanat haqqında və federasyon üçün konuşulması gərəkdiyini, ukraynalılar və beloruslarla buluşmamız lüzumunu və bəyanatı Moskva konqresinə rəyasət etmiş Əlimərdan bəy Topçubaşinin söyləməsinin icab etdiyini irəli sürdük. Moskvaya gəldikdən sonra azərbaycanlı zəngin Əsədullayevin məktəbində bu konfransa gələn bütün müsəlman deleqelərlə qonuşaraq onlara da Əlimərdan bəyin qonuşması fikrini qəbul etdirdik. Əhməd Salikov və Ayaz İshakinin qurduqları planlar pozuldu".

Bu məğlubiyyətin acısı A.F.Kerenski də daxil hamısı siyasi mühacir həyatı yaşamağa başlayandan sonra da Ə.Salikovla A.İshakinin xatirindən silinməmişdi. Onlar Berlində keçmiş Müvəqqəti hökumət başçısının redaktorluğu altında çıxan panslavist mövqeli "Dni" qəzetində rus demokratiyası ilə qaynayıb-qarışdıqlarını, Rusiyanın unitar quruluşunu qoruyub saxlamaq məqsədi ilə hətta müsəlman qardaşları ilə mübarizədən çəkinmədiklərini bəyan etmişdilər. Zəki Vəlidi yazırdı ki, "bu hadisələr dolayısı ilə ən çox üzülən şəxs azərbaycanlı Əlimərdan bəy Topçubaşi olmuşdu". Xatirə müəllifinin iddia etdiyinə görə, Moskvadakı Dövlət Müşavirəsindən əvvəl də A.İshakinin rəhbərliyi ilə bir qrup tatar siyasi xadimi hökumət başçısı knyaz G.Y.Lvovun yanına gedərək "Biz malorosslar (ukraynalılar) kimi sizdən ayrılmaq istəmirik. Biz sizinlə bərabər olmaq istəyirik", - deyə bəyanat vermişdilər. Azərbaycanlı siyasi liderlər isə türk-müsəlman xalqların bu illüziyadan xilas olmasında həlledici rol oynamışdılar.

Mövcud siyasi partiyaları, Dumanın 4 çağırış bütün üzvlərini, cəmiyyətdəki əksər ictimai təşkilat və qüvvələri təmsil edən 2500 nəfərdən çox iştirakçının qatıldığı Dövlət müşavirəsində keçmiş imperiyanın bütün türk-müsəlman xalqları adından danışan Əlimərdan bəy Rusiya müsəlmanlarının çarizm dövründə üzləşdikləri çoxsaylı problemləri böyük cəsarətlə dilə gətirmişdi. Müşavirənin iştirakçısı Zəki Vəlidi bunu etiraf edərək yazmışdı: "Moskva Dövlət Şurasında Topçubaşi bizim davalarımızı, Çin hüduduna atılan, sonra oradan geri dönən qırğızlardan 83000 kişinin öldürülməsi faciəsini çox gözəl anlatdı. Fəqət "Ex Orient lux" ("İşıq Şərqdən gəlir") cümləsi ilə bitirdiyi nitqində ötəkiləri (burada Müvəqqəti hökumət təmsilçiləri nəzərdə tutulur - V.Q.) qırmayacaq  ibarələr kullanmağı da ehmal etmədi".

