Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiyanı dəyişməyə hazırlaşır. O, bir neçə gün əvvəl bəyan edib ki, ölkəsinin konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyacı var. Paşinyan vurğulayıb ki, hazırda dünyada ciddi dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək. Onun fikrincə, belə dəyişikliyə başqa cür yanaşmaq olar, amma təkamülə necə yanaşmağımızdan asılı olmayaraq, bu, artıq baş verir: "Ona görə də bizim mövqeyimiz və yanaşmamız məlum təkamülü dayandırmaq olmamalıdır. Bu, özlüyündə məntiqsizlikdir. Çünki təkamülü dayandırmağa çalışanlar, ancaq deqradasiyaya nail olacaqlar".
Eyni zamanda, parlament idarəetmə sistemini Ermənistan üçün ən əlverişli yol sayan Baş nazir buna İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə əmin olduğunu bildirib
Ermənistan müxalifəti, daha doğrusu, revanşistlər Paşinyanın bu açıqlamasını dördüncü respublikanın anonsu kimi qəbul edərək, əsas məqsədin Azərbaycan və Türkiyənin tələbini təmin etmək olduğunu deyiblər və Paşinyanı sərt tənqid ediblər. Ermənistanın Konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Həmçinin, dövlət gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağı təsvir olunub və onu "Ararat dağı" adlandırırlar. Ermənistanın Baş naziri Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edib, eyni zamanda Türkiyə ilə münasibətlərin qurulmasında maraqlı olduğunu açıqlayıb. Belə olan halda, bu cür iddialar aradan qaldırmaq üçün əsas qanuna dəyişiklik mütləqdir.
İkincisi, Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildən bu yana Konstitusiya dəyişikliyi ilə bağlı müəyyən açıqlamalar verib, hətta dövlətin atributu sayılan gerbi, eyni zamanda Müstəqillik Bəyannaməsini tənqid edib. O deyib: "Gerbimiz psixologiyamızı güclü şəkildə əks etdirir. Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd çarlığının simvolları. Hamımız üçün müqəddəs olan bu obrazın 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Mərkəzə baxanda Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan Respublikasının su altında qalan ərazisini görmək olar. Orada uzun müddət Ermənistanın təbii şəraitində yaşamayan şiri də görmək mümkündür. Müzakirə etdiyimiz bu problem, əslində, bizim hər birimizdə mövcud olan ikitirəlikdə - tarixi Ermənistanla real Ermənistan arasındadır. Nə qədər emosional və hansı arqumentlərlə əsaslandırılmasından asılı olmayaraq, sual yaranır: həqiqi Ermənistan tarixi Ermənistana, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana xidmət etməlidir? Müstəqillik Bəyannaməsinin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir. Bu Bəyannamə ilə Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda ondan çıxmaq üçün bütün yolları da bağlayıb".
Onu da xatırladaq ki, 2020-ci il fevralın 6-da "Mənim addımım" blokunun təklifi əsasında parlamentdə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinə dair qanun layihəsi ilk oxunuşda qəbul olunmuşdu. Prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Lakin sonrakı proseslər məsələni təxirə saldı.
Reallıq budur ki, Ermənistandakı cinayətkar xunta rejimlərinə xidmət etmiş Konstitusiyanın dəyişdirilməsinə digər səbəblər də var. Müstəqil Ermənistanın ilk Konstitusiyası 1995-ci ildə qəbul edilib. Bu Konstitusiyaya görə, ölkədə yarım-prezident idarəetmə sistemi mövcud idi. Sonra isə 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi olub. Konstitusiya məhz hakimiyyətdəki cinayətkarların maraqlarını təmin etmək üçün dəyişdirilib. Məsələn, sonuncu 2015-ci ildəki dəyişiklik Serj Sarkisyanın hakimiyyətdə qalması üçün idi. Həmin ildəki referendumda çoxluğun səsi ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçdi. Yeni dəyişikliklərə əsasən, Ermənistanda prezidentin səlahiyyətləri azaldıldı. O vaxtkı prezident Serj Sarkisyan iki dəfə prezident seçilmişdi. Ermənistanın o dövrki Konstitusiyasına görə, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməzdi. Sarkisyan Baş nazir olmayacağını desə də, sözünü tutmadı. Onun Baş nazir olması ölkədə etirazlara gətirib çıxardı və 2018-ci ildə Paşinyan çevrilişlə hakimiyyətə gəldi.
Konstitusiya dəyişikliyinin əsas səbəblərindən biri də məhkəmələrlə bağlıdır. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan prezidentləri Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləyənlər qalır və onlar qərarların qəbuluna təsir göstərirlər.
Erməni politoloqlar hesab edirlər ki, yeni Konstitusiyasının qəbulunu təklif edən Paşinyanın məqsədi hakimiyyətini qorumaq, beynəlxalq müqavilələrə yenidən baxmaq ola bilər.
Politoloq David Stepanyanın fikrincə, Ermənistanda Konstitusiyaya dəyişikliklərin vaxtı çoxdan çatıb. Çünki indiki Konstitusiya Ermənistanın keçmiş prezidenti və Baş naziri Sarkisyan üçün hazırlanmış "kostyum" idi.
O hesab edir ki, ümumilikdə, mövcud Konstitusiyanın, xüsusən də məhkəmələrlə bağlı müddəalarının dəyişdirilməsinə ehtiyac var: "Məhkəmə eyni zamanda daha müstəqil olmalıdır, o mənada nə indiki hakimiyyətin, nə də əvvəlki hakimiyyətin maraqlarına xidmət etməməlidir. Paşinyan Konstitusiyaya dəyişiklik etməklə vəziyyəti bir gecədə dəyişə bilər.
Konstitusiyanın dəyişdirilməsi ilə əvvəlki hakimiyyətin inqilabdan sonra hələ görülməmiş əməllərinə qiymət verilməsinə də nail olmaq olar. Beləliklə, hazırkı hakimiyyət indiki müxalifəti və onların bütün cinayətlərini legitimləşdirib. Biz bütün daxili hakimiyyət sistemini dəyişdirməliyik, qanunları təkmilləşdirməliyik, daxili vəziyyəti tənzimləməliyik".
Politoloq Andrias Qukasyanın fikrincə, hazırkı Konstitusiya, bütün əvvəlkilər kimi, siyasi ehtiyaclara uyğun gəlmir və əvvəlki üç onillikdə bu ehtiyacı sadələşdirmək mümkün olmayıb.
Qukasyanın özü 2023-cü ildə yeni Konstitusiya layihəsini irəli sürüb və burada erməni xalqı üçün vacib olan bütün normalar Ermənistanın siyasi platforması kimi yer alıb. Onun fikrincə, Ermənistanın problemlərinin Konstitusiyaya edilən hər hansı dəyişikliklə həll olunmamasının səbəbi bütün bu islahatların hakim elita tərəfindən irəli sürülməsi və onun, hətta ayrı-ayrı siyasətçinin maraqlarına xidmət etməsidir: "Belə elementlər həm 1995, həm də 2006-cı il konstitusiyalarında var. Paşinyanın Konstitusiyanı öz siyasi planlarına uyğun dəyişəcəyi ilə bağlı qorxular var. Fakt budur ki, Konstitusiya Komissiyası son bir il ərzində hər hansı təşəbbüs və təklifə məhəl qoymayıb. özləri dar bir dairədə inkişaf edir".
Politoloq hesab edir ki, Paşinyanın Konstitusiyanı dəyişdirməklə əsas məqsədi hakimiyyəti saxlamaqdır: "Yeni Konstitusiya yeni dövlətin qurulmasıdır. Lakin bu, onun bu komissiyanın yaradılması, onun məqsəd və vəzifələri ilə bağlı verdiyi fərmanla ziddiyyət təşkil edir. Bu komissiyanın yeni konstitusiya yazmaq missiyası yoxdur".
Erməni siyasi analitiklər prosesin 2026-cı ildə baş tuta bilməsini proqnoz edirlər. Çünki ölkədə seçki 2026-cı ildə keçiriləcək. Hakimiyyət yeni Konstitusiya layihəsini Venesiya Komissiyasına göndərəcək. Bu proses iki il çəkə bilər. Ola bilsin ki, referendum və seçkilər birlikdə keçiriləcək. Bu, ya üçüncü Respublikanın sonuncu, ya da yeni Respublikanın ilk seçkiləri olacaq.
çap et