525.Az

Bir şəhərin hekayəsi - Türkan Turan yazır


 

Bir şəhərin hekayəsi - <b style="color:red"> Türkan Turan yazır</b>

Zülfü Livanelinin "Leylanın evi" romanından yaddaşımdan asılı qalan bir sözü var. Deyir ki, "Paris güzel bir salon, Londra güzel bir park, Berlin güzel bir kışla, ama İstanbul güzel bir şehirdir". Həqiqətən də, İstanbul gözəl şəhərdir. Kəşfə çıxırsan, elə hey nələrsə tapırsan, axtardıqca daha da dərinlərə enirsən. Bu dərinliyin fərqinə vardıqca fikirləşirsən ki, dibini görən olmayacaq. Lay-laydır, bəzən bumeranqdır, bəzən əyri-üyrü, bəzən dümdüz... Bütün millətlərin bir-birinə boyandığı yerdir bura. Bütün rənglərin bir-birinə qarışdığı kimi. Sanki bu şəhərdə göyqurşağı göylərdə yox, yerlərdən doğur.

 

Qarışıq iqlim, çılğın şəhər

 

İqlimi də özünə oxşayır. Məsələn, səhər leysan yağır, günorta günəş çıxır, axşam qarlayır. Ertəsi gün baxırsan ki, bir gün içində baş verən bu təbiət hadisələrinin üçündən də əsər-əlamət yoxdur. Əksinə, səma tutqun şəkildə qaş-qabağını tökərək sənə baxır. Bu qədər çılğın, dəli-dolu, nataraz şəhərin təbiətindən stabillik gözləmək təbii ki, absurddur. Bəzi ölkələrdə şəhərlər insanlara ayaq uydurur, amma bura elə bir yerdir ki, hər kəsi özü ilə ayaqlaşmağa vadar edir. Özünü sənə "ürəyindən" necə keçirsə, elə təqdim edir, sanki "istəsən də budur, istəməsən də" deyir. Başqa seçim haqqı da vermir. Getmək, onu tərk etmək?! Əslində bu da seçimlər arasındadır. Baxır, nə qədər qərarlısan və bunu nə dərəcədə bacaracaqsan. Əgər belə bir xəyala düşmüsənsə, İstanbulun dodaqlarına istehzalı bir təbəssüm qonur və sənə göz qırpır, bilir ki, dönüb dolanıb yenə ona qayıdacaqsan.

 

Yarışan qiymətlər

 

Qiymətlərdən danışsaq, yetişmək olmur. Hətta deyərdim ki, qiymət artımı həyat axarından daha surətli hərəkət edir. Bezgin və tükənmiş insanlar daha çox nəzərə çarpır. Taksilər desən, şəhərin "üz qarasıdır". Təbii ki, aralarında vicdanlı olanlar var, amma onlara da həftədə, ayda bir dəfə rast gəlirsənsə, çox şanslısan. Ancaq məsələ burasındadır ki, hər şeyə rəğmən, İstanbul gözəl şəhərdir. Ümumiyyətlə, dərin və kəşfə çıxdıqca yeni nələrsə tapdığın hər şey gözəldir. Eynən müdrik bir insan beyni kimi...

Buraya qədər bəhs etdiklərim şəhərin Avropa yaxasındadır. Xalqların daha çox bir araya gəldiyi yerdə. Ancaq Asiya yaxası bambaşqadır. Xüsusilə Kadıköy, istiliyin, ləzzətin, dostluğun, səmimiyyətin, xeyir güdmədən qurulan münasibətlərin mərkəzidir. Qatqısız gözəlliklər var burada. Məsələn, Taksim gecələri deyəndə ağıla xaotik durumlar, şiddət, qırıb dağıtmaqlar gəlir, ancaq Kadıköy gecələri kimsənin bir-biri ilə işi olmadığı, normal söhbətlərin edildiyi yerdir. Bəzən Kadıköy bazarına gedirəm, özümü uşaq vaxtı izlədiyim "Yeşilçam" filmlərində hiss etmək üçün. Üzümdə bir təbəssüm yaranır. Sözsüz ki, qiymət yüksəlişi burda da var. Amma Avropa yaxasındakı qədər fantastik, şişirdilmiş şəkildə deyil.

 

Dostluğun, səmimiyyətin mərkəzi

 

Kadıköy, İstanbulun Anadolu yaxasında yerləşir. Buraya hər növ nəqliyyat vasitəsi ilə gəlmək mümkündür. İstanbulun köhnə yerlərindəndir. Müasir və qədim bir çox memarlıq abidələrinə sahiblik edir. Kültür və sənət baxımından zəngin bir səmtdir. Qarşı tərəfdəki gərginlik və təlaş burada elə də çox müşahidə edilmir. Hər tərəfi sənət qoxur. Kadıköy çarşı, Moda sahili, Bahariyə caddəsi, Barlar küçəsi, Sürəyya operası burada görülməyi vacib olan yerlərin ilk sıralarında gəlir. Səmt, restoranları, kafeləri, barları, dillərə dastan ləzzətləri ilə məşhurdur.