Xatirələr aradan onilliklər keçəndən sonra qələmə alındığından və çox güman, lazımi sənədlər əlinin altında olmadığından müəllif Ə.Topçubaşinin geniş əhatə dairəsinə və təsir gücünə malik nitqindən yalnız bir-iki epizodu yada sala bilmişdi. Azərbaycanlı siyasi lider Dövlət müşavirəsində  Ümumrusiya Müsəlman Şurası, Ümumrusiya Müsəlman Əsgəri Şurası, Zaqafqaziya Mərkəzi Komitəsi funksiyasını yerinə yetirən Bakı müsəlmanlarının siyasi və ictimai təşkilatları komitəsi, Şimali Qafqaz və Dağıstanın birləşmiş dağlılarının Mərkəzi Komitəsi, Türküstan ölkə şurası, Krım vilayət komitəsi, Qırğız və başqırd vilayət şuraları adından çıxış etmişdi. Bu baxımdan onun nitqində Rusiya müsəlmanlarının böyük çoxluğunun istək və tələbləri, ağrı və həyəcanları öz əksini tapmışdı. Burada təkcə qırğızların faciəsi xatırladılmamışdı. Krımda və Türküstanda müsəlman əhalinin hüquqlarının pozulması, erməni fitnəkarlığı nəticəsində Qafqaz müsəlmanlarının hökumətin dəstəklədiyi erməni terroru ilə üzləşməsi, "islam camaatının nisbi susqunluq" nümayiş etdirdiyi bir şəraitdə belə bu topluma münasibətdə yol verilən haqsızlığa diqqət çəkilmiş, cəsarətli fikirlər söylənmiş, iradlar bildirilmişdi. Eyni zamanda nitqdə gələcək  Rusiya ilə əlaqələrlə bağlı ehtiyatlı, praqmatik mövqe sərgiləndiyi də həqiqətdir. Çünki qarşıda keçmiş imperiyanın taleyini həll edəcək Müəssislər Məclisi gözlənirdi. Bu baxımdan Əlimərdan bəyin mövqeyi prinsipial xarakter daşıyırdı. Mənə elə gəlir ki, hətta aradan 70 il keçəndən sonra, keçmiş SSRİ-nin süqutu ərəfəsində qeyri-rus millətlərin iradəsini açıqlayan belə bir ümumiləşdirilmiş mövqe ortaya qoyulmamışdı.

Moskvadakı Dövlət müşavirəsi 1905-ci ildən, ilk türk qurultayı günlərindən  əlbir çalışan Rusiyanın türk-müsəlman liderlərinin son dəfə bir araya gəldikləri ictimai toplantı idi. Oktyabr çevrilişi, son ümid yeri olan Müəssislər Məclisinin dağıdılması, keçmiş imperiyanı bürüyən anarxiya və hərc-mərclikdən sonra yollar ayrılmışdı. Sağ qalmış liderlərin bəziləri bir də mühacirətdə görüşə bilmişdilər.

1923-cü ilin sonlarında Parisə gələn Zəki Vəlidinin axtardığı ilk tanışlardan biri Əlimərdan bəy olmuşdu. Onun ünvanını tatar siyasi xadimi, Dövlət Dumasının keçmiş deputatı Sədri Məqsudi Arsal vasitəsi ilə öyrənmişdi. "Əli Mərdan bəylə danışıb bizim Avropada nələr yapacağımızı bərabərcə düşünməmiş lazımdır" - məsləhətini verən də Sədri bəy olmuşdu. Zəki Vəlidi "Xatirələrində" altı ilin məchulluğundan sonra Fransa paytaxtında ilk görüşlərini belə təsvir edirdi:

"Dekabrın 26-da Əlimərdan bəyə telefon edib şəhər kənarında, Sent Cloud adlı yerdə olan evinə getdik. Sevimli Əlimərdan bəy gələcəyimiz dəqiqəni bilirmiş kimi bizi həmən evin qapısında qarşıladı. Qucaqlaşıb görüşdük. 1917-ci sənəsi Moskvada Rusiya İslamları Konqresi və bir az sonra Moskvada toplanan Rusiya Dövlət Konqresi dolayısı ilə kəndisi ilə eyni fikri müdafiə etdiyimizdən biri-birimizə iyicə isinmişdik. Əlimərdan bəyi özümə atam kimi və xanımını anam kimi tələqqi edirdim (sayırdım). İki qızı və Peterburqda təhsildə olduğu zamandan bəri iyi tanıdığım oğlu Əli Əkbər bəy yanında idilər. Rusiya islamlarının hürriyyət mücadiləsi tarixində parlaq yer tutmuş olan Əlimərdan bəyin və Peterburq universitetində farsca professoru olan babası (əslində atasının əmisi -V.Q.) Mirzə Cəfər Topçubaşinin həyatlarını, hətta mənsub olduqları Borçalı (Boruc oğlu) əşirətlərinin tarixini iyi öyrənmiş olduğumdan bu ailə mənə hər cəbhəsi ilə məlum idi. Söhbətimiz bir ailə münasibəti şəklində və çox dadlı idi. Evləri dəmir yol xəttinin altında olduğundan hər tren (qatar) keçməsi bir gurultu qoparırdı. Fəqət söhbətimiz çox ciddi və səmimi olduğundan trenlərin səsini belə eşitmirdim".

Əgər xatirə müəllifinin yazdıqlarına inanmalı olsaq, Əlimərdan bəy görüş zamanı bəlkə də həddən artıq hissə qapıldığından siyasi vəsiyyətini də etmişdi. Zəki Vəlidiyə xitabən: "Mən artıq ixtiyarlandım (qocaldım). Bəlkə Vətənimi bir daha görmədən öləcəyəm. Rusiya müsəlmanlarının işini Əmin Rəsulzadə ilə sizin öhdənizə buraxıram", - deyə kövrəlmişdi.

Lakin bu, yalnız ani kövrəklik idi. Həyatının sonuna qədər idealı uğrunda mübarizədən çəkilməyən Əlimərdan bəy həmin axşam da keçmiş haqqında xatirələrə qapılmaqdansa, daha çox qarşıda dayanan vəzifələr, görüləsi işlər, gələcəyin məqsəd və hədəfləri haqqında fikir mübadiləsi aparmışdı. Siyasi sahədə böyük təcrübə toplamış Zəki Vəlidinin bundan sonra yalnız elmlə məşğul olmaq fikrini o qədər də təqdir etməmişdi. Onu siyasi mühacirləri öz ətrafında toplamağa, basmaçı rəhbərlərindən biri kimi sovetlərə qarşı silahla apardığı mücadiləni bu dəfə mətbuat və ideologiya sahəsinə keçirməyə ruhlandırmışdı:

"Əlimərdan bəylə Avropada görüləcək işlərimiz haqqında danışdıq. Mən "Avropada olmağımdan ən çox elmi araşdırmalar baxımından istifadə etmək istəyirəm" - dediyimdə, "Siz daha çox gəncsiniz. Elm qaçmır. İndi türk və İslam dünyasının ən qüvvətli mərkəzi olan bir ölkədə çətin mücadilələrdən gəlmiş bulunuyorsunuz. İlk öncə bu işləri düşünün. Gürcülərlə, ukraynalılarla görüşün. Maqsudov ilə də görüşəlim" - dedi".

Xatirələrdən 1924-cü il yanvarın ilk günlərində Sədri Maqsudinin evində Əlimərdan bəy, oğlu Əli Əkbər, Zəki Vəlidi Toğan, Əbdülqadir İnan və Mustafa Çokayoğlunun iştirakı ilə keçirilən görüş zamanı hamının ağsaqqal kimi qəbul etdiyi Əlimərdan bəyin azərbaycanlı, tatar, başqırd, qazax mühacirlərin bir araya gəlib siyasi məcmuə hazırlamaq təşəbbüsü ilə çıxış etdiyini öyrənirik.

Zəki Vəlidi Toğan Türkiyə vizası alıb İstanbula yola düşməyə hazırlaşdığı ərəfədə Əlimərdan bəy evində onun şərəfinə vida məclisi düzəltmişdi. "Bu gün almanlardan viza aldıq, - deyə xatirə müəllifi yazırdı: Həmin gün (13 fevral 1924-cü il - V.Q.) Əlimərdan bəy Sədri Maqsudi, Mustafa Çokay və bir-iki azərbaycanlı tanışını yeməyə və söhbətə çağırmışdı. Avropada hansı işləri görəcəyimizlə bağlı fikir mübadiləsi aparılacaqdı. Əbdülqadirlə mən bir az tez gəlmişdik.

Bizdən sonra Sədri Maqsudi bəylə Çokayoğlu gəldilər. Yeməkdən sonrakı söhbət zamanı bu iki şəxs sanki əvvəldən sözü bir araya qoyublarmış kimi "Biz gəmilərimizi yandırmaq fikrində deyilik" - dedilər və müstəqillik ideyasını məqbul saymadıqlarını, Rusiyada da elədikləri kimi "böyük demokratik Rusiya" uğrunda mübarizə aparacaqlarını, müsəlmanların hüquqlarını bu şərtlər daxilində qorumaq istədiklərini bildirdilər. Əlimərdan bəy "Məlum olur ki, sözün tam mənasında birlikdə çalışmayacağıq - dedi. - Əslində bu da bir fikirdir, zatən bu fikri məsləkdaşlarınız Moskva qurultayında da müdafiə etmişdilər. Hər halda görünür, hələ müştərək bir Rusiya Müsəlmanları Komitəsi qurmaq zamanı gəlməmişdir". Çokayoğlu söylədiyi fikri nisbətən yumşaltmaq istədi. Amma Sədri Maqsudi bəylə Əlimərdan bəy arasında bir ara sərt mübahisə oldu. Bu məclis beləcə qapandı".

Ev sahibi ilə vidalaşandan sonra Zəki Vəlidi "Aramızda nə kimi fikir ixtilafı olursa-olsun, biz dördümüz və Əlimərdan bəy bir ailənin övladıyıq", - deyə mövqeyini bildirmiş, hər ikisi kadet partiyasının üzvü olan Rusiya yanlılarının səhv yola düşdüklərini açıq şəkildə onların üzünə deməkdən də çəkinməmişdi. 

Parisdə olduğu günlərdə Azərbaycan siyasi mühacirəti arasındakı fikir ayrılıqları, daxili çəkişmələr də Zəki Vəlidinin diqqətindən yayınmamışdı. Digər millətlərin nümayəndələrinin ehtiramla yanaşdıqları Ə.Topçubaşinin həmvətənləri tərəfindən yetərincə başa düşülməməsi, qiymətləndirilməməsi xatirə müəllifinin narahatlıq və təəssüfünü doğurmuşdu. Paris müşahidələrini ümumiləşdirən müəllif yazırdı: "Bir də azərbaycanlılardan sosial-demokrat Şeyxülislamzadə Əkbərlə eserlərdən mühəndis Abbasqulu Atamalıbəyov vardı. Bunlar sosialist olmaqla Əlimərdan bəydən ayrı hərəkət edirlər və məni də Rusiya hüdudlarından kənarda yaşayan sosialistlər arasında bir sosialist cəbhə yaratmağa dəvət edirdilər. Mən də Avropadakı mühacirləri tam olaraq görmədən bir tərəfi tərcih etməyəcəyimi və bizim ölkələrimizdə sosializmin ancaq rus boyunduruğundan qurtardıqdan sonra müstəqil partiyaların əsas hədəfləri ola biləcəyini söylədim"

Parisdə, 1924-cü ilin fevralında ayrıldıqdan sonra Əlimərdan bəy Topçubaşi Zəki Vəlidinin ünsiyyəti ara-sıra, ictimai-siyasi həyatın önəmli məsələləri ilə bağlı bir-birlərinə göndərdikləri məktublarda davam etmişdi.

lll

1920-ci ilin iyulunda Zəki Vəlidi həyatında ilk və son dəfə Bakıda olmuşdu. Bolşevik işğalına uğramış Azərbaycanının paytaxtına  Həştərxandan gəlmişdi. Cibində Rusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü biletini daşısa da, artıq bolşeviklərin hədəfində olduğunu, izləndiyimi bilirdi. Lakin çekistlərin onu daha çox Türküstanda axtardıqlarına əmin olduğundan Bakını təhlükəsiz yer saymışdı. Xatirələrdə oxuyuruq: "5-6 Temmuzda Bakıya gəldik. Burada tatar mühərrirlərindən Hadi Atlasi və Abdullah Battal ilə görüşdük. Hadi Atlasi əvvəlcə Duma əzası olan bir mühərrir və müvərrix (tarixçi) idi. Bolşeviklərdən qaçıb Bakıya gəlmiş, lakin o gəlincə bolşeviklər burasını işğal etmişdilər. Azərbaycanlılardan tanıdığımız böyüklər ya dış məmləkətlərə getmiş, ya da fərar halında idilər. Yalnız Mümtaz Süleyman ilə (əslində görkəmli ədəbiyyatşünas-alim Salman Mümtüz nəzərdə tutulur - V.Q.) gizlində görüşə bildim".

Xatirə müəllifinin görüşə bilmədiyi "azərbaycanlı böyüklər" sırasında Əlimərdan bəy və Məhəmməd Əminin olduğunu güman etmək mümkündür. Həmin vaxt onlardan birincisi Azərbaycan Cümhuriyyətini sülh konfransında təmsil etmək üçün getdiyi və bolşevik işğalından sonra geri qayıda bilmədiyi Parisdə, ikincisi isə bolşeviklərdən gizləndiyi Lahıcda idi.

Bir həftə davam edən səyahət zamanı o, iki ay əvvəl qırmızıların işğalına uğramış Azərbaycan paytaxtının tarixi yerləri, memarlıq abidələri ilə tanış olmuşdu. "Bakıda epeyi sərbəst gəzib-dolaşdım. Əski əsərləri, karvansaraları, sarayları, cami və mədrəsələri ziyarət etdim" - deyə sonralar xatırlamışdı.

Zəki Vəlidi Bakıda türk kommunisti Mustafa Sübhinin mənzilində qalmışdı. Təhlükəsizliyinin təmin olunmasına "azərbaycanlı Əmin Əfəndizadə və krımlı Vəli İbrahimov" cavabdeh idilər. Onların hər ikisi bolşevik siyasətinə loyal münasibətləri ilə seçildiklərindən yanlarındakı qonaq da şübhə doğurmamalı idi. Sonralar Vəli İbrahimov Krımın kommunist lideri kimi tanınmışdı. "Əmin Əfəndizadə əslən bakılı olub 1917-ci ildə Müsavat partiyası tərəfindən Türküstana göndərilmişdi. Orada kəndisi ilə görüşmüşdüm. Sonra Türkiyəyə gəldi və əslən tatar olan xanımı ilə hələ də Türkiyədə yaşadığını zənn edirəm", - deyə Zəki Vəlidi Bakıda dostlaşdığı başqa bir azərbaycanlını səmimiyyətlə xatırlamışdı.       

Bakıda bir həftə qalandan sonra Xəzə

rin qarşı sahilindəki Qızılsu dediyi Krasnovodska, oradan da Aşqabada getmişdi. Avqustun sonlarında Bakıda öz işinə başlayacaq Şərq xalqlarının I qurultayı ərəfəsində yenidən gizli yollarla Azərbaycana gəlmişdi. "Xatirələr"ində prinsip etibarı ilə belə bir qurultayın təşkili ideyasının özünə məxsus olduğunu iddia edirdi.

Aşqabadda olarkən Qaçağan adlı türkmən əsilli vəkil tanışından "Stalinin Bakıya gəlib Əmin Rəsulzadəni məiyyətinə aldığını, onu da yanına almaq istədiyini", amma tapa bilmədiyini öyrənmişdi. Başqa sözlə desək, Stalin Bakı səfərində təkcə Məhəmməd Əmini deyil, Zəki Vəlidi Toğanı da dam "əlinin altında saxlamaq" məqsədi ilə Moskvaya, "fəxri sürgünə" götürmək istəmişdi. Orta Asiya nümayəndələrini Krasnovodska aparan qatarda tanınmış qazax ictimai-siyasi xadimi Turar Rıskulovla görüşmüş, Şərq Xalqlarının qurultayının davam etdiyi günlərdə Bakıda necə əlaqə saxlayacaqları məsələsini müzakirə etmişdilər.

Bakıya türkmən paltarında, şuralar Azərbaycanın TBMM hökuməti yanında ilk səfiri İbrahim Əbilovu gətirən gəminin zirzəmisində, gizli şəkildə gəlmişdi. Bakıda gəmidən enərkən əvvəldən tanıdığı İ.Əbilova çatdırmaq üçün məktub vermişdi. Sonralar azərbaycanlı diplomat Turar Rıskulova demişdi ki, hətta Zəki Vəlidinin gəmidə olduğunu bilsəydi də, onu bolşeviklərə təslim etməzdi. Bu da həmin dövrdə "müsəlman bolşeviklərlə" onların əks cəbhədən olan dindaşları arasında qatı düşmənçilik və keçilməz sədlərin olmadığını göstərirdi.

Yenidən qeyri-leqal şəraitdə Türkiyə Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında yaşayaraq qurultaydakı Türküstan nümayəndə heyətinin məsləhətçisi, yaxud müşaviri kimi fəaliyyət göstərmişdi: "Burada Türküstan təmsilçilərindən əslən qırğız olan İbrahim Canuzakov ilə hər gün görüşür, qurultay müzakirələrində söyləyəcəkləri sözləri və təklif edəcəkləri qətnamələri birlikdə nəzərdən keçirirdik. Hazırladığım qətnamələr Canuzakov və ya başqırd təmsilçisi Hakimov tərəfindən qurultaya təklif olunurdu".

  Uzun sərgüzştlərdən sonra 1924-cü ilin mayında həmişəlik Türkiyəyə gəlib yerləşməsi (bu məsələdə Əhməd Ağaoğlunun təşviqləri də mühüm rol oynamışdı) Zəki Vəlidiyə çoxdan ayrı düşdüyü Azərbaycan siyasi mühacirətinin İstanbuldakı nümayəndələri ilə görüşmək, əlaqələri yeniləmək və ünsiyyət qurmaq imkanı yaratmışdı.  Yeni məkanda ilk yardımına yetən isə köhnə dostu Məhəmməd Əmin Rəsulzadə olmuşdu. Eyni zamanda Azərbaycan mətbuatının yaradıcılarından biri olan, həm də daha əvvəldən yaxşı tanıdığı, "İran və Azəri-türk ədəbiyyatına vaqif bir şəxs" adlandırdığı Cəlal Ünsizadə ilə görüşüb köhnə münasibətləri yeniləmişdi. Zəki Vəlidinin "Xatirələr"ində bu barədə oxuyuruq:

"20 may çərşənbə günü səhər İstanbula gəldik. Bizə kəfil (zamin -V.Q.) lazım imiş. Bu məsələ həll edilənə qədər Bəyoğlu karakolunda (polis şöbəsi - V.Q.) polis nəzarəti altında qaldıq. İndiyə qədər həyatda olan dostumuz Yaqub Apanay, azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə, türküstanlılardan Osman Xoca və Meyan Büzürg kəfil olaraq bizi polislərin əlindən qurtardılar". Amma Məhəmməd Əminin himayədarlığı bununla bitməmişdi. Əllərində müvəqqəti türk pasportu və Berlindəki Türkiyə səfirliyinin vizası olmasına rəğmən, polislər Zəki Vəlidi Toğan və yoldaşları ilə şübhəli şəxs kimi davranmışdılar. Çətin məqamda köməyə yenə  Məhəmməd Əmin gəlmişdi:

"Bizi kəfil duranlardan Məhəmməd Əmin Rəsulzadənin Ayasofya Yerəbatandakı ünvanına aparmalarını xahiş etdik. Yanımıza bir polis də qoşdular. Polis nəfəri bizi piyada aparırdı və rastlaşdığı hər adama haqqımızda məlumat verərək "Ehtimal ki, bunlar ermənidir" - deyə şübhəsini bildirirdi. Nəhayət Rəsulzadənin yanına gəldik. O, bizimlə birlikdə Sultanəhməd polis karakoluna gedib "Bunlar erməni deyil, müsəlmandırlar", - deyə polisin əlindən qurtardı. Sən demə, polisi bizdən şübhələnməyə vadar edən səbəb başımızdakı şapqa imiş..."

İstanbulda yerləşəndən bir neçə gün sonra Zəki Vəlidi Toğan gündəliyinə aşağıdakı sətirləri yazmışdı: "25 mayıs 1925. Mehmet Əmin Rəsulzadə ilə tam bir gecə söhbət etdik. 26 mayıs. Azərbaycanlılar bir çay süfrəsinə çağırdılar. Hamısı məhəbbətlə dolu insanlardır. 27 mayıs azərbaycanlıların milli İstiqlal günü idi. Burada bir nitq söylədim. Başqırdıstan və Türküstan muxtariyyət və istiqlal hərəkətlərinin Müsavat firqəsinin proqramında yazılmasının tarixini şükranla andım". Azərbaycan Cümhuriyyətinin qısa mövcudluğu dövründə milli dövlət quruculuğunda əldə edilən uğurlar barəsində xatirələrdə yada salınanlar da azərbaycanlı mühacirlərlə ünsiyyətin nəticəsi idi.

1920-ci illərin əvvəlində Türkiyədəki türk əsilli siyasi mühacirlər arasında yalnız azərbaycanlılar öz mətbu orqanlarını yarada bilmişdilər. Bu baxımdan birincilik çələngi M.Ə.Rəsulzadənin təsisçisi və redaktoru olduğu "Yeni Kafkasiya" (1923) dərgisinə məxsus idi. İstər "Yeni Kafkasiya", istərsə də sonrakı illərdə çıxan digər Azərbaycan mühacir nəşrlərinin səhifələri yalnız Qafqaz deyil, Volqaboyu və Orta Asiya mühacirlərinin üzünə açıq idi. Zəki Vəlidinin 1927-ci ildə məsləkdaşı Mustafa Çokayla birlikdə əsasını qoyduqları siyasi-ideoloji istiqamətli "Jana Turkestan" ("Yeni Türküstan") jurnalı yalnız ad deyil, məzmun və mündəricə baxımından da "Yeni Kafkasiya" ilə səsləşirdi.

Elmi-ədəbi-türkoloji nəşr kimi meydana çıxan, səhifələrində türk xalqlarının tarixinə, mədəniyyətinə, ictimai-siyasi vəziyyətinə, müasir problemlərinə geniş yer ayıran "Azərbaycan Yurd Bilgisi" jurnalı başqırd türklərinə münasibətdə xüsusi diqqət və "səxavəti" ilə seçilmişdi. Bu nəşrin səhifələrində Zəki Vəlidi Toğanın "Azərbaycan etnoqrafiyasına dair" və "Azərbaycanın türk etnoqrafiyasına dair" adlı iri həcmli, zəngin ərəb mənbələrinə əsaslanan elmi məqalələri, eləcə də digər başqırd mühacir müəlliflərinin yazıları işıq üzü görmüşdü.

 

 





22.01.2024    çap et  çap et