Məsələn, Bağdat caddəsini görməyən də tanıyır. Yəni adını bilir. Kadıköyün məşhur alış-veriş yerlərindəndir. Küçə boyu lüks mağazalar, restoranlar, kafelər mövcuddur. Kalamış körfəzində yerləşən Fenerbahçe Kalamış Marina, Boğaza yaxın bir məsafədə yerləşir. Yaxtalara ev sahibliyi etməklə yanaşı, yelkən klubunun təşkil etdiyi yarışlar üçün də açıqdır. Mənzərəsi isə dillərə dastandır.

 

Fazıl Sayın Cemal Süreya ilə ilk macərası

 

Moda Sahili isə oxunmağı gözləyən bir "kitabdır". Üstəlik, Moda Sahilində möhtəşəm dəniz mənzərəsi var. Hələ bir vaxtlar Cemal Süreyanın da buralarda gəzib-dolaşdığını, bu səmtdə yaşadığını biləndə insan daha da həyəcanlanır və duyğulanır. Öz-özünə düşünürsən, görəsən, şeirlərində də bəhs etdiyi "çərşəmbə günləri"ndə gizli sevgilisi ilə bu kafelərdən hansında otururdu?! Yeri gəlmişkən, bir dəfə dəyərli dostum Fazıl Say, Cemal Süreyanın atası Ahmet Saya yazdığı məktubu mənə göndərmişdi. Məktubda tezliklə görüşməli olduqlarını, lakin həmin günün "çərşənbə günü" olmamağını xüsusi olaraq vurğuladığını oxumuşdum. Bir Süreyasevər olaraq şeirlərində dəfələrlə rast gəldiyim bu müəmmalı günü məktubda da görəndə beynimdə sual işarəsi yarandı, Fazıl Saydan soruşdum, güldü, biraz da duyğulandı, sən demə, şair, çərşənbələri sevgilisi ilə görüşdüyü üçün o günləri həmişə boş saxlayırmış. Hətta görüşlərdən bir-ikisinə Ahmet Sayın yaxın dostu Cemal Süreyaya əmanət etdiyi, o vaxtlar çox balaca olan Sayı da aparıbmış. Cemal Süreyanın adını daşıyan küçələrdən keçmək, onun yaşadığı yerdə olmaq insanı qəhərləndirir. Bəlkə də, həyatının nə qədər çətin və qalmaqallı olmağı yadıma düşdüyünə görə belə hiss edirdim. Ömrü də yaşadığı həyat kimi sonlandı, təəssüf ki...

Yeri gəlmişkən, sənətinə vurğun olduğum, çox dəyər verdiyim karikaturaçı Gürbüz Doğan Ekşioğlu da Modada yaşayır. Dörd tərəfindən sənət fışqıran, mükəmməl və anlamlı tabloların, əsərlərin yerləşdiyi atelyesini ziyarət etmək, onunla söhbətləşmək başlı-başına bir zövqdür. Bu haqda növbəti sayların birində ətraflı yazacam. Fikrimcə, dünyada tanınan, Azərbaycanda elə də çox bilinməyən bu böyük sənətçinin nələr yaratdığından hər kəs xəbərdar olmalıdır.

Modada "Cherrybean Coffee" buraların ən yaxşılarındandır. İstər dizaynı, istərsə də xidməti ilə insanda xoş ovqat yaradır. "Asuman", "Muaf", "Sayfiye",  "Kemal Ustanın yeri"ndə şirniyyatlar, dondurmalar ləzzətin sonsuzluğunu bir daha xatırladır sənə. "Moda Ailə çay bağçası" isə hüzurun yuvasıdır. Səssiz, ağacların arasında gözəl bir yerdir. Buğa heykəli ilə şəkili olmayan var, görəsən? Doğrudur, mənim yoxdur. Amma səmtin simvoluna çevrilib. Heykəl görüş yerlərinin bir nömrəli adresidir.

 

Sahildən boylanan gözəllik

 

Kadıköydə görülməyə layiq yerlərdən növbətisi Bahariye caddesidir. Bahariye caddesini ikiyə bölən tramvay səsi sizi çox uzaqlara apara bilər. Burdan sənətçilər küçəsinə dönüb sənət atelyelərini, qalereyaları görmək olar. Şansınız varsa, getdiyiniz ərəfədə Nazım Hikmet Kültür Mərkəzində bir tədbirə də qatılar, hər hansı günlərdə isə kafesində bir çay, qəhvə içə bilərsiniz.

Art-deko tərzli, 1927-ci ildə inşa edilən Süreyya Operası isə bir incidir. Mərmər dizaynı ilə əsrarəgiz görkəmə sahibdir. İç dekorasiyası isə basil-başına bir sənətdir.

Seriallarda, filmlərdə İstanbulun seluetini göstərmək üçün mütəmadi istifadə edilən abidədir Haydarpaşa Garı. Bina o qədər gözəl, elə əsrarəngizdir ki, "kaş, buradan bir qatar keçərdi, əyləşib çıxıb gedərdim" deyirsən özün özünə, hara olduğunu bilmədən, hara aparsa, ora getmək keçir içindən. Uzun zamandır restavrasiya üçün qapadılıb. Amma bərə ilə düz qarşısından keçirsən. Əzəməti qarşısında ləpə-ləpə olursan.

Ayia Efimia Kilisəsi çoxlarının önündən keçib getdiyi, fikir vermədiyi qədim Rum Ortodoks kilsəsidir. Yeldəyirmanı səmtində yerləşir. Yeldəyirmanı adlı yerdə isə köhnə Rum evlərini görmək olar. Tarixlərin, millətlərin bir-birinə qarışdığını, haradan haraya gəlindiyini düşündürür buralar insana.

Təbii ki, bura qədər gəlib, İstanbul Oyuncaq Muzeyini görmədən qayıtmaq "qəbahət" olar. Bura Göztəpə səmtində yerləşən özəl bir mülkdür. Türkiyənin ilk oyuncaq muzeyi sayılır. Çoxları bilir, amma bilməyənlər üçün də qeyd edim ki, Sunay Akın tərəfindən qurulub. İçəridə dörd mindən çox oyuncaq var. Hətta deyərdim ki, bura Sunay Akının əl əməyi, göz nurudur. Sadəcə uşaqlar üçün deyil, böyüklərin də zövq alacağı yerdir.

Özgürlük parkı, Akmar pasajı, Caddebostan sahili, Barlar sokağı da görülməyə dəyər yerlərdir. Məsələn, Caddebostanda yerləşən Ragıp Paşa Köşkü gözəlliyi ilə görənləri heyran edir. Xalq arasında köşkün pərili olduğuna dair söz-söhbətlər var. Ağacların arasından ucalan bu ağappaq köşk uzun zamandır boşdur. Bəlkə də buna görə, insanlar bu qədər rəvayətlər uydururlar. Gözəl və yalnız olanların taleyi budur deyəsən, insanlar bağışlamırlar ikisinin bir arada olmağını. Əks halda uydurduqca uydururlar. Fərqi yoxdur, insansan, yoxsa gözəl və yalqız bir köşk!

 

Sənətlə yoğrulmuş səmt

 

Moda Səhnəsi isə sənət sevərlərin sevimli adresidir. Bura Tarixi Moda kinoteatrının restavrasiyasından sonra əmələ gələn kültür kompleksidir. Səhnədə konsertlər, teatr oyunları təşkil edilir. Hətta bu  yaxınlarda ipək kimi səsi olan, bir çox böyük şairlərin sözlərinə mahnılar oxuyan, bəstələyən dəyərli dostum Ozan Çobanın konsertində iştirak etdik. Sayğıyla andıq Pir Sultan Abdalı, Ömər Xəyyamı, Federiko Qarsiya Lorka və digərlərini.

Kadıköy rəngli, həyəcanverici yerdir. Qeyd etdiyim kimi, Avropa yaxası ilə bura arasında dağlar qədər fərq var. Avropa yaxasında olarkən sənə elə gəlir ki, bu tərəfdə yaşana biləcək hər şey yaşanıb, gözləntilər tükənib, insanlar yorulub. Ancaq Asiya Yaxasında sanki can verən ümidin yenidən dirçəlir. Taksi sürücüsündən satıcısına qədər məmnuniyyət hiss edirsən. Burada satıcı pusquda dayanıb turist ovlamaq üçün əllərini ovuşdurmur, sürücülər ərəb müştəri qovalamır, "ora getmirəm, bura aparmıram" demir. Əlbəttə, bura "süddən çıxmış ağ qaşıq" deyil, neqativlər də var. Amma mənə elə gəlir ki, qarşı tərəfdəki qədər deyil və burada hər kəs öz işi ilə məşğuldur. Təbii ki, bunlar sadəcə mənim müşahidələrimdir. Çünki heç bir şey göründüyü kimi deyil, hər şeyin iki üzü, hər nəsnənin bir hekayəsi var, hər insanda olduğu kimi.

Yeri gəlmişkən, hər şeyə rəğmən, İstanbul İstanbuldur. Eynən Zülfü Livanelinin dediyi kimi, "Paris güzel bir salon, Londra güzel bir park, Berlin güzel bir kışla ama İstanbul güzel bir şehir".

 

 

 





22.01.2024    çap et  çap